Icma.az
close
up
RU
O olmasın, bu olsun filminin tənqidinə 70 ildən sonra verilən cavab

O olmasın, bu olsun filminin tənqidinə 70 ildən sonra verilən cavab

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Əli ƏMİRLİ

Dünya kinematoqrafında olduğu kimi, Azərbaycan kinosu da yaranmağa və inkişaf etməyə başladığı ilk illərdən hazır ədəbi əsərlərə müraciət edir, onların ekran versiyasını ərsəyə gətirir.  Təsadüfi deyil ki, ilk Azərbaycan bədii filmi hesab olunan  "Neft və milyonlar səltənətində" İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında ekranlaşdırılmışdır. Elə həmin dövrdən başlayaraq ekranlaşdırma Azərbaycan kinosunda özünə əhəmiyyətli yer etməyə başlayır. Sovet dövrü Azərbaycan kinosunun ən çox sevilən filmləri məhz ekranlaşdırma işləridir. Hələ kinonun səssiz dövründə kinoya güclü maraq göstərən Cəfər Cabbarlının "Sevil" və "Almaz" pyeslərinin  ekranlaşdırılması ideyası meydana çıxdı. Hər iki pyesin lentə alınmasını həm ssenari müəllifi, həm də quruluşçu rejissor kimi dramaturq özü həyata keçirməli idi. Təəssüf ki, Cabbarlı ancaq "Sevil"in ekranlaşdırılmasında iştirak edə bildi, "Almaz"ı isə dramaturqun ölümündən iki il sonra, onun ssenarisi əsasında Ağarza Quliyev çəkməli oldu. Düzdür, 30-cu illərdə sovet quruluşunun təbliğinə aid filmlərə daha çox üstünlük verildiyindən klassik Azərbaycan ədəbiyyatı nümunələrinin ekranlaşdırılmasında böyük fasilə yarandı və bu fasilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ekranlaşdırılmasınadək davam etdi. Sabit Rəhmanın ssenarisi əsasında Rza Təhmasibin çəkdiyi eyni adlı film böyük sənət hadisəsinə çevrildi. Üzeyir bəyin gözəl dramaturgiyası, ondan da gözəl musiqisi, Rəşid Behbudovun ürəkləri fəth edən məlahətli səsi və Leyla Bədirbəylinin füsunkar gözəlliyi filmə əvvəl ümumittifaq şöhrəti gətirdi, sonralar isə, "Arşın mal alan" 86 dilə tərcümə olunub dünyanın 136 ölkəsində göstərildi.  

"Arşın mal alan"ın böyük uğuru sonrakı ekranlaşdırma işlərinə də  örnək oldu. Ədəbi əsərlərin, xüsusilə xalq tərəfindən sevilən klassik nümunələrin ekranlaşdırılması hər bir kino rejissoru üçün prestij hesab olunurdu. Keşməkeşli yaradıcılıq yolu keçmiş kinorejissor Hüseyn Seyidzadənin bu sahədə bəxti gətirmişdi. Ona Üzeyir bəyin "Məşədi İbad" kimi çox sevilən məşhur əsərini ekrana gətirmək qismət oldu.

İlk vaxtlar ciddi tənqidlərə tuş gələn, sonralar həqiqi qiymətini alan bu ekranlaşdırma işinin  ssenarisi "Arşın mal alan" filmində olduğu kimi, o illərin tanınmış komedioqrafı Sabit Rəhmana həvalə olundu. Ekranlara "O olmasın, bu olsun" adı ilə çıxan "Məşədi İbad" Hüseyn Seyidzadənin, demək olar, xüsusi məsuliyyət tələb edən ilk müstəqil işi idi. Yuxarıda qeyd etdiyimiz kimi, 70 ilə yaxın bir dövrdə neçə tamaşaçı nəslinin məhəbbətini qazanmış bu film öz dramaturji keyfiyyəti, ürəkləri fəth edən zəngin musiqisi, xalq müdrikliyindən doğan incə yumoru, acı satirası ilə hamını heyran etmişdi. Belə bir əsərin ekrana çıxması ölkənin mədəni həyatında böyük hadisə idi. Çox qısa bir zamanda film görünməmiş şöhrət qazandı. Hüseyn Seyidzadə bir kino rejissoru kimi özünü təsdiq etmiş oldu. Ölkənin bütün kino-teatrlarında, şəhər və kəndlərində "O olmasın, bu olsun" filmi nümayiş etdirilirdi. Ümumittifaq miqyasında böyük tamaşaçı kütləsi toplayan ekranlaşdırma işi az vaxt ərzində 50-dən çox ölkəyə ixrac edildi. Bu, məlum həqiqətdir ki, filmin uğuruna da, uğursuzluğuna da cavabdeh, bəlkə də səbəbkar  rejissordur. Deməli, Üzeyir bəyin məşhur komediyasının uğurlu ekran əsəri kimi qəbul olunmasının birinci səbəbkarı, məhz rejissordur, yəni Hüseyn Seyidzadə. Bəs bu uğuru rejissor necə təmin etmişdi?

İlk olaraq filmə çəkilmiş aktyorların adlarını yada salaq: Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Möhsün Sənani, Lütfəli Abdullayev, Mustafa Mərdanov, İsmayıl Osmanlı, Rza Əfqanlı, Münəvvər Kələntərli, Ədil İskəndərov, Ağahüseyn Cavadov və əlbəttə, baş rolun ifaçısı Əlağa Ağayev. Bu aktyorların bəziləri nəinki epizodik, hətta daha kiçik rollarda oynayır, bir səhnədə bircə dəfə görünüb yox olurlar. Rejissor çox fərqli olan bu aktyorlardan möhkəm bir ansambl yaratmağı bacarmış, hər birini filmə lazım olan qədər işlədə bilmişdi. Onu da deyək ki, Azərbaycan kinosunda nə əvvəllər, nə də sonralar elə bir film olmadı ki, öz ətrafına bu sayda və bu səviyyədə aktyorları yığa bilsin.

Tamaşaçılar filmi məhəbbətlə və dəfələrlə izləyirdilər. Deməli, filmin tamaşaçı uğuru tam təmin olunmuşdu, amma hamı belə düşünmürdü. Daha çox ədəbi tənqid, üzdə olan kinoşünaslar, mətbuat başqa fikirdə idi. Onlar "O olmasın, bu olsun" filmini nəinki bəyəndilər, hətta onu zərərli  film kimi yararsız hesab etdilər.

"Məlumdur ki, hər hansı bir romanın, yaxud dramın, opera və operettanın ekrana çıxarılması onun ikinci doğuluşudur. Kino sənətinin özünəməxsus xüsusiyyətləri, təsvir və ifadə vasitələri olmasına baxmayaraq, ikinci doğuluş birincinin əsas mahiyyətini özündə saxlamalı və daha qabarıq şəkildə təzahür etməlidir. Buna görədir ki, geniş oxucu və tamaşaçı kütlələrinin rəğbətini qazanan məşhur bir sənət əsərini ekran üçün yenidən işləyərkən, son dərəcə həssas davranmaq, kinonun spesifikasından doğan əlavələr və ixtisarlar edərkən ehtiyatlı olmaq, əsər müəllifinin fikir və niyyətlərini saxlamağa, tamaşaçılara daha aydın şəkildə çatdırmağa çalışmaq lazımdır.

"O olmasın, bu olsun" filmində tamaşaçıların etirazına səbəb olan başlıca qüsur ondan ibarətdir ki,  filmin yaradıcıları Ü.Hacıbəyovun komediyasını ekran üçün yenidən işləyərkən, yuxarıda dediyimiz prinsipi pozaraq, materiala qayğı və məhəbbətlə yanaşmamış, yersiz müdaxilə, əlavə və ixtisarlarla əsərin səviyyəsini həm ideya, həm də bədii cəhətdən aşağı salmış, komediyanın əsas ruhunu təhrif etmişlər. Məsələn, komediyada olmayan, sonradan əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnə və i.a. kimə lazım idi? Yalnız gülüş üçün, mənasız hırıltı üçün əlavə edilmiş, bu münasibətsiz əhvalatlar ancaq bir şeyin - zövqsüzlüyün və bədii təxəyyülün kasadlığının nəticəsidir. Bu əhvalatlar filmdə o qədər şit, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır". Bu uzun sitat filologiya elmləri doktoru, professor Abbas Zamanovun "O olmasın, bu olsun" filmi haqqında yazdığı "Yersiz müdaxilə" məqaləsindəndir.

Sitatdan göründüyü kimi, məqalə kəskin tənqidi mövqedən yazılmışdır. Müəllif birmənalı şəkildə filmi bəyənməmiş, onun ekran variantını zərərli hesab etmişdir. Onu da qeyd edək ki, Abbas Zamanov dövrünün qabaqcıl, geniş məlumatlı, sayılıb-seçilən, kifayət qədər müstəqil və mütərəqqi düşüncəli tək-tük ziyalılarından biri idi. Məqalədə yazılanlar tam qərəzsiz və səmimidir, amma konkret olaraq gətirdiyimiz geniş sitatdakı  fikirlər göstərir ki, professor ekranlaşdırmanın mahiyyətini, onun prinsiplərini düzgün anlamır, bir az da irəli getsək, ədəbiyyat dili ilə kino dilini fərqləndirməyi bacarmır, kinodan ədəbiyyat qanunlarına riayət etməyi tələb edir. Odur ki, professorun "O olmasın, bu olsun" filmi haqqında tənqidi fikirlərini asanlıqla təkzib etmək mümkündür.

Zaman da göstərdi ki, Üzeyir bəyin məşhur komediyasının ekran həlli heç də tənqidçilərin dediyi kimi, şit və zərərli deyilmiş. Əksinə, bu filmin xidmətidir ki, böyük bəstəkar və dramaturqun duzlu replikaları, unudulmayan atmacaları, məzəli ifadələri xalqın məişətinə, dilinə, mədəniyyətinə hopub. Tənqidçinin şit, bayağı hesab etdiyi əlavələr əsərin ruhuna o qədər doğmadır ki, onun Üzeyir bəyin qələminə, yoxsa ssenarist Sabit Rəhmanın qələminə mənsub olduğunu ayırd etmək az qala mümkün deyil, hətta film geniş populyarlıq qazanandan sonra "Məşədi İbad" teatr səhnələrində tamaşaya qoyulanda filmdəki qonaqlıq səhnəsi və qalmaqallı dava-dalaş tamaşaya gətirilir, çünki o səhnəsiz komediya ləzzətini itirir.

Bir məqamı da qeyd edək ki, "O olmasın, bu olsun" filmindən sonra "Məşədi İbad"ın səhnədə tamaşaya qoyulması çox çətinləşib, başqa sözlə, tamaşalar filmdən qabaqkı effekti verə bilmir, tamaşaçı dərhal tamaşanı yaxşı bildiyi, tanıdığı filmlə müqayisə edir və üstünlüyü birmənalı şəkildə komediyanın ekranlaşdırılmış variantına verir. Deməli, ekranlara çıxandan sonra yazılmış tənqidi məqalələrin çoxunun haqsız, bəlkə də qərəzli olduğu aydınlaşır. Nə qədər banal səslənsə də, deməliyik ki, ən  ədalətli hakim zamandır. Konkret olaraq Abbas Zamanovun məqaləsinə gəldikdə isə, dərhal hiss olunur ki, məqalənin müəllifi kinoşünas yox, filoloqdur. Kino isə filoloji təhlili qəbul etmir. Ekranlaşdırma işini təhlil edərkən, rejissorun filmin ədəbi materialına nə dərəcədə sədaqətlə yanaşması əsas kriteriya ola bilməz. Tənqidçinin özünün dediyi kimi, "kinonun öz spesifikası, təsvir və ifadə vasitələri vardır". Kinodramaturgiyaya yaxşı bələd olan dramaturq Sabit Rəhman və Azərbaycan kinosunda ən sevilən və uzunömürlü filmlərin rejissoru Hüseyn Seyidzadə bunu məqalə müəllifindən pis bilmirdi. Tənqidçinin konkret olaraq bazar epizodunda qoçuların savaş səhnəsini pisləməsi isə həqiqətən, kökündən səhv yanaşmadır, çünki məhz bu səhnə filmin ən sevilən, ictimai məzmun daşıyan kinematoqrafik və dinamik səhnələrindən biridir. Yeri gəlmişkən, A.Zamanovun tənqid hədəfi kimi seçdirdiyi "Bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnə" filmin ən maraqlı və həqiqi komediyanın yüksək tələblərinə cavab verən epizodlardır və Üzeyir Hacıbəyli yaradıcılığının ruhuna qətiyyən yad deyil. Tənqidçinin iddia etdiyi kimi, bu epizodlar və ya əlavələr heç də "yalnız gülüş üçün, mənasız hırıltı üçün" deyil, baxmayaraq ki, komediyada gülüş yaratmaq ən vacib məsələdir, əks halda onu komediya adlandırmaq doğru olmazdı. Ümumiyyətlə, mənalı və mənasız gülüş anlayışının özünün kriteriyaları nədən ibarətdir?!      

"Yersiz müdaxilə" müəllifinin aktyor oyunu ilə bağlı tənqidi qeydləri isə heç qəbul olunan deyil. Tənqidçi yazır: "Filmin aktyor oyununa, xarakterlərin açılmasına gəldikdə, demək lazımdır ki, burada da vəziyyət pisdir... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad Üzeyir Hacıbəyovun komediyasındakı Məşədi İbad deyildir. Komediyada olan mənfi keyfiyyətlərin çoxu onda yoxdur. O, ortayaşlı, səliqəli geyinmiş bir şəxsdir. Komediyadakı Məşədi İbadın qəpiyi çıxanda canı çıxır. Gülnazı ələ keçirmək üçün o, lotulara pul verməli olduqda əzab çəkir, sanki ətini kəsib atır. Filmdəki Məşədi İbad isə cibinin ağzını geniş açıb "gəl apar" deyir və buna görə də nisbətən "nəcib" görünür. Demək, filmdəki Məşədi İbad bir obraz olaraq natamam və zəifdir. Bunun təqsiri rolu ifa edən aktyorda deyildir. Biz inanırıq ki, Əlağa Ağayev Məşədi İbad obrazını yaratmaq üçün səylə çalışmışdır. Günah rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır".

Əslində, deyilənlərin aktyor oyununa o qədər də dəxli yoxdur, necə ki, məqalə müəllifi də bunu qeyd edir, amma obrazın traktovkasına görə rejissora edilən tənələri heç başa düşmək olmur, çünki Məşədi İbad filmdə baş verən bütün hadisələrə adekvatdır, onun simic olmasını tənqidçinin tələb etməsi məntiqsizdir. Simic adam qızı yaşında gənc bir qızla evlənmək eşqinə düşməz, məqsədinə çatmaq üçün yetirənə pul verməz, hələ bu azmış, pullu adam niyə pis və səliqəsiz geyinməlidir, arvadbaz kişi həmişə gənc və gümrah görünməyə çalışar, Məşədi İbad kimi saqqalına həna qoyar və sair. Fikrimizcə, filmdəki Məşədi İbadın bütün davranışları məntiqli, həyati və inandırıcıdır. Onu da deyək ki, "Məşədi İbad"  komediyasının problematikası heç də simiclik və xəsislik deyil. Bir  məqamı da nəzərə almaq lazımdır ki, əsl komediyanın qəhrəmanları heç vaxt tamaşaçıda dərin nifrət oyatmır. Məşədi İbad da nifrətə layiq obraz deyil, o, daha çox gülüş yaradır, başqa sözlə, komediya qəhrəmanının əsas funksiyasını yerinə yetirir. Əgər bu gülüş həm də ictimai mahiyyət daşıyırsa, deməli, müəllif istəyinə nail olub. Aktyor Əlağa Ağayevin oyununa gəldikdə isə, birmənalı şəkildə deyə bilərik ki, istər kinoda, istərsə də teatrda Məşədi İbad aktyorun karyerasında ən mükəmməl yaradılmış obrazdır. Onun bundan güclü aktyor ifası olmayıb, başqa sözlə, Məşədi İbad Əlağa Ağayevin aktyor sənətinin zirvəsidir.

Daha sonra A.Zamanov yazır: "Filmdə Xalq artistləri İ.Osmanlı (Rza bəy), M.Mərdanov (Həsənqulu bəy) və Əməkdar artist İ.Əfəndiyevin (Həsən bəy) yaratdığı obrazlardan  şikayətlənmək olmaz. Onların ifasında zamanın prinsipsiz ziyalıları tam amansızlıqla ifşa edilir. Lakin filmdə bir-birini təqib edən şit qalmaqallar bu xəttin ictimai xarakterinin tamaşaçıya çatmasına mane olur". Bu yanaşmanın özü bir daha göstərir ki, məqalə müəllifi filmə sırf ideoloji mövqedən yanaşır. Az qala hər səhnədə ifşa, ictimai mövqe və ictimai mahiyyət gözləyir, yəni filmə sovet tənqidçisi gözü ilə baxır. Buna görə müəllifi qınamaq bəlkə də yersizdir, bir halda ki, tənqidçi filmə zamanın tələbləri mövqeyindən yanaşır və nəticə çıxarır. Belə olmasaydı, o görərdi ki, "O olmasın, bu olsun" filminin ən müsbət cəhəti məhz aktyor ansamblı və aktyor oyunu ilə bağlıdır. O zamanki Azərbaycan teatrının ən istedadlı nümayəndələrinin böyük bir dəstəsi bu filmdə çalışmış və  istisnasız olaraq hər biri parlaq oyun göstərmişdir. Bir rejissor kimi Hüseyn Seyidzadənin ən böyük xidməti onları bu filmə cəlb etməsi, onların parlaq sənətini kino lentində əbədiləşdirməsidir. İllər keçəndən sonra da tamaşaçı adları əfsanəyə çevrilmiş həmin aktyorları ekranda, hərəkətdə və oyunda müşahidə edə biləcəklər.

Təəssüf ki, "O olmasın, bu olsun" filmini tənqid edən tək Abbas Zamanov deyildi, onun səsinə səs verənlər çox oldu. Müəlliflərin işini mənfi qiymətləndirdilər. Tənqidçilərin çoxu, elə Abbas Zamanov da, on bir il qabaq çəkilmiş "Arşın mal alan"ı yaxşı ekranlaşdırma işi kimi "O olmasın, bu olsun"a nümunə göstərirdilər, halbuki bədii və kinematoqrafik cəhətdən hər iki film təxminən bərabər səviyyədədir. Onu da qeyd edək ki, yuxarıda dediyimiz kimi, "Arşın mal alan"ın da ssenari müəllifi Sabit Rəhman idi. Bəs bu fərqli münasibətin əsasında nə dayanırdı? Sadəcə, Stalinin, eyni zamanda Bağırovun bəyənib Stalin mükafatına layiq gördükləri filmi tənqid etmək heç bir cəhətdən sərf eləməzdi.

Həqiqətən, zaman ən obyektiv hakimdir. "O olmasın, bu olsun"un  çəkildiyi vaxtdan 70 il ötür, film isə təravətini saxlayır, ən vacibi,  filmə tamaşaçı marağı azalmır, itmir. Əlbəttə, bunun ilkin səbəbi Üzeyir Hacıbəyli sənətinin ölməzliyidirsə, ikinci səbəb rejissor işinin mükəmməlliyidir.  Bu mükəmməllik özünü nədə  göstərir? Bu, bir aksiomadır, güclü əsərdən zəif film çəkmək olar, misallar saysız-hesabsızdır, zəif əsərdən isə güclü film heç vaxt! Deməli, rejissorun bəxti gətirmişdi ki, onun ilk ekranlaşdırma işi böyük sənətkarın əsəri olmuşdu və həmin əsər əsasında ssenarini isə işinin həqiqi peşəkarı olan Sabit Rəhman yazmışdı. Amma bu, hələ işin az faizidir. Dediyimiz kimi, filmin əsas uğuru düzgün aktyor seçimi, indi deyilən kimi kastinqdən asılı idi. Hüseyn Seyidzadə Azərbaycan teatrına və aktyorlarına yaxşı bələd idi. Odur ki filmlərində bir qayda olaraq ən istedadlı aktyorlardan istifadə edirdi.

Bir az əvvəl aktyorlar haqqında danışmışdıq, təkrar etmək istəməzdik, amma bir daha qeyd etməliyik ki, Hüseyn Seyidzadə aktyorlarla işləməyi bacarırdı. Əslində, adlı-sanlı aktyorlarla işləmək çətindir, onlar nə qədər istedadlı olsalar da, çoxunun kamera qarşısında oynamaq vərdişləri yox idi. Axı, son illərə qədər bizdə peşəkar kino aktyoru yox dərəcəsində idi, ona görə də kinoya teatr aktyorlarını cəlb etmək lazım gəlirdi. Rejissor aktyor olmayanları da kamera qarşısında oynatmağı bacarırdı. Elə "O olmasın, bu olsun" filmində baş rollara çəkilən Arif Mirzəquliyev (Sərvər) və Tamara Gözəlova (Gülnaz) aktyor deyildilər. Buna baxmayaraq, çox təcrübəli teatr aktyorlarının əhatəsində yad görünmürlər.

Hüseyn Seyidzadə kolorit, mühit yaratmaq ustasıdır. Ötən əsrin ilk illərinin Bakısı, küçələr, insanların geyimi, personajların təhsilinə və peşəsinə uyğun kostyumları, nitqləri və maneraları, vərdişləri o qədər həqiqətə uyğun göstərilir ki, tamaşaçı özünü keçmiş, itirilmiş  zamanda hiss edir. Rüstəm bəyin evinin interyeri Şərq və Avropa ev bəzəyinin qarışığıdırsa, Məşədi İbadın evi əsl şərqli evidir, hələ tam tacirə çevrilməmiş, amma xeyli varlanmış baqqal evidir. Ümumiyyətlə, Hüseyn Seyidzadə milli koloriti çox gözəl bilir və lazım gələndə filmlərində məharətlə istifadə edir. Tamaşaçı filmi seyr edərkən özünü məhz 1910-cu ilin Bakısında hiss edir.

Sonda onu da deyim ki, ən yaxşı Azərbaycan filmlərindən söhbət açmaq istəyəndə ilk olaraq dahi Üzeyir bəyin "Arşın mal alan"ı və əlbəttə, "O olmasın, bu olsun"u  yada düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see9599

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see561

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see232

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see167

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see160

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see156

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see138

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see130

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see128

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see121

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see120

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri