Icma.az
close
up
RU
O kəsləri deyib gəlmişəm ki...

O kəsləri deyib gəlmişəm ki...

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

119 il əvvəl "Molla Nəsrəddin" zamanının güzgüsünə çevrildi

1906-cı ilin 7 aprel günü Azərbaycan ədəbi, ictimai mühitində mühüm hadisəyə çevrilən satirik jurnalın "Molla Nəsrəddin"in təməl daşı qoyuldu. Həyatını xalqına həsr edən Cəlil Məmmədquluzadə satirik ruhlu "Molla Nəsrəddin"lə sözünü deməyə tələsib, çox kəskin çıxışları ilə xalqın müdafiəçisinə çevrildi. Həcmi kiçik formatda olan "Molla Nəsrəddin"in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur. Proqram səciyyəvi baş məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım, o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".

Ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni mühitində əlamətdar hadisələrdən birinə çevrilən "Molla Nəsrəddin" jurnalının ilk nömrəsinin işıq üzü görməsi böyük əks-səda doğurdu. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istədi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyəndi, bu barədə xəbərlər yaydılar. "İrşad", "Həyat", "Tərcüman", "Vozrojdeniye", "Kaspi", "Baku", "Novoye obozreniye", "Kavkazskoye utro", "Na povorote" qəzetləri "Molla Nəsrəddin"i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər verdilər.

"MOLLA NƏSRƏDDİN" BİR NEÇƏ MƏNİM ƏZİZ YOLDAŞLARIMIN QƏLƏMLƏRİNİN ƏSƏRİNİN MƏCMUƏSİDİR Kİ... "

"Molla Nəsrəddin" jurnalının yaradıcısı və redaktoru olan Cəlil Məmmədquluzadə bu nəşri ilə insanları qəflət yuxusundan oyatmağa çalışırdı. Mirzə Cəlil "Molla Nəsrəddin"də əsas sima, məsləhətçi və böyük yoldaş idi. Ədib özü bu barədə yazır: "Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil. "Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam".

Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi, "Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", "Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu. Zamanla üz-üzə dayanan "Molla Nəsrəddin" jurnalının ilk sayının işıq üzü görməsindən çox keçmədi ki, dövrün maarifpərvər, işıqlı ziyalıları onun ətrafına cəm olaraq, yaradıcılıq nümunələri ilə jurnalın fəallarına çevrildilər. Jurnalın nəşrinə qədər artıq qələminin, iti zəkasının hökmü ilə parlaq səhifələr yaradan Cəlil Məmmədquluzadə ədəbi mühitdə möhürünü vurmuş, hekayə, povest, alleqorik, eləcə də, dram əsərləri ilə Azərbaycanın yaşantılarını əks etdirən mövzularla çıxış etmiş, xalqın sevimlisinə çevrilən ziyalılardan biri olmuşdur. Məhəmmədhəsən əmilərin, novruzəlilərin, zeynəblərin həyat hekayəsini yazan Cəlil Məmmədquluzadəni baş verən hadisələr rahat yaşamağa qoymurdu. Həqiqətən də Cəlilin qəlbində vətən sevgisi sonsuz idi. Hər zaman yaradıcılığında xalqın taleyini əks etdirməyə, insanların keçirdiyi psixoloji sarsıntıları, məişət problemlərini qabarıq bir şəkildə ifadə etməyə çalışan ziyalı dövrünün yüksək vəzifəli simalarını söz atəşinə tutmağa, qələminin gücü ilə onlara təsir etməyə çalışmışdır. Ədəbi fəaliyyətə 1880-cı illərdən başlayan Cəlil Məmmədquluzadə, özünəməxsus olan məktəb yaratmışdır. Bu məktəbin təməli Cəlil Məmmədquluzadənin əqidəsindən, məsləkindən yoğrulduğundan, döyüş meydanlarında möhkəm dayanaraq, sözünün gücünün nəyə qadir olduğunu sübuta yetirmişdi.

DÜZÜ-DÜZ, ƏYRİNİ-ƏYRİ DEMƏYİ ÖZÜNƏ YOL SEÇDİ

İstismar dünyasına qarşı çıxış edən, ziyalıları əqli və qələmi ilə mübarizəyə çağıran Cəlil Məmmədquluzadə xalqın buxovlandığı bir cəmiyyətdən xilasını yalnız maariflənməkdə, öz hüquqlarının müdafiəçisinə çevrilməkdə görürdü. Azərbaycan ictimai mühitində böyük rol oynayan "Molla Nəsrəddin" ilk sayından başlayaraq mişdir. Sözünü kəsib, gözünü ağardan insanların hədə-qorxusunu nəzərə almadan, demokratiyanı boğan, mənfi hallarla cəmiyyətin inkişafına mane olan simasızları yazılarının qəhrəmanı seçərək, leksionumuzda eybəcərliyi ifşa edə biləcək tutarlı ifadələri onların ünvanına söyləyirdi.

