Milli medianın azərbaycançılıq mövzusunda önəmli hədəfləri
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda dəyirmi masa keçirildi. Məclisdə azərbaycançılıq ideyasının tarixi-fəlsəfi əsasları, milli kimliyin qorunmasında medianın rolu, müasir informasiya mühitində milli-mənəvi dəyərlərin təbliği, eləcə də Azərbaycan cəmiyyətinin ideoloji bütövlüyünün möhkəmləndirilməsi məsələləri geniş müzakirə olundu.
Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu söylədi ki, cəmiyyət müasir dövrdə informasiya müharibəsi və ya manipulyasiyası kimi bir sıra ciddi problemlərlə üz-üzədir. İnformasiya müharibəsində əsas hədəflərdən biri də ideoloji hədəflərdir. Bu mənada, azərbaycançılıq ideologiyasının ətrafında daha sıx birləşərək mövcud manipulyasiyaların, informasiya müharibəsinin qarşısını ala bilək.
MŞ sədri siyasi jurnalistikada ideoloji mövzuların işıqlandırılması ilə bağlı jurnalistlər üçün xüsusi tövsiyə vəsaitinin hazırlanmasını da təklif etdi.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov azərbaycançılıq ideyasının mahiyyətindən, onun formalaşmasında mühüm yer tutan milli kimlik, dini mənsubiyyət və ümumbəşəri dəyərlərin qarşılıqlı münasibətindən danışaraq qeyd etdi ki, Azərbaycan xalqının dünyagörüşünün və ictimai təfəkkürünün formalaşmasında 3 əsas komponent – etnik kimlik, dini mənsubiyyət və ümumbəşəri humanist dəyərlər mühüm rol oynayır. Bu komponentlər tarix boyu bir-biri ilə qarşılıqlı əlaqədə olub və heç biri digərindən tamamilə təcrid olunmayıb. Müxtəlif tarixi mərhələlərdə onların hər hansı biri ön plana çıxsa da, əsas məsələ bu dəyərlər arasında tarazlığın qorunmasıdır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Hümbət Musayev bildirdi ki, cəmiyyətdə sözlər deyil, ideyalar bərqərar olur. Belə bir fəlsəfi yanaşma var: insan işığı yox, işığın vasitəsilə görür. İşığa bütöv halda nəzər saldıqda onu vahid, bölünməz işıq seli kimi qavrayırıq. Azərbaycançılıq da vahid işıq selinə bənzəyir. Lakin onun daxilində nə qədər müxtəliflik var: fərqli dinlər, dillər, əqidələr və inanclar. Bu müxtəlifliyin fövqündə dayanan əsas və dəyişməz mənsubluq azərbaycançılıqdır. Bu dəyişənlərin hər biri cəmiyyətimizdə mövcuddur və azərbaycançılığın ümumi məzmununu formalaşdıran elementlər kimi çıxış edir.
Millət vəkili Aydın Mirzəzadə dedi ki, azərbaycançılıq ideologiyasına dəyişməz postulatlar toplusu kimi yanaşmaq düzgün deyil. Bu, zamanın çağırışlarına uyğun yenilənməyi və inkişaf etməyi bacaran dinamik düşüncə sistemidir. Azərbaycançılıq yalnız müəyyən şəxslərin və ya siyasi dairələrin ərsəyə gətirdiyi nəzəriyyə hesab oluna bilməz. Bu ideyanın ən böyük uğurlarından biri onun cəmiyyətin bütün təbəqələrinə açıq olmasıdır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli vurğuladı ki, milli ideologiyamıza qarşı yönələn təxribatçı mərkəzlər artıq daha sistemli formaya keçir. Milli ideologiyamızda əksini tapan bütün tezisləri, arqumentləri ardıcıl şəkildə hədəfə almağa başlayıblar. Üstəlik, bu proses kifayət qədər sistemli xarakter daşıyır.
Müzakirənin yekununda bildirildi ki, bu gün insanların böyük əksəriyyəti informasiya əldə etmək üçün internetə, müxtəlif rəqəmsal platformalara müraciət edir. Bu istiqamətdə müəyyən konseptual yanaşma və sistemli fəaliyyət formalaşdırılmalıdır. Milli ideologiyamızla, milli dəyərlərimizlə bağlı məsələlər müvafiq elmi mənbələrdə, jurnallarda, eləcə də vikipediya səhifələrində öz əksini tapmalıdır. İnsanlar istənilən vaxt həmin mənbələrə müraciət edərək zəruri məlumatları tapmalı, onları mənimsəməli və təhlil etməlidirlər.
Fidan ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 13 Noyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















