NİYƏ ƏHALİ ƏRZAĞI NİSYƏ ALMAĞA MƏCBUR OLUR? “Bu amillər kasıbların daha da kasıblaşmasına səbəb olur”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik göstəricilər 2025-ci ildə ölkədə əhalinin bir hissəsinin qida təminatı baxımından ciddi çətinliklərlə üzləşdiyini ortaya çıxarıb.
Belə ki, statistikaya əsasən, yemək üçün kifayət qədər pulu və ya zəruri ehtiyatları olmadığı üçün ac qalaraq doyunca qidalana bilməyən ev təsərrüfatlarının xüsusi çəkisi ümumi ev təsərrüfatlarının 1,8 faizini təşkil edib. 1 noyabr 2025-ci il tarixinə Azərbaycan əhalisinin sayı 10 milyon 257 min nəfər olub. Ölkədə bir ev təsərrüfatına orta hesabla 4,19 nəfər düşdüyü nəzərə alınarsa, ev təsərrüfatlarının ümumi sayı təxminən 2 milyon 445 minə bərabərdir. Bu göstəricinin 1,8 faizi isə təxminən 44 min ev təsərrüfatı deməkdir.
Aparılan hesablamalara görə, bu ev təsərrüfatlarında yaşayan insanların ümumi sayı təxminən 184 min 400 nəfər təşkil edir. Başqa sözlə, 2025-ci ildə Azərbaycanda 184 mindən artıq insan maddi imkanlarının məhdudluğu səbəbindən ac olduğu halda doyunca qidalana bilməyib.
Maddi imkanların məhdudluğu səbəbindən bəzi vətəndaşlar ən əsas ehtiyaclarını belə qarşılaya bilməyiblər. Pul və ya digər zəruri ehtiyatların olmaması ucbatından bir sutka ərzində ümumiyyətlə yemək yeyə bilməyənlərin sayı 30 min 734 nəfər olub. Gündəlik qidalanmanı təmin etmək məqsədilə pul və ya ərzaq məhsullarını borc götürməyə məcbur qalanların sayı 215 min nəfərə çatıb. Eyni zamanda, kifayət qədər maliyyə vəsaiti olmadığı üçün ərzaq məhsullarını nisyə alanların sayı 225 min nəfər təşkil edib.
İqtisadçı Xalid Kərimli "AzPolitika"-ya şərhində bildirib ki, əhalinin 1,8 faizi yetərli qidalana bilmirsə və 215 min nəfər borc alıbsa, bu, həmin insanların sosial vəziyyətinin yaxşı olmadığını göstərir: "Çünki borc götürülüb gündəlik qida tələbatına sərf edilibsə, bu borcun geri qaytarılması da gələcəkdə əlavə yük yaradacaq. Bu isə vəziyyətin daha da ağırlaşa biləcəyini göstərir".

İqtisadçı qeyd edir ki, bu cür məsələlərin beynəlxalq metodologiyalar əsasında qiymətləndirilməsi vacibdir ki, müxtəlif ölkələr üzrə eyni göstəricilər müqayisə oluna bilsin:"Rəsmi statistikaya əsasən, Azərbaycanda əhalinin gəlirlərinin 54,5 faizi qida və içkiyə sərf olunur. Bunun təxminən 51 faizi ərzağa, 3,5 faizi isə içkilərə gedir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici 15–25 faiz arasında dəyişir. Bu fakt özü əhalinin real sosial vəziyyətini açıq şəkildə nümayiş etdirir".
Xalid Kərimli vurğulayır ki, əgər əhalinin xərclərinin yarıdan çoxu yemək və içkiyə gedirsə, bu, həmin ölkədə əhalinin rifah səviyyəsinin yüksək olmadığını göstərir:"Statistik göstəricilərin müxtəlif sektorlar üzrə rəsmiləşdirilməsi eyni olmaya bilər və bu barədə ayrıca müzakirə aparmaq mümkündür. Lakin ümumi mənzərədə xərclərin təxminən 55 faizinin qida və içkiyə yönəlməsi ölkəni kasıb ölkələr siyahısına yaxınlaşdıran əsas faktorlardan biridir".
İqtisadçının fikrincə, inflyasiya xüsusilə kasıb əhali və sabit (fix) maaş alanlar üçün daha ağır nəticələr doğurur: "Hökumət bildirir ki, əhalinin nominal gəlirləri 7 faiz artıb, inflyasiya isə 5,7 faiz təşkil edir. Lakin ərzaq inflyasiyası 8 faizdən yüksəkdir. Bu isə o deməkdir ki, kasıb təbəqə daha da kasıblaşır. Orta hesabla əhalinin xərclərinin 55 faizinin qida məhsullarına getdiyini nəzərə alsaq, bu göstərici kasıb kateqoriyaya aid insanlar üçün daha da yüksəkdir — bəzən 70–80 faizi ötür. Beləliklə, ərzaq inflyasiyası məhz kasıb əhaliyə daha güclü təsir edir. Ərzaq qiymətlərinin artımının nominal gəlirləri üstələməsi kasıbların real gəlirlərini azaldır".
Ekspert qeyd edir ki, kasıb əhalinin əsas xərcləri üç istiqamətdə cəmlənir: "Bura - ərzaq, kommunal xidmətlər və tibbi məhsullar aiddir. Tibbi məhsullarda bahalaşma müşahidə olunur, kommunal xidmətlərdə isə hökumət mütəmadi qiymət artımlarına gedir. Bu il işıq və qaz tarifləri artırılıb, suyun qiymətinin isə gələn il artırılması ehtimal olunur. Bütün bu amillər birlikdə kasıb əhalinin daha da kasıblaşmasına səbəb olur".
E. Bəyməmmədli
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















