Icma.az
close
up
RU
Müqəddəs Taxt Tac uğrunda savaş

Müqəddəs Taxt Tac uğrunda savaş

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rüstəm Qaraxanlı yazır...

Ötən ilin avqustunda təqdimatı keçirilən, oktyabrda isə ABŞ prokatına çıxan "Konklav" filmi ən yaxşı adaptasiya edilmiş ssenariyə görə "Oskar" laureatı olub. Edvard Bergerin ekranlaşdırdığı və Reyf Faynsın baş rolun ifaçısı olduğu film yeni Roma Papasının seçkisi prosesindən bəhs edir. Filmin süjeti Vatikan daxilində hətta böyük qalmaqallara yol açan siyasi intriqalara həsr olunub. Bu proseslərin mərkəzi rolunda isə kardinal Tomas Lourens çıxış edir (R.Fayns). Kardinalın əsas missiyası Papanı müəyyənləşdirəcək konklavın işini təşkil etməkdir. Prosedur onun özünə də pontifik olmaq imkanı verir, ancaq Lourens hər vəchlə bu söhbətdən uzaq durduğunu göstərmək istəyir, hərçənd bəlkə də seçilsəydi, ürəyincə olardı.

Hollivudun siyasi mövzularda ərsəyə gətirdiyi onlarla sənət əsəri var ki, baş verəcək böyük dəyişikliklərin carçısı hesab olunur. Şübhə yoxdur ki, ötən ilin sonlarında tamaşaçı diqqətinə təqdim edilən "Konklav"ın yaradıcıları da Papa Fransiskin son aylarını yaşadığını bilməmiş deyildilər. Belə filmlər, adətən, ictimaiyyətə baş verəcək hadisə ilə yanaşı, mesajları və öncəgörmələri də çatdırır. Ancaq "Konklav"a diqqətlə baxan tamaşaçı onun yalnız futuroloji tərəfi - katolik dünyasının liderinin yaxınlaşan vəfatından bəhs etməsi ilə kifayətlənməməlidir. Ən azı, ona görə ki, hazırda Vatikanda yaşananların mərkəzi fiquru ilə filmdə konklavın keçirilməsinə cavabdeh olan sima arasında ciddi şəkildə oxşar fundamental cəhətlər var. Əgər filmdə bu, amerikalı kardinal Lourens idisə, indi həyatda bu missiyanın daşıyıcısı irlandiyaəsilli amerikalı kardinal və keçmiş diplomat Kevin Farrelldir. Farrell, faktiki olaraq, Vatikanın birinci şəxsi funksiyasını yerinə yetirir. Müvəqqəti olsa belə...

Deyilənə görə, mərhum Fransisk özü dəfn prosesinin Farrell tərəfindən həyata keçirilməsini, yəni əsas təşkilatçı olmasını vəsiyyət edib. Amerikalı din xadimini Dallasda pastorluqdan Vatikana kardinallığa dəvət edib yüksəldən də məhz Fransisk olub.

Roma Papasının seçkisi tarix boyu kəskin siyasi mübarizə, qalmaqallar və müəmmalarla müşayiət olunub. Müqəddəs Taxt-Tacın tarixində hətta qadın olduğu ehtimal edilən Papa da var. IX əsrdə təqribən iki il ərzində katolik kilsəsinə rəhbərlik etmiş şəxs tarixə Papessa İoanna kimi düşüb. Ancaq katolik dünyasında liderlik uğrundakı bu kəskin savaşlar əksər hallarda kompromis qərarların qəbul edilməsi ilə nəticələnib. Odur ki, indi də ortaq namizədin tapılacağı istisna deyil, di gəl ki, nəinki kilsə ətrafında, bütün dünyada mövcud olan siyasi konyunktur bu seçkilərin ən siyasiləşmiş, dini mərasimdən çox, dünyəvi ehtirasların diktəsi ilə müşayiət ediləcək aksiya olacağını deməyə əsas verir. Və belə görünür ki, prosesin başlıca siması son üç ay ərzində dünyanın siyasi gündəminin şəksiz liderinə çevrilmiş Donald Tramp, ən çox təsir edən dövləti isə ABŞ olacaq.

Kevin Farrell hazırda katolik aləminin dini və dünyəvi qisimləri arasında bir körpü funksiyasını yerinə yetirir. Onun amerikalı olması Tramp administrasiyasına Vatikanda döyülən nəbz üzərində nəzarəti təmin edir. Yeni Papa elə bir şəxs olmalıdır ki, Tramp Fransisklə uzlaşdıra bilmədiyi məqamları onunla asanlıqla çözə bilsin. Hökmən deyil ki, o, amerikalı, məsələn, Farrellin özü olsun. Amerikalı kardinal "Konklav"dakı Lourens kimi Trampa sərf edən Papanın seçilməsində başlıca rolun ifaçısı olsa da, yetərlidir.

