MİLLİ MARAQLARA ZİDD OLAN YÜKDƏN QURTULMAQ ÜÇÜN TARİXİ FÜRSƏT Bu dəfə rus məktəblərinə “yox” deyə biləcəyikmi?
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Millət vəkili Elşad Musayev: "Azərbaycanda da Rusiyanın böyük agentura şəbəkəsi var. Biz də sanki rus dilində 300-dən artıq məktəbi saxlamaqla onlara kadr potensialı hazırlayırıq"
Təhsil eksperti Kamran Əsədov: "Bu qədər aşağı nəticəyə rəğmən rus bölməsi məzunlarının ali məktəblərə daha az balla daxil olması isə absurddur..."
Azərbaycanda rus dilində təhsil verən məktəblərin bağlanacağına dair iddialar yenidən gündəmə gəlib. Belə ki, yerli mediada yayılan xəbərlərə görə, bu barədə rus məktəblərində təhsil alan şagirdlərin valideynlərinə məlumat verilib.
Bəzi valideynlərin bildirdiyinə görə, rus bölmələrinin fəaliyyəti mərhələli şəkildə dayandırılacaq. İddialara əsasən, bu qərar Azərbaycan dilinin əsas tədris dili kimi mövqeyini gücləndirmək və bütün şagirdləri vahid bir təhsil mühitinə uyğunlaşdırmaq məqsədi daşıyır. Məlumatda o da qeyd olunur ki, islahatlar birdən-birə deyil, tədricən həyata keçiriləcək. Belə ki, qarşıdakı üç il ərzində rus bölmələri Azərbaycan dilində tədrisə keçəcək və bu prosesə uyğun olaraq müəllimlər üçün ixtisasartırma kursları təşkil ediləcək.
Dünən yerli mediada yayılan başqa bir xəbərə görə isə, 2025–2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq və bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Məlumata görə, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq Azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil olunacaq. Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı yayılan məlumatlarla bağlı konkret fikir bildirməyib. Sadəcə qeyd edib ki, bu cür xəbərləri yayarkən yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Nazirliyin mövqeyindən, hansı qərarın verilməsindən asılı olmayaraq qeyd edək ki, tarix boyu millətimizə, dövlətimizə qənim kəsilən, son olaylarda – məlum təyyarə hadisəsində, eləcə də Yekaterinburq olaylarında və davamında yaşananlarda bunu bir daha sübut edən Rusiyanın imperiya maraqlarına xidmət edən bir dilin ölkəmizdə tədrisi uzun illərdir ki, cəmiyyətin böyük narazılığı ilə üzləşir. İnsanlar haqlı olaraq rus dilinin bir alət kimi istifadə olunduğunu, bu səbəbdən də haqlı və təbii olaraq ana dilimizə daha böyük üstünlük verilməsini, onun önə çəkilməsini tələb edirlər.
Böyük bir kəsim hesab edir ki, uşaq yaşlarından ana dili əvəzinə şagirdlərə rus dilinin tədris olunması onların milli kimliklərini, Azərbaycana olan bağlılıqlarını təhlükə altına atır. Bununla belə, təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün də cəmiyyətimizdə öz milli kimliyinə etinasız yanaşan, kölə ruhlu düşüncəni daşıyan və rus mədəniyyətinə heyranlıqla yanaşan insanların sayı az deyil. Məhz bu təbəqənin mövcudluğu rus dilinin əvvəlki qədər olmasa da, hələ də müəyyən populyarlığını qoruyub saxlamasına səbəb olur.
Bu prosesə bəzi dövlət və özəl qurum rəhbərlərinin mövcud yanaşmaları da ciddi təsir göstərir. Belə ki, bir çox hallarda rus dilində danışanlara daha çox imtiyaz verilməsi, onların vəzifələrdə irəli çəkilməsi, əksinə, rus dilini bilməyənlərə qeyri-ciddi münasibət bəslənməsi bəzi valideynləri övladlarını rus bölməsində oxutmağa sövq edir. Təəssüf ki, müxtəlif idarə və müəssisələrdə keçmişin təsirlərini daşıyan qruplar – bir növ "beşinci kolon"un qalıqları hələ də aktivdir və bu yanaşmanı davam etdirir. Onlar rus dilini qlobal ünsiyyət vasitəsi sayılan ingilis dilindən üstün tutaraq, iş elanlarında “rus dili mütləqdir” kimi tələblər qoyur, idarə etdikləri qurumlarda rusdilli şəxslərə prioritet verirlər. Bu hallar da rus dilinin cəmiyyətdə yayılmasında və təşviqində az rol oynamır.
Deputat: “Bu ildən rus məktəblərinə qəbul məhdudlaşdırılmalıdır”
Millət vəkili Elşad Musayev “AzPolitika”-ya şərhində bildirib ki, son günlər Rusiya-Azərbaycan münasibətləri yenidən gərginləşib: “Biz Rusiyanın dövlətçilik fəlsəfəsi ilə bağlı dəfələrlə danışmışıq və sabit mövqeyimizdə də qalırıq. Rusiya qonşu və güclü olmaqla yanaşı, həm də imperiya ambisiyaları olan, bölgələri öz nəzarətində saxlamaq istəyən və bunu da qanunsuz üsullarla həyata keçirməyə çalışan bir ölkədir. Rusiyanın Ukraynanı işğalı da buna sübutdur. Biz əvvəl də bildirmişik ki, müstəqil Azərbaycanımızda niyə belə bir imperiyanın dilində məktəblər olmalıdır? Nəyə görə vergi ödəyiciləri hesabına başqa bir dildə məktəblər fəaliyyət göstərməlidir? Bəzən bunu müxtəlif aspektlərə çəkməyə çalışanlar da var. Biz ölkə vətəndaşlarının rus, ingilis, fransız, bir sözlə istənilən dildə təhsil almasının əleyhinə deyilik. Yalnız bu, qaydalar çərçivəsində olmalıdır. Kim istəyir uşağını rus dilində oxutsun, getsin ödənişli məktəblərə müraciət etsin”.

Deputat qeyd edir ki, uşaq rus dilində təhsil alırsa, rus tərbiyəsində böyümüş olur:
“Onlar vətən kimi, ana dili kimi Rusiyanı qəbul edir, bir növ beynində Rusiya amili əsas amil kimi canlanır. Azərbaycanda da Rusiyanın böyük agentura şəbəkəsi var. Biz də sanki rus dilində 300-dən artıq məktəbi saxlamaqla onlara kadr potensialı hazırlayırıq. Ona görə də hesab edirəm ki, Azərbaycan kimi müstəqil, türk dünyasını özünə ailə hesab edən dövlət təhsil sisteminə fərqli yanaşmalıdır. Biz elan etmişik ki, bizim strateji xəttimiz Türkiyə və türk qardaşlarımızın dünyası ilə bağlıdır. Gələcəkdə də biz bu istiqamətdə gedəcəyimizi bildirmişik. Ona görə də bu məsələlərdən nəticə çıxarmalıyıq. Bu ildən rus məktəblərinə qəbul məhdudlaşdırılmalıdır. Təhsili davam edənlərə isə şərait yaradılmalı və bu məsələ yekunlaşdırılmalıdır”.
Hər il büdcədən rus dilində təhsilə yarım milyarda yaxın pul xərclənir...
Yeri gəlmişkən, bu məqamda rus dilində təhsilə dövlət büdcəsindən nə qədər vəsait ayrıldığını açıqlamaq da yerinə düşərdi. Hər halda bu, vergi ödəyən vətəndaşlar üçün maraqlıdır ki, hər il bu sahəyə nə qədər büdcə vəsaiti yönəldilir?

Məlumata əsasən, 2024–2025-ci tədris ilində Azərbaycandakı ümumi təhsil müəssisələrində 1 milyon 619 min 335 şagird təhsil alır. Onlardan təxminən 160 min nəfəri isə tədrisi rus dilində aparılan bölmələrdə oxuyur. Bu da ümumi şagird sayında rus bölmələrinin payının təqribən 9,8 faiz olduğunu göstərir. Qeyd edək ki, 2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində təhsilə 4,94 milyard manat vəsait ayrılıb. Bu göstəricilərə əsaslanaraq hesablamaq olar ki, rus bölmələrində oxuyan şagirdlərin təhsilinə illik təxminən 480 milyon 200 min manat büdcə vəsaiti sərf olunur. Bu vəsaitin miqdarı illər üzrə ciddi dəyişiklik göstərmədən, adətən bu səviyyədə qalır.
Təhsil eksperti: “Rus bölməsinin bağlanması alternativ yox, zərurətdir”
Təhsil eksperti Kamran Əsədov “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycanda rus bölmələrinin bağlanacağı ilə bağlı yayılan məlumatlar ölkənin təhsil sisteminin illərdir daşıdığı yersiz, funksiyasını itirmiş və milli maraqlara zidd olan bir yükdən qurtulması üçün nadir tarixi fürsətdir: “İllərlə “alternativ” adı altında saxlanılan bu bölmələr nə elmi göstəricilər baxımından səmərə verib, nə milli təhsil strategiyasına uyğunlaşıb, nə də cəmiyyətin inkişafına real töhfə verib. Əksinə, rus bölməsi Azərbaycanda sovet dövründən miras qalan bir “paralel təhsil sistemi” olaraq qalaraq həm pedaqoji, həm hüquqi, həm də strateji baxımdan ciddi ziddiyyətlər yaradıb”.

Ekspert qeyd edir ki, rus bölməsi uzun illərdir ki, akademik nəticələr baxımından zəif performans göstərir: “Dövlət İmtahan Mərkəzinin 2023-cü il üzrə məlumatına əsasən, rus bölməsində iştirak edən abituriyentlərin buraxılış imtahanlarında topladığı orta bal cəmi 111-dir. Azərbaycan bölməsi üzrə bu göstərici 139 baldır. Bu 28 ballıq fərq sadəcə bir rəqəm deyil, bu, rus bölməsindəki tədrisin acınacaqlı vəziyyətinin sübutudur. Bu qədər aşağı nəticəyə rəğmən rus bölməsi məzunlarının ali məktəblərə daha az balla daxil olması isə absurddur. Bu, təhsil sistemində qanunsuz imtiyazların, ədalətsizliyin və sosial narazılığın açıq şəkildə mövcud olduğunu təsdiqləyir. Hətta bəzi ixtisaslarda Azərbaycan bölməsi üzrə 350–360 bal tələb olunduğu halda, rus bölməsindən cəmi 250 balla eyni ixtisasa daxil olmaq mümkündür. Bu, birmənalı şəkildə təhsildə ayrıseçkilikdir, bunun adı “təhsil sistemi” yox, rəsmi şəkildə qorunan imtiyazlı modeldir”.
K. Əsədov xatırladır ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində dövlətin vətəndaşlara bərabər təhsil imkanları yaratmaq öhdəliyi vurğulanır: “Bu gün rus bölməsi bu bərabərliyi pozan əsas mexanizmdir. Təhsil mühitində bu cür ikili standartların qorunması yalnız bir nəticəyə gətirib çıxarır: sistemin içəridən çürüməsi, ictimai etimadın itirilməsi və milli gücün zəifləməsi. Daha təhlükəli məqam isə budur ki, rus bölməsi təkcə təhsilin keyfiyyət problemini deyil, həm də milli ideoloji təhdidi daşıyır. Bu bölmələr vasitəsilə Azərbaycan təhsil sistemində “alternativ informasiya”, “alternativ baxış” və “paralel dəyərlər” təlqin olunur. Əgər bir təhsil ocağında milli dəyərlərə, tarixə, dövlət dilinə, dövlətçilik anlayışına ikincil mövqedə yer verilirsə, bu təhsil müəssisəsi milli maraqlara qarşı yönəlmiş ideoloji platformaya çevrilir. Bu gün rus bölməsində təhsil alan minlərlə şagird milli kimlikdən uzaq, rusdilli mediaya, rus mədəni təsirinə və rus təfəkkür sisteminə yönəldilir. Bu, sadəcə yumşaq təsir aləti deyil – bu, informasiya təhlükəsizliyinin sistematik şəkildə pozulmasıdır”.
“Qlobal dünyada hansı ölkə təhsil sistemini xarici dövlətin dili və ideologiyası üzərində qurur? ABŞ-da məktəblər fransızca, Fransada məktəblər alman dilində fəaliyyət göstərirmi? Heç bir müstəqil dövlət milli təhsil sistemini başqa bir ölkənin dili üzərində qurmaz. Bu, nə pedaqoji cəhətdən, nə hüquqi baxımdan, nə də milli suverenlik çərçivəsində qəbul edilə bilən yanaşmadır. Azərbaycanda rus bölməsinin saxlanması isə məhz bu cür ziddiyyətli və zərərli yanaşmanın nəticəsidir. Bu model artıq nə ehtiyacdır, nə seçimdir – bu, köhnə sistemin kölgəsidir, bir zamanlar formalaşmış imperiya zehniyyətinin qalıq strukturudur”, – deyə ekspert əlavə edib.
K. Əsədovun sözlərinə görə, əmək bazarının çağırışları da bu modelin aktuallığını tamamilə təkzib edir: “2023-cü ildə keçirilmiş sorğulara görə, işəgötürənlərin 70%-dən çoxu ingilis dilini əsas üstünlük kimi qeyd edir. Türk dili də mühüm yer tutur. Rus dili isə artıq 10 faizdən aşağı səviyyədə tələbat görür. Müasir texnologiya, süni intellekt, mühəndislik, beynəlxalq ticarət, diplomatiya və biznes sahələrində rus dili tamamilə funksiyasını itirib. Buna baxmayaraq, Azərbaycanın bir qrup gənci hələ də gələcəyin dili deyil, keçmişin dili ilə yüklənir. Bu, onların karyera imkanlarının və beynəlxalq rəqabət qabiliyyətlərinin süni şəkildə məhdudlaşdırılmasıdır. Bu mənada rus bölməsi sadəcə savadsızlıq deyil, həm də sosial sabotajdır”.

Ekspert onu da qeyd edir ki, bu məsələnin tərəfdarları rus bölməsini guya mədəni zənginlik kimi təqdim etməyə çalışsa da, bu “zənginlik” illərdir sistemin çöküşünə səbəb olur: “Həqiqi zənginlik bərabər rəqabət, vahid təhsil standartları və milli dəyərlərlə formalaşan vətəndaş modeli ilə mümkündür. Azərbaycanda rus dili əgər öyrənilmək istəyirsə, xarici dil kimi ayrıca öyrədilə bilər. Bu, heç bir problem deyil. Amma onun təhsilin daşıyıcısına çevrilməsi – bu, qəbuledilməzdir. Yayılan məlumatlara görə, növbəti üç ildə rus bölmələrinin mərhələli şəkildə bağlanması planlaşdırılır. Müəllimlər üçün ixtisasartırma kursları keçiriləcək, şagird və valideynlər üçün alternativ istiqamətlər təqdim olunacaq. Bu, düzgün istiqamətdir. Amma proses çox sürətləndirilməlidir. Cəmiyyətə izah verilməli, hər kəs anlamalıdır ki, bu, heç bir qrupun hüququna müdaxilə deyil – bu, milli təhsilin və dövlət maraqlarının müdafiəsidir. Bu islahat ləngidildikcə təhsildə ikili standartlar, aşağı nəticələr və sosial narazılıq daha da dərinləşəcək”.
K. Əsədov sonda qeyd edir ki, rus bölmələrinin bağlanması ilə təhsil sistemi vahid struktur altında yenidən təşkil olunacaq: “Ali məktəblərə qəbulda imtiyazlar ləğv ediləcək, təhsilin dili vahidləşəcək, informasiya təhlükəsizliyi təmin olunacaq, milli kimliklə ziddiyyət təşkil edən paralel sistemə son qoyulacaq. Bu islahat yalnız təhsilin deyil, həm də ideoloji və siyasi suverenliyin qorunmasıdır. Təhsil millətin gələcəyidir. Heç bir xalq öz gələcəyini başqa bir xalqın dili ilə formalaşdıra bilməz. Rus bölməsinin bağlanması alternativ yox, zərurətdir. Bu gün bu bölmənin qalması – savadsızlıq, ədalətsizlik və asılılıq deməkdir. Onun ləğvi isə – azadlıq, inkişaf və milli gücdür. Azərbaycanın gələcəyi rus dilində yazıla bilməz. Azərbaycanın gələcəyi öz dilində, öz gücü ilə, öz modeli ilə yazılmalıdır. Bu gələcəyə doğru ilk addım – rus bölməsini tarixə göndərməkdir. Və bu, artıq bugünkü qərardır”.
Son illər keçmiş postsovet məkanında da rus dili təsiri zəifləyir
Son illərdə keçmiş postsovet ölkələrində rus dilində təhsilin ya məhdudlaşdırılması, ya da bu dildə tədris aparan məktəblərin bağlanması tendensiyası açıq şəkildə hiss olunur.
Ermənistana nəzər salsaq, müstəqillikdən sonra burada rusdilli məktəblərin sayı xeyli azalıb. 1993-cü ildən başlayaraq bu tip məktəblərin bağlanması nəticəsində ölkədə rus dili biliyi olan insanların sayı da nəzərəçarpacaq dərəcədə azalıb. 2024–2025-ci tədris ilində isə bəzi siniflərdə rus dili artıq əsas xarici dil sayılmır və sadəcə seçmə xarici dil kimi tədris olunur. Qazaxıstanda 2022-ci ildən etibarən birinci sinifdən başlayaraq rus dili dərsləri proqramdan çıxarılıb. Ukraynada isə 2019-cu ildə qəbul olunan yeni təhsil qanunu ilə azsaylı xalqların dillərində təhsil imkanları mərhələli şəkildə azaldılıb.
Bu qərar nəticəsində yuxarı siniflərdə tədrisin əsasən Ukrayna dilində aparılması məcburi olub və rusdilli məktəblərin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Gürcüstanda da oxşar yanaşma müşahidə olunur. Müstəqillikdən sonra həyata keçirilən milli dilin təşviqi siyasəti çərçivəsində bir çox rusdilli məktəb ya gürcü bölməsinə çevrilib, ya da fəaliyyətini dayandırıb. Baltikyanı ölkələrdə – Estoniya, Latviya və Litvada da rus dilində təhsilə məhdudiyyətlər tətbiq olunub. Məsələn, Latviyada 2018-ci ildə qəbul edilmiş qanuna görə, orta təhsil müəssisələrində tədrisin yalnız milli dildə aparılması nəzərdə tutulub ki, bu da rus bölmələrinin fəaliyyətini xeyli daraldıb.
Elvin Bəyməmmədli
“AzPolitika.info”


