Müasir və qlobal çağırışlara uyğun milli inkişaf strategiyası
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Prezident İlham Əliyev: "Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 21 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru qətiyyətli addımlar atır. Ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olaraq, Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevrilib.
Ümummilli Lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasət nəticəsində regionların inkişafının daha da sürətlənməsi təmin edilmişdir.
Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, suverenliyini, ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib dövlət olan Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərimizi Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, "Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır".
İQTİSADİYYAT VƏ SOSİAL HƏYAT SAHƏLƏRİNDƏ ƏLDƏ OLUNMUŞ UĞURLAR
Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.
Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir.
Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Biz bunu son olaraq Prezident İlham Əliyevin Lənkəran, Neftçala, Hacıqabul, Gəncə, Qəbələyə və s. rayonlara səfərləri zamanı da şahidi olduq. Bu səfərlər zamanı açılışı keçirilən və ya təməli qoyulan obyektlərin sayı, həmçinin onların əhəmiyyəti və ölkənin sosial-iqtisadi inkişafında tutduğu yer bölgələrə diqqət və qayğının bariz təzahürüdür.
Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısı, ölkəmizin regionda və dünyada söz sahibi, bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olmasının açarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın inkişaf salnaməsinin parlaq səhifələrindən biridir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 21 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, zirvələrə doğru aparacaq.
400-DƏN ARTIQ DAİMİ İŞ YERİ
Azad edilmiş torpaqların dirçəlişi və reinteqrasiyası ümumilikdə ölkənin iqtisadi potensialının artmasına geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub.
Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meylləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb.
İşğaldan azad olunan Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Parkda "BAFCO İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif təyinatlı ayaqqabıların, "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının, "Rail Trans Service" Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin, "Mister Decor" Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları, "Metkons" Məhdud Məsuliyyətli Cəmiyyətinin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları, "Prof-Dam" Məhdud Məsuliyyətli Cəmiyyətinin dam örtükləri istehsalı zavodları fəaliyyət göstərir. Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına, ümumilikdə, 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb.
2 MƏRHƏLƏ ÜZRƏ 425 FƏRDİ EV
Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuş Sarıcalı kəndi işğal dövründə viran qoyularaq xarabalığa çevrilmişdi. Burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə, 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Artıq kənd sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı da görülən işlər sırasındadır. Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi uğurlu layihədir. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.
QARABAĞ REGİONUNUN ƏLÇATANLIQ VƏ İNKİŞAF SİMVOLU
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Füzulidə də quruculuq-tikinti işləri davam etdirilir. 30 illik işğal dövründə digər ərazilərimiz kimi, Füzuli şəhəri də talanıb, viran qoyulub. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.
İşğaldan azad olunan Füzuli də yenidən qurulur. Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var. 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.
Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və artıq keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.
Yeni salınan şəhərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edilib və təhsil ocağı 960 şagird yerlikdir. Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş qazax xalqının hədiyyəsidir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetirilir.
QARABAĞIN TACI
Şuşa şəhəri tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Qeyd edək ki, Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir. Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi istifadəyə verilib. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
İşğaldan azad olunmuş torpaqlarımızda bu və ya digər layihələrin həyata keçirilməsi - Böyük Qayıdış Azərbaycanın iqtisadi potensialının artmasına geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Bu gün Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri ardıcıl olaraq davam etdirilir. Göründüyü kimi, Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Dövlət başçısının çıxışlarının birində vurğuladığı kimi, "Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır".
Zümrüd BAYRAMOVA