Əlbəttə ki, satirik qələmdən qorxub, cilddən-cildə düşən şəxslər "Molla Nəsrəddin"in tənqid hədəfinə çevrildi. Bu jurnalı zaman özü yetişdirmişdir. "Molla Nəsrəddin"i zəmanə özü yaratdı" – deyə Cəlil Məmmədquluzadə yazırdı. Molla Nəsrəddin" məcmuəsi obrazlı desək, xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq bacarığına malik idi. Jurnalın redaktoru, sadəcə olaraq, söz demək xatirinə qələmə sarılmamışdır. Jurnalın qarşıya qoyduğu problemlərin bədii və publisistik həllində Cəlil Məmmədquluzadənin tutduğu yol, səpdiyi toxum öz bəhrəsini verirdi. Bu baxımdan ki, bu orqan milli şüurun oyanmasında və formalaşmasında müstəsna rol oynadı. Cəmiyyət üçün fəlakət gətirə biləcək şəxslərə kəskin nifrət və qəzəbin ifadə olunması, hər tipin öz xarakterində canlandırılması "Molla Nəsrəddin"çilərin əsas mövzularından idi.

Xalqın ziyalı sözünə, ziyalı fikrinə ehtiyacı yarandığı bir zamanda satirik qələmlə onun tələbatını ödəmək əsl hünər və vətənpərvərlik idi. Müsəlman dünyasını bürüyən geriliyi xalqın avamlığında görən Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının çapının nə dərəcədə əhəmiyyətə malik olduğunu dərk edirdi. O, ziyalıları yalnız əqidəyə, məsləkə xidmət edib, tutduğu yolda qələmi silaha çevirərək, dövrün haqsızlıqlarını açıq-aşkar ifşa edərək, hakim qüvvələri qamçılamağa, öldürücü satira atəşinə tutmağa çağırırdı. Onların yaradıcılığının qayəsi insan ideologiyasını dəyişdirib, dövrün tələbləri səviyyəsində görmək idi. Belə ki, qarşıya qoyulan məqsəd, önəmli məsələ cəmiyyətdəki ziddiyyətlərin yaranma səbəbini göstərmək, xalqı ictimai fəaliyyətə səsləndirmək, qabaqcıl ideyalar əsasında cəmiyyəti mütərəqqi ideyalara qovuşdurmaq idi.

"MOLLA NƏSRƏDDİN" MƏKTƏBİ

Qısa bir zaman məsafəsində, "Molla Nəsrəddin" məşhur satirik jurnal kimi tanındı. Görkəmli qələm sahiblərinin bir-biri ilə ideya-yaradıcılıq əlaqələri genişləndi. Cəlil Məmmədquluzədənin təbliğ etdiyi demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə isə nüfuz qazandırdı. Ziyalı gücünə malik olan, nurlu insanların əsərləri bu jurnalın səhifələrində yer alırdı. "Molla Nəsrəddin"çilər Azərbaycanda, eləcə də, Yaxın Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat məktəbini yaratdılar. "Molla Nəsrəddin"dən sonra "Suri-İsrafil", "Azərbaycan", "Nəsimi-şimal" (İran), "Cəm" (Türkiyə), "Uklar", "Yəşen" (Tatarıstan), "Toqmaq" (Türkmənistan) və s. jurnallar çap olunaraq, beynəlxalq aləmdə mühüm rol oynamağa başladı.

Qeyd edək ki, jurnalın oxucularının da sayı durmadan artırdı. Rusiyadan başqa, hətta Asiya, Avropa və Amerikanın bir çox ölkələrində abunəçiləri var idi. Günü-gündən peşəkarlaşan və zamanın nəbzini tutmağı bacaran jurnal sərt mövqeyini və prinsipiallığını sona qədər qoruya bildi. Bütün əldə olunan uğurlara baxmayaraq, Cəlil Məmmədquluzadə irtica və qaragüruhçuların arasıkəsilməz tənqidinə sinə gərməli oldu. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, "Molla Nəsrəddin"in nəşrini dayandırırdı. 1920-ci ilin iyun ayında Cəlil Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini buraxdırmağa nail olmuşdur. 1922-ci ildə vətənə qayıdan Cəlil Məmmədquluzadə jurnalın nəşrini davam etdirmişdir. Cəlil Məmmədquluzadə böyük bir amalın daşıyıcısı olduğundan, mübarizəni davam etdirərək, daha qətiyyətli addımlar atmağa başlayır. Bu nurlu şəxs 1922-ci ildən 1930-cu illərə qədər "Molla Nəsrəddin"i mübariz orqanlardan birinə çevirmək üçün bir nəsli satirik jurnalistika sahəsində işləməyə hazırlaşdırır. Jurnal Yaxın və Orta Şərqdə, İranda və Türkiyədə ədəbi-ictimai fikrin inqilabi, demokratik hərəkatın güclənməsinə təsir göstərmişdir. "Molla Nəsrəddin" bir məktəb, bir nümunə oldu.

"MOLLA NƏSRƏDDİN" RUHUNU, CƏLİL MƏMMƏDQULUZADƏ ƏNƏNƏLƏRİNİ YAŞADANLAR

Zaman ötdükcə, satirik ruhlu insanlar da yetişməkdə davam etdi. Hər onillikdə bu məqam özünü göstərirdi. "Molla Nəsrəddin" jurnalının davamçıları yetişdi. 1952-ci ildə "Kirpi" jurnalının nəşrə başlaması zaman və dövrün tələbatı baxımından reallaşmışdır. "Kirpi" jurnalı da dövrün neqativ hallarına qarşı barışmazlıq nümayiş etdirilmişdir. Jurnalda bürokratizmə və rüşvətxorluğa qarşı mübarizə güclü idi. Bu jurnaldan sonra "Kirpi"nin davamçıları "Şeytan", "Mozalan", "Karikatura", "Dəryaz" kimi satirik ruhlu qəzet və jurnallar nəşr olunmuşdur. Böyük bir təcrübədən bəhrələnən bu qəzet və jurnallar "Molla Nəsrəddin" ruhunu yaşatmağa, Cəlil Məmmədquluzadə ənənələrini yazılarında davam etdirməyə çalışmışdı.

Onu da vurğulayaq ki, jurnalın nəşri karikatura janrının inkişafında müstəsna rol oynamış və əsərlərin yaranmasına təkan vermişdir. Artıq karikaturaçı rəssamlar ordusu yaranmışdır. "Molla Nəsrəddin" jurnalının davamçısı "Kirpi" olduğu kimi, Əzim Əzimzadə məktəbinin davamçısı da Nəcəfqulu İsmayılov olmuşdur. Əzim Əzimzadə əməllərinə söykənən nəslin nümayəndələri, artıq bir cəmiyyət ətrafında sıx birləşmişdilər. Bu, Azərbaycan Karikaturaçı Cəmiyyətidir. Azərbaycan Karikaturaçı Cəmiyyəti bu gün Dünya Karikatura Təşkilatı Federasiyasının üzvüdür. Azərbaycan karikaturaçı rəssamlarının dünya karikaturaçılar ailəsində öz yeri olduğunu təsdiqləyir.

"Molla Nəsrəddin" jurnalının 119 yaşı tamam olur. Bu illər ərzində, Cəlil Məmmədquluzadənin yaratdığı məktəbin davamçıları yetişməkdədir. Çətin, təqiblərə məruz bir dövrdə cəsarətli addımlar atıb, dövrün mənzərəsini satirik ruhla qələmə almaq nə qədər çətin olsa da "Mola Nəsrəddin" amalına sadiq qaldı. Bu gün isə Azərbaycanda azad söz, azad mətbuat var, açıq cəmiyyətdə yaşayırıq. Senzuranın olmadı bir zamanda qələm sahibləri fikir və düşüncələrini sərbəst şəkildə qələmə alırlar. Bir əsrdən artıq yol gələn jurnalın ab-havası, onun yaradıcısı Cəlil Məmmədquluzadənin ruhu müasir nəsillə bahəm yaşayır. Onun yaratdığı məktəb, ənənə yaşayır, bizləri düzlüyə və əqidəmizin quluna çevrilməyə çağırır.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see278

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see244

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see235

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see233

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see233

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see232

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see228

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see216

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see211

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see209

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see208

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see208

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see194

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see186

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see182

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see180

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see178

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see173

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see163

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri