Mən sənə qurban, Laçın!..
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın ilk həftəsi yaradıcılıq baxımından məhsuldar oldu. Bununla belə, bacardığım qədər hər şənbə maraqlı müsahiblərlə oxucuların görüşünə gəlməyə çalışıram. Onu da deyim ki, onları arayıb tapmaq o qədər də asan olmur. Amma bəzən hansısa bir ipucu səni uzaqdan tanıdığın birilə tanış edir və əksər hallarda da bu tanışlıq davamlı mehriban bir ünsiyyətə çevrilir. Yaxınlarda sosial şəbəkədə qarşıma bir süjet çıxdı. Həsrət dolu məşhur xalq mahnısının bir misrasını müəllif süjetinə başlıq seçmişdi - "Mən sənə qurban, Laçın!.." Ardınca isə yazılmışdı: "Uzun həsrətin böyük sevinci". Özlüyündə ad artıq hər şeyə aydınlıq gətirə bilmişdi. Müharibədən sonra insanların viran qalmış yurd-yuvasına yenidən ayaq basdığını, çözələnən xatirələrini əks etdirən görüntüləri dəfələrlə görmüşəm və hər dəfəsində də hardasa oxuduğum misraları xatırlamışam: "Yerlərdir həmən yerlər, Görünməz oldu illər". Amma görmək başqa, o hissləri yaşamaq tamam başqadır. Süjetin müəllifi də uzun həsrətdən sonra "Mən sənə qurban, Laçın" deyərək, 30 illik bir zaman kəsiyinin böyük sevincini yaşamaq üçün dədə-baba torpağına üz tutub ona aid olan çox məqamları axtarmağa çalışıb. Axtardığını tapa bildimi? Sualın cavabını öyrənmək üçün mən onu axtarıb tapdım. Əslində onu əksəriyyət tanıyır. Biz isə bir həmkar, bir məsləkdaş kimi onu oxucularla şənbə görüşünə dəvət etdik. Ən çox da ona görə ki, bu gün 8 Martdır, bütün xanımların özəl bayramıdır.
Müsahibim telejurnalist, Real TV-də Layihələr Departamentinin rəhbəri Samirə Səfərəliyevadır.
- Fürsət düşmüşkən həmkarımı oxucularımıza daha yaxından tanıtmaq istərdim...
- Bakıda doğulub boya-başa çatsam da, əslən Laçındanam. Uşaqlığım orada keçib. Laçını qış aylarında heç görmədim. Həkəri çayının səsi ilə, akasiyanın, tut ağacının ətrilə, dolu yağandan sonra təbiətin qoxusu ilə böyümüşəm. Bakıda yaşamağımıza baxmayaraq, Laçınla bağlı xatirələrim çoxdur.
- Daha da çox ola bilərdi...
- Bəli, ola bilərdi... Amma işğalından iki il əvvəl adəti üzrə yay tətilini Laçında keçirən bir yeniyetmə qız, haradan biləydi ki, bu yerlərə bir də çox uzun illərdən sonra ayaq basacaq, xatirələrində yaşayan Laçını axtaracaq, torpaq həsrətilə bu dünyadan köç edən valideynlərinin şəklini babasının məzarı üzərinə qoymaqla o ruhları sevindirəcək. Çox məqamları aldı məndən o uzun illər...
- Bu söhbətə bir də qayıdacağıq. Hələlik isə bir həmkar marağı ilə qələmlə dostluğunuzun haradan başlandığını bilmək istəyirəm...
- Orta məktəbdən həvəsli olmuşam jurnalistikaya. Qəzetlərə kiçik yazılar verirdim, qonorar alırdım. Təbii ki, bu, bir məktəbli üçün böyük motivasiya idi. Poeziyanı, ədəbiyyatı çox sevirdim, elə indinin özündə də. Məktəb vaxtında müxtəlif şeir və inşa müsabiqələrində çox fəal olmuşam, nitq qabiliyyətim yaxşı idi deyə, məktəbin bütün tədbirlərinin aparıcısı idim və bütün bunları görən müəllimlərim yolumu müəyyənləşdirməkdə yönləndiricilərim olub.
- Beləcə qələmi tapdınız...
- Təkcə qələmi tapmaq kifayət deyildi. İki il Jurnalistika fakültəsinə qəbul ola bilmədim və bu arada öz üzərimdə çox işlədim. Müxtəlif kurslara getdim, qəzetlərlə əlaqə yaratdım, ştatdankənar əməkdaşlığa başladım. Yəni bir yerdə dayanıb qalsaydım, bugünkü nöqtəyə çata bilməzdim.
- İlklər həmişə yaddaşın bir küncündə yaşayır...
- İlk yazdığım şeir olub və onu poçtla "Laçın" qəzetinə göndərmişdim. Qəzet o şeiri dərc elədi, hələ mənə 2 rubl yanında qəpiklərlə qonorar da göndərdi. Amma hadisələr elə cərəyan etdi ki, istiqamətim dəyişdi, xəbər kanallarındakı fəaliyyətim məni yaradıcılıqdan uzaqlaşdırdı.

- Və sizin televiziya həyatınız başladı...
- O həyat başlayanda mən artıq tələbə idim. İki il itirdikdən sonra ehtiyat etdim ki, birdən üçüncü dəfə də Jurnalistikaya qəbul olmaram və vaxt itirmək istəmədiyim üçün Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyat" fakültəsinə daxil oldum. Axşam şöbəsində təhsil almağım geniş iş fəaliyyətim üçün imkan yaratdı və televiziyalarla bir yola çıxdım. 1998-ci il idi. ANS telekompaniyasına radio aparıcısı lazım idi. Ora dəvət aldım. Bildirdilər ki, Mir Şahin Ağayev məni yoxlayacaq. Mənə bir vərəq uzadıb dedilər ki, bu xəbəri oxu. Bir dəqiqə keçməmiş Mir Şahin müəllim məni saxladı və siyasət aləmindən kiçik suallar verdi. Cavablarımdan sonra dedi ki, sabahdan bu qız bir ay təcrübə keçməyə başlasın. Elə o gələn müəyyən fasilələrlə uzun müddət ANS-də çalışdım. Radioda aparıcı, redaktor assistenti, redaktor mərhələlərini keçdim. Belə deyim ki, televiziyada mövcud olan bütün qurumlarda - "Səhər" xəbər kanalında, layihələr departamentində, saytda çalışdım. Orada rəhbərliyin belə bir konsepsiyası vardı ki, insan daima bir yerdə işləməməlidir. Bizlər ANS-in daxilindəki bütün istiqamətlərə yönəlirdik. Deyim ki, bu təcrübədən xeyli bəhrələndim və kanal bağlanmadan təqribən yarım il əvvəl yollarımız ayrıldı. Üç ilə yaxın özümü sırf övladlarıma həsr etdim. Daha sonra özəl kanalların birindən dəvət aldım və bunu geri çevirmədim. Üstündən iki keçdi və Mir Şahin Ağayevdən bir zəng gəldi. Dedi ki, Real TV-də fəaliyyətə başlayan Layihələr Departamentində səni görmək istəyirəm. İş rejimini, məvacibi soruşmadan məmnuniyyətlə razılığımı verdim və artıq altı ildir ki, Layihələr Departamentinə rəhbərlik edirəm.
- Bir neçə konkret sualım var sizə. Başlayaq jurnalistdən...
- Bu günlə müqayisədə iyirmi il əvvəl çox çətin idi. Öz üzərimizdə çox çalışırdıq, saytlar, sosial şəbəkələr indiki kimi deyildi, xəbər mənbəyini özümüz tapırdıq, yəni informasiya bolluğu sarıdan çox çətin idi. Nə yaxşı ki, o çətinliklərdən keçmişəm. İndi sosial platformalarda hərənin öz hesabı var, çox zaman dəqiqləşdirilməmiş məlumatlar olur. Bu gün jurnalist nəyisə qələmə alanda, informasiyanı paylaşanda savadı, professionallığı bir kənara qoyaraq deyirəm ki, ən əvvəl vicdanlı olmalıdır. Bu gün Azərbaycan da daxil olmaqla bütün dünyada baş verənlər jurnalistika yolu ilə yürüyənlərin, bloger, ya sosial adamlar adlananların qələmindən çıxır. Ona görə deyirəm ki, jurnalist vicdanla yazmalıdır. Jurnalist həm də bir tərcümandır. Xalqın problemlərini elə xalqın dilindən öyrənir, şərh edir, lazımi qurumların nəzərinə çatdırır. Hər hansısa bir məsələ həllini tapmazsa, hansı uğursuz nəticələrə gəlib çıxacağını proqnozlaşdırır, yəni bir növ öncəgörəndir. Jurnalist eyni zamanda müxtəlif qurumların, ekspert dairələrinin açarıdır. Onların mürəkkəb terminoloji dildə qanunvericilik çərçivəsində etdikləri şərhləri jurnalist sadə xalqın anladığı şəklə salır. Konkret desəm, mənim düşüncəmdə jurnalist elçidir.
- Televiziya ilə davam edək...
- İlk baxışdan sadə və asan, amma çətin sualdır. Artıq yarım əsrdir ki, istəsək də, istəməsək də, televiziya evimizin, ailəmizin, iş yerimizin ayrılmaz hissəsidir. Yenə deyirəm, iyirmi il əvvəl televiziya nə idisə, indi o deyil. Televiziya maarifləndirməlidir, öyrətməlidir, yönəltməlidir, yaddaşımızı təzələməlidir, xatırlatmalıdır. Ən əsas televiziya efir insanlarının simasıdır və bu simamızı unutmamalıyıq.
- Peşəkar televiziya məktəbi keçmisiniz. Yəqin ki, razılaşarsınız ki, bir-iki istisnalar olmaqla efirlərimizin aqibəti heç də ürəkaçan deyil...
- Efir məkanlarının heç də pis gündə olduğunu zənn etmirəm. Sadəcə olaraq biz efirin vəziyyətini sosial şəbəkələrdən əvvəlki durumla müqayisə edirik. Bu, bir növ kino peyda olandan sonra teatrların düşdüyü vəziyyətə bənzəyir. Savadlı, kübar tamaşaçı televiziyaya baxıb və baxacaq da. Bu gün insanların müxtəlif informasiya mənbələrinə çıxışı var. Ona görə də onlar xəbərlərin daha aydın və etibarlı istinad mənbələrinə əsaslanaraq təqdim olunmasını tələb edir. Bu günün tamaşaçısı artıq bəzi hadisələrin təsvirini istəmir, onları hazırda baş verənlər maraqlandırır. Bu, belə.
Sualınızda nəyə işarə vurduğunu anlayıram. Bəli, bu gün efirlərdə sosial layihələr, qalmaqallı şou proqramlar, ailə-məişət mövzularının hallanması kimi verilişlər var. Bunu da əsasən reytinqə bağlayıb deyirlər ki, tamaşaçı bunu istəyir.
- Bəs həqiqətdə?..
- Düşünmürəm ki, tamaşaçı sırf belə bir efir istəsin. Bizim kifayət qədər savadlı, düşüncəli tamaşaçılarımız var. Yüz nəfərin baxdığı verilişi bütün xalqın ayağına yazmaq olmaz, bu, mümkün deyil.
- Bayaq dediniz ki, televiziya efir insanlarının simasıdır. Əgər peşəkarlıq varsa, bu, ya rəhbərliyin uğurudur, ya da yaradıcı kollektivin...
- İndiki zamanda bir teleməkanda peşəkarlıq yoxdursa, o, ayaqüstə dura bilməz. Lakin telekanalların yönümü fərqli ola bilər. Məsələn, peşəkar xəbər kanalları ilə hər kəs maraqlanır, ona görə də şou kanallarını "səviyyəsiz" sayırlar. Amma onların da izləyənləri az deyil və toplumun bu cür kanallara da ehtiyacı var. Sadəcə şou aparıcılarının öz yönümlərinə uyğun şəkildə biliklərini artırması, cəmiyyətdə mövcud olan dəyərlərə, adət-ənənələrə hörmət etməsi vacibdir. Bu sahədəki "müasirlik" narazılıq yaradır. Bununla bağlı şou kanallarına treninqlər keçirilməsi vacibdir. Sualınıza son cavabım belədir - televiziyada peşəkarlıq və etika çox vacibdir.
- Bu bayram günündə qadından danışmamaq mümkün deyil...
- Əsl qadın olmaq çox çətindir, çünki onun missiyası hədsiz böyükdür. Evin, ailənin qadını olmaq, övladlarının yükünü çiyinlərində daşıyan qadın olmaq, onların gələcəyini düşünmək zərif bir məxluq üçün çox deyilmi? Təbii ki, çoxdur və çətindir. Amma bütün bunların öhdəsindən gələn xanımlarımız, Azərbaycan qadını var, özü də kifayət qədər. Qadına zəif deyənlərin fikrini əsla qəbul etmirəm. Zəif adlanan o varlığın daşıdığı yük onun nə qədər güclü olduğunun sübutudur. Bu bayram günündə bütün qadınlara qadın xoşbəxtliyi arzu edirəm. Əgər qadın xoşbəxtdirsə, deməli, onun gücü hər şeyə yetib.
- Bu il tarixi qələbəmizdən beş il ötür. Telejurnalist Samirə Səfərəliyeva və 44 gün...
- Saata baxmadan, evi düşünmədən, nəfəsimizi dərmədən, hər şəhid xəbərinə doğması qədər üzülüb göz yaşı tökən, eyni zamanda davamlı gələn qələbə xəbərinə hamı kimi sevinən bir Samirə qalıb o 44 gündə. Toplantılarda hər dəfə Mir Şahin müəllim deyirdi ki, burada rahat iş yerinizdə oturmusunuz, amma orada hər dəqiqə övladlarımız torpaq uğrunda şəhid olur. Sizin burada bir tikə yeməyə belə, haqqınız yoxdur. Onlarla bərabər siz də burada döyüşməlisiniz. Təsəvvür edin 18-19 yaşlı oğllarımızın şəhid xəbərini oxuyanda hansı hissləri keçirmişəm, onu yaşayan bilər.
- Həmkarın həmkarlarına deyəcək sözü həmişə var...
- Dürüst olsunlar. Son vaxtlar rastıma çıxan və heç sevmədiyim bir məqamı xüsusi vurğulamaq istəyirəm. Həmkarlar bir-birini çox ittiham edir, birinin atdığı addımı o birilər dərhal yayımlamağa çalışır, məzəmmətə, tənqidə və hətta təhqirə də keçirlər. Bu, heç xoşagələn hal deyil. Mən sosial şəbəkədə bir həmkarımın digəri haqqında mənfi fikir yürütməsini oxumaq istəmirəm. İstəyirəm ki həmkarlar bir-birinə dəstək olsun.
- "Laçın işğaldan azad olunandan sonra ora gedəcəyimi və hansı xatirələrlə qarşılaşacağımı, qəhər içində boğulacağımı belə, xəyal etmişdim". Bu sözləri uzun həsrətin böyük sevinci ilə qələmə almısınız, özü də sonuncu dəfə 90-cı ildə ayrıldığınız və bir də 34 ildən sonra gördüyünüz Laçında...
- Azad Qarabağda ilk getdiyim yer Laçın oldu, ötən ilin may ayının 18-də. Laçını qarış-qarış gəzən mən oranı tanımadım. Bir az kədərləndim ki, heç bir xatirə yadıma düşmür. Hər yerdə bərpa, təmir-tikinti işləri gedirdi. Hətta özümü məzəmmət etdim ki, mən gərək Laçına işğaldan azad olan kimi dərhal gələydim. Sonra sürücünü istiqamətləndirərək nənəmgilin evini tapdım. Eşitdiyimiz, yeri düşəndə işlətdiyimiz bir söz var - uçunmaq. Viran qalmış o evi görəndə uçunduğumu hiss etdim. Məcburi köçkünlük həyatını yaşamasam da, qohum-əqrəba ilə birlikdə o acının dadını bilirdim. Mən bura gələndə nələr yazacağamı da əvvəlcədən düşünmüşdüm. Amma görüb-rastlaşdıqlarımdan sonra düşündüklərimin üstündən xətt çəkdim.
- Yəqin ki, axtardıqlarınızdan nələrisə tapa bildiniz...
- Hər il üç ay yay tətilini keçirdiyim, vəhşicəsinə xarabalığa çevrilən baba ocağımda hansı hissləri yaşadığımı ifadə etmək üçün heç nə yetməz. Daş-kəsəyin içində yolunu azan adamlar kimi vurnuxdum. Budaqlarını sındırdığım tut ağacının yanına gəlib onu öpdüm, Həkəri boyu gəzdim. Bir zamanlar yaşıllığa qərq olan məzarlığa gəldim. Gördüyüm vəhşiliyin bir canlı varlıq tərəfindən edildiyinə inanmaq istəmədim. Qohumların bərpa etdiyi dədəmin məzarına gəldim. Laçın həsrətilə bu dünyadan köç edən valideynlərimin şəklini həmin məzarın üstünə qoydum və mənə elə gəldi ki, həmin anda o ruhları qovuşdurdum. Yenidən gəlib baba evinin doğma divarlarında qalan daşların arasında oturdum, heç demə, insan daşın da qoxusunu ala bilərmiş. Elə bil heç nəfəs də almırdım. Bir də eşitdim ki, məni çağırırlar. Zənn edirdim ki, 2-3 dəqiqədir burdayam, əslində isə bir saata qədər xəyalən çox uzaqlarda olmuşam özümdən xəbərsiz. Bu vaxt ərzində uşaqlığımı tapdım, xatirələrimi tapdım. Daxilən yeniləndim, ruhən cavanlaşdım. Orada bir daha anladım ki, torpaq həyatda qalmaq, həyatın özü olmaq deməkdir.
SÖZARDI: Həmkarımızın dədə-baba torpağında hazırladığı süjetin sonluğu bu sözlərlə bitir: "Ovcumda torpaq var, onun adı Laçındır. Yurda qovuşmaq bir ovuc torpaqdan başlayır. Biz torpağı unutmadıq, torpaq da bizi çağırmaqdan yorulmadı"...
Təqvimdə isə 2025-ci ilin 8 Martıdır. İrqindən, mənsubiyyətindən, dinindən, yaşından asılı olmayaraq həyata həyat bəxş edən qadınlar dünyanın bütün gözəlliklərinə layiqdir.
Bayramınız mübarək, dəyərli xanımlar!
Tamilla M-ZADƏ
