Icma.az
close
up
RU
“Nazirin eynəyini təcili düzəlt dedilər, yandırdım” 53 ildir eyni yerdə işləyir

“Nazirin eynəyini təcili düzəlt dedilər, yandırdım” 53 ildir eyni yerdə işləyir

Qafqazinfo-dan verilən məlumata əsasən, Icma.az xəbər verir “Nazirin eynəyini təcili düzəlt dedilər, yandırdım” 53 ildir eyni yerdə işləyir.

Çoxunuz onu tanımır. 53 ildir ki, Sabunçuda, yəhudi məhəlləsi kimi tanınan yerdə balaca bir optik mağazanın sahibidir. İçəri girən kimi oranın ab-havası insanı keçmişə qaytarır. Peşəsi elə qədimdir ki, nəinki paytaxtdakı, hətta İsraildən gələn insanların da gözünə nur verib, bakılı Fərhad müəllim. Düz bir neçə ay bundan əvvəl mənim də eynəyimi o düzəltmişdi. “Balaca bir optikası var, heç çox eynək seçimi yoxdur” demişdilər. Amma gedəndə məkan o qədər xoş enerji verdi ki, elə eynəyimi də oradan aldım. Üstəlik, başqa yerlərdəki qiymətdən düz 3 dəfə ucuz.

Divarda kirilcə asılmış bir neçə plakat, qədimi radio, məkanın xoş aurası bizi Fərhad Əsgərovu yaxından tanımağa təhrik etdi. “Qafqazinfo” olaraq zəng edib müsahibə almaq istəyimizi dilə gətirəndə “gəlin” dedi, heç 2 gün keçmədi, “yox” cavabı aldıq. Yaşlı adam, qınamaq da olmur, birtəhər razı saldıq. Telefonu bağlayandan sonra işimizin bir az çətin olacağını düşündük, ta ki həmin günə qədər...

Qapını açıb içəri girdiyim zaman bizi gözləri işıq saçan bir pişik qarşıladı. “Fərhad baba” deyib dəfələrlə səslənsəm də, optikada “miyau” səsindən başqa səs yox idi. Sən demə, çöldə hava almağa çıxıbmış. İçəri girib bizi görəndə “Aaa, siz çəkilişə gələnlərsiniz?” deyib güldü. Heç müsahibəyə keçid eləməyimizi gözləmədən də söhbət eləməyə başladı. Radionu açdı, Faiq Ağayev oxuyurdu. Həyat yoldaşı yığmışdı bu kaseti onun üçün, ona görə də hər gün Faiqin eyni mahnılarına qulaq asır yorulmadan.

- Neçə yaşınız var?

(Gülür)

- Mənim bir qohumum var idi, 88 yaşı var idi. Ondan soruşanda ki, neçə yaşın var? Deyirdi 44 cüt… İndi mənim də 40 cüt yaşım var. Keçən həftələrdə oldu - yanvarın 7-si. İsa Peyğəmbər ilə eyni gündə anadan olmuşam.1945-ci ildə Ukraynada doğulmuşam. Mənim atam, anam orada evləniblər. İkisidə həkim olub. Mən anadan olandan 5 ay sonra müharibə bitib. Anam uşaq evində həkim işləyib. Hər dəfə yetim uşaqlardan danışanda ağlayırdı. Yadına düşürdü həmin günlər. O yetim uşaqlar anamın xalatından tutub, “mama-mama” deyib ağlayırdılar. Anam parazitoloq idi, çox güclü həkim idi. Lənkəran-Astara zonasında malyariya çox olurdu. Həmin zonada malyariyanı təmiz sağaltdığı üçün anama orden, medallar verdilər. 

- Bəs siz necə, övladlarınızı bu sənətə yönəltmisinizmi?

- İstəmirlər. Oğlan nəvəmə öyrətmişəm. Amma o da deyir ki, optik olmaq istəmirəm. O, iqtisadiyyat üzrə bitirib, xalq təsərrüfatını. Ərəb dilini, ingilis dilini bilir, bilmədiyi şey yoxdur. Kimə oxşayıb bilmirəm. Bəlkə də babasına oxşayıb elə. 

- Dediniz 65 ildir artıq bu sənətdəyəm, neçə iş yeri dəyişmisiniz?

