Özündən sonra bizə elə bir qürur hissi qoyub getdi ki...
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən ilin son günlərinə yaxın toplum olaraq böyük faciə yaşadıq. Daha dəhşətli, ağır nəticələrlə üzləşə bilərdik, lakin vəzifə və vətəndaş məsuliyyətini, insani cavabdehliyi öz həyatından üstün tutan peşəkar bir əl bacardığı qədər bunun qarşısını ala bildi - xilas etdiyi 27 nəfər insan taleyi ilə bərabər, onların sayı qədər də ailənin kədər qarışıq sevinci oldu. Fəqət, bir tək öz ailəsindən savayı...
Söhbət ötən il dekabrın 25-də Rusiya ərazisində terrora məruz qalan Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından və təyyarə kapitanı, Azərbaycanın Milli Qəhrəmanı İqor İvanoviç Kşnyakinin öz komandası ilə birlikdə göstərdiyi şücaətdən gedir.
Əslində hər şey adi iş günü kimi başlamışdı. Evdən çıxanda həmişəki kimi "Uğurlu yol" sözünü də eşitmişdi, qısa aradan sonra çıxdığı qapını yenidən döyüb isti ocağına dönəcəyinə də əmin idi. Amma bəzən geri dönüş olmur - qapı döyülmür, səslər kəsilir, telefon birdəfəlik susur. O andan da bir ailənin taleyi iki yerə bölünür - əvvəl və sonra...
Bizi bu qapıya gətirən də həmin o "sonra" oldu. Qapının arxasında bir ailənin səssiz dərdi, yeniyetmə çağında ataya böyük ehtiyacı olan iki qız və hər şeyə rəğmən, ayaq üstə dayanmağı bacaran bir dərdli qadın var idi.
Həmsöhbətlərimizi təqdim edək: Milli Qəhrəman, təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin xanımı Yana Aleksandrovna Kşnyakina və onların iki qızı Anastasiya və Darya Kşnyakinalar.
- 2005-ci ilə qədər Xarkovda Yana Aleksandrovna Vilkova adlı gənc bir xanım yaşayıb...
Yana Kşnyakina:
- Elədir ki var. Ukraynalıyam, Xarkovda doğulmuşam, ömrümün 27 ili o yerlərlə bağlıdır. Amma heç zaman düşünməzdim ki, taleyimdə öz torpağımdan ayrılıb başqa bir ölkədə yaşamaq, yuva qurmaq kimi bir qismətim olacaq.
- Deməli, qismət özü ayağınıza gəldi...
- İqorla tanışlığımız Xarkovda kiçik bir kafedə başladı. O zaman AZAL Ukraynadan AN-140 təyyarələrini alırdı, İqor da təkmilləşmə keçmək üçün göndərilən qrupun tərkibində idi. Tale bizi belə qarşılaşdırdı. Onun orada olduğu bir ay müddətində qismən də olsa bir-birimizi tanıdıq. Bakıya qayıdandan sonra əlaqələrimiz telefon zəngləri, mesajlarla davam etdi. Təqribən iki aydan sonra məni Bakıya dəvət elədi. Düzü, dəvəti qəbul etməkdən bir qədər ehtiyatlanırdım. Tanımadığım yad bir ölkə, həm də bizlərdə elə düşüncə vardı ki, burada hələ də müharibə davam edir. Hətta yaxınlarım da deyirdilər ki, hara gedirsən, oradakı atışmalardan qorxmursan? Mənsə düşündüm ki, gəlim və hər şeyi gözlərimlə görüm. İqorun dəvətini qəbul edib Bakıya gəldim.
- Təbii ki, Bakını sevdiniz...
- Şəhəri çox bəyəndim, müharibə şəraiti görmədim. Bir həftəyə kimi qaldım və özlüyümdə qəti qərara gəldim ki, onun ailə qurmaq təklifini qəbul edəcəyəm. İqor məni yola salanda tək bir cümlə dedi: "Mən səni gözləyirəm". Qayıdanda artıq bilirdim ki, Bakıya birdəfəlik geri dönəcəyəm, lakin o zaman bunu ona deməyə utandım. Bir aydan da az müddətdə bütün işlərimi həll edib işimdən ayrıldım, 2005-ci ilin may ayında təməlli olaraq Azərbaycana gəldim.
- Yəqin ki ailənizdə etiraz edənlər oldu...
- Atam fikrimi anlayışla qarşılayıb dedi ki, həyat sənindir, elə yaşdasan ki, ağıllı şəkildə həyatını qura bilərsən. Lakin nənəmi yola gətirmək mənə çətin oldu. Heç cür mənimlə razılaşmaq istəmirdi. 16 yaşımda anamı itirdiyimdən nənəmin mənim üzərimdə əməyi, qayğısı çox olub. Onun razılığını almamaq mənə çox ağır yük olardı. Bir həftə gecə-gündüz onu yola gətirməyə çalışdım. Nənəmə görə mənim cəmi bir həftə gəzib-gördüyüm yad ölkəyə birdəfəlik getmək qərarım ağılasığmaz hərəkət idi. Ona düşüncəsinə görə hər şeyi ölçüb-biçmək, bundan sonra qərara gəlmək lazım idi. Onu əmin edərək dedim: "Görsəm ki, bir narahatlıq var, ilk fürsətdə geri qayıdacağam" Beləcə sonda nənəmin razılığını ala bildim.

- Yəni bir həftə kifayət etdi ki, kapitanı tanıya biləsiniz...
- Bəli, kifayət etdi. Ən əsas onun çox etibarlı insan olduğunu anladım. Bir də onu anladım ki, mənim burada xoşbəxt yaşamağım üçün İqor hər şəraiti yaradacaq. Mən gördüm ki, mehriban, sevgi dolu, səxavətli, qətiyyətli, sözünün üstündə dayanmağı bacaran bir insan var qarşımda və bu insanın həmin anda 43 yaşı vardı, yəni güvəniləcək yaşda idi İqor. Hərçənd ki, o, həmişə deyirdi ki, qətiyyətli olmaqda mənə sən təkan verirsən. Belə deyim də, yaşadığımız iyirmi ildə bir-birimizi tamamlaya bildik.
- Amma işləmək, çalışmaq istəmədiniz...
- İstəmədim demək düz olmaz. Başlanğıcda dil problemi vardı. Sonra uşaqlar dünyaya gəldilər və onlarla məşğul olmağa başladım. İşləməli olsaydım, gərək İqor mənə kömək edəydi, lakin onun buna imkanı yox idi. Bu səbəbdən mən sırf ailə ilə məşğul olmağa başladım. Artıq qızlar böyüyəndən sonra bu haqda fikirləşsəm də, yenə də qarşımda dil bilməmək kimi bir problem qalmaqda idi. Bir yandan yaş məsələsi. Beləcə, bu məsələ olduğu yerdə də qaldı.
- Amma Azərbaycan dili o qədər çətin deyil...
- Təəssüf ki, öyrənə bilmədim, amma hər iki qızımıza doğulub yaşadıqları, vətəndaşı olduqları ölkənin dilini bilməyi vacib, mütləq hesab etdiyimizdən, məktəbdə keçirilən dərsdən savayı, beşinci sinifdən hər ikisi əlavə olaraq Azərbaycan dili dərsləri aldılar. İndi onlar mənə yardım edir, çətin məqamda köməyimə çatırlar. Demək olar ki, iki tərcüməçim var.
- İndi isə qəhrəman kapitanın qızlarını tanıyaq...
Anastasiya Kşnyakina:
- Kiçik ailəmizin ilk övladıyam, adım Anastasiyadır, lakin hamı məni qısaca olaraq Nastya deyə çağırır. ADA Universitetinin birinci kurs tələbəsiyəm. Hansı sahə üzrə gedəcəyimi hələ müəyyənləşdirməmişəm. Arzum həmişə atamın peşəsini davam etdirmək olsa da, o, heç zaman buna razılıq vermədi. Nə qədər qərarlı olsam da, inad göstərsəm də, sonunda təslim oldum. Bu fikrimi dəstəkləyən yeganə insan anam idi. Həmişə mənim mövqeyimdən çıxış etsə də, o da atamı fikrindən daşındıra bilmədi.
- Yəqin peşəkar mütəxəssis kimi bildiyi səbəblər üzündən kapitan sizi qoruyub, çünki o, ata idi...
- Səbəb olaraq əsas onu deyirdi ki, bu, qız peşəsi deyil, bunun arxasında çox məqamlar vardı. Mən emosional, çılğın xarakterliyəm. Həmişə deyirdi: Elə bir məqam yarana bilər ki, vəziyyətdən tez çıxmaq üçün düşünmədən səhvə yol verə bilərsən, amma pilot heç zaman insan həyatına cavabdeh olduğunu unutmamalıdır. Yalnız bu məsələdə fikirlərimiz haçalanırdı. Əvvəl-əvvəl israr edirdim, hətta imtahanlara da hazırlaşırdım. Bəzən nəyisə anlamayanda atama müraciət edirdim. O isə boyun qaçıraraq deyirdi ki, özün axtar tap. Fikirlərimi anamdan daha çox atamla bölüşürdük. Atamla aramızda elə böyük sirlərimiz vardı ki, anam hələ də onlardan xəbərsizdir. Mənə ən yaxın insan atam olub. Onun verdiyi məsləhət də, göstərdiyi istiqamət də dərhal hər şeyi yoluna qoyurdu. İnsana stimul vermək bacarığı yüksək idi. Mən atamdan motivasiyanı daha çox alırdım, nəinki anamdan. Əgər yeri gələndə anamdan danlaq eşidirdimsə, atam o dəqiqə deyirdi ki, Nastya ilə özüm danışacağam. İkilikdə mənimlə söhbətləşərdi, deyə-gülə hər şeyə aydınlıq gətirərdi, ondan gələn stimul məni çox rahatladardı. Həmişə dediyi bir söz vardı: Nə qədər mən sağam, heç nədən qorxma, dərslərinlə məşğul ol, gələcəyini düşün.
Yana Kşnyakina:
- Qızların gündəlik qrafiki çox sıx olurdu. Məktəb, əlavə hazırlıqlar, gimnastika, rəqs - bütün günü qa qaçaqaçda olan qızlar axşam gec saatlarında nəfəs almağa macal tapa bilirdilər. Divanın sol küncü İqorun yeri idi. Elə ki görürdü bir qədər boşluq var, oturduğu yerdən səslənərdi: Hə, qızlar, çay içirik? Dərhal qızlardan cavab gələrdi ki, içirik, içirik. Bunu eşidən kimi yerindən qalxar, hamıya çay süzərdi. Kiçik qızımız çayını dərhal içib otağına keçərdi, mən televizor arxasında olardım. Lakin İqor və Nastya bir fincan çayla saatlarla mətbəxdə söhbət edərdilər, mən yalnız səslərini eşidirdim. Demək olar ki, atasının keçdiyi ömür yolundan Nastya ətraflı məlumatlıdır.
- Biz də tanıyaq qəhrəmanımızı...
- Bakıda doğulub, 102 saylı məktəbi bitirib. Bildiyim qədər yaxşı oxuyan, davranışına fikir verən şagird, pis vərdişlərdən uzaq biri olub. Atası neftçi, anası pediator idi. Ata İqoru davamçısı kimi görmək istəsə də, o, məktəb vaxtından pilot olmaq arzusu ilə böyüyüb. Bu məlumatları qızım daha yaxşı bilir.
Anastasiya Kşnyakina:
- Atam əvvəl kosmonavt olmaq istəyib. Lakin babam onu neftçi görmək istədiyindən atamın fikrinə qəti etiraz edib. Buna baxmayaraq, atam pilot olmaq qərarından dönməyib. Onu dəstəkləyənsə təkcə nənəm olub. Atamın söhbətlərindən bilirəm ki, SSRİ dövründə Azərbaycanda gənclərin respublikadan kənarda təhsil alması üçün böyük imkanlar yaradılırdı və o da bundan istifadə edərək pilot ixtisası üzrə Ryazan Vilayətinin Sasovo Mülki Aviasiya Uçuş Məktəbinə qəbul olunub. İmtahanlardan sonra nənəm onun nə neft ixtisası üzrə, nə də kosmonavtika sahəsi üzrə siyahıda adına rast gəlir. Atamın adını pilot siyahısında görəndə, təəccüblənir, çünki onun bu sahə üzrə gedəcəyini bilməyib. Buna baxmayaraq, oğlunun bu uğuruna çox sevinib. Lakin atamın ikinci ali təhsili də vardı. Daha sonra o, Rusiya Dövlət Hidrometereoloji İnstitutunu da bitirib.
- Bu arada bayaqdan söhbətlərə qulaq asan Daryanı da eşidək...
Darya Kşnyakina:
- 15 yaşım var, 214 saylı məktəbin 9-cu sinfində oxuyuram. Bacımla birlikdə Azərbaycanın Milli gimnastika komandasının üzvüyəm, rəqslə də məşğul oluram. Nədənsə atamın məni gələcəkdə prokuror kimi görmək istəyi vardı həmişə. Amma bu sahəyə marağım yoxdur. Düşünürəm ki, seçimim aviasiya üzrə ola bilər. Bayaqdan söhbəti dinləyirəm və özlüyümdə bir müqayisə apardım. Bir vaxtlar babam atamın ümumilikdə aviasiya sahəsinə getməyini istəməyib. Zamanla atam da bacımın onun yolunu davam etdirməsinə qarşı çıxıb. Məndə belə fikir yaranıb ki, atalar üçün ilk növbədə övladlarının təhlükəsizliyi vacibdir. Hər övlad üçün valideyini hamıdan yaxşıdır, fərqlidir. Təbii ki mənim üçün də elədir. Mən ona təkcə ata, ailəsinə münasibətdə çox qayğıkeş insan, anama isə onun həyat yoldaşı kimi baxmamışam. Mən daxilimdə atamı həmişə bir qəhrəman sanmışam. Lakin heç vaxt düşünməzdim ki, atam bir gün həqiqətən ölkəsinin Milli Qəhrəmanı adını daşıyacaq. Onun işi məsuliyyətdən savayı, həm də riskli idi. Atamın on beş min saatdan artıq uçuş təcrübəsi vardı. Atam onun on bir mindən artıq saatını kapitan olaraq həyata keçirib. Amma buna baxmayaraq, hər dəfə işə hazırlaşanda sanki ilk uçuşuna gedirdi. Hər bir ata kimi bizimlə bağlı arzuları vardı və onların gerçəkləşəcəyinə ümidi çox idi.
- Ailə başçısı İqor Kşnyakin...
Yana Kşnyakina:
- Tanrı qarşıma elə bir həyat yoldaşı çıxartdı ki, bunu ancaq arzulamaq olardı. İqor mənə, övladlarına xoşbəxt həyat yaşatdı. Ailə söz-söhbətsiz olmur, 20 il ərzində aramızda heç bir ciddi narazılıq, qalmaqal baş vermədi. Kiçik bir inciklik olanda belə, beş dəqiqə keçməmiş gəlib könlümü alar, üzr istəyərdi. Gözəl aşpazlığı vardı, Azərbaycan mətbəxinin elə bir yeməyi yox idi ki, onu bişirə bilməsin. Son vaxtlar şah plov hazırlamağı belə bacarırdı. Əlinin ləzzəti başqa idi. Mənim vətənim Ukraynanı çox sevirdi. Oradakı müharibəyə qədər hər il məzuniyyətə Ukraynaya gedərdik. Mən qızlarla tətil başlayan kimi gedərdik, İqor məzuniyyətə çıxıb gələrdi, sonra bir yerdə qayıdardıq. Hətta deyərdi ki, təqaüdə çıxandan sonra gəlib burada yaşayacağam, təsərrüfat işlərilə məşğul olaram. Lakin bir dəfə kartof yığımındakı bacarıqsızlığını görəndə dedi ki, bu əllər şturval tutmaqdan savayı heç nə bacarmır. Mən İqoru tərifləməklə heç kəsi yormaq istəmirəm. Təkcə onu deyirəm ki, o, doğulub, böyüyüb, yaşadığı torpağın əsl kişilik xüsusiyyətlərini daşıyan bir insan idi.
- Deməli, Azərbaycanı kifayət qədər tanıya bilmisiniz...
- İqorun sayəsində mən bu ölkəni, bu xalqı, bu insanları tanıdım. Bu xalqın qeyrətli oğullarını mən 44 günlük müharibədə gördüm. Evimizlə yanaşı binada Hərbi Komissarlıq var. Müharibə dövründə döyüşə getmək üçün oradakı izdihamı görəndə hönkürərək ağlayırdım ki, belə də Vətən məhəbbəti olar? Əlbəttə ki, şəhidlərimiz oldu, amma belə oğullar yetişdirən analar var olsun. Var olsun Prezidentimiz ki, müharibə uzun sürmədi və möhtəşəm Zəfərlə başa çatdı.
- Hər gün ailə başçısını, Daşanın dediyi kimi, məsuliyyətli və riskli bir işə yola salan xanımın həyəcanları da olub yəqin ki...
- Gənc yaşlarımda İqorun işi mənə daha çox romantik görünürdü və ona valeh olurdum. Amma heç zaman həyəcan keçirməmişəm, çünki biz tanış olanda onun kifayət qədər təcrübəsi vardı. Həm də ondan heç vaxt həyəcana səbəb olacaq hansısa narahatlıq barədə söhbətlər eşitməmişdim. Nə özü haqqında, nə də aviasiyada çalışan digər komanda üzvləri haqqında. Bir məqamı etiraf etmək istərdim ki, Azərbaycan aviasiyası hər zaman yüksək hazırlıqlı vəziyyətdə olub. Təyyarələrin yaxşı vəziyyətdə olmasına həmişə xüsusi diqqət yetirilib. Bu baxımdan heç zaman həyəcan hissi keçirməmişəm. Beləcə, zaman keçdikcə valeh olduğum İqorun işi sıradan birinə çevrildi. Arxayın idim, bilirdim ki, səhər yola saldığım kapitan axşam evə dönəcək.
- 25 dekabr 2024-cü il... Ölkəni silkələyən qəza günü...
- Həmin gün də həyəcan yox idi. Yeni il qayğılarımız vardı, ona hazırlaşırdıq. Ümumiyyətlə, İqor üçün Yeni il, Novruz bayramı, doğum günləri bir qayda olaraq mütləq yüksək səviyyədə qeyd olunmalı idi. On gün əvvəlcədən nələrin alınacağı, hansı yeməklərin hazırlanacağının siyahısı tutulardı, yəni biz bayram əhvalında idik. Onun narahatlığı həmin günün hava şəraiti ilə bağlı idi, tez-tez sistem üzərindən izləyirdi. Əslində həmin gün İqorun reysi deyildi, hava şəraitinə görə o, başqa ekipajı əvəz etməli oldu. Zəng gələndə etiraz etməsə də, narazılığını da bildirdi. Çünki on gün ərzində ikinci dəfə Qroznıya uçmalı oldu.
Anastasiya Kşnyakina:
- Atam Qroznıya uçmağı sevmirdi. Həm hava şəraitinə görə, həm oranın aeroportu eniş üçün rahat deyildi, həm də uçuşun müddəti çox qısa idi. Deyirdi ki, enişdən sonra oturmağa macal tapmadan yenidən havaya qalxmalı olursan. Onun üçün uzaq reyslər daha maraqlı idi. Bundan əlavə, o, gənc pilotların təcrübə toplamasının daha çox tərəfdarı idi ki, onlar da çətin hava şəraitinə idarə etməyi öyrənsinlər.
Yana Kşnyakina:
- Hava şəraitilə əlaqədar onu da dedi ki, belə gedərsə, yəqin ki, bu gün qayıda bilməyəcəklər. Çünki bir gün əvvəldən o, hava şəraitini izləyirdi, heç bir dəyişikliyin olmadığını gördükdən sonra dedi ki, eniş etsək də, belə davam etsə, geri qayıda bilməyəcəyik. Onların işində sərnişini mənzil başına çatdırmaq mütləqdir və bunun üçün ekipaj mümkün olan bütün hallardan istifadə edir, bir şərtlə ki, insan həyatı üçün təhlükə olmasın. Bu baxımdan o məni xəbərdar etdi ki, sərnişinləri çatdıra bilsək də, geri qayıtmağımız mümkün olmaya bilər. İstənilən halda səni xəbərdar edəcəyəm. Bilirsiniz, pilot üçün qeyri-sabit hava şəraiti stress yaradır. Yalnız bu baxımdan onda narahatlıq vardı, başqa heç nə ağlımıza belə gəlmirdi.
- Və onu yola saldınız...
- Həmin ərəfədə evdə təmir işlərini yekunlaşmaq üzrə idi. Gecələri təmizlik işləri gördüyümdən çox vaxt yatmırdım ki, çatdıra bilim. Baxmayaraq ki, hava şəraitində heç bir irəliləyiş olmadı, o getdi, çünki öz təcrübəsinə arxayın idi. Bilirdi ki, vəziyyətdən çıxa biləcək, sərnişinləri ünvana çatdıracaq. Bu fikirlə də reysə çıxdı. Elə bir hadisə baş verdi ki, o situasiyada belə, İqor peşəkarlığını göstərə bildi, bunu bütün dünya gördü. İnsan həyatını xilas etməyin nə demək olduğunu hamı gördü.
- Qəza xəbəri...
- Səhər saat 6-ya yaxın işlərimi bitirib yatmağa getdim. İki saatdan sonra İqorun ilk evliliyindən olan qızından zəng gəldi. O, AZAL-da işlədiyindən xəbəri ilk olaraq ona çatdırıblar. Və o zəng həyatımızı tamam dəyişdi. Sonra baş verənlərdə bir dumanın içində idim. Evə gələn insan axını, dəqiq məlumatın olmaması, qeyri-müəyyənlik məni o qədər sıxmağa başladı ki, evdə otura bilmədim və aeroporta gedib orada gözləmək qərarına gəldim.
Anastasiya Kşnyakina:
- Xəbərin qeyri-dəqiqliyi bizi çox üzdü. Üç dəfə atamın gah sağ olduğu, gah reanimasiyaya gətirildiyi kimi xəbərlər bizi ümidləndirirdi. Lakin sonda aldığımız dəqiq xəbər hər şeyə nöqtə qoydu. Atam bu şücaəti ilə özündən sonra bizə elə bir qürur hissi qoyub getdi ki, onu ömür boyu layiqincə yaşatmağa borcluyuq. Kaş bircə dəfə ona "Səni çox sevirik" demək imkanımız olardı. Kapitan İqor Kşnyakin bu qəhrəmanlığı ilə bir daha sübut etdi ki, sevdiyi peşə onun üçün hər şeydən üstün olub - ailəsindən də, öz həyatından da...
SÖZARDI: Bəzən elə hadisələri yaşamalı oluruq ki, peşə borcun onlardan yan keçməyə yol vermir. Onlar yaddaşlarda bir ekipajın üç üzvü kimi qaldığından, müsahibələri də ona uyğun təqdim etmək fikrindəyəm. Bu gün kapitanın ailəsilə sizləri görüşdürdük. Yaşasaydı, iki gündən sonra ailəsi ilə - əzizləri ilə birlikdə 63 yaşını qeyd edəcəkdi...
Tamilla M-ZADƏ


