Müasir texnologiya və sürətli həyat gənclərin psixikasını təsir edir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Valideynlər diqqətli olmalıdır, uşaqların idman, təhsil və sosial şəbəkə balansı həyati əhəmiyyət daşıyır
Sağlam böyümək üçün psixoterapiya, mütaliə və təbiət təmasları vacibdir
Müasir gəncliyi smartfonlarsız, internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək qeyri-mümkündür. Bütün bu vasitələr gənclərin də, yeniyetmələrin də, hətta uşaqların da həyatının ayrılmaz parçasına çevrilib. Naqilsiz kommunikasiya həyatın bütün sahələrini əhatələyib. Dünya süni intellektin əsarətindədir artıq. Hər bir yenilik özündə inkişafı ehtiva edirsə, bəşəriyyətə töhfədir.
Bəs texnoloji inkişaf insanı zehni, fiziki inkişafdan, eləcə də mənəvi təkamüldən uzaqlaşdırırsa, onda necə? Sirr deyil ki, sutkanın əhəmiyyətli bir hissəsini internet resurslarda keçirənlər ətraf aləmdən sanki təcrid vəziyyətinə düşür. Xüsusən də bu hal uşaqlar, yeniyetmələr arasında yaşanırsa, problem getdikcə dərinləşir. Gün ərzində zamanın düzgün bölüşdürülməməsi uşaqlarda fiziki inkişafdan geriqalma ilə və sosiallaşma kimi vacib vasitədən uzaqlaşma ilə nəticələnir. Saatlarla kompüter, planşet, smartfon ekranına kilidlənmək təkcə zehni deyil, həm də fiziki yorğunluğa səbəb olur. Bu da mənəvi – ruhi yorğunluqda özünü göstərir. 
Təsadüfi deyil ki, son zamanlar tədqiqatçılar tərəfindən aparılan psixoloji trend analizləri “Z” nəsli yetkinləri arasında narahatedici bir davranışın geniş yayıldığını müəyyən edib. Araşdırmalara görə, bir çox gənc xroniki stress və zehni həddindən artıq yüklənməyə cavab olaraq saatlarla yataqda qalaraq telefonla vaxt keçirir və yuxuya gedə bilmir. Psixologiyada “yataqda çürümə” (bed rotting) adlandırılan bu davranış forması zahirən istirahət təsiri bağışlasa da, mütəxəssislər bunun əslində tükənmişliyin və emosional yorğunluğun göstəricisi olduğunu vurğulayırlar. Psixoloqlar bildirir ki, beyin həddindən artıq yükləndikdə özünü qorumaq məqsədilə “qapanma” rejiminə keçir və əlavə enerji tələb edən fəaliyyətlərdən yayınmağa çalışır. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət ciddi mənfi təsirlərə yol aça bilər. Belə ki, davamlı “yataqda çürümə” diqqət toplama qabiliyyətinin zəifləməsinə, əhvali-ruhiyyənin pozulmasına, motivasiyanın azalmasına və gündəlik fəaliyyətlərə marağın itirilməsinə səbəb olur. Problemin dərinləşməməsi üçün hansı işlər görülməli, nə kimi addımlar atılmalıdır?
Psixoloq Elmir Əkbər "Şərq"ə açıqlamasında problemin çox aktual olduğunu bildirdi: 
- Bu problem təkcə Azərbaycanda yox, bütün dünyada mövcuddur. Düzdür, bizdə gənclərin aqresssiyası, həyat tərzinin düzgün olmaması, layf-menecmenti bacarmamaqları və sair daha qabarıq özünü göstərir. Amma bu, bütün dünyada rast gəlinən müxtəlif səpkili problemlərin kökündə dayanan, əlavə, sərbəst bir problemdir. Ölkəmizdə də həmçinin. Məsələ nədədir? Sivilizasiyanın yaşı insanın bir növ olaraq yaşından çox azdır. Xüsusilə də son illər böyük sıçrayış var, maddi-elmi-texniki sahədə. Biz – orta nəsil mobil telefonların olmadığı dövrdə yaşamışıq. Xəbərlər proqramı əvvəllər necə oxunurdu, hansı sürətlə verilirdi yadımıza salsaq və hazırda bu sahədə necə bir sürət olduğunu müqayisə etsək, məlumatların ildırım sürəti ilə yayıldığını görəcəyik. Bu sürət, məlumat bolluğu ona gətirib çıxarıb ki, bioloji baxımdan insan beyni və insanın psixi aparatının müdafiə mexanizmi bunun öhdəsindən gələ bilmir. Keçmiş sovetlər məkanında, MDB ölkələri, Türkiyə, Əfqanıstan, İran, İraq... bır sıra Şərq ölkələri, Afrika ölkələrində layf-menecment qaydasında getmir deyə, balans xüsusilə ciddi korlanıb. Təbii ki, hər bir valideyn övladının işıqlı, xoşbəxt gələcəyini təmin etmək istəyir. Amma səhvlərə yol verir. Valideyn çalışır mövcud vasitələrin hamısına əl atsın. Təsəvvür edin, uşaq ana dilində hələ düz-əməlli danışa bilmir, xarici dil kursuna aparırlar. Eyni vaxtda bir neçə idman növünə yazdırırlar, bilimirlər hansı idman növü bir-birinə uyğundur. İncəsənətin müxtəlif növlərini öyrənməsinə çalışırlar. Bunların da üzərinə əgər təhsil alan uşaqdırsa, dərs yükü də əlavə olunur. Yüklənmə azalmaq əvəzinə, daha da artır. Və bu halda mənfi mexanizm işə düşür. Əlavə olaraq internet, feysbuk, instaqram, Tik-tok, Fikir vermisinizsə, Tik-tokda son zamanlar qısamüddətli videorolik ünsiyyət tərzinə keçiblər. Bu, qısa müddətə zövq yaşamaqdır. Bütün asılılıqlar da özünü bu cür biruzə verir. Nəticə etibarilə gənclər internet, telefon, sosial şəbəkə asılısına çevrilir. Getdikcə də özləri belə fərqinə varmadan qumarbaza çevrilirlər. Qumar oyunları zirzəmilərdə oynanmır daha, sosial şəbəkədə, onlayn oynanır. Biz Qərb ölkələrinin yaşayışında istifadə edilən vasitələri tətbiq etmək istəyirik, özü də pərakəndə şəkildə, amma yan təsirlərindən müalicə və profilaktika üsullarını tətbiq etmirik. Bu, psixo-terapiyadır. Qərbdə ən azı həftədə 1 dəfə terapiya kurslarına gedirlər. Düzdür, hazırda dələduzlar özlərini psixi-terapevt kimi təqdim edir, bu sahədə problemlərimiz çoxdur. Lakin insanlar öz həyatlarının məsuliyyətini anlamalı, nəzarəti ələ almalıdırlar. Müasir vasitələrdən istifadə edən insan yan təsirləri aradan qaldıracaq vasitələrdən də istifadə etməlidir. Sağlam, şüurlu şəkildə. İdman da, mütaliə də ən gözəl vasitələrdir. Lakin bu məsələdə valideynlərdən yenə də xüsusi diqqət yetirmək tələb olunur. Uşaq hansı idman növü ilə məşğuldur, bu onun səhhətinə ziyan vurmur ki? İdman növünü seçərkən də mütəxəssislə məsləhətləşmək lazımdır mütləq. Uşağın fiziki gösgəriciləri hansı idman növünə uyğundursa, onunla məşğul olması məsləhətdir. Eləcə də mütaliə üçün əsərlərin seçimi düzgün aparılmalıdır. Kitablar uşağın yaş kateqoriyasına uyğun olmalıdır. Burada əlbəttə, mütləq uşaqların sosial şəbəkələrə girişi, hansı platformalara maraq göstərdiyi də gərək nəzarət altında olsun. Aqressiya, zorakılıq aşılayan məzmunlara uşaqların girişinin qarşısı alınmalıdır. Bunlar ən zərərli vasitələrdir. Uşaqlar üçün sağlam hobbilər, sağlam əyləncə üsulları seçilməlidir. Sosiallaşmaq, təbiətlə təmas mütləq lazımdır. İnsan təbiətlə təmasda ətraf aləmi kəşf edir. Təbiət insana rahatlıq verən, onu mənən, ruhən müsbət yetişdirən ən gözəl vasitədir. Ümumiyyətlə, bir çox vasitələr saymaq olar ki, uşaqların sağlam inkişafında böyük əhəmiyyət daşıyır. Bunları düzgün tətbiq etməliyik və yeniyetmələri düzgün yönləndirməliyik. Əsas da uşaqların zamanlarını düzgün bölmələrini, zamanı itirməmələrini onlara öyrətməliyik. Maarifləndirmə işi hərtərəfli aparılmalıdır. Ümumi maarifləndirmə öz yerində, fərdi psixo-analiz, loqoterapiya, psixo-terapiya da olmalıdır. Yeniyetmənin həyatında çətin müalicə olunan xəstəlik növünə çevrilməsin deyə profilaktik olaraq qarşısı alınmalıdır. Lazımi tədbirlər görülməlidir ki, insanın həyatının balansı qaydasında olsun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Yanvar 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