- Heç neçə. 1972-ci ildə Azərbaycan Tibb Texnikmundan rəhbərim məni çağırdı. Dedi ki, Fərhad, köhnə bolşeviklər, kommunistlər mərkəzi komitəyə ərizə yazıblar ki, Sabunçuda optika yoxdur, biz də yaşlı adamlarıq, şəhərə gələ bilmirik eynək sifariş etməyə, xahiş edirik ki, bizim üçün optika açın. Mənə də dedi, sən diribaş adamsan, get orada optika aç, sonra gəl, şəhərdə harada istəsən, sənə yer verəcəyəm. Mən də gəldim. Fevralın 3-ü 1972-ci ildə əmrim buraya verilib. Əmrim də elə buradadır. 

Gedib gətirir. Göstərir bizə də. Doğrudan da, 1972-ci ildən Sabunçudakı bu balaca yerdə çalışır...

Bizi əmrlə tanış edəndən sonra söhbətinə davam edir:

- Bir ayın içərisində optikanı təşkil elədim, martın 1-i açdım buranı, asan iş deyil ha. Buranı təmir elə, işıq çəkməyə icazə al... Mal almaq, avadanlıqları sifariş etmək, həmin vaxt çətin idi. Çünki o dövrdə indiki kimi hazır heç nə yox idi. Bir ayın içərisində buranı hazır elədim. 29 nömrəli “maqazin optik və tibbi ləvazimatlar” idi. Həm optik vasitələr, həm də tibbi ləvazimatlar satılırdı. Camaat da çox razı idi. Yaşlı adamlara da rahat idi ki, şəhərə getmirdilər. Amma indi qocalmışam, yaşa dolmuşam. Tərpənməyə halım da yoxdur. Sonra məni neçə dəfə çağırdılar ki, şəhərə gəl işlə. Getmədim, elə o qalan qaldım. Buranın camaatı çox yaxşı idi, Quba yəhudiləri idi çoxusu da. Fəhlə adamlar da var idi, zavodda-fabrikdə işləyən, sadə, mehriban adamlar idi. Yəhudilər çıxıb getdi İsrailə. Amma onların yaxşı adətləri var. Bəzi bayramlar var, öz məzarlarına baxmağa gəlirlər. Köhnə adamların hamısı məni tanıyır. Gələndə yanıma gəlib özləri, uşaqları üçün eynək alırlar. İsraildə eynəklər çox bahadır, onlar o qədər xərc çəkmək istəmirlər. 

- Fərhad babanın optikası ilə digər optikaların fərqi nədədir?

- Qiymətdədir fərq. Mən çalışıram, camaatı incitməyən. Müəyyən sərhəd var. Məsələn, hansısa bir şeydir, onu 5 manata almısan, 6 manata sata bilərsən. Ondan artığı düzgün deyil. Cavan optiklər baxmır buna, hansı qiymətə istəyirlər satırlar. Bu həyatda iki növ qayda var – yazılı və yazılmamış. Biz köhnə optiklərdə də uşaqdan artıq pul almamaq yazılmamış qaydadır. Mənim məktəbimdən kimsə qalıbsa, o da artıq pul almır. 

- Gəliriniz necədir bəs? Gündəlik qazanc olurmu?

- Ancaq bir günlük dolanışıq, 3-5, ən çox da 10 manat. Amma burada bundan artıq pul yoxdur. Kasıb məhəllədir, hamısı fəhlədir, burada qaçqınlar, köçkünlər də var. Sovet vaxtı səhər bura gələndə növbə düzülürdü. 20-30 nəfər adam olurdu qapının ağzında. Neçə saatdır buradasınız, özün də görürsən. Heç kim yoxdur. Neçə nəfər var ki, borca, nisyə edirəm. Birtəhər yola verirəm camaatı. Qurana and olsun, bu gün mən 2 manata eynək düzəltmişəm. 2 manata eynək var? Dedim 10 manatdır, and içdi ki, pulum yoxdur. 2 manata elədim. Fəhlə adam idi. Məndə çərçivə var idi, onun şüşələrini salmışam çərçivəyə, sonra da yola salmışam gedib. Yaşım elədir ki, pul qazanmaq yaşı deyil. Bundan sonra mən nə edəcəyəm? Elə bir kəlmə “Allah sənə ömür versin, çox sağol, cansağlığı” desinlər, bəsdir. Mən yaşda adam üçün ondan böyük mükafat ola bilməz.

- Nə qədər pensiya alırsınız?

- 450 manat. 

- Təhsiliniz haqda da danışaq.

- İncəsənət İnstitutuna qəbul olmuşdum, 2 il oxudum. Sonra atdım, dedim, mənlik deyil. Sonra getdim Qida İnsitutunun Moskva filialına qəbul oldum, 2 il də orada oxudum. Sonra təhsili davam etdirmək üçün Moskvaya getmək lazım idi. İxtisasım da balıqçılıq idi. Gördüm ki, öz sənətimdən ayrıla bilmirəm. Heç bir yer məni özünə çəkmir. Oranı da atdım. 

- Sizi bu sənətə bağlayan nədir?

- Göz açıb bunu görmüşəm də. 15 yaşından bu sənətdə olmuşam. 

- Kimdən öyrənmisiniz?

- Xədicə xanım Süleymanova. Mənim müəlliməm o olub. 27-ci aptekdə şöbə müdiri idi. Yazıçı Manaf Süleymanovun əmisi qızı idi. Manaf müəllimi də yaxşı tanıyıram. Sonra Xədicə xanımla 1965-ci ildə getdik Lenin prospektində dükan açdıq. Neçə il orada işləmişəm. Sonra məni gəlib zorla apardılar həmin prospektdən bir az yuxarı. Orada mənə optika açdılar ki, gəl işlə. Sonra da müdir çağırdı, Sabunçuya gəldim. 

Ancaq optikanı Azərbaycana yəhudilər gətirib, onlar da Almaniyada öyrəniblər. Xədicə xanımın da müəllimi Avropa yəhudisi İyutkin olub. Bakıda 2 dənə optika var idi. Biri Vətən kinoteatrının yanında idi. Həmin optika İyutkinin olub, digəri də Nizami kinoteatrı ilə üzbəüz, onun da sahibi yəhudi idi. Biz də onların davamçısıyıq. Belə çıxır ki, mən də İyutkinin tələbəsiyəm. Peşəmiz çox qədim peşədir. Dayan, bir dəqiqə...

Gedir nəsə axtarır. Bu dəfə əlində kitabla gəlir. Göz formasında olan kitaba diqqətlə baxıram.

- Bu işə ilk dəfə Venesiyada 1284-cü ildə başlayıblar. Şüşə düzəldən ustalar şüşə düzəldəndə üfürüblər, sonra görüblər ki, bu əşyaları böyüdür. Bundan sonra onlar eynək şüşələrini icad ediblər.

Dediklərini həmin kitabdan mənə göstərib, sanki bir daha təsdiqləyir.

- Hazırda peşələrə tələbat azalıb. Valideynlər övladları ilə universitet “davası” edirlər. Elə bil, sənətkar övladdansa, diplomlu övladı üstün tuturlar. Siz necə düşünürsünüz? 

- Hər yerdə belədir. Çin var ha, onlar bütün sənətləri öldürüblər. Bazarda eynək satılır, alverçi heç bilmir eynək nə olan şeydir. Onun kilosu Çində 50 sentdir. İndi siz düşünün, onun keyfiyyəti nədir? Mən acından ölərəm, amma onu eləmərəm. Bilirəm ki, o adamın gözünü kor edir. Hətta bir dəfə belə hadisə oldu. Bir kişi gəldi yanıma, məndən +3 eynək sifariş verdi. Mən onun üçün düzəltdim. Yadımdadır 20 manata etmişdim. Sonra qayıtdı kəndə, üstündən bir neçə gün keçdi, gördüm gəlir. Deyir ki, Ay Fərhad, utanıram sənə deməyə, mənim üçün eynək düzəltdin ha, kənddə qonşum çox bəyəndi, baxdı, dedi nə qəşəng eynəkdir, mənim üçün də sifariş edək. O da simiclik edib, gedib bazara, həmin nömrədən 3 manata Çin istehsalı alıb, aparıb verib qonşuya. Qonşuda səhəri gün gəlib ki, o nədir, gözlərim yanır. Gəldi yanıma, dedi ki, simiclik elədim, sən Allah bundan bir dənə də düzəlt, aparım verim ona. Düzəltdim, apardı verdi.

- Onda göz əməliyyatlarını sevmirsiniz də, hə, müştəriləriniz azalır?

Qəhqəhə çəkdi. Bu yaşda bu qədər pozitiv olmağı insanı heyrətləndirir, doğrusu.

- Mən işlədiyimi işləmişəm, qazandığımı cavanlıqda qazanmışam, uşaqlarımı böyütmüşəm. 3-dən 5-dən çörək pulu olursa, olur, olmursa, olmur. Pensiya alıram. Mən bu dəqiqə bir şeyi fikirləşirəm. Müştəri gəldiyi zaman onu necə yaxşı yola salım ki, xeyir-dua versin mənə.

Məsələn, dünən bir dənə qız gəlmişdi. Eynək seçirdi. Qarayanız da qız idi, qızılı eynəyi taxdı, oldu qapqara. Mən də dedim ki, qızım, bu sənin rənginə düşmür, gəl sənə qara çərçivə verim, səni ağartsın. Elə də oldu. Mən həm də fizionomistəm. Bilirəm ki, hansı üzə, hansı quruluşda eynək yaraşır. Bunları bilmək lazımdır. Ən çox müəllimələrdən xoşum gəlir, gərək onların eynəyi qəşəng olsun. Kinolar var, baxırsan ciddi müəllimlərdi, eynəyini burnunun ucuna gətirib baxanda uşaqlar qorxurlar. Burada 67 nömrəli məktəb var. Ən qəşəng eynəkləri mən müəllimələr üçün düzəldirəm. Müəllimə ciddi və qəşəng görsənməlidir. Üzünün quruluşuna, sifətinin rənginə, hamısına diqqət edib seçirəm ki, müəllimə müəlliməyə oxşasın. Nə gəldi eləmək olmaz. Sənətin gözəlliyi bundadır. Gərək elə düzəldəsən ki, həm o razı qalsın, həm də sənin ürəyincə olsun.

- Müştəriləriniz ən çox hansı yaş kateqoriyasından olur?

- Hər yaşdan var. Uşaq da, böyük də, yaşlı da var.

- Müasir dövrdə insanlar işsiz qaldığı zaman CV hazırlayıb vakansiyalara müraciət edərək iş tapa bilirlər. Sizin sahənizdə necədir? Bir optik işsiz qalanda necə edir?

- Ümumiyyətlə, bu sahədə işini bilən adam azdır. Amma indi addım başı optikadır. Heç lazım da deyil. Nəyə lazımdır? Həm də indi gözlə bağlı müxtəlif əməliyyatlar aparırlar. Daha elə edirlər ki, heç eynək də lazım olmur. Bu da çox yaxşıdır.

- Dediniz indi əməliyyatlar var, eynəyə ehtiyac duyulmur. Sizin sahənizə necə təsir edir? 

- Əlbəttə yaxşıdır, məsələn, elə adam var ki, mənim müştərilərim idi, -15, -10 gözləri var idi. Heç nəyi görə bilmirdilər. Amma gedib əməliyyat etdilər, eynəyi atdılar. Gül kimi də gəzirlər özləri üçün. Azərbaycanda yaxşı göz həkimləri var. Tanıdığın güvəndiyin adamlara əməliyyat etdirmək lazımdır. Yoxsa, kimə gəldi yox.

- Göz rəngini dəyişmə əməliyyatı haqda eşitmisiniz?

- Əşi, nəyə lazımdır. Bizim qadınların öz gözləri gözəldir, qonurdur, qaradır. Gedib gözlərinin rəngini dəyişib mavi edirlər. Bizim millətə xas deyil axı. Mahnılar da var, “Qara göz, can qara göz”, bizim qızlara elə öz göz rəngləri yaraşır.

Bir qədər dayandı, nəsə fikirləşdi. Sonra yenidən davam etdi.

Ümumiyyətlə, gözlə zarafat etmək olmaz, göz beynin bir hissəsidir. Göz beyinlə əlaqəlidir. Sovet vaxtı Moskvaya 5 il ərizə yazırdıq ki, icazə verin, eynəyin bir şüşəsi sınıbsa, digərini reseptsiz qəbul edək. Çünki biz tək şüşəylə təyin edə bilirik ki, gözarası məsafə neçədir. Beş ildən sonra icazə verdilər. Sovet dövründə biz sifariş qəbul edəndə mütləq gərək resept olaydı. Bizi hər həftə yoxlanışa gəlirdilər. Görsəydilər ki, reseptsiz eynək qəbul etmisən, başağrısı olacaqdı. Töhmət verirdilər. İndi amma bazarda eynək satırlar, camaatın gözünü kor edirlər. 

- Sosial şəbəkələrə münasibətiniz necədir? İstifadə edirsinizmi? 

- Mənim elə şeylərlə aram yoxdur. Neynirəm sosial şəbəkəni, mənim nəyimə lazımdır?

- “TikTok” hazırda ən məşhur sosial şəbəkələrdən biridir. Sizin sənətiniz də qədimdir. İş prosesinizi heç kütlə ilə paylaşmaq istəmirsinizmi? Ya da nəvələriniz heç paylaşıblarmı sizi?

- Yox. Bizdə elə şey yoxdur. Mən “TikTok”a falan baxmıram. Orada elə biədəb şeylər göstərirlər ki, heç uşaqlarım da baxmır. Mən bir dənə İctimai TV-də Salehin verilişinə baxıram. Çox gözəl veriliş aparır. Oradaki verilişlər mədəni xarakter daşıyır. Köhnə xanəndələr, aktyorlar haqqında maraqlı verilişlər, süjetlər var. Hə, bunlar bizə lazım olan şeylərdir. Keçən səfər Aygün Bəylərdən danışırdılar, o da böyük işlər görüb. Yoxsa sosial şəbəkələrdə, kanallarda gic-gic, bizim xalqa aid olmayan şeylər göstərirlər. Bizim xalqımız ağıllı millətdir.

- Keçmişdən, indidən danışmışkən, gənc nəslə münasibətiniz necədir?

- Əla. Ötən gün bir verilişə baxırdım, şahmatçı Şəhriyar Məmmədyarov və onun ailəsindən danışırdılar. Çox maraqlı idi. Gənclərimiz əjdahadır. Musiqiçilərimiz çox güclüdür. Şərq aləmində demək olar ki, bizim musiqiçilər kimisi yoxdur. İdmançılarımız, gimnastlarımız da əladır. Jurnalistlərimiz də savadlıdır. Bir də politoqlarımız. Çox gözəl, savadlı politoloqlarımız var. Demək olar ki, Moskvadakı, xaricdəki politoloqlardan qat-qat yaxşıdırlar. Mən Moskvadan verilişlərə baxıram. Politoloqlar yığılırlar, müzakirə aparırlar. Bizimkilər onlardan qat-qat güclüdür. 

- Siz özünüzdən sonra neçə-neçə nəsil görmüsünüz, toylarımız barədə nə düşünürsünüz? Yəni bəyənirsinizmi yeni toyları?

- Zəmanə ilə ayaqlaşmaq lazımdır. O vaxtı gedirdik mağar toyuna. Abşeronda elə bir yer qalmayıb ki, orada mağar toyunda olmayım. Onun ləzzəti bir başqa idi. İndi isə tamam fərqlidir. Çağırırlar restoran toyuna, məcbursan gedəsən, getməlisən. Sözün açığı, bir toyda qohumla-qardaşla görüşürük. İndi ya toyda, ya da yasda görüşürlər. Allah qismət eləsin həmişə toyda görüşək. Mənə heç maraqlı da deyil ki, orada nə çalırlar, nə yeyirlər. Mən əziz adamlarımı, qohumlarımı, köhnə qonşularımı görəndə bu, mənim üçün böyük bir şeydir. 

- Ailə bağlarınız necədir? Neçə nəvəniz var? Tez-tez yığışırsınızmı bir yerə?

- İki nəvəm var-bir oğlan, bir qız. İkisi də ki, əla, oxumuş, Mehriban uşaqlardır. Ondan böyük xoşbəxtlik ola bilər? Hələ ki, pulları qurtarır, zəng edirlər ki, "dədə, necəsən?" Ən çox da qız nəvəm, oğlan yox. Qızın 22, Elmarın da 27 yaşı var. Bacısına deyirəm ki, bunun üçün yaxşı qız tap, evləndirək. İngiliscə bilir, ərəb dilini bilir. Quranı elə oxuyur ki...

80 yaşlı pozitiv babanın nəvələrindən danışanda gözlərinin içi gülür, onlarla fəxr etdiyini o qədər bəlli edir ki..

- Ötən gün bir video gördüm, yaşlı nəvələr yığılıb yaşlı nənələrini görməyə gəlirlər. Olurmu sizdə də? Hər həftə gəlirlərmi nəvələriniz sizə?

- Əlbəttə, bəs nə. Həftədə bir dəfə gəlib dəyirlər babaya. Yayda isə bağımız var, orda yığışırıq elə. Mənim yoldaşım isə bu yaxında - mayda rəhmətə gedib. Heç ili çıxmayıb. 

Dayanır. Gözlərinə baxıram. Kədərin işartısı ulduz kimi parıldayır gözlərində.

Yoldaşım da tibb işçisi idi, əlləri qızıl idi. Onun kimi xörək bişirən heç yoxdur. Rəhmətə getməmişdən bir il əvvəl də getdi Həcc ziyarətinə. Elə deyirdi ki, ömrümə bir gün də qalsa, Allah mənə qismət eləsin, gedim Həccə. Getdi, gəldi, xərçəng oldu... Sistemi elə qoşurdu ki, heç nə hiss eləmirdin. O qədər müştərisi var idi ki. Hardan tutdu 70 yaşında bu xərçəngi? 9 yaş kiçik idi məndən. Yoldaşım kukla kimi idi. Bilirsən nə gözəl qadın idi? Dükana girirdik, satıcı qızlar gəlib öpürdü, “ay Allah, gözəl xala gəlib” deyirdilər. Üzündə nur var idi, gözə gəldi. İndi mayda ili olacaq. Bağda yığışırdıq hər dəfə, bayramlar, Novruz... Çox mehribandır bizim ailəmiz. Allaha qurban olum, belə oldu, yoldaşım vəfat etdi, qalmışam belə. 

Gözləri dolmuşdu. Qan çanağı kimi qıpqırmızı idi gözləri. Elə hey udqunurdu. Yaşlı adamlar öz həyat yoldaşını itirəndə qolsuz, budaqsız qalır deyirdilər, həqiqətən də qalırmış.

- Darıxırsınız yoldaşınız üçün?

- Ehh, gecə səhərə qədər yatmamışam. Gəlib dayanıb gözümün qabağında. Elə bil oturmuşdu. Deyirəm nə olub sənə? Niyə qanın qaradır? Allah heç kimə göstərməsin. Mən ona deyirdim ki, əvvəl gərək kişi ölsün, sonra arvad. Qadın üçün bu periodu keçmək asandır. Mənim üçün dəhşətdir, dəhşət. Allah göstərməsin.

- Allah rəhmət eləsin!

Mövzunu dəyişmək, bu gülərüz müsahibimi kədərdən çıxarmaq üçün söhbətimin rakursunu bir qədər dəyişirəm.

- Tək qalırsınız?

- Yox, kiçik qızımla, evlənməyib. O baxır mənə. Deyir ata, mən evlənsəm, sənə kim baxacaq? Deyirəm əşi, mənə nə fikir verirsən, sən evlən. 

- Neçə yaşı var qızınızın?

- 40-a yaxın. Xasiyyəti ağırdır. 6-cı sinifdən namaz qılır, oruc tutur. Heç kimi də bəyənmir. Hər adamla ünsiyyət qura da bilmir. Ona görə də evlənmir.

- 65 ildir bu peşə üçün canınızı qoyursunuz. Ən yadda qalan xatirəniz nə olub?

- O qədər var ki. Müştəri gəlib bir dəfə, nə hır bilir, nə zır. Dayanıb burada (Əli ilə masanın qarşısını göstərir) deyir, sən mənə elə eynək ver ki, bax ora var ha (masaya ən uzaq məsafəni göstərir), ora gəlsin bura. Deyirəm ala, elə şey olar?

Bu yaxında da biri gəlib. Deyir ki, burada ayaqyolu var? Deyirəm hə. Açarı verdim ki, üzbəüz qapını açsın. Getdi, gəldi, deyir açar düşmür. Soruşuram necə düşmür? Deyir düşmür də. Çıxmışam onunla qapının ağzına, sən demə, gedib qonşunun qapısını açıb. (Gülür) Deyirəm, burada qonşu olur. Ayaqyolunun qapısını açmaqdan gedib qonşunun qapısını açır. 

- Əlinizdə sınan eynək olubmu bəs?

-Hə, o qədər. Bir dəfə müdir gəldi, hələ onda şəhərdə işləyirdim. Gəldi dedi ki, bu, hansısa nazirindir, təcili lazımdır. Mən də onda təzə işləyirdim. Həmin dövrdə eynəyi düzəldəndə qızdırırdın. Mən də bir az çox tutdum, alışdı yandı. Atdım suyun içinə. Müdir gəldi ki, nə oldu?! Dedim hə hazırdır, çıxardım iki dənə qulaq. Dedi, bu nədir? Dedim ala neyniyim, yandı da. Təzəsini hazırladım verdim. Belə şeylər çox olub.  

Harada yaşayırsınız?

Şəhərdə. Şəhidlər Xiyabanı tərəfdə.

- Mənim 23 yaşım var, ara məhəllələrdən keçib bura gələnə qədər yorulmuşam. Siz hər gün oradan Sabunçuya gəlirsiniz. Yorulmursunuz?

- Mənim üçün heç nədir. Mənim üçün yorulmaq yoxdur. Bütün günü yorulmadan gəzə bilərəm. Çünki cavanlıqda çox gəzmişəm.  Babam da elə idi, 1861-ci ildə doğulub, 1963-cü ildə, 103 yaşında vəfat edib. Babamın 100 yaşında gözü korlandı, nəsə pis görməyə başladı, getdi göz xəstəxanasına. Biz Çəmbərəkəndliyik. Şəhidlər Xiyabanı tərəf var ha, ora bizim ata - baba məhəlləmizdir. O vaxtı Zərifə Əliyeva göz xəstəxanasında işləyirdi. 1861-1862-ci illərdə. Mənim babamın gözünü o müalicə edirdi. Elə gözəl insan idi, Allah ona rəhmət eləsin. Babama eynək yazdı. Babamın gözü – 1 idi. 100 yaşında adam mənfi 1. Deyirdi uzağı pis görürəm. Yadımdadır, nənəm deyirdi ki, ay kişi, gəl gözünə dərman töküm də, vaxtıdır. Qayıtdı ki, Allah Əzizə rəhmət eləsin, Əzizin qızı dərmanı da özü töküb gözümə. Bizim məhəllənin adamlarına nə qədər kömək edib o. Bakılılar onları yaxşı tanıyır. Zərifə xanım Moskvada olanda bizim qonşumuz axırıncı gün gedib çıxmışdı. Qızın nənəsi danışdı mənə, dedi ki, Zərifə xanım, geyinib çıxırdı artıq. Gördü bizi, dedi, siz gəlmisiniz? Təzədən xalatını geyindi, bütün kabinetləri gəzdirdi, qızın gözünü əməliyyat etdilər. Yoxsa o qız kor olacaqdı, gözü çox pis görürdü. İndi də mənim qonşumdur, gözləri də yaxşıdır. İlham Əliyevin rəhmətlik anası çox gözəl insan olub. Çox savadlı insan idi. O, gözün çertyojunu açanda, gözün zədələnmiş hissəsinə baxıb, deyirdi ki, orqanizmdə hansı orqan xəstədir. Hamı bilmirdi onu. O, bilirdi. Çox güclü həkim idi.

- Yaşadığınız yerdə optika açmaq haqda heç düşünmüsünüz?

- Yox, bu yaşda nəyimə lazımdır?! Evdə oturmamaq üçün gəlirəm. Həm də müştərilərim yalvarır ki, Fərhad, sən Allah getmə, sən getsən, biz nə edərik? Heç pula görə yox, camaata kömək eləmək üçün buradayam. Pul qazanamaq getdi daha, cavanlıqda qazanmışam. Çalışıram camaata yaxşılıq edim, sabah öləndə, desinlər, Allah rəhmət eləsin, bizə kömək edib.  

- Demək olar, burada hər şey kiril əlifbası ilədir. Dəyişməyi düşünmüsünüzmü?

- Mənim müştərilərimə onlar lazım deyil, mən lazımam. Bilirlər ki, bura gələndə mən onlar üçün hər şeyi edəcəyəm. Onlara daş-divar lazım deyil. Bütün kəndlərdən gəlirlər yanıma. Bilirlər ki, onlar razı gedəcək. Hətta həkimlərin səhvini mən düzəldirəm. Bir nəfər gəlmişdi, elə şey yazmışdılar ki, eynəyi taxırdı başı gicəllənirdi. Mən başa düşdüm ki, həkim səhv edib. -11 elədim, taxdı, dedi, hə, bax bu mənim gözümə uyğundur. Həkimlərin bilmədiyini də mən bilirəm. 65 il zarafat deyil. Ən böyük qazanc xəstənin rahat getməsi, dua eləməsidir. Onların duası mənim üçün puldan artıqdır. 

- Pişikləriniz var, heyvansevərsiniz deyəsən.

- Bu heyvanları Allah saxlasın. Mənə qoymurlar işləməyə. Saat 10:00-da açıram, qapının ağzına düzülürlər, saat 1-də nahar vaxtında gəlib kəsdirirlər qapını, birdə saat 6-da işdən gedəndə gəlirlər bura. Yeməklərini verirəm. Səhər axrıncı pulumu verib onlar üçün baxın nə almışam.

Gedir, içəridən onlar üçün aldığı sosiskaları gətirir. Elə sevinclə göstərir ki, hələ bağlarında da 9 pişiyinin olduğunu, ailə üzvlərinin onlara necə qayğı ilə yanaşdığını deyir.

Pişiklərim üçün almışam. Kilosu 3 manatdır. İki dənədir burada pişiyim, biri ağ, biri qara. Çıxır oturur stolun üstündə. İşləyə bilmirəm. Birdə baxıram ki, yoxdur, baxıram keçib emalatxanama, uzanıb orada.

Əyləşdiyim yerdən çölə boylanıram. Kəsdirib pəncərənin qabağını. Qış günəşində qızınır. Arada bir də içəri boylanıb, öz sahibinə baxır. Elə bu an müştərilər gəlir, qapının açılmağını fürsət bilib tez içəri salır özünü.

- Müsahibəyə başlamadan əvvəl, dediniz bir neçə filmə çəkilmişəm. Dayınız oğlu ilə bağlı da danışdınız.

- Hə, 1958-ci ildə Xəzər faciəsinin qəhrəmanı Tofiq Hüseynov mənim dayım oğlu idi. O, batan 3 qızın həyatını xilas etdi, özü dənizin qurbanı oldu. Biz 134 nömrəli məktəbdə oxuyurduq. Bu məktəbi onun adına qoydular. İndi deyəsən həmin məktəbin adını götürüblər. Tofiqin barəsində film də çəkilib, bura da gəlmişdilər. O vaxtı bütün SSRİ-dən o qədər başsağlığı məktubları gəlirdi ki... Dayım hərbi komissar idi. Məni də o filmə çəkdilər, onun haqqında danışdım.

Xatirələrlə dolu, Fərhad baba. Hətta şeirlə, qəzəllə də maraqlanır. Mikayıl Müşfiq isə onun ən sevdiyi şairdir. Hər şeyi bilir onun haqqında. Hər gün ədəbiyyat qəzətini oxuyur. Dayısı oğlu Tofiq Hüseynovu da Müşfiqə bənzədir hətta. Sonda bizə bəy qızı olan nənəsinin Hafiz Şirazidən ən sevdiyi bir qəzəli dedi…

Məğruri cahan olma bu dünyada ki,

Bu dünyada altında zaval var...

Mədinə Useynova

Foto-Video: Xəyal Vəlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə şad xəbər! Əməkhaqqı və mükafatlarla bağlı yeni dəyişikliklər FOTO

11 Fevral 2025 23:42see1857

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see346

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see133

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see130

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see129

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see127

Torpağın tikinti üçün təyinatı necə dəyişdirilə bilər? Ekspertdən açıqlama

11 Fevral 2025 19:40see124

Apple 18 illik özəlliyindən imtina edir

11 Fevral 2025 15:37see124

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see123

“Böyük Qayıdış”ın işıqlı SİMASI Görülən işlər və perspektivlə

11 Fevral 2025 17:41see121

Soyuq duş stresə qarşı müqaviməti inkişaf etdirir və...

11 Fevral 2025 22:05see120

Qurban Qurbanov: Boşluqlardan düzgün istifadə etdik

11 Fevral 2025 22:10see119

Rusiyanın məşhur aparıcısı iflic olub

12 Fevral 2025 01:10see117

Netanyahu HƏMAS a xəbərdarlıq edib

11 Fevral 2025 21:59see117

Netanyahu nazirlərə qadağa qoyub: Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın

12 Fevral 2025 00:16see115

Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq Türk tarixinin izi

11 Fevral 2025 23:13see114

Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

12 Fevral 2025 00:04see112

Sağlam marmeladı necə seçmək olar?

11 Fevral 2025 23:46see110

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see108

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri