Ənənələri ölməyə qoymamaq Sosial şəbəkədə yazılanlar
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Asif Nərimanlı, jurnalist:
- Ukrayna və ABŞ-ın razılaşdırdığı 20 bəndlik "sülh planı" ilə bağlı iki fərqli mövqe səslənir: bunu Kiyevin qələbəsi hesab edənlər də var, məğlubiyyəti kimi görənlər də. Əvvəlki 28 bəndlik planla müqayisədə 20 bəndlik plan daha uğurlu olsa da, Ukrayna yenə qazanan tərəf deyil. Zelenski mövcud reallıqda mümkün olanı edir.
Ukrayna üçün iki ən vacib məqam sənəddə daha məqbul şərtlərlə əksini tapsa da, risklər mövcuddur.
Birincisi, təhlükəsizlik zəmanətini "ABŞ, NATO və Avropa 5-ci maddəyə əsasən" verir.
- Rusiya hücum edərsə, Qərb prosesə müdaxilə edəcək;
- Rusiya və Ukrayna arasında qeyd-şərtsiz hücum etməmək paktı imzalanacaq, təmas xəttində də monitorinq mexanizmi yaradılacaq ki, bu da Moskvanın yenidən hücum etmək planlarının qarşısını alır;
- Təhlükəsizlik zəmanətlərinə digər ölkələr də qoşula bilər;
- Rusiya Avropa və Ukraynaya təcavüz etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək.
İkincisi, ərazi məsələsində Rusiyanın tələbi qəbul olunmur, əvəzində iki versiya irəli sürülür.
a) Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərində qoşunların nəzarət etdiyi ərazilər faktiki təmas xətti kimi qəbul olunur, lakin bunun üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı, Xarkov vilayətlərindən qoşunlarını çıxarmalıdır.
b) ABŞ Rusiyanın "Ukrayna Donetsk vilayətindən çıxsın" tələbində kompramis təklif edir: Ukrayna qoşunları ərazini tərk edir, lakin bura Rusiyaya verilmir, azad iqtisadi zona yaradılır;
İki strateji məsələdəki razılaşmanın Ukrayna üçün müsbət və mənfi tərəfləri var.
Müsbət tərəflər: Ukrayna Rusiyanın gələcək hücumları qarşısında təhlükəsizlik zəmanətləri əldə edir və Moskvanın "Donetskdən çıxma" tələbi qəbul olunmur; ABŞ-ın təklif etdiyi "azad iqtisadi zona"nın qəbulu üçün də referendum keçirilməlidir ki, bu, Kiyevə mövqeyindən geri çəkilməmək imkanı yaradır;
Mənfi tərəflər: təhlükəsizlik zəmanətlərinin praktiki müstəvidə işləyəcəyi, yaxud necə işləyəcəyi bəlli deyil; sənəddə Rusiyanın hücum etməmək öhdəliyi analoji olaraq, Ukraynaya da şamil edilir və bu, Kiyevin gələcəkdə işğal altındakı ərazilərini güc yolu ilə azad etmək imkanını sıradan çıxarır; "Ərazi tənzimləmələri barədə razılığa gəldikdən sonra Rusiya və Ukrayna bunu güc yolu ilə dəyişdirməmək öhdəliyi götürür" qeydi bunu daha da gücləndirir.
Nəticə etibarilə, müharibə Ukrayna əraziləri hesabına dondurulmuş münaqişə ilə başa çatır. Sənəddə təsdiqlənən "Ukraynanın suverenliyi" əraziləri üzərində praktiki müstəvidə mövcud olmur.
Ukrayna üçün mənfi tərəflər bununla yekunlaşmır:
- Sənəddə qeyd olunur ki, "sülh dövründə Ukrayna ordusunun sayı 800 min nəfərdən artıq olmamalıdır": bu, ilk versiyada əksini tapan 600 min nəfərdən daha çoxdur və müharibə dövrünə şamil edilmir; lakin Ukraynanın orduda canlı qüvvənin sayı ilə bağlı öhdəliyi suveren hüququndan məhrum olmaq deməkdir;
- Zaporojye Atom Elektrik Stansiyası: Vaşinqton təklif edir ki, "AES ABŞ, Ukrayna və Rusiya tərəfindən birgə idarə edilsin", Kiyev qəbul etmir və ABŞ-la birgə "50+50" idarəetməni təklif edir; hərçənd qeyd olunur ki, "ABŞ nəzarət edəcəyi 50 faiz hissənin bölüşdürülməsində müstəqildir"; bu o deməkdir ki, Vaşinqton Moskvaya da pay verə bilər.
- Ukrayna "dini tolerantlıq və azlıqların dillərinin qorunması ilə bağlı Avropa İttifaqının qaydalarını" tətbiq etmək öhdəliyi götürür - Rus Pravoslav Kilsəsinin fəaliyyətinə imkan yaratmalı, rus dilini qorumalıdır: Kiyev praktikada bunu gerçəkləşdirməyə də bilər, lakin belə bir öhdəlik Moskva üçün üstünlük yaradır.
Ukraynanın əsas qazancı Avropa İttifaqına üzvlük, iqtisadi dəstək və ölkənin bərpası olacaq.
Kiyevin qəbul etdiyi plana Moskvanın "hə" deyəcəyi çətin görünür. Planın ilk variantından fərqli olaraq, mövcud sənəd Rusiyanın istəklərinə tam cavab vermir.
1. Sənəddə "NATO-nun genişlənməməsi" ilə bağlı heç bir qeyd yoxdur;
2. Ukraynanın "neytral status" məsələsi əks olunmayıb;
3. Moskvanın nəinki istədiyi "Ukrayna qoşunlarının Donbasdan çıxarılması" tələbi qəbul olunmur, əksinə Rusiya qoşunlarının geri çəkilməsi qeyd olunur.
Hərçənd, Rusiyanın "20 bəndlik plandan" imtina etmək imkanları da zəifdir, xüsusilə "razılaşmayan tərəf" kimi yenidən ABŞ-ın hədəfinə çevrilməsi və Vaşinqtonla danışıqların "sıfırlanması" riskləri fonunda. Moskvanın NATO, "neytral status", sanksiyaların ləğvi kimi istəklərinin nəzərə alınması qarşılığında ərazilər məsələsində "azad ticarət zona"nın yaradılması ilə razılaşması da mümkün variantlardan biri kimi görünür. Tramp Putini buna inandırmağa çalışacaq. Putin isə əsas tələblərini qəbul etdirmək məqsədilə 20 bəndlik plana cavabı müəyyən müddətə qədər uzadaraq, həm pərdəarxası danışıqlarda ABŞ-ın mövqeyinə təsir etmək, həm də cəbhədə irəliləmək istiqamətində hərəkət edə bilər.
Səadət Məmmədova, jurnalist:
- Ağdam şəhəri bu gün 104 doğma ailəni qarşılayır.
Samovarlar qalanıb, çaylar dəmlənib. Elin adəti üzrə ilk sakinlər ilk addımın şirinliyini dadıb sonra məhləyə daxil olacaqlar. Həm də yoldan gələni isti çayla qarşılamaq kimi bir adət vardı. Bu adətləri qoruyub saxlayan insanlara eşq olsun!
Ceyhun qardaşım və bütün təşkilatçılar var olsun ki, Ağdamın köhnə ənənələrini ölməyə qoymurlar.
Allah qədəmlərinizi mübarək eləsin!
Zaur Əliyev, professor:
- Ermənilərin konyak mifi və yalanı: Tarixsiz millətin saxta tarixi
Ermənilər özləri haqqında o qədər saxta tarixlər yazıblar ki, hərdən ciddi erməni alimləri özləri də şübhə içərisində bir birlərinə sual verirlər:
"Doğrudan da biz bunu etmişik?"
Erməniləri saxta tarixləri, yalançı mifləri ilə yanaşı, özlərini inandırmağa cəhd edirlər ki, onlar dünyada olan hər şeyi eramızdan əvvəl kəşf ediblər. Əli qələm tutan ermənilər çalışıblar ki, yalanla, dolanla özlərinə tarix düzəltsinlər və hər şeyi öz adlarına çıxsınlar.
Dünyada uzun zamandır bir erməni yalanı yayılır. Guya dünyada ilk konyakı ermənilər kəşf ediblər. Eramızdan əvvəl bu konyakın reseptini ermənilər icad edirlər. Amma bütün dünya bilir ki, Fransada Konyak şəhərinin adı ilə bağlı olan bu tünd içkini elə ordaca ilk dəfə istehsal ediblər.
Maraqlıdır ki, ermənilər özlərinə sual verirlərmi Konyak özü 1215-ci ildə şəhər statusu alıb. Ad da o zaman yazılıb. Necə ola bilər eramızdan əvvəl Konyak adı içki ermənilərdə olub?
Şəhər bu tarixdə yaransa da, XVI əsrdə icad və istehsal olunan içkini ancaq eradan əvvəl bir "millət" kəşf edə bilərdi. Hindistanın Kəlküttədə və Mədrəs şəhərində yaşayan Boşa qaraçı taboru. Gülməlidirmi?
Ermənilərin konyak ilə tanışlığı 1887-ci ildə, rus taciri Nerses Tairyants və Nikolay Şustov sahəsində baş verib. Şustov zavodu qurduqdan sonra bütün avadanlıqları və distillə üsullarını Fransadan gətirmişdi. Yəni "erməni konyakı" deyilən şey əslində rus sərmayəsi ilə gətirilmiş fransız texnologiyasıdır.
Erməni yalanları o qədər irəli gedib ki, guya 1900-cü ildə Parisdə sərgidə fransızlar bunlara deyiblər ki, ad sizindir, guya Çörçil hər gün "Dvin" konyakı içirmiş, guya Stalin ona hər həftə Londona erməni konyakı göndərirmiş. İkinci Dünya müharibəsi illərində Britaniya Sovetlər Birliyi məhz konyaka görə qurulub. Bu sitat sonunda hansı smayliki qoymağı belə tapa bilmədim. Gülüş, yoxsa ermənilərin axmaq olmasına üzüntü?
Tarixdən bəllidir ki, Sovet rəhbərliyi qərara gəlmişdi ki, SSRİ-də istehsal olunan bütün yüksək keyfiyyətli brendilər "konyak" adlandırılsın.
Ermənilər bu sovet standartından istifadə edərək, "erməni konyakı" ifadəsini bir brendə çevirdilər, saxta miflər yaratdılar ki, guya bu qədim erməni içkisidir. Özlərini "qədim xalq" olmasını göstərmək üçün dünyanın qəbul etdiyi fransız içkisi sovetlərin vaxtında, Mikoyanın xeyir duası ilə qəfildən eramızdan əvvələ, ermənilərə gedib çıxdı. Ermənilər iddia edirlər ki, Nuh peyğəmbər gəmidən düşəndə ermənilər onu Ararat vadisində konyak içkisi ilə qarşılayıblar.
Erməni konyakı ifadəsi coğrafi saxtakarlıqdır və bunu Ümumdünya Ticarət Təşkilatının qaydaları da təsdiq edir. Avropa İttifaqının Ermənistan qarşısında qoyduğu əsas şərtlərdən biridə saxtakarlığa son qoyaraq konyak adınının sui-istifadə edilməməsidir.
2021-ci ildə qüvvəyə minən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsasən, Ermənistan "konyak" və "şampan" sözündən istifadəni tamamilə dayandırmağı öhdəsinə götürüb. Beynəlxalq hüquq bu yalanın qarşısını birdəfəlik almaq üzrədir.
Heç bir ciddi beynəlxalq ticarət təşkilatı Ermənistanda istehsal olunan içkini "konyak" kimi tanımır. Bu, sadəcə brendi içkisinin saxta variantıdır.
Çünki bu brend "Appellation d'Origine Controloe" (AOC) statusu ilə qorunur.
Elə bu gülünc iddianı baş nazirləri Nikol Paşinyan konkret olaraq yox elədi:
"Konyak Fransanın qeyri-maddi dəyəridir. Konyak bölgəsində yetişdirilən üzümdən hazırlanan brendiyə (tünd spirtli içki) aiddir".
Nigar Sabirqızı, jurnalist:
- Rusiyanın Azərbaycana qarşı düşmən mövqeyinin ən ağrılı və unudulmaz sübutlarından biri olan təyyarəmizin vurulması faktından bir il keçir. Suallar hələ də göydə asılı qalıb.
Mir Səməd, bloger:
- Elektrik maşınlarının axırı nə olacaq?
Üç il əvvəl ekologiya söhbətləri dəbdə idi, bu maşınların gətirilməsini və satışını bütün vergi, rüsum, aksizlərdən azad etdilər.
Hətta bu avtomobillərin istifadəsini təşviq edən qərara əsasən, çoxlu şarj məntəqələri yaradılmalı idi.
Amma elə də çox artım olmadı, səhv etmirəmsə, 3000-dən bir qədər çox maşın gəldi ölkəmizə. Bu il bir qədər də azaldı. Cəmi 1750-ə qədər. Səbəb də odur ki, şəhərdə şarj məntəqələri çox azdı, regionlarda demək olar ki, yoxdur.
Növbəti ildə isə gətirilən maşınların sayı bir xeyli də azalacaq. Çünki güzəştləri ləğv olunur. Yenə 18 faiz ƏDV olacaq həm gətirilməyə, həm də satışa.
Bu avtomobillər zərərli qazlar buraxmır, bu havanı hamımız uduruq, vergi və gömrük işçiləri də, sıravi insanlar da.
İkinci imic məsələsidir. Qlobal tendensiyalardan niyə kənarda olaq? Avropa şəhərlərində bu avtomobillərin say artımı digər güzəştlərlə motivasiya olunur. Qoy bizdə də olsun da...
Bunu daimi olaraq ƏDV-dən azad etmək olmazmı..?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