ABŞ prezidentləri, kök salmış ənənəyə görə, ilk xarici səfərlərini Londona edirlər. Tramp bu çərçivələri sındıran ilk prezident ola bilər. Onun birinci səfərini, özünün dediyi kimi, "yaxşı anlaşma olarsa" (Ukrayna ilə danışıqları nəzərdə tutur), Səudiyyə Ərəbistanına edə biləcəyi ehtimal edilsə də, ABŞ lideri Roma Papasının dəfnində iştirak etmək üçün Vatikana gələcək. Pontifikin gözlənilən vəfatı barədə Vaşinqtonda səhih məlumatın olmamasının mümkünsüzlüyünü nəzərə alsaq, güman ki, Trampın Səudiyyəyə səfər ehtimalı barədə çıxışları müvəqqəti siyasi blefdən başqa bir şey olmayıb. Vaşinqtonda Papanın öləcəyi barədə çoxdan məlumat var idi və Tramp da ilk xarici səfərini məhz Vatikana edəcəyini öncədən bilirdi.

Aprelin 21-də Papanın ölümündən cəmi bir neçə saat öncə ABŞ-nin vitse-prezidenti Cey Di Vens onu gözlənilmədən yad edib. Deyilənə görə, Fransisk əvvəl Vensi qəbul etmək istəməyib. Güman ki, sağlamlıq durumu da əl verməyib. Sonra görüş baş tutub, ancaq çox qısa vaxt aparıb. Vensin korteji Papanın iqamətgahı önündə cəmi 20 dəqiqə ləngiyib. Bu qısa zaman kəsiyində ABŞ-nin vitse-prezidentinin ölüm ayağında olan pontifiklə nələri müzakirə etməsi müəmma olmaqla yanaşı, həm də ehtimal olunandır: katolik dünyasının gələcəyi və onu müəyyən edəcək şəxsin kimliyi.

Vens özü katolikliyi 2019-cu ildə qəbul edib. ABŞ-nin Tramp Administrasiyası özünün mühafizəkarlığı ilə yanaşı, din amilinə ciddi önəm verməsi ilə seçilir. Məsələn, dövlət katibi Marko Rubio hətta canlı yayıma, siyasi mövzuların diskurs edildiyi verilişə alnında kömürlə çəkilmiş xaç işarəsi ilə çıxır. Trampın Avropanın liberal liderləri ilə ideoloji konfliktdə olması və qitənin mühafizəkar qüvvələrinə aşkar dəstək verməsi (İlon Maskın Britaniya və Almaniyadakı ifrat sağçı qüvvələrin təbliğatçısına çevrilməsini xatırlayaq) fonunda Vatikandakı ilahi dəyişiklikdən yararlanmaması mümkünsüz görünür. Odur ki, yeni Papa seçkisi tək kilsədaxili ənənəvilik və proqressivlik fəlsəfəsinin daşıyıcısı olan cərəyanlar arasında qarşıdurma deyil, həm də tarixdə misligörünməyən geosiyasi mübarizə olacaq. Sonuncu dəfə belə bir rəqabət polşalı İoannın seçkisində qeydə alınmışdı - sovet düşərgələrində 20 il cəza çəkmiş pontifikin SSRİ-nin yıxılmasında özünəməxsus missiyası olmuşdu.

"Konklav" filmində venesiyalı din xadimi, xristian ənənələrinin qatı mühafizəkarı qismində çıxış edən Qoffredo Tedesko adlı personaj var. Kino tənqidçilərinə görə, Tedesko bu gün Trampın nümayiş etdirdiyi Conson, Ruzvelt və Vilson administrasiyalarının nailiyyətlərini inkar edən siyasətin təmsilçisi və tərəfdarı qismində təqdim olunur. Ancaq o, seçkinin qalibi olmur. Gözlənilmədən ortaya heç kimin tanımadığı meksikalı Vinsent Benites - pontifikin ölümündən öncə Əfqanıstana, Kabilə təyin etdiyi arxiyepiskop çıxır və seçilir. Kardinallara onun barışdırıcı mövqeyi xoş gəlir: Benites nəinki kilsə daxilində, hətta islam dünyası ilə də sülhün tərəfdarıdır. Hazırkı namizədlər arasında belə görüşləri ilə seçilən bir parlaq namizəd var: Qüdsün patriarxı Pyerbattista Pitsaballa. 59 yaşlı din xadimi Yaxın Şərqdə dayanıqlı sülhün tərəfdarı kimi çıxış edir. Əks qütbü isə Trampla eyni dəyərləri və görüşləri bölüşən almaniyalı Gerhard Lüdviq Müller təmsil edir.

Yeni Papa seçkisində iki geosiyasi tərəf var: Tramp və liberal Avropa. Kim qalib gəldisə, "qoca qitə"nin gələcək tarixini o yazacaq. Ukrayna amilini də unutmayaq, nanizədlər arasında bir ukraynalı da var. Bir də gördün, o gəlib Papa oldu. Niyə də olmasın?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see421

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see275

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see274

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see262

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see261

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see255

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see245

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see242

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see235

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see234

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see233

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see227

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see219

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see217

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see216

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see215

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see196

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see194

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see189

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri