Icma.az
close
up
RU
ONUN TABE OLDUĞU VƏ MƏHƏL QOYMADIĞI SƏRHƏDLƏR Rafael Hüseynov yazır

ONUN TABE OLDUĞU VƏ MƏHƏL QOYMADIĞI SƏRHƏDLƏR Rafael Hüseynov yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Rafael HÜSEYNOV
Akademik

Söz adamı kimi onun həyatının daha bəxtiyar parçası artıq həyatda olmadığı çağlarda gəldi, sözü sərhədləri aşaraq əcnəbi dillərə çevrildi, şeirləri ölkə-ölkə gəzdi, adı və yadigarları özünü də, xalqını da, yurdunu da dünyaya daha artıq tanıtdı. Ancaq sonrakı qaibanə məsudluqdan əvvəl də Mirzə Şəfi Vazeh elə yaşadığı ömrün içərisində də könül dolusu xoşbəxt günlər görmüşdü.

Başlanan 1840-cı illər Vazehin həyatında parlaq uğur dövrünün əvvəlidir. Əslində həmin çağlar elə Azərbaycanın həyatında da yeni bir mərhələnin astanasıdır. Yavaş-yavaş təzə vaxtın dalğaları Azərbaycana daha çox sirayət edir.

Mirzə Şəfi Gəncədən köçüb gəlmişdi Tiflisə. Gəncə o çağda Azərbaycanın əsas mədəni mərkəzlərindən biri idi, Bakı hansı vəzifəni yerinə yetirirdisə, Gəncə də elə həmin yükü daha milli səviyyədə daşımaqdaydı. Səbəbsiz deyildi ki, o vaxt da, xeyli sonralar da Azərbaycanın müxtəlif yerlərindəki ayrı-ayrı qabil şairlər, sənət adamları, xüsusən musiqiçilər özünü təsdiqləmək üçün Bakıya üz tutduqları kimi, Gəncəyə də parlamaq, tanınmaq, bir parça çörək sahibi olmaq ümidiylə yönəlirdilər. Ancaq Tiflis, əlbəttə ki, daha ciddi mərkəz idi. Başlıca səbəb də bu idi ki, Tiflis Qafqaz Canişinliyinin mərkəzi idi, vali orada otururdu. Qafqaz idarəçiliyinin mərkəzi olduğundan təbii mədəni mərkəz kimi imkanları daha geniş idi. Bakıda İçəri şəhər nə deməkdisə, Tiflisdə də Şeytanbazar o siqlətdə idi.

1840-cı ildən etibarən Tiflisdə yaşayan Mirzə Şəfi Vazehin dostluq, tanışlıq dairəsi də asta-asta genişlənməyə başlayır.

Və günlərin birində tale Mirzə Şəfinin qarşısına zahirən ondan dərs almaq istəyən daha bir cavanı, əslində isə taleyinin adamını çıxarır.

Fridrix Bodenştedt adlı bu gənc Almaniyadan Qafqaza gəlmişdi ki, Şərq dillərini öyrənsin, xəttatlıq vərdişlərini mənimsəsin.

Şübhəsiz, o çağda Tiflisdə həmin dərsləri verən başqa müəllimlər də az deyildi, hətta aralarında kifayət qədər məşhurları da vardı. Ancaq hansı xeyirxahsa Fridrix Bodenştedtə məhz ən yaxşı kimi Mirzə Şəfini nişan vermişdi. Əslində bunun özü də bir göstərici, Vazehin digər öyrədicilər, başqa müəllimlər arasında daha üstün olmasının təsdiqi idi.

Fridrix Bodenştedti gərək biz yaxşı tanıyaq və onu camaatımıza “ədəbi oğru” kimi tanıtmağa hesablanmış yanlış və haqsız düşüncələri dağıdaq.

O, 1819-cu ildə anadan olmuşdu, 1892-ci ildə həyatdan getdi. Ondan əvvəl və sonra yaşamış bir çox alman ədibi Azərbaycanda tanınmışsa da, son əsr yarım ərzində buralarda adı Fridrix Bodenştedt qədər mütəmadi çəkiləni olmayıb və haçan Mirzə Şəfi Vazehdən söhbət düşübsə, mütləq onun da, bu alman ədibinin də adı xatırlanıb.

Bu gün biz və dünya Mirzə Şəfi Vazehi az-çox tanıyırsa, irsinə bələdsə, bais həmin Bodenştedtdir.

24-25 yaşlı bu cavan oğlan hər gün-günaşırı Mirzə Şəfi Vazehin qarşısında idi. O günlər də, o dərs saatları da başa çatacaq, bu gənc Tiflisdən ayrılıb vətəninə yollanacaq, ancaq həmin günlər və dərs saatları haqda xatirələr onunla həmişəlik qalacaq və istəyəcək ki, bu yaddaşlar tək onunla qalmasın, günlərin birində dünyadan onunla getməsin. Ona görə də qələm götürüb görüb-eşitdiklərini yazmışdı, kitaba döndərib nəşr də etdirmişdi ki, bu xatirələr hamıya çatsın. Fəqət bir kitabla ürəyi nə soyumuşdu, nə boşalmışdı, ardınca yeni kitablar buraxmışdı və həmin nəşrlər qərblilərə həm Şərq ədəbi mühitini daha yaxından təqdim etmişdi, həm də oçağacan Avropada bilinməyən güclü və bənzərsiz bir şairi, iti zəka sahibini otərəflərin sevimlisinə çevirmişdi, həm də tarixin sonrakı gedişi məlum etdi ki, unuduluşdan xilas edibmiş.

...Hər yeni dərslə Bodenştedt ustadı Mirzə Şəfiyə daha artıq heyran qalırmış və nə yaxşı ki, həmin heyranlıqlarını sözə çevirərək bizə də ötürüb.

Növbəti dərslərdən birini təsvir edir ki, cədvəl üzrə davam edən məşğələlərimizdən biri “Divan” adlanırdı, həmin saatda Mirzə Şəfi şeirlər söyləyir və çox zaman da o şeirləri elə həmin ana uyğun olaraq bədahətən dilə gətirirdi. Bodenştedti mat qoyan bu idi ki, necə olur qəfilcə ağlına gələn bu fikirləri Vazeh elə anındaca içərisində bişirərək belə cilalı şəkildə ifadə edə bilir? Dözməmişdi, müəllimindəki onu valeh edən bu keyfiyyət barədə günlərin birində ustadın özündən soruşmuşdu ki, axı siz buna necə nail olursunuz?

Və anlayanlar əsl qiymətini verə bilər ki, Mirzə Şəfinin cavabı nə qədər sərrast olub. Vazeh sualı cavablandırmağa tələsmir. Dərs keçdiyi mədrəsənin həyəti güllü bağçaymış. Deyir, çiçəklərə diqqət elə, ayrı-ayrılıqda hərəsi bir tərəfdən baxır, hamısı gözəldir, ancaq birini o yandan, birini bu tərəfdən dərərək bir dəmət düzəltsək, onların gözəllikləri bir-birinə qarışacaq, insanı təklikdə olduğundan qat-qat artıq valeh edəcək. Söz də, şeirlər də belədir. Hər söz də ayrılıqda gözəldir. Ancaq sən onları bu çiçək dəstəsi kimi bir-birinə yaraşan şəkildə ard-arda sıralayanda, yan-yana düzəndə tamam başqa bir gözəllik yaranır. Gülləri bir-bir dərərək çiçək dəstəsi düzəltmək nə qədər asandırsa, mənim üçün də o sözləri bir yerə toplayaraq şeirə döndərmək o qədər sadədir.

Doğrudan da, üzdən baxanda nə var ki! Həqiqətən də, adama sadə gəlir. Ancaq əsas hikmət elə yan-yana necə düzməkdədir. Sözlərin insanı riqqətə gətirən rabitəsini oxuyanı heyrətə sala biləcək tərzdə sadəliklə düzmək hünəri Vazeh kimi müstəsnaların işidir. Çatılması müşkül olan bu sadəliyin arxasındasa mütləq böyük yol durur. Lap başda sözün sənə gəlib çatanacankı yoluna bələdlik, bu xəzinəni yaratmışları yaxşı tanımaq vərdişləri durur.

Bodenştedt bunu da xırdalayır ki, Mirzə Şəfi müxtəlif məşhur şairlərdən - gah İbn Yəmindən, gah Sədidən, gah Hafizdən sıra-sıra beytləri əzbər söyləyirdi və öz şeirləri bu sıranı davam etdirirdi.

Bodenştedt keçmişləri anır, xətt məşqləri dərslərini təsvir edir: artıq dil öyrədilişinin müəyyən bir həddinə çatandan sonra təcrübəli müəllim kimi Mirzə Şəfi işi bir az da qəlizləşdirir. Daha xətt nümunələrini sadəcə yazaraq göstərmir, şagirdinin yazdıqlarına baxaraq onları təshih etməklə dayanmır, başlayır şeirlər oxumağa - həm öz qoşduqlarından, həm də başqa əski şairlərin misralarından.

Və Bodenştedt dəqiqləşdirir ki, müəllim tələb edirdi: eşitdiyini başla yazmağa və həm gözəl xətlə, həm də dürüst yaz.

Beləcə, balaca bir uşağa suda üzməyi öyrədən kimi, Mirzə Şəfi bu alman gənci atmışdı intəhasız söz ümmanına. Şagirdindəki həvəsi hiss etdikcə ilhamlanırdı, fürsətkən ona daha çox bilik verməyə çalışırdı.

Bu müəllimi Bodenştedt necə sevməyə, buralardan ayrılıb gedəndən sonra necə unuda bilərdi?

Nəhayət ki, möhlət sona yetir, 1847-ci ildə bir neçə illik təhsilini bitirən Fridrix Bodenştedt Tiflisi tərk edərək Almaniyaya qayıdır.

Çox keçmir ki, Qafqaz səfərinin yekunu kimi onun üç cild kitabı işıq üzü görür: “Şərqdə 1001 gün”, “Mirzə Şəfinin nəğmələri”, “Mirzə Şəfinin irsi”.

Bodenştedt gənc olmasına baxmayaraq, Tiflisə gəlib yetişəndə artıq ruhən dolu idi, ilkin mərhələdə rahatca ünsiyyət qura bilməsindən ötrü əlavə tərcüməçiyə də ehtiyacı yoxdu - ruscanı bilirdi. O, Tiflisə dillər öyrənmək, Şərq biliklərini artırmaqçün gələnəcən 3 il Moskvada olmuşdu və həm də müəllim qismində - knyaz Mixail Qalitsının oğlanlarının ev müəllimi vəzifəsini yerinə yetirmişdi. Həmin 3 ildə yetərincə mükəmməlləşmiş ruscası sonralar bu dildən xeyli bədii tərcümələr etməkdə ona yardımçı olmuşdu. 1844-cü ildə Tiflisə gələrkən Vazehin şagirdliyini seçən Bodenştedt əslində bu şəhərə Qafqaz canişini Aleksandr Neydqart (1784-1845) tərəfindən müəllim kimi dəvət edilmişdi.

XIX yüzilin ortaları və ikinci yarısında Avropada Şərqə, onun klassik ədəbiyyatı və mədəniyyətinə maraq çox artmışdı. Şərqi araşdıran, Şərqdən və şərqlilərdən bəhs edən bolluca məqalələr dərc edilir, kitablar buraxılırdı.

Bodenştedtin bəxtindən əsərlərinin nəşri belə bir münbit dalğanın coşduğu çağlara təsadüf etmişdi.

Hər 3 kitab qısa müddətdə Avropada inanılmaz şöhrət qazanır, çox keçmədən dönə-dönə nəşr edilir, Bodenştedti ədəbi-mədəni aləmdə ən tanınmış imzalardan birinə çevirir.

1850-1851-ci illərdə Bodenştedtin həyatını qəfilcə dəyişərək onu diqqət mərkəzinə gətirən kitabları çıxanda hələ Mirzə Şəfi həyatdaydı və münasib imkan düşsəydi, həmin kitabları görə də bilərdi. Təəssüflər ki, bu ona qismət olmayıb, kitablar buralara gəlib çatanacan dünyadan köçüb. Lakin o abidə kitablar Mirzə Şəfinin bu dünyadan daha heç vaxt köçüb getməməsi, həmişə insanlarla qalması üçün ən mötəbər təməllərə çevrilib. Orada Bodenştedt həm Mirzə Şəfinin həyatı, baxışları, fikir əhatəsi ilə əlaqədar xatirələrini yazırdı, həm də Vazehin şeirlərindən nümunələr gətirirdi.

Bodenştedtin müstəsnalığı bundadır ki, Vazehin oturub-durduqlarından bircə o, edilməli ən vacib işi yerinə yetirib - Mirzə Şəfinin gələcək nəsillərə onu yaxından göstərə biləcək “şəklini çəkib”.

Yerli öyrənciləri öz yerində, Fridrixəcən də Mirzə Şəfinin Avropadan dörd tələbəsi olmuşdu. Buradakılarınsa sayı yüzlərlə idi, hələ sonra da çoxları oldu. Ancaq o işi ki Fridrix Bodenştedt görüb, digər şagirdlərin heç birinin bunu etmək ağlına gəlməyib. Şagirdlər bir yana, Vazehin əli qələmli o qədər müasiri vardı ki, bunu onlar edə bilərdilər. Heyiflər ki, onların da bu vacib işə əncam çəkmək yadlarına düşməyib. Ancaq Bodenştedt heç bir təklif gözləmədən bu nəcib vəzifəni yerinə yetirib və ustadını hər üzünə elə təsvir edib ki, oxuduqca xəyal edirsən elə XIX yüzilliyin 40-cı illərinin başlanğıcıdır, Tiflisdəsən, Mirzə Şəfi özü canlı sənin qarşındadır. Sanki baş verənləri öz gözünlə görüb, öz qulaqlarınla eşidirsən. Bodenştedt mətləbini oradan başlayırdı ki, ustadı ilk dəfə necə tapıb, necə görüb, onun sehrinə necə düşüb. “Şərqdə 1001 gün” kitabında birinci görüşə gələn yolu və əvvəlinci təəssüratlarını belə təsvir edirdi: “Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar (o, tatar deyəndə, oçağkı adətə uyğun olaraq, Azərbaycan dilini düşünür - R.H.) dilini öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi”.

Bodenştedtin bu vacib müşahidəsi bir para başqa rus ədiblərinin təxminən eyni səslənişli fikirləri ilə üst-üstə düşür. Mixail Lermontov da yazırdı ki, Avropada fransız dili nə qədər önəmlidirsə, “tatarca” da (Azərbaycan türkcəsi o dövrdə belə adlandırılırdı) Qafqazda eyni əhəmiyyət kəsb etməkdədir.

Bodenştedt belə davam edirdi: “Xoşbəxtlikdən arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu. Mirzə Şəfi öz təvazökarlığı ilə Şərqin ən müdrik adamlarından biri idi. O da bu fikirdə idi ki, Avropada gənclər etiqadsız və inamsız yaşayırlar. O, eyni zamanda, belə bir möhkəm əqidədə idi ki, biz Qərb övladları dərs alacağımız illər ərzində onun səyi ilə Şərqin müdrik və ibrətamiz cəhətlərinə yiyələnməliyik. Deyirdi ki, sən mənim beşinci şagirdimsən. Bunu da əlavə edirdi ki, hikmətli kəlamlarını dinləmək üçün Tiflisə gəlmək zərurətini duyanların sayı getdikcə çoxalır. Bir az susduqdan sonra bunu da dedi ki, məndən əvvəlki dörd şagirdi geriyə, Avropaya, öz vətənlərinə qayıdandan sonra bütün səylərini Şərqdə aldıqları bilikləri öz yerlərində geniş yaymağa həsr etmişlər”.

Demək, Mirzə Şəfiyə soraqlar gəlib çatırmış, bəlkə avropalı keçmiş yetirmələri ilə yazışmaları da varmış. Onların vətənə qayıtmalarından sonrakı fəaliyyətlərindən Mirzə Şəfinin xəbərdar olması elə bu yazışmaların varlığından xəbər verir. Ancaq Bodenştedtə daha artıq rəğbət və ümid bəslədiyini gizlətmirmiş, sonrakı tarix də sübuta yetirdi ki, bu ehtimallarında haqlı imiş.

“Mirzə Şəfi mənə daha böyük ümid və ehtiram bəsləyirdi. O vaxt mən elə güman edirdim ki, onun mənə olan pərəstişkarlığı, dilləri öyrənməkdə səy və bacarığım, eyni zamanda, onun hər bir dərsinə görə ödədiyim gümüş pullara görədir. Mirzə Şəfi təsəvvür edə bilmirdi ki, Şərq dillərini bilmədən adam özünü necə müdrik sayaraq alim adıyla dünyanı gəzib dolaşa bilər. O mənim Şərq dillərini öyrənmək səyimi və bacarığımı, eyni zamanda, xoşbəxtlikdən onu özünə müəllim seçməkdə üstün cəhətlərimi görüb bəzi şeylərdə mənə güzəştə gedirdi. O, mənə xeyirxah münasibətini əyani şəkildə sübut etməyə çalışırdı. Deyirdi ki, mən, Mirzə Şəfi Şərqin tanınmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan. Ancaq sən məni düzgün başa düş. Mənim Ömər Əfəndi adlı bir dostum var. O, böyük ağıl və mərifət sahibidir. Bu diyarda onu yazı-pozu işində üçüncü şəxsiyyət hesab eləmək olar. Əgər mən ölsəm, sənin müəllimin o olmalıdır. O zaman o birinci, sən isə ikinci müdrik adam olmalısan. Bu ürək sözlərini deyə-deyə Mirzə Şəfi şəhadət barmağını alnına söykəyib nüfuzedici nəzərlərlə məni süzürdü. Mən də sükut içində razılıqla başımı tərpədib onun fikrinə tərəfdar olduğumu bildirirdim. Gəncəli ustadım dərin biliyinə şübhə edən hər bir kəsə öz müdrikliyini əyani surətdə göstərirdi”.

Əl-əl və dil-dil gəzəcək trilogiyası çıxanadək Bodenştedt nə şərqşünas kimi tanınırdı, nə şair, nə tərcüməçi kimi məşhurdu. Amma “Şərqdə 1001 gün”, “Mirzə Şəfinin nəğmələri”, “Mirzə Şəfinin irsi”nin üçləməsinin çıxmasından 40 il ötəndən sonra bu kitablar təəccübdoğuracaq sürəkliliklə - 145 dəfə nəşr edilir. Daha 30 il keçir. Artıq XX əsrdir. Ancaq o kitablar əvvəlki populyarlığını saxlamaqdadır. 1924-cü ildə həmin kitablar artıq 170-ci dəfə idi ki, təkrarən çap olunurdu. Bu, qeyri-adi nəşr hadisəsi idi. Avropada o dövrdə Şərqdən bəhs edən heç bir kitaba belə ifrat maraq göstərilməmişdi. Nəinki bir əcnəbi müəllifin, heç Qərbin özünün adlı-sanlı şairlərinin, yazıçılarının əsərləri belə iri olmayan vaxt kəsiyində bunca aramsız ardıcıllıqla nəşr edilməmişdi.

Cəzb edən Mirzə Şəfinin o kitablardan boylanan şəxsiyyəti, cəzb edən Vazehin həmin nəşrlərdə yer alan, Qərb ruhuna uyğunlaşdırılaraq çevrildiyindən Avropa insanını təsirindən buraxmayan şeirləri idi.

Fridrix Bodenştedtin kitablarının ədəbi meydana çıxaraq Avropada Vazehi belə sürətlə tanıtması, ona geniş kütlələrin məhəbbətini yaratması və həmin kitabların özlərinin bunca qeyri-adi ardıcıllıq və tirajla nəşri istər-istəməz yada Qərbin ədəbi həyatındakı başqa bir sensasiyalı hadisəni salır.

Ömər Xəyyam Nişapuri (1048-1131) Şərq dühasının yetirdiyi nadir təfəkkür sahiblərindəndir. O, misilsiz riyaziyyatçı, qeyri-Evklid həndəsəsini yaradan ilk böyük Şərq alimlərindən biri, Nişapurda rəsədxana qurmuş, “Zici-Elxani” kimi məşhurlaşan və indi istifadədə olan astronomik təqvimdən də dəqiq işləyən cədvəllər düzəltmiş böyük astronom idi. Nə müasirləri Ömər Xəyyamı şair hesab etmişdi, nə o özü bu iddiada olmuşdu, Şərq də bütövlükdə XIX yüzilliyin ortalarına qədər Ömər Xəyyamı bir şair olaraq tanımırdı. Lakin qismət elə gətirdi ki, o nəhənglikdəki elmi irsi qaldı bir qıraqda, Xəyyam dünyada daha çox məhz şair kimi məşhurlaşmağa başladı.

1859-cu ildə az tanınan ingilis şairi və tərcüməçisi Edvard Fiscerald bir şərqşünas dostunun bələdçiliyi ilə 100 Xəyyam rübaisini ingilis dilinə tərcümə edir və adını da “Kuzənamə” qoyaraq ayrıca kitab kimi nəşr etdirir. Ancaq gözləntilərin əksinə olaraq, bu kitab dükanlarda görünsə də, müştəri yığa bilmir. Kitaba şöhrət heç ağla gəlməyən səmtdən - dənizdən gəlir.

Uzunmüddətli dəniz səyahətinə çıxan bir gəminin kapitanı, hər dəfəki kimi, səfər öncəsi ənənəvi tədarüklərini görür. Su və yemək ehtiyatı, dava-dərman, texniki vasitələr götürür, gəmi təsərrüfatı üçün gərək olan digər hazırlıqların qeydunə qalır, yol boyu matrosların bekar vaxtlarında oxuması üçün xeyli şəkilli jurnallar, irili-xırdalı kitablar da almaq istəyir. Girir kitab dükanlarından birinə, alıcısı olmadığından rəflərdə yığılıb qalmış, yaxşı satılmadığından qiyməti də ucuzlaşdırılmış həmin “Kuzənamə” kitabından bir dəstini götürür.

Həftələrlə uzanan səfər əsnasında dənizçilər asudə saatlarında “Kuzənamə”ni də vərəqləyir və hərəsi bitkin əsər olan Xəyyam dördlükləri onları tilsimləyir. Sahilə qayıdınca “Kuzənamə”dən oxuduqları şeirlər barədə dost-tanışa söz açırlar, hamı başlayır o kitabı axtarmağa. Artan oxucu tələbatı tezliklə kitabın yeni, həm də daha böyük sayda nəşrinə gətirib çıxarır. Qısa zamanda rübailərə maraq ildırım sürəti ilə artır, nəşr nəşr ardınca gəlir, Xəyyam Şərqdə olduğundan daha artıq Qərbdə, əvvəlcə İngiltərədə, sonra Amerika Birləşmiş Ştatlarında məşhurlaşmağa başlayır. Başqa bir ingilis şairi Edvard Tennison bu hadisəni, Ömər Xəyyamın Qərb oxucusu tərəfindən kəşfini günəşə bənzər bir planetin Kainata atılması kimi dəyərləndirirdi. Həmin qiymətləndirməni eynən Mirzə Şəfiyə də aid edə bilərik. Onun da Avropa üçün açılması zil qaranlıq səmada görünən bədirlənmiş ay, ani işığı dördbir yanı bürüyən şimşək parlayışı kimi idi.

1870-ci illərdə artıq Mirzə Şəfi adı Qərb şeirsevərləri arasında Avropanın ən sevimli şairləri qədər tanınır və sevilirdi, hər halda oralarda Azərbaycandakından müqayisəyəgəlməz dərəcədə şöhrətli idi.

Yaşının əllisində Fridrix Bodenştedt keçmişə təzədən baxmağı, bunca uca şöhrət zirvəsinə qaldırdığı Mirzə Şəfi və onun irsinə də yeni gözlə münasibət bildirməyi qət edir. Mövzunu davam etdirərək əvvəlcə iri bir məqalə, ardınca da kitab yazır. Bəyan edir ki, hamıya tanış kitablarda Mirzə Şəfinin adıyla verdiyim şeirlərin müəllifi əslində mən özüməm. Mirzə Şəfi nəğmələri adı ilə qələmə verilən şeirlərin Şərq ruhunda öz ədəbi gəzişmələri olduğunu Bodenştedt rəsmən yazıb-yayandan sonra bitəcəyi görünməyən bir mübahisə başlanır.

Mirzə Şəfininki kimi bilinən və artıq başqa dillərə də çevrilmiş mənzumələrin əsl sahibinin kimliyi ətrafında mübahisələr getdikcə qızışmağa başlayır. Bodenştedtin sözünü həqiqət kimi qəbul edənlər də, dedikləri doğrudursa, bəs niyə illərcə susaraq səsini çıxarmamasını ona irad tutanlar, bu cəhdi ədəbi qəsb kimi qəbul edənlər də tapılır.

Orta əsrlərdə müsəlman Şərqində nəzm əsərinin tərcüməsinə Qərbdəkindən seçkin baxış bərqərar idi. Bir şair hansısa başqa şairin məsnəvisini şeirlə tərcümə edirdisə, ona tam müəlliflik haqqı tanınırdı. Yəni Qərb adamı onunçün oturuşmuş hesab edilən meyarlara uyğun olaraq şərqli bir şairin digər şairin məsnəvisindəki vəzni, süjet xəttini, obrazlar sistemini olduğu kimi saxlayaraq eyni adla nəzirə əsər yaratmasını birbaşa plagiat saya bilər. Belə qənaətə gələnlər keçmişlərdə də az olmayıb. Ancaq Şərq ənənəsi və ədəbi zövqü həmin nəzirələrin hər birini orijinal əsər sayırdı, hətta birbaşa, sətirbəsətir olunan tərcüməni də bunu yerinə yetirmiş müəllifin öz əsəri adlandırmada tərəddüd etmirdi.

Bodenştedtə qarşı sərt davranmış, onu qətiyyətlə ədəbi mənimsəmədə ittiham etmişlər heç vaxt Vazehin bircə dənə belə şeirini örnək gətirərək tərcümə ilə tutuşdurmamışlar. Hətta qarşılaşdırmaqçün belə nümunəni tapsaydılar belə tutuşdurulunca görünərdi ki, bu, dəqiq yox, dolayısı ilə tərcümədir, mənanı, məzmunu götürərək həmin istiqamətdə avropalıcasına edilmiş bir improvizədir. Buna mən Edvard Fiscerald tərcümələri ilə Ömər Xəyyam rübailərinin əslini tutuşdurarkən bilavasitə şahid olmuşam. “Kuzənamə”dəki bircə dördlüyün də “Rübaiyyat”da tam qarşılığını tapmaq mümkün deyil. Hər Fiscerald tərcüməsi hansısa Xəyyam rübailərinin havasında qələmə alınıb.

Bodenştedtin təqdim etdiyi “Nəğmələr” də elə bu təhər. Həm də başlanğıcda Mirzə Şəfi şeirləri kimi nişan verilmiş həmin tərcümələrçün təkan nöqtəsi yalnız Vazehin şəxsən yazdıqları yox, həm də digər klassiklərdən olan, dərslərdə Fridrixə şifahi söylədiyi, yaxud yazdırdığı şeirlər idi.

Və onların da birbaşa çevirmələri yox, o müstəvidə gəzişmələr.

Bəzən hansısa həqiqətlər tül pərdə ardından daha cazibəli görünür. Xəfif örtüyün gətirdiyi laübalılıq, müəyyən məchulluq aradan götürülürkən bəzən həqiqətin təntənəsindən daha artıq xəyal qırıqlığı yaranır.

Mirzə Şəfi Vazehlə Bodenştedt macərasında da pərdələri yox etmək, guya həqiqətin dibinə enmək səmtində israrlar bizi indiki daha cazibəli olan mənzərədən aralı sala bilər.

Əsl həqiqət budur ki, o şeirlər həm Mirzə Şəfi Vazehindir, həm də onlara yeni həyat vermiş Bodenştedtin.

Qədirbilən olaq və heç vaxt unutmayaq ki, Fridrix Bodenştedtin kitabları doğulmasaydı, bizim o Mirzə Şəfi irsinə də əlimiz çatmazdı.

Təkcə ədəbi mirasınamı? Bodenştedt şairimizin çevrəsini, dərslərinin gedişini, “Divan-i hikmət”inin gündəlik həyatını da tarixçün əbədiləşdirib. Adətkərdə olduğumuz təzkirə üslubunda deyil, bir avropalı jurnalist, reportyor səbkində görümlü və gerçək səhnələri sabaha ötürüb.

“Şərqdə 1001 gün”də Fridrix Bodenştedt müəlliminin “Ustad dərsləri”ndən bəhs edir, avropalı öyrənciləri ilə necə işlədiyini nişan verir: “Qış fəsli idi. Mirzə Şəfinin tanıdığım yerli şagirdlərindən biri və Almaniyadan iki nəfər də ondan dərs alırdı. Almaniyadan olanların biri təbiət və tarixlə, ikincisi isə dilşünaslıqla məşğul olurdu. Həmin şagirdlərdən biri səyyah olduğuna görə məqsədimiz bir-birinə uyğun idi. Odur ki, mən onunla yaxından dostluq edirdim. Biz birlikdə oxuyar, birlikdə şəhərin küçələrini gəzib dolaşardıq. Axşamlar isə Mirzə Şəfinin dərslərini dinləyərdik. Tiflisin başqa yerlərindən Azərbaycan və fars dillərini az-çox bilən tələbələr də Mirzə Şəfinin dərslərinə gələrdilər. Mirzə Şəfinin rəhbərliyi ilə əsl “Divan-i hikmət” məclisi başlayardı. Dərnəkdə əvvəlcə ustad özü şeirini oxuyar, sonra həmin şeirlərin qafiyəsi və məzmunu barəsində danışıb bizi başa salardı. O, tələffüz üzərində ciddi dayanardı”.

Mirzə Şəfidən fərqli olaraq, XIX yüzil ədəbi-elmi-mədəni və ictimai-siyasi gerçəkliyimizin möhtəşəm siması Abbasqulu ağa Bakıxanovun həm elmi, həm bədii irsi bizə tam halda gəlib çatıb. Əvəzində bunca göz qabağında ola-ola, həm də məsafəcə bizə yaxın Abbasqulu ağanın həyatının gerçək səhifələri ilə əlaqədar mənbələrdəki soraqlar lap seyrəkdir. Bodenştedt bu məqamda da dadımıza yetir. “Şərqdə 1001 gün”də onun canlandırdığı həyatla daşan səhnələrdə Mirzə Şəfi Vazeh də, Qüdsi də cazibədar görüm bucaqlarından seyr edilir. Həm də hekayətini edə-edə Bodenştedt elə xırdalıqlara toxunur ki, onun qələminin digər təfərrüatları işıqlandırarkən doğruçuluğuna iman gətirirsən. Bodenştedt “Divan-i hikmət” toplantılarından birində Abbasqulu ağanın Vazehin yanındaykən “Fatma tar çalır” adlı şeirini oxumasından söz açır. Qüdsinin “Divan”ında, həqiqətən də, belə bir şeir var və həmin qoşqunun bir şeir olaraq gözəlliyindən əlavə o əhəmiyyəti var ki, əski şeirimizdə bir tarzəni vəsf edən tək mənzumədir. Bu şeir həm də mədəniyyət, musiqi tariximiz, ictimai həyatımız baxımından o mənada çox dəyərlidir ki, öyülən tarçı - qadındır, tar bir azərbaycanlı xanımın sinəsindədir və Qüdsinin xeyirxah yolgöstəriciliyi ilə şeirin mücərrəd bir tarzənə yox, adı bəlli bir ifaçıya həsr olunduğu da elə şeirin sərlövhəsindəncə aşkarlanır. Tarın çalındığı Orta Asiyadan Qafqaza, buralardan İrana, Əfqanıstana, lap Kərkük ellərinəcən heç bir yazılı qaynaqda o dövrdə və ondan sonrakı xeyli müddətdə nəinki adı, nam-nişanı bəlli qadın tarzən haqda işarə belə yoxdur, ümumən heç qadınla tarın yanaşı xatırlanmasının izinə-sorağına rast gəlinmir. Abbasqulu ağasa gördüyünü şeirləşdirib, Bodenştedt də Qüdsinin həmin qoşqusunu Vazehin məclisində özünün oxumasını tarixi qeydiyyata salıb.

Əlində titrərkən o nazik tellər,

Sonsuz həyəcanla titrədi qəlbim.

O incə, o şirin, dadlı nəğmələr

Fələyə qaldırdı ruhumu mənim.

Bodenştedt Qüdsinin bu şeirinin adını çəkib onu Vazehin məclisində oxumasını yazanda bizim həmin mənzumədən xəbərimiz yoxdu. Unudulmaz ədəbiyyatşünasımız Məmmədağa Sultanovun Abbasqulu ağanın ana dilindəki şeirlərinə farsca yazdıqlarını da tərcümə edib qatmaqla nəşr etdiryi “Divan” Azərbaycan oxucusunun əlinə yetişəndə “Şərqdə 1001 gün”ün ilk çapından bir əsrdən də artıq vaxt keçirdi. Açdıq, oxuduq, gördük ki, Qüdsinin “Fatma tar çalır” adlı mənzuməsi, həqiqətən, varmış. O çağacansa heç kəs qətiyyətlə təsdiq edə bilməzdi ki, vaxtilə Bodenştedt məclisdə Abbasqulu ağanın “Fatma tar çalır” adlı şeiri oxumasını yazarkən doğrudanmı tarixi həqiqətə əsaslanırdı, ya bu, bir bədii təxəyyül idi. Ancaq vaxtı gəldi, sübutlar-dəlillər yerbəyer oldu və Bodenştedtin o gün Qüdsinin məhz həmin şeiri oxuması haqda xəbəri indi bu alman müəllifin özünün də şahidi olduğu hadisələri təsvir edərkən heç nəyi uydurmadığının, olanı yazmasının əlavə bir təsdiqinə çevrildi.

Fridrix Bodenştedt sonralar həmişə yaddaşında aydın lövhələri ilə qalacaq Tiflis məclislərində Vazehlə həmsöhbət gördüyü Abbasqulu ağa Bakıxanovu belə göstərirdi: “Mirzə Şəfidən dərs aldığım günlərdə tanış olduğum adamlar içərisində biliyinə və tutduğu vəzifəsinə görə ən görkəmlisi Bakı xanlarının nəslindən olan Abbasqulu xan idi. O, dərin, hərtərəfli biliyi, bacarığı, yüksək mədəniyyəti ilə fərqlənirdi. Abbasqulu xan Moskvada, Peterburqda olmuş, rus dilini mükəmməl öyrənmişdi. Onun bədii cəhətdən qüvvətli şeirləri, elmi əsərləri, xüsusən tarixə aid əsəri bu ölkədə yaşayan xalqların böyük məhəbbətini qazanmış müəllifin adını Bakının nüfuzlu adamları yanında şöhrətləndirmişdi. Yazdığı əsərlər bədii və elmi cəhətdən kamil olduğuna görə tənqid üzü görməmişdi. Onun hərəkətlərində iki şey özünü daha qabarıq büruzə verirdi: bilik və sadəlik. O, görüb etmədiyi şey haqqında tələsik fikir söyləməzdi. Ətrafındakı adamlarla da elə davranardı ki, heç kəs ondan inciməzdi. Bir gün Abbasqulu xan “Divan-i hikmət” dərsində bizi öz hikmətləri ilə tanış etdikdə Mirzə Şəfi onun haqqında tərifli sözlər deyib, böyük alim olduğunu qeyd etdi. Bu tərif hər ikisində böyük ruh yüksəkliyi oyatdı. Onların arasında başlayan geniş, qızğın, həm də səmimi mübahisələr hər ikisini xoşhal etdi. Onlar “Quran”dan, Sədidən, Hafizdən, Füzulidən şeirlər oxuyaraq bunların yer üzündəki bütün hikmətlərin timsalı olduğunu söylədilər. Mübahisələr sürətlə getdiyindən bu barədə rabitəli bir şey yaza bilmədiyimə görə çox təəssüflənirəm. Mən bu görüşümüzdən yadigar saxlamaq üçün Abbasqulu xana yaxınlaşıb bir şeir yazmasını xahiş etdim. O, xahişimi qəbul edərək mənə “Fatma tar çalır” şeirini verdi. Mirzə Şəfi şeirin gözəlliyini tərifləyib, bu əsərin müəllifinə yüksək şərəf və şöhrət qazandıracağını söylədi”.

Bodenştedt şeirin həmin gün oxunsa da, əlyazmanı ona Abbasqulu ağanın ertəsi gün bağışladığını bildirir. Belə bir güman da yaranır ki, ola bilsin, həmin şeir elə o gün o məclisdə yaranıbmış, tar çalan Fatma da elə həmin məclisdə imiş.

Aleksandr Dümanın Şamaxıda qonaq olduğu məclislərdəki musiqiçi qadınların iştirakı, məşhur yazıçının onlarla zarafatlaşmasının hekayəti bəllidir. 1840-1855-ci illərdə Cənubi Qafqazda hərbi xidmətdə olan rus rəssamı Qriqori Qaqarinin az qala fotoşəkil dəqiqliyi ilə elə həmin Şamaxıda çəkdiyi rəsm də qalmaqdadır ki, bizə o yığnaqdakıların yalnız surətlərini deyil, dəqiq adlarını da çatdırır. Rəqqasə Sonanın, gənc rəqqas Hikmətin, Sonaya əl çalan rəqqasələr Rəna və Nisənin, həmin musiqi məclisindəki Səkinənin, İzzətin, Məleykənin, Qəndixanımın əks olunduğu bu tablo və təqribən eyni tarix kəsiyində Tiflisdəki bir azərbaycanlı məclisində tar çalan Fatmanın varlığı daşdan keçən tarixi sübutlardır ki, qadınımızın cəmiyyət həyatında, sənət fəzasında fəal yerini göstərir.

...Ay-ulduz, əlvan çiçəklər, şamla pərvanə, sərv qamətli, qələm qaşlı gözəllər daim Şərq şeirini süslədiyi kimi, saqi də, şərab da, qədəh də klassik farsdilli, ərəbdilli, türkdilli ədəbiyyatdan heç vaxt əskik olmayıb. Şərq şeirinin, o sıradan Azərbaycan ədəbiyyatının əsrlər boyu yaranmış sıra-sıra qəzəllərinə, qəsidələrinə, rübailərinə səpilmiş sürahili, badəli, meyli misralar heç də yalnız birbaşa mənada qavranılmamalıdır. Şərab deyərkən Şərq şeiri, o sıradan Azərbaycan klassik poeziyası həm də məcazi mənada vəhdət meyini nəzərdə tuturdu.

Mirzə Şəfi Vazeh yeni günün adamı, təzə düşüncənin daşıyıcısı olsa da, həm də köhnə kişilərdən idi, klassik ədəbiyyatdan dərs almışdı. Həmin ənənələri şeirində davam etdirməkdə idi. Onun da ən müxtəlif qoşqularında peymanələrdə mey ləpələnir. Ancaq müasirlərinin xatirələrinə görə, onun şeirlərindəki mey heç də həmişə xəyalən nuş edilən vəhdət meyi anlamında deyil. Elə özü də həyatda da meyə-məzəyə biganə deyilmiş. Qatıldığı məclislərdə, elə “Divani-hikmət”də ziyafət əsnasında süfrə şərabsız qalmazmış. Bunu Fridrix Bodenştedt gözü ilə görmüşdü, gördüyünü kitabına da salmışdı və alman ədibin o xatirəsində də Abbasqulu ağa var. Yox, ömrü həcc ziyarəti gedişində bitmiş Abbasqulu ağa şəriət qaydalarına səliqə ilə əməl edən saleh bir adamdı, ömrü boyu da dilinə şərab dəyməmişdi.

Fridrix Bodenştedtin təsvir etdiyi bir başqa gündə yenə Abbasqulu ağa Vazehlə görüşə gəlibmiş. Qüdsi təşrif gətirir, əyləşib Vazehlə bir qədər söhbət edir, xudahafizləşib gedir. Bodenştedt yada salırdı ki, süfrə açılmışdı, ortada şərab da vardı, amma nə qədər ki Qüdsi məclisdə idi, Mirzə Şəfi şəraba əl uzatmadı. Abbasqulu ağa çıxıb gedəndən sonra Bodenştedt müəllimindən soruşur ki, niyə Abbasqulu ağa gələndən sonra şəraba əl vurmadınız? Mirzə Şəfi də qayıdır ki, birincisi, o, məndən yaşca böyükdür. İkincisi də, o, dindar bir adamdır, şərab içmir. Mən şərab içsəydim, ona qarşı hörmətsizlik etmiş olardım.

Bu minvalla Bodenştedt bir tərəfdən Vazehli və Abbasqulu ağalı çağların daha bir unudulmaz anını dirildirsə, digər yandan da bu xatirəsiylə Mirzə Şəfinin təbiətindəki nazikliyi, kübarlığı, yüksək ədəb-ərkanı əyan edir.

Mirzə Şəfi ölçü bilən, yol gözləyən, könlünə yatdı-yatmadı riayət olunmalı qaydalardan kənara ayaq basmayan, qəliblərlə barışan bir insanmış. Bir qərblinin gözləri onu belə görürdü.

Ancaq Mirzə Şəfinin içərisində Vazeh də vardı axı! Etirazçı, cızılmış hüdudlara sığmayan, lazım gələndə nəinki özü, hətta başqalarını da çərçivələri sındırmağa səsləyən çılğın şair. Elə imiş ki, bu gün də yaşayır! Elə imiş ki, axarında olduğu vaxtın da sərhədlərinə yerləşməyib, o üfüqləri də aşaraq indiyə çatıb, hələ buradan da gələcəkdəki çox uzaqlara doğru yolunu davam etdirəcək.

30 iyun 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see201

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see120

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see117

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see116

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see113

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see112

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see112

Xameneidən 25 gündür xəbər YOXDUR

05 İyul 2025 20:27see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see111

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri