Icma.az
close
up
RU
Milli teleməkanımızın bayraqdarı

Milli teleməkanımızın bayraqdarı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə ilk teleyayımdan 69 il keçir

Düz 69 il əvvəl – 1956-cı il fevralın 14-də respublikamızda ilk dəfə “sehirli qutu”nun işıqlanması ilə televiziya yayımına başlanıb. Texniki hazırlıq işləri tamamlandıqdan sonra – saat 18-də gözəl aktrisa Nəcibə Məlikova efirə çıxaraq məşhur “Diqqət, göstərir Bakı” deyib və ölkədə müntəzəm teleyayıma start verilməsi münasibətilə tamaşaçıları təbrik edib.

Danışan radionun həm də təsvirlərlə müşayiət olunması əsl möcüzə idi. Mavi ekrandan Mehdi Hüseyn, Süleyman Rüstəm və TV-nin rəhbərlərindən olan Teymur Elçin də xalqa təbriklərini çatdırıblar. Ardınca Sara Qədimovanın qısa muğam konserti olub. Gedişatı izləyən studiya direktoru Ənvər Əlibəyli və onun müavini Hacı Hüseynov, eləcə də kamera arxasında dayanmış mühəndis Sərvər Quliyev, rejissor pultunu idarə edən Kamil Rüstəmbəyov sevincdən qanadlanıblar. Bakının “Mehdi Hüseyn küçəsi, 1” ünvanından pərvazlanan televiziya könülləri riqqətə gətirib. Ertəsi günün efirini o vaxt hələ Əməkdar artist olan Hökumə Qurbanova aparıb. Tamaşaçılara “Bəxtiyar” filmi göstərilib və beləliklə də, Azərbaycan televiziyasının bəxtiyar günləri başlanıb.

İndi sinəsində qürurla “Şöhrət” ordeni gəzdirən mühəndis İsmət Gözəlov o tarixi anların yeganə canlı şahididir. Ömrünün yarım əsrini televiziyaya həsr etdikdən sonra təqaüdə çıxıb. O, televiziyada çalışdığı ilk dövrlərdə burada ailə səadətinə də qovuşub: ilk diktorlardan olan Tamara Gözəlova ilə evlənib və bundan sonra uzun illər fevralın 14-ü onlar üçün ikiqat əziz olub. Çünki elə Tamara xanımın da doğum günü məhz televiziyanın yarandığı günə təsadüf edirdi. Yeri gəlmişkən, bu gün Tamara Gözəlovanın 85 yaşı tamam olur. Onunla bərabər, Azərbaycanın ana televiziyasının ilk diktorları sırasında Gültəkin Cabbarlı, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov da rəhmətlə xatırlanırlar. Görkəmli sənət adamları, şair və yazıçılar da orada işləməklə televiziyanın həyatımızın bir hissəsinə çevrilməsini təmin ediblər.

– 1956-cı ilin 14 fevral günü bərk həyəcan keçirsək də, tarix yaza bildik, – deyə İsmət müəllim xatirələrə dalır. – Sonra televiziyamızın inamlı addımları davam etdi. Mən də ailə səadətimi burada tapdım. Rəhmətlik Tamara əvvəl diktor kimi tanınırdı, eyni zamanda, həmin il “O olmasın, bu olsun” flmində Gülnaz rolunu oynadı. Sonra universitetin şərqşünaslıq fakültəsini bitirdi və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri oldu. Beş il əvvəl dünyasını dəyişənə qədər onunla televiziyalı günlərimizi tez-tez xatırlayırdıq. İndi nə o var, nə də digər məşhur televiziyaçılarımız… 69 yaşlı AzTV-yə sonradan gəlib estafeti layiqincə davam etdirən bütün həmkarlarımızı bu gün münasibətilə təbrik edirəm!

Ötən dövrdə Azərbaycan televiziyası tədricən bədii və texniki baxımdan təkmilləşib, ağ-qara təsvirli mavi ekrandan rəngli ekrana keçilib. Studiya əvvəlcə həftədə 2, sonra 3 dəfə ikisaatlıq proqramla efirə çıxardı. Tamaşaçılar gözlərini ekrandan çəkməz, son xəbərlərdən tutmuş, konsertlərə, hava məlumatına qədər bütün verilişləri izləyərdilər…

Amma televiziyanın qara günləri də olub və unudulmur. 1990-cı ilin “Qanlı şənbə”sindən bir gün əvvəl – yanvarın 19-da saat 19:26-da respublikanın baş xəbər yayıcısının enerji bloku Moskvadan millətimizi cəzalandırmağa göndərilmiş silahlı hərbi dəstələr və SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən partladıldı. Yayımı yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov hərbi təcavüz və 138 dinc sakinin qətlə yetirilməsi ilə bağlı xalqımıza başsağlığı verdi. Həmin 9 günlük “fasilə” istisna olmaqla, televiziya 69 ildir ki, evlərimizin sevimli sakini, ailələrimizin bir üzvüdür. Bu gün artıq ölkəmizdə digər peşəkar televiziya kanalları da fəaliyyət göstərir. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC isə milli efir məkanımızın flaqmanı missiyasını layiqincə davam etdirir.

Yaşlı soydaşlarımız yaxşı xatırlayarlar: ilk onilliklərdə milli televiziyada “Evrika”, “Təbiəti sevənlər”, “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Dalğa”, “Günün ekranı”, “7 Gün”, “Kinoklubda görüş”, “Retro”, “Qoşma”, “Tələbə klubu”, “Çay dəstgahı” kimi proqramlar böyük populyarlıq qazanmışdı. Bura həm də, bir növ, musiqi sənəti məbədgahı idi: ansambllar, xor kollektivləri, simfonik orkestr və sair AzTV-nin nəzdində yaradılıb və çoxsaylı parlaq ulduzların “start” meydanı olub.

Yeri gəlmişkən, bu gün 100 yaşı tamam olan dirijor, Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, professor Nazim Rzayev Azərbaycan televiziyası və radiosunun kamera orkestrinə uzun müddət rəhbərlik edib. Bu orkestrin ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən rəqs kompozisiyaları daim tamaşaçılara mənəvi zövq aşılayıb. Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə keçmiş ittifaqın bir sıra şəhərlərində, xarici ölkələrdə uğurlu qastrol səfərlərində olub, həm də təcrübəli pedaqoq kimi Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib...

Bu sətirlərin müəllifi ömrünün 20 ilini həsr etdiyi milli televiziyaya hər gəlişində, ilk növbədə, gözləri önündə unudulmazların foto-qalereyası canlanır. Elşad Quliyev, Nahid Hacızadə, Firudin Ağayev, Gəray Fəzli, Babək Hüseynoğlu, Rafiq Hüseynov, Sabir Ələsgərov, Valid Sənani, Hicran Hüseynov və digərləri ilə bağlı xatirələr yada düşür. Bu gün də sıramızda olan, neçə nəsil televiziya işçilərinin yetişməsində bilavasitə əmək sərf etmiş Aydın Əliyev, Ramiz Həsənoğlu, Vasif Babayev, Roza Tağıyeva, Solmaz Həmzəyeva, Şəmistan Nəzirli, Kamran Əliyev ilə arabir görüşür, zəngləşir, hal-əhval tuturuq.

Televiziya milli mədəniyyətimizin, incəsənətimizin inkişafı və təbliğində misilsiz rol oynayır. Bura həm də müstəqil dövlətimizin vizual siyasi salnaməsi yaradılan məkandır. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin hazırkı rəhbərliyi də zaman-zaman pərvəriş tapmış gözəl teleməkan ənənələrini qoruyub saxlayır, milli-mənəvi dəyərlərə ciddi önəm verir.

Bu gün Azərbaycanda ictimai və özəl teleradio şirkətləri də fasiləsiz fəaliyyət göstərir. Ekran-efir məkanı modern texnologiyalarla təchiz olunub və dünyanın qabaqcıl teleradio kompaniyaları ilə bir sırada dura bilir. Ötən ilin noyabrından isə “AnewZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. Qlobal informasiya və analitika sahəsində alternativ baxış təqdim edən “AnewZ” həftənin 7 günü, 24 saatlıq yayım formatında dünyaya Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsini ingilis dilində çatdırır. İndiyədək beynəlxalq media platformalarında az eşidilən və fərqli yanaşmalarla təqdim olunan mövzular Bakıdan bir çox ölkəyə yayımlanır.

Bəli, ən ucqar kənddə belə həyatı televiziyasız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da mükəmməl teleradio yayımı ilə bağlı ciddi addımlar atılır. Erməni vandalların tam məhv etdiyi infrastruktur yenidən qurulur. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilanda ümumölkə televiziya kanallarının açıq yayımı və neçə-neçə yerüstü radio yayımçısının proqramları efirə çıxır.

Azərbaycan televiziyasının ildönümü münasibətilə orada çalışan həmkarlarımızı təbrik edirik!

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see364

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see287

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see224

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see207

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see206

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see180

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see171

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see170

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see161

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see160

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see160

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see154

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see150

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see147

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri