Piterə həmişə qar yağır Ulucay Akifin yeni hekayəsi
Kulis.az Ulucay Akifin "Piterə həmişə qar yağır" adlı yeni hekayəsini təqdim edir.
Təyyarə axşamüstü Pulkovo aeroportuna enəndə saat dördün yarısı idi. Biletdə göstərilən vaxtda şəhərə çatmışdıq. Pilotun şərəfinə çalınan yüngülvari alqışa qoşulandan sonra kəmərimi açdım. Bakıdan Mahaçqalaya taksiylə, ordan da Peterburqa üst-üstə yeddi-səkkiz saat yol gəlmişdim. Mahaçqala hava limanında yatıb qalmaq qorxusuyla gözümü qırpmadan altı saat reysimi gözləməyimi də saysam, bütöv bir günüm yuxusuz keçmişdi, amma heç yorğun deyildim. Gözlərimin altı torbalansa da, xeyli gümrah idim.
İlk dəfə idi, yeni ili evimizdən uzaqda, soyuq şimal şəhərində qarşılayacaqdım, özü də bütün kişilərin nə vaxtsa arzuladığı kimi; rus qadın, şampan, bəxtim gətirsə, bəlkə, qar da yağar...
Təkərli çamadanımı arxamca sürüyə-sürüyə ətrafa boylanırdım. Nəhəng təyyarələr, təyyarələrin arasında o tərəf-bu tərəfə gedən balaca maşınlar, avtobuslar, təyyarələrdən düşən adamlar, təyyarələrə minən adamlar, gözləyən adamlar, yatan adamlar, gülən adamlar, doğmalarını qarşılamaq üçün qırmızı lentin arxasında dayanan adamlar, iri monitorlar, şəhər adları...
Gözüm Svetanı axtarırdı. Məni görən kimi üstümə yüyürdü. Əlimi çamadanımdan çəkib onu bərk-bərk qucaqladım, saçından öpdüm.
– Elə bilirdim, gəlməyəcəksən... – qollarımın arasından çıxan kimi dedi, – iki saatdı burdayam. Tez gəldim ki, birdən sən də tez çatarsan. İndicə İra zəng eləmişdi, dedi, boş yerə gözləmə, səni aldadır, gəlməyəcək.
– Düz deyirmiş? – ciddiyyətlə soruşdum.
– Yox, – deyib güldü.
– Niyə gəlməyim axı? – çamadanımın qulpundan tutub çıxışa tərəf yeridim, – hava necədi?
– Həmişəki kimi soyuq.
Səmada bircə dənə də bulud topası görünmürdü, göy üzü nəhayətsiz bozluğa bürünmüşdü. Zibil qutusunun yanında siqaretimi yandırıb Svetanın gözlərinə baxdım. Çox xoşbəxt görünürdü. Deyəsən, mən də xoşbəxt idim.
– Çox soyuqdu? – soruşdu.
– Yox, – deyib lovğalansam da, onun sualından sonra üşüdüyümü hiss elədim.
– Deyirəm, taksiylə gedək, bəlkə? Tez çataq evə. Gözlərinin altı qaralıb. Yuxusuzsan?
– Yox, avtobusla gedək, maraqlı olar, – sonuncu qullabı da alıb siqareti zibil qutusuna tulladım. Avtobusun ən arxa sırasında oturduq.
– Leysan olacaq! – əminliklə dedi. Həyəcanlı görünürdü, elə bil o da birinci dəfə gəlirdi Piterə. Buqələmun gözləri səmaya uyğun boz rəngə bürünsə də, bəbəkləri parıldayırdı. Gah pəncərədən şəhərə, gah da çevrilib mənə baxırdı. Artıq şüşələrdən yağış damcıları süzülməyə başlamışdı.
– Ora İsakiev kilsəsidi. On doqquzuncu əsrdə tikilib... qırx ilə! Həm kilsədi, həm də muzey, – əli ilə ehtişamlı, qızılı günbəzli kilsəni göstərdi.
– Pravoslav kilsəsidi? – ağlıma gələn ilk sualı verdim.
– Əlbəttə! – təəccüblə mənə baxdı. Söhbətimiz kəsildi.
Bir azdan leysan başladı. Avtobusun şüşələrindən su sel kimi axırdı. İri yağış damlaları avtobusu döyəcləyirdi, elə bil avtobusumuzu daşlayırdılar. Şəhər pəncərədən çox bulanıq görünürdü.
– Nevadı o? – soruşdum.
– Həəə, Nevadı! – uşaq həvəsilə dedi.
– Nə böyük imiş... – şəhəri qılınc kimi ikiyə bölən durğun çaya baxıb dedim.
– Həə, çox böyükdü! – eyni şövqlə dilləndi, – hələ bura dar hissəsidi, əsas hissələrini indi görə bilməyəcəyik, amma mən səni aparacam!
Avtobus yağışı yara-yara Piterin geniş küçələriylə şütüyürdü. Telefonuna zəng gəldi:
– Hə, İra... Hə, yanımdadı. Az qalıb, Admiralteyskidəyik. Aha... Yaxşı... – telefonu kiçik çantasına qoydu, – bacım idi, soruşurdu ki, hardayıq.
– O da olacaq evdə?
– Hə, anam İranın qızı ilə kəndə gedib. Onun işləri var idi deyə qaldı. Narahat olma, çox rahat adamdı. O da sənin gəlməyini həvəslə gözləyir neçə vaxtdı. Sənə aid hər şeyi danışmışam ona, – tərəddüdlə üzümə baxdı.
– Mənə problem deyil, eləcə soruşdum. Çox qalıb çatmağımıza?
– Nevski prospektində düşüb metroya minəcəyik, ordan da üç stansiyadı. Acsan, hə? Yemək hazırlamışıq. Bir az da döz, – deyib, əlimi sıxdı.
Biz Nevski prospektində avtobusdan düşəndə, yağış hələ də səngiməmişdi. Küçə yeriyən çətirlərlə dolu idi. Adamların üzü görünmürdü. Heç kim qaçmırdı, tələsmirdi. Sveta da çantasından qəhvəyi çətirini çıxarıb açdı.
– Metro uzaqdı ki?
– Yox. Odee, yolun o tərəfindədi.
– Onda bağla çətiri, qaçaq, – əlindən tutdum, ensiz küçənin o biri tərəfinə qaça-qaça keçdik. Metroya girəndə ikimiz də yaxşıca islanmışdıq.
Metrodan çıxanda yağış tamam kəsmiş, boz səma buludlara parçalanmışdı. Buludların arasından süzülən günəş şüaları yağışdan sonra yaranan gölməçələrdə bərq vururdu. Yeriyən çətirlər yoxa çıxmışdı. Adamların üz-gözü açılmışdı. Elə bil beş-on dəqiqə qabaq leysan yağan şəhər bura deyildi.
Qırmızı oyuncaqlarla bəzədilmiş şam ağacının altında yaşlı kişi sağ dizinin üstündəki qarmonu gah yuxarı qaldırır, gah da aşağı endirib şən musiqi çalırdı. Lopa bığları siqaret çəkməkdən saralmışdı. Onun içkili olduğunu bilmək üçün ağzını qoxlamağa ehtiyac yox idi. Ancaq içkili, ya da aşiq adamların təbəssümü üzünə bu cür yayılır. Sərxoş qoca ayaqlarını musiqinin ritmiylə oynada-oynada “Кабы не было зимы” (“Əgər qış olmasaydı”) mahnısını oxuyurdu.
– Görəsən, bayaq leysan yağanda bu dayı harda idi? – gülə-gülə soruşdum. O da güldü.
Səma açıldıqca Svetanın gözləri də maviləşirdi. İndi dünyanın ən gözəl mavisi bu incə, qızılı saçlı, yanaqları, burnu xırda çillərlə dolu rus qızının gözlərində idi. İndi Peterburqda, onun şəhərində, qarmon çalan qocanın qarşısında dayanıb, heyranlıqla o mavi gözlərə baxırdım.
Haqqında çox az şey bilirdim: universitetdə laborantdır, anası, bacısı və bacısının qızı ilə bir evdə yaşayır. Bacısının adı İrinadır, on yaşlı qızı var. Heç yaşını da bilmirdim. Məndən böyük idi, otuzu keçmişdi, amma niyəsə ondan yaşını soruşmaq istəmirdim.
Mahaçqala hava limanından cibimdə qalan qəpikləri çıxarıb qarmon çalan kişinin qarşısındakı karton qutuya atdım, o da başını yellədərək təşəkkür elədi.
– Burdan bizim evə piyada on dəqiqəlik yoldu. Gəzə-gəzə gedək, az da olsa, buraları gör, yəqin, bu gün evdən çıxmarıq, – Sveta qoluma girib dedi.
İndi nəinki adamlar, hər şey – kafelərin, restoranların adları, avtobusların pəncərələrindəki ünvanlar, maşınların nömrələri də maraqlı görünürdü.
Mağazaların pəncərələrinə Yeni il rəsmləri çəkilmişdi. İri reklam lövhələrində yazılar bir-birini əvəzləyirdi:
“Əlvida, 2019!”,
“Xoş gəldin, 2020!”.
Hərdən başına Şaxta baba papağı taxmış adamlar da keçirdi yanımızdan. Əlində qırmızı şar tutan balaca qıza göz vurdum, uşaq qorxub anasına qısıldı.
Xruşovka binanın üçüncü mərtəbəsində qapını üzümüzə İra açdı:
– Ooooooo! Xoş gəlmisiniz! Xoş gəlmisiniz! – bizi təmtəraqla qarşıladı, məmnunluğu hiss olunurdu. Birbaşa mətbəxə keçdik. Yəqin, dörd nəfər olsaydıq, bura sığmazdıq.
– Çay istəyirsiz, ya kofe? – İra soruşdu. Biz balaca stolun arxasında əyləşmişdik.
– Çay! Amma bir dəqiqə gözlə, – deyib çamadanımı açdım. Paltarların altından iki dəst armudu stəkan, Azərbaycan çayı və bir qutu paxlava çıxartdım. Armudu stəkanları Sveta istəmişdi. İkisi də hədiyyələrə elə sevindi ki, rahatca yerimə keçib oturdum. İra stəkanları götürüb çayı dəmləməyə başladı.
İkisi də məni eyni dərəcədə tanıyır, daha doğrusu, eyni dərəcədə tanımırdı, amma sualları ancaq İra verir, Sveta isə cavablarımı maraqla dinləyir, hərdənbir özü də söhbətimizə qoşulurdu.
Hava qaralmışdı. Yorulmaq bilməyən İra elə hey nəsə danışır, soruşur, maraqla qulaq asırdı. Düz, qısa saçlarını almansayağı ortadan ayırmışdı. Eynəyinin altında xırda, qəhvəyi gözləri parıldayırdı. İra danışdıqca özümdən asılı olmadan baxışlarım onun əyri qabaq dişlərinə zillənir, hiss eləməsin deyə tez də gözlərimi qaçırırdım.
– Yorulmusan. Bəlkə, duş alıb keçəsən otağa? Bir az yat, dincəl, yuxusuzsan, – Sveta İranın suallarının bitməyəcəyini görüb dilləndi.
Razılıq əlaməti kimi başımı yellədim. Məhrabanı gətirib mənlə bərabər hamama girdi, hər şeyin yerini göstərdi. Çıxmaq istəyəndə onu özümə tərəf çəkib dodağından öpdüm, üzünü turşudub qollarımın arasından çıxdı, dodaqlarından “İra burdadııı” sözlərini oxudum, sonra bacısının da eşidəcəyi səslə “Rahat-rahat çim, nəsə lazım olsa, çağır, mətbəxdəyik” deyib hamamdan çıxdı. Çiməndən sonra Sveta məni öz otağına apardı. Böyük çarpayı balaca otağın yarısını tuturdu.
– Sən burda yatacaqsan.
– Bəs sən?
– Mən İrayla yatacam.
– Elə burada yatarıq ikimiz də.
– Yaxşı, – deyib gülümsədi. Yenə qolundan tutub özümə çəkdim, dodaqlarından astaca öpdüm.
– Niyə tələsirsən? – gülə-gülə qollarımın arasından sivişdi, – rahatlan, paltarlarını yerbəyer elə, sonra yat bir az. Mənim də işlərim var. Hə, bir də ki, xahiş edirəm, siqaret çəkmək istəsən, eyvanda çək, – deyib otaqdan çıxdı.
Qapalı, kiçik eyvan elə ayaqüstə siqaret çəkməyə yarayardı. Burdan ancaq ağ gövdəli ağcaqayın ağacları görünürdü. Köhnə, taxta pəncərəni ehtiyatla açdım. Yağışda yuyulmuş torpağın qoxusu otağa doldu.
Otağın bir küncündə kompüter masası, masanın üstündə isə kiçik kitab rəfi var idi. Gözüm rəfdəki çərçivəli şəklə sataşdı. Şəkli əlimə götürdüm. Sveta idi. Körpünün üstündə bir kişiylə qucaqlaşmışdı. Çox xoşbəxt görünürdülər. Gözləri par-par parıldayırdı. Atası olmadığı bəlli idi. Heç bir ata qızını elə qucaqlamazdı...
Rəfdəki başqa şəkildə isə daha gənc idi, iyirmi yaşı olmazdı. Çox gözəl idi. Yəqin, məktəblərindəki, məhəllələrindəki oğlanların hamısı onun üçün yarışırmış. Bəlkə də, neçə oğlan döyüb-döyülübmüş ona görə bu şəhərin soyuq küçələrində. Duruşundan, ədasından hər şey bilinirdi. İndi isə bir gənc oğlanın ondan ötrü Piterə gəlməyinə uşaq kimi sevinir, bəlkə də, o günlərini xatırlayırdı.
Sveta otağa qayıdanda şəkil əlimdə idi:
– Nə şirinsən! Neçə yaşın var burda?
– On səkkiz olurdu... – şəkli əlimdən aldı. Gözü o biri şəkli axtardı. Təlaşlandığını hiss elədim, – Gəldim deyəm ki, mən birazdan İrayla marketə gedəcəm, oyanıb bizi görməsən, narahat olma.
– Yaxşı. Dəhşət yorulmuşam. Ayı kimi qış yuxusuna gedə bilərəm, – naqolay vəziyyəti düzəltməyə çalışdım.
– Yat, yat... Sənə marketdən nəsə lazımdı? – otaqdan çıxmadan məndən soruşdu.
– Yox. Çox sağ ol! Yatacam elə.
– Yaxşı. Yuxun şirin olsun, – deyib işığı söndürdü, otaqdan çıxdı.
Yuxudan oyananda qulağıma kişi səsi gəldi. Səhv eşitdiyimi fikirləşib qulaqlarımı şəklədim. Yox, düz eşidirdim. Sveta, İra və qalın səsli bir kişi mətbəxdə söhbət eləyirdilər.
Beynimdən min bir fikir keçdi. Bu kişi kimdi axı gecənin bir vaxtı gəlib bura? Atalarıdı? Bəlkə, şəkildə gördüyüm kişidi? Hər kimdisə, çox yersiz gəlib. Görəsən, içəridə mənim yatdığımı bilir? Yəqin, bilir, yoxsa belə rahat gülüşməzdilər. Bütün bu sualları beynimdən atmaq üçün astaca öskürüb mətbəxdəkilərə varlığımı xatırlatdım:
– Deyəsən, oyandı, – İranın səsi idi.
Sveta qapını döyüb otağa girəndə çarpayının qırağında oturmuşdum.
– Bizim səsimizə oyandın?
– Yox, – gözlərimi ovuşdura-ovuşdura cavab verdim.
– Rahat yata bildin?
– Hə. Əla yatdım, – deyib sual dolu baxışlarımı ona zillədim.
– İqordu. Qardaşım. İranın paltartikən maşını xarab olmuşdu, onu düzəltməyə gəlib. Gəl, tanış edim sizi.
– Yaxşı. Gəlirəm indi.
Mətbəxə bacardığım qədər şux və özünəinamlı girməyə çalışdım ki, narahat olduğumu hiss eləməsinlər.
İqor məni görən kimi qabağındakı paltartikən maşını stolun kənarına itələyib ayağa qalxdı. Bu hündürboy, sarışın, eynəkli oğlan da, ən az, mənim qədər narahat görünürdü. İlk mən əlimi uzadıb salamlaşdım, özümü təqdim elədim. Baxışlarından məndən çəkindiyi hiss olunurdu. Mənim kimi saqqallı müsəlmanların ruslar üçün həmişə təhlükəli göründüyünü düşündüm.
– Borşla aran necədi? Xoşlamırsansa, başqa nəsə verim, amma, məncə, dadına bax, – mən stol arxasına keçən kimi İra bir kasa borşu qabağıma qoydu.
Yeməyin qoxusu çoxdan bütün evə yayılmışdı. Borşdan bir qaşıq götürüb üfürə-üfürə içdim.
– Əladı!
– Nuş olsun! – İra bəyənməyimə sevindi.
– Hə... İqor ustadı, – Sveta bizi daha yaxından tanış eləmək üçün söhbətə girişdi, – soyuducu ustasıdı, amma hər şeyi düzəldə bilir. Qızıl əllər!
– Nə gözəl! – söhbətə hazır olduğumu işarə elədim. Narahatlığım mətbəxin istisində buxarlanıb yoxa çıxdı.
– Hə! Bir dənə hamamdakı qızdırıcını da düzəltsəydi... – İra soyuducuda nəsə axtara-axtara dilləndi.
– Dedim axı düzəldəcəm. İndi yox, bu gün çatdırmaram. Bütün vaxtım bu paltartikənə getdi... – İqor da yavaş-yavaş açılışmağa başladı.
Söhbət zamanı bəlli oldu ki, İqor onların doğma qardaşı yox, xalası uşağıdı, otuz üç yaşı var, subaydı. O, mənə Qafqazla, Azərbaycanla bağlı suallar verdi. Azərbaycanda bütün kişilərin dörd arvadının olub-olmadığını, niyə hamımızın burnunun yekə və əyri olduğunu, Qarabağın bizim, yoxsa ermənilərin olduğunu soruşdu, bütün suallarına cavab verdim.
İşini qurtarandan sonra çay içdik, paxlava yedik. Söhbət söhbəti gətirdi, gecə düşdü. İqor paxlava üçün ayrıca təşəkkür eləyib gödəkcəsiylə papağını istədi. Onu ötürmək üçün biz də ayağa qalxdıq:
– Sabah yox, sabah başqa yerə getməliyəm, amma birisigün, səni elə bir yerə aparacam ki! – İqor qapının ağzında mənə dedi.
***
Peterburq səhərinə oyandığım ilk gündə özümü bayrama hazırlaşan uşaqlar kimi hiss edirdim. Sveta yox idi. Gərnəşdim, qəfil yerimdən qalxıb həvəslə eyvana qaçdım. Qar görmədim, kefim pozuldu.
– Sabahın xeyir! Səsə gəldim. Yaxşısan? – qapının kandarında dayanan Sveta soruşdu.
– Sabahın xeyir, sabahın xeyiiiir! Əlayam! Dedim, təmiz hava alım.
– Yaxşı eləyirsən, amma belə çılpaq çıxma da bayıra, – gülə-gülə dedi, – əynini geyin, gəl, səhər yeməyi hazırdı.
Artıq stol arxasında bu evə yüz ildi gəlib-gedən biri kimi oturmuşdum. Stolun üstündə ürəyin istəyən hər şeyi tapa bilərdin. Sveta qırmızı, qara kürü çəkilmiş çörək dilimlərini qabağıma düzüb haralara getmək istədiyimi soruşdu.
– Ermitaja gedərik... – çayımdan qurtumlayıb dedim, – sonra Nevaya, o açılıb-bağlanan körpü var e...
– Troitskiy! – İra sözümü ağzımda qoydu.
– Nə?
– Körpünün adını deyir. Troitskiy körpüsü, – Sveta gülümsədi.
– Həəə! Ora da gedək.
– Elə bildiyin yerlər bunlardı? – Sveta soruşdu.
– İşin çətindi, Sveta... – İra cavab verməyimi gözləmədən dilləndi.
– Sən narahat olma. Mən plan tutmuşam, hansı günlər hara gedəcəyik bölüşdürmüşəm, – məndən daha həvəsli görünən Sveta dedi.
İndi yadıma düşmür, birinci gün hara, ikinci gün hara, digər günlərdə hara getdik, amma xatırlayıram ki, ilk günün sonunda Nevski prospektində gəzintiyə çıxdıq.
Geniş prospektin hər iki tərəfini böyük şüşəli mağazalar, restoranlar bəzəyirdi. Endirim elanları, Yeni il kampaniyaları, rəsmləri, dekorları küçələrə bayram havası gətirmişdi. Oyuncaq, suvenir dükanlarının içi adamlarla qaynayırdı.
– Sizin evdə yolka yoxdu? – soruşdum.
– Deyəsən, yoxdu, – bir az fikirləşib cavab verdi.
– Yolkasız bayram olar?! Gəl, balaca da olsa, birini alaq.
Etiraz eləmədən razılaşdı, böyük suvenir mağazalarından birinə girdik. Yolkanı mən, bəzəklərini və işıqlarını Sveta seçdi. Üstündə maral şəkli olan Yeni il sviterləri də aldıq. Mənim sviterimin üstündəki marallar yaşıl, onun maralları isə qırmızı idi. Qırmızı marallı sviterlərdən birini də İra üçün götürdük.
Evə qayıdanda Sveta bir mağazanın qarşısında ayaq saxladı:
– Çaxırla aran necədi?
– Azərbaycanlıya veriləcək sualdı bu?
– Aaaa, üzrlü say! Sizin dininiz icazə vermir, hə?
– Yox e! Siz də bizi lap ərəb eləmisiniz! Çaxırı elə biz içirik də!
– Siz? Mən elə bilirdim, gürcülər içir... – gülümsündü.
– Gürcülər də bizdən öyrənib! – geri addım atmadım.
– Əla! Amma indidən deyirəm, çaxırı mən alacam.
– Gəl görək! Harda görülüb kişi olan yerdə çaxırı qadın alsın?! – bu dəfə mən Svetanın qoluna girdim, mağazaya keçdik.
Növbənöv, rəngbərəng içki şüşələriylə dolu mağazanın hər tərəfinə göz gəzdirdim: vodkalar, şampanlar, tekilalar, martinilər, likörlər, şərablar...
– Kəmturş xoşlayırsan ya kəmşirin? – soruşdum.
– Mənə fərqi yoxdu, ikisini də xoşlayıram.
– Onda ağ kəmşirin götürək. Turş alma da alarıq, nanəynən...
– Yaxşı.
Şərablar bölməsindəki bütün şüşələrə bir-bir baxdım. Nə öz çaxırımızdan tapdım, nə də gürcülərin.
– Bəlkə, bunu alaq? – şərablardan birini götürüb Svetaya göstərdim.
– Erməni çaxırı? – adını oxuyub təəccüblə mənə baxdı.
– Adına fikir vermə, üzümü bizimdi! – deyib güldüm.
İki şüşə erməni çaxırı götürdük. Yolüstü turş alma, quru nanə də alıb evə qalxdıq.
İra qırmızı marallı sviterini geyinib güzgüdə özünə tamaşa eləyəndə, Sveta artıq yolkanın bəzəklərini düzməklə məşğul idi.
– Deyəsən, sizin gecəniz uzun olacaq... – İra stolun üstündəki çaxır şüşəsini əlinə götürdü, – erməni çaxırı? Bəs siz düşmən deyildiniz? – gülə-gülə soruşdu.
– Deyir, üzümü bizimdi! – Sveta mənim əvəzimdən cavab verdi. Gülüşdük.
– Gərək başına taxmağa ulduz da alardıq... Amma belə də qəşəngdi, hə? Necədi? – sonuncu bəzəyi yolkadan asan Sveta ikimizdən də soruşdu.
– Əladı! Sabah ulduz da alarıq. Mənim də ağlıma gəlmədi heç.
– İşıq almamısınız bəs? – İra soruşdu.
– Almışıq, almışıq... – torbadan işıqları götürüb yolkaya yaxınlaşdım, necə, hardan dolamalı olduğumu bilmədim.
– Ver bura, ver, özüm eləyəcəm, – Sveta işığı əlimdən aldı.
Balaca yolkamızın yanıb-sönən işıqları pəncərədə əks olunanda mətbəxin işığını keçirib çaxırımızı açmışdıq. Gecə uzanıb səhərə calandı. Hava işıqlanana yaxın yorğun düşüb yuxuya getdik.
Oyananda Svetanı yenə yataqda görmədim. Telefonumda saata baxdım, günorta olmuşdu. Yerimdən qalxan kimi eyvana çıxdım. Yenə qar yox idi. Ağcaqayın ağaclarının budaqları qımıldamırdı. Otağa qayıtdım. Çaxır şüşəsini başıma çəkib içindəki son damlaların ağzıma düşməyini gözlədim.
– Sveta hanı? – mətbəxdə İrayla salamlaşıb soruşdum.
– İşdən çağırdılar nəsə, universitetə getdi səhər tezdən, birazdan gələr. Yeməyin hazırdı, gözlə, çay süzüm sənə. Deyəsən, gec yatmısız... – gülə-gülə soruşdu.
– Sveta çox az içdi. Elə hamısını mən içdim, demək olar, – nəyə işarə elədiyini başa düşüb söhbəti dəyişməyə çalışdım.
– Düzünü de, evli deyilsən ki? Qorxma, Svetaya deməyəcəm. Özümə maraqlıdı, – çay süzə-süzə soruşdu.
– Yox e, nə evli?! İyirmi dörd yaşım var hələ mənim.
– İyirmi dörd?! Lap uşaqsan ki! Amma nolsun, siz tərəfdə tez evlənirlər də.
– Yox, mən evlənməmişəm.
– Sevgilin də yoxdu?
– Yoxdu. Var idi, çoxdan ayrılmışıq.
– Niyə?
– Nə bilim... Yola getmədik, ayrıldıq.
– Hə, başa düşdüm...
– Sən evli deyilsən də, hə? – suallardan qaçmaq üçün soruşdum.
– Boşanmışam. Çoxdan.
– Bildim.
– Amma indi sevgilim var, – evliliyinin aqibətinin onu narahat etmədiyini göstərmək üçün təbəssümlə dedi.
– Nə gözəl!
– Hə... O da müsəlmandı. Əfqandı. Amma evlidi də. Ailəsi Əfqanıstandadı, özü burda yaşayır. Hərdən bir-iki həftəlik gedir, sonra qayıdır. İndi ordadı.
– Sveta evlənməyib bəs?
– Yox.
– Nə əcəb?
– Heç kimi bəyənmədi. Oğlanlar ona görə dava-qırğında idi həmişə. Bəlkə də, ona görə seçim eləyə bilmədi. Həm də çox kaprizlidi. Hər şeyi bəyəndirə bilməzsən ona. Amma səni çox bəyənib.
– Mənim nəyimi bəyənib ki?
– Nə bilim, – deyib güldü, – Sən bura niyə gəlmisən? – qəfil soruşdu.
– Necə yəni niyə gəlmişəm? – İranın sualından narahat oldum.
– Yəni məqsədin, fikrin nədi?
– Gəlmişəm Svetanı görüm, Yeni ili bərabər keçirək.
– Bəs sonra?
– Nə sonra?
– Ciddi nəsə fikirləşmirsən?
Cavab verməyə söz tapmadım, susdum.
– Siz niyə elə bilirsiz ki, rus qızları ancaq əylənmək üçündü? – budəfəki sualında inciklik hiss olundu.
– O nə sözdü? Mən elə fikirləşmirəm.
– Bəs fikirləşmirsən, Sveta səni sevsə, bağlansa, nolacaq?
Köməyimə söhbətimizi bölən kilid səsi çatdı. Sveta içəri girdi. Çəkməsini çıxardı, gödəkcəsini asılqana keçirdi, papağıyla əlcəklərini də gödəkcəsinin ciblərinə salıb mətbəxə girdi:
– Sən hələ indi oyanmısan? Nə tənbəl imişsən! – guya, məni danladı.
– Çox içdim də gecə... – hazır bəhanəmi qabağına qoydum, – Universitetə getmişdin?
– Hə. Bir-iki sənəd məsələsi var idi. Yeməyini yaxşı ye, bu gün gedəcəyimiz yerlər çoxdu...
– Hara gedəcəyik?
– Puşkinin ev muzeyinə gedəcəyik əsas, axşam da Mariinskiy teatrında konsert var, biletlərimizi də almışam.
– Kimin konsertidi? – Məndən qabaq biletləri İra götürdü.
– Teatrın simfonik orkestrinin, – Sveta da stol arxasında əyləşdi.
– Həə, Valeriy Qeorgiyev... Əla! – İra biletləri mənə verib dedi.
***
Puşkinin nəhəng ev muzeyində otaqları elektron bələdçi ilə gəzirdim. Qulaqlıqdakı səs mənə otağa, otaqdakı aksesuarlara, burda baş verən bütün hadisələrə aid ətraflı məlumat verirdi. Muzeyə dəfələrlə gələn Svetanın isə buna ehtiyacı yox idi. Bir-iki otaqdan sonra qulaqlığı çıxarmağımı istədi. Dedi ki, hər şeyi əzbər bilir, özü mənə danışacaq.
Axırıncı otağa, Puşkinin canını tapşırdığı, son dəfə çevrilib kitablarına “Əlvida, dostlarım...” dediyi çarpayının yanına çatanda, pəncərədən çölə boylandım ki, qarın yağıb-yağmadığını görüm. Piterin bomboz səması yerə bir qar dənəsi belə göndərmək niyyətində deyildi. Svetadan qar arzumu gizlətdim, o da elə bildi, şairin faciəvi ölümünə üzülmüşəm. Ancaq muzeydən çıxanda soruşdum:
– Nə əcəb qar yağmır? Mən elə bilirdim, Piterə həmişə qar yağır...
– Əslində, bütün qış boyu yağır. Bu il nəsə qarsız keçir. Qar görmək istəyirsən?
– Pis olmazdı da. Yeni ildi. Yeni il qarla daha gözəldi. Biz uşaq vaxtı həmişə bayram günlərində oyanan kimi pəncərəyə qaçırdıq ki, görək qar yağıb ya yox. Əvvəl Bakıya da çox yağırdı qar, axır illərdə, demək olar, heç yağmır. Uzağı, iki-üç gün qar görürük qışda.
– Sən ona görə hər səhər oyanan kimi pəncərəyə qaçırsan? – gülə-gülə soruşdu.
Qar həvəsimin ona gülməli gəlməyini yadırğamadım. Başqa söhbətlərə keçib mövzunu dəyişdim.
Mariinskiy teatrında orkestrin gah həzin, gah da şən ifaları zalı ağuşuna alanda da ürəyimdə dua edirdim ki, çölə çıxanda hər yerin qar altında qaldığını görüm.
İki saatdan çox davam edən konsertdə bütün musiqilər gurultulu, uzun alqışlarla qarşılandı. Auditoriya xeyli məmnun görünürdü. Mən də razı idim, hər şey, hər şey gözəl idi, uşaqlıqdan izlədiyim Yeni il filmlərindəki kimi... Bircə qar çatışmırdı. Narın-narın, ya da elə lopa-lopa yağan qar, qar üzərindəki ayaq izləri, ağappaq ağaclar...
Konsertdən sonra Saray meydanına getdik. Bir vaxtlar rus imperatorlarının iqamətgahı olan Qış Sarayı, Zəfər tağı, Baş qərargahın dəbdəbəli binası, Aleksandrovskaya sütunu... – tarixi özündə qoruyan bu əzəmətli tikililər zamanın gücsüzlüyünü göstərirdi.
Bayram havası ən çox burda hiss olunurdu. Meydanın hər tərəfi küçə musiqiçiləri ilə doluydu. İnsanlar onların qarşısında topalaşıb sevdiyi mahnılara qulaq asır, onlarla birgə oxuyur, aşiq cütlüklərsə rəqs edirdilər. Mən tez-tez başımı qaldırıb səmaya baxırdım. Hər şey əladı, hər şey... Bircə qar çatışmır...
Sveta əhvalımın korlandığını görüb kefimi açmaq üçün daha çox canfəşanlıq edirdi. Mən də mümkün olduğu qədər qar həsrətimi gizlətməyə çalışırdım. Evə qayıdanda yolkamız üçün ulduz da aldıq. Sveta dedi ki, bunu taxsaq, sabah mütləq qar yağacaq.
O gecə sevişmədik. Mən pivələrimi içəndə Sveta artıq yuxuya getmişdi. Eyvanda siqaretimi tüstülədə-tüstülədə ağcaqayın ağaclarının səssizliyinə tamaşa elədim. Ağ gövdələrindəki qara zolaqlar balta izlərinə oxşayırdı. Görəsən, ağaclar üşüyür? İçkinin təsiri ilə özümə axmaq suallar verməyə başladım. Başımı yastığa qoyan kimi yuxu məni apardı.
Səhər oyananda Svetanı yataqda gördüm. Bura gəldiyimdən bəri ilk dəfə idi məndən gec oyanırdı. Qıvrım saçları üzünə dağılmışdı. Astaca qalxıb eyvana çıxdım. Qardan əsər-əlamət yox idi. Yağmayacağını bilirdim. Otağa qayıdıb rəfdəki kitablara göz gəzdirdim. Bir-iki kitabı yalandan vərəqləyib yerinə qoydum.
Birdən fikir verdim ki, Svetanın kişiylə qucaqlaşdığı şəkil rəfdə yoxdu, amma o biri şəkli yerində idi. Rəfin hər tərəfinə baxdım, tapmadım. Çəkməcələri açdım. Heç birində yox idi. Şəkli gizlətmişdi... Bu haqda özündən heç nə soruşmadım.
Artıq dekabrın son günü idi. Qardan əlimi üzmüşdüm.
Həmin gün İqor gəldi. Dedi ki, məni “Starqorod” restoranına aparmaq istəyir, çex mətbəxidir, əla pivələri də olur. Razılaşdım.
Sveta ilə mən “peçena kaçna” – qızardılmış ördək, İqorla İra isə tatarak yedi. Tatarakın dadına mən də baxdım, təxminən, bizim basdırmaya oxşayırdı. Yeməklərin ləzzətinə söz ola bilməzdi.
İqorla mən hərəyə iki bakal “Prazaçka” içdik. Restorandan çıxandan sonra yenidən şəhər gəzintimiz başladı. İqor bizimlə çox qalmadı. Yeni ili dostlarıyla qarşılayacağı üçün ilk fürsətdəcə sağollaşıb getdi. İra da iş yoldaşları ilə keçirəcəkdi bayramı, amma axşama qədər vaxtı var idi.
– Bu körpünün adı bilirsən nədi? – İra üstündə dayandığımız balaca körpüyə işarə eləyib soruşdu.
– Nədi? – Şəhərin içindən keçən Nevanın kiçik qollarından birini himayəsinə almış körpü təmkinli görünürdü.
– “Öpüş körpüsü” – təbəssümlə dedi.
– Doğrudan? Nə gözəl adı var! – İranın nəyə işarə elədiyini başa düşdüm. Svetanın qızılı saçlarını üzündən çəkib, dodağından öpdüm. Sonra İra şəklimizi çəkdi, şəkli bizə göstərəndə körpünü tanıdım... Həmin körpü idi... Svetayla kişinin qucaqlaşdığı körpü... Qanım qaraldı.
Şəhərdə hamının üzü gülürdü. Hər kəs bayram əhvalındaydı. Deyəsən, təkcə mən narahat idim. Heç kimin kefini korlamamaq üçün söhbəti dəyişdim:
– “Taleyin ironiyası” filmində bir kadr var idi e... İppolit çayın üstündə maşın sürürdü. Neva qışda, doğrudan, elə donur? – Svetadan soruşdum.
– Həəə! Dekabrın əvvəlində başlayır yavaş-yavaş, bir də görürsən ki, yanvarın axırlarına kimi təmiz donub, – dedi.
– Amma həmişə tam donmur da. Elə il olur bəzi hissələri donur təkcə, – İra çaya yaxınlaşıb boylandı, – bu il donana oxşamır heç.
– Donacaq. Gec donanda lap bərk olur buzu. Üstündə xizək də sürürlər! – Sveta məni bir az da qıcıqlandırmağa çalışdı.
– Atəşfəşanlıq harda olur bəs?
– Petropalovsk qalasında olacaq, hə, İra? Troistki körpüsü tərəfdə, – təsdiq gözləmədən dedi.
– Hə! Amma gecə üçdə olur bizdə atəşfəşanlıq. Bilirsən də? – İra məndən soruşdu.
– Üçdə niyə?
– O saata kimi hamı bayramını qeyd eləyir, şampanını, vodkasını içir, sonra gəlib rahat atəşfəşanlığa baxır.
– Bəs üçə kimi neynəyəcəyik? – soruşdum.
– O qədər şey var eləməyə, narahat olma! – Sveta dedi, – hələ Yeni il yarmarkasına getməliyik!
Şəhərin bütün küçələrindən keçdik o gün. Meydanlarda aktyorların küçə tamaşalarına baxdıq, katerlə Neva çayında gəzintiyə çıxdıq.
Manejnaya meydanındakı Yeni il yarmarkasında qollarımı çirmələyib boks aparatına yaxınlaşdım. Vurduğum zərbədən özüm də utandım. Sveta pərt olduğumu görüb məni o biri oyunlara dartdı. Halqa oyununu seçdik. Halqaları lövhələrə bərkidilmiş çubuqlara keçirməliydik.
Bütün halqalarımız boşa çıxsa da, kefimizi pozmadıq. Halqa oyununda İra daha məharətli çıxdı. Dördüncü cəhddə halqanı çubuqlardan birinə keçirib hədiyyəni qazandı; şam ağacı formasında yastı, yaşıl sabunu xeyli qoxladıq, sabundan hansısa bitkinin ətri gəlirdi.
– Rozmarindi... – Sveta dedi.
– Hə, rozmarindi, – İra da təsdiqlədi.
– Gözəl qoxusu var, – dərindən nəfəs alıb sabunun qoxusunu bir də içimə çəkdim, – İndi gedək tirə! – deyib sabunu İraya qaytardım.
Tirdə bəxtim gətirdi. Üç atışım hədəfə dəydi. Qazandığım “Supermen” oyuncağını qucağında ürək tutan balaca ayı ilə dəyişdirib Svetaya verdim, o, balaca ayını ehtiyatla bağrına basdı.
Cizgi filmlərinin qəhrəmanlarıyla, Şaxta babanın işıqlarla bəzənmiş xizəyində, şam ağacının altında şəkillər çəkdirdik. Şaxtadan keyimiş barmaqlarım göynəyirdi. Bunu bəhanə eləyib çaxır qaynadılan qazanlara yaxınlaşdım:
– Bəlkə, qaynar çaxır içək? Çox soyuqdu... – əllərimi ovuşdurub nəfəsimi ovuclarıma üfürdüm, – sən üşümürsən? – Svetanın əlindən tutdum.
– Üşümürəm, amma içək! – Sveta İraya baxıb dedi.
– Mən istəmirəm. Siz çaxırınızı alın, mən dondurma yeyəcəm, – deyib bizdən aralandı.
İsti karton stəkanı bir az ovuclarımın arasında saxlayıb əllərimi qızışdırandan sonra çaxırın dadına baxdım. Ədviyyatlar çaxırı yumşaltmışdı. Mən ikinci stəkana keçəndə İra yanımıza qayıtdı:
– Görün, nə aldım sizə? – cibindən rəngli, qalın Yeni il corabları çıxardı, – bu sənin, bu sənin, bu da mənim... – corablarımızı verib dondurmasını dişlədi, – əla plombirdi!
Onun dondurma yeməyinə baxanda ətim ürpəşdi, dişlərim şaqqıldadı. İkinci çaxırdan sonra canım qızdı. Yarmarkadan çıxan kimi İra iş yoldaşları ilə görüşməyə getdi. Hamı yeni ili qarşılayacağı yerə tələsirdi. Sveta da ikimiz üçün restoranda yer rezerv etmişdi. Troitskiy körpüsünə yaxın restoranlardan birinə girdik. Xeyli acmışdıq. Sifarişlərimizi verdik.
Restoranda insanların söhbətlərinə, gülüşlərə və musiqilərə qarışıb gizlənməyə çalışan qədəh cingiltilərini hər şeydən daha aydın eşidirdim.
– İçmək lazımdı! – Svetaya qətiyyətlə dedim, – nə içirsən?
Sveta çiyinlərini çəkib seçimi mənə buraxdı.
Ofisiantı çağırıb martini sifariş elədim. Ən ağırını gətirməyini dönə-dönə tapşırdım. Göy martini qədəhlərimizə süzüləndə, aclığımı paytaxt salatı ilə yatışdırmışdım. İlk qədəhi birnəfəsə içdim. Sveta təəccüblə mənə baxdı. Təzədən qədəhimi doldurdum:
– Üzrlü say! Boğazım qurumuşdu, – qədəhimi qaldırıb ona tərəf uzatdım, – Yeni il gözəl olsun! Sənin üçün hər şeyin ən gözəlini arzulayıram!
– Mən də sənə hər şeyin ən yaxşısını arzulayıram! Yeni il gözəl olsun! – qədəhlərimizi toqquşdurduq, bir qurtum içib yerə qoyduq.
– Pivə, çaxır, indi də martini... Bəlkə, qarışdırmayasan? Ya da az iç... – Sveta ehtiyatla dedi.
– Narahat olma, heç nə olan deyil.
Söhbət eləyə-eləyə gah restorandakı xoşbəxt adamlara, gah da çölə – Nevaya, çayda sayrışan işıqlara, katerlərə, geniş küçələrə, əzəmətli binalara baxıb hər səhnəni beynimə qazımağa çalışırdım. Kafedə çalınan şən mahnılar ab-havanı daha da canlandırırdı. Qoca Nevanın üzərində quş kimi süzən katerlərdəki adamların gülüşləri, səsləri kəsik-kəsik çatırdı qulağıma.
– Ora bax! Körpü açılır! – Sveta birdən dedi.
Troitskiy körpüsünün qolları aralanıb aramla açılmağa başladı. Sırayla, asta-asta körpünün altından keçən azman gəmilərin siqnalı bir-birinə qarışıb uğultuya çevrildi.
Hamı – katerlərdəki adamlar, restorandakılar, çayın qırağında gəzintiyə çıxanlar telefonlarıyla bu mənzərənin şəklini, videosunu çəkirdilər. Körpünün qolları bütün gəmilər altından keçənə qədər şahə qalxmış atlar kimi üzbəüz dayandı; bir müddət elə qaldıqdan sonra yenə aramla aşağı enib birləşdilər.
– Əladı, hə? – Sveta soruşdu.
– Çoooox! – səsimdən özüm də kefləndiyimi hiss elədim.
Xırda sağlıqlar, arzularla martinimizi yarılamışdıq. Sveta, demək olar, heç içmir, ancaq mən sağlıq deyəndə qədəhini qaldırır, nəzakət xətrinə dodaqlarını islatmaqla kifayətlənirdi. Onun baxışlarındakı narahatlığı görməzdən gəlirdim. İçki başımı ehmalca gicəlləndirir, qanımı qaynadırdı.
Gözüm masalardakı uşaqlara yaxınlaşıb hədiyyə verən, onlarla zarafatlaşan, oynayan Şaxta babaya sataşdı. Gənc olduğu əllərindən bilinən, burnunu, yanaqlarını qırmızıya boyamış, səsini zorla qalınlaşdıran bu hündürboy, arıq Şaxta babanın taxma saç-saqqalının arasında gizlənən xırda gözləri kədərli görünürdü. Özümdən asılı olmadan ayağa qalxdım, yarımçıq martini şüşəsini və qədəhimi götürüb ona yaxınlaşdım:
– Yeni ilin mübarək, Şaxta baba! Xoş gəlmisən! Mən istəyirəm ki, mənlə içəsən! – öz qədəhimi doldurub daşırtdım, – olar, bu qədəhi götürüm, lazım deyilsə... – yaxınlaşdığım masadakı təmiz qədəhlərdən birini ağzına qədər doldurub Şaxta babaya verdim.
– Nə dayanmısan?! Sən də qədəhini gətir! – qoluma girən, restorandakı adamlara üzrxahlıqla baxan Svetaya dedim.
– Yavaş danış, hamı sənə baxır... – pıçıldadı.
– Baxsınlar da! Neynəyirəm ki?! Bu gün bayramdı! Şaxta babayla içməyib kimlə içəcəyik?!
– Cavan oğlan düz deyir! – yaxınlaşdığım masadakı ortayaşlı, kök, qırmızıyanaq kişi özümü narahat hiss etməyim deyə dilləndi, – Mənə də süz! – deyib qədəhini uzatdı.
Restorandakı hamı qədəhlərini göyə qaldırdı.
– Hamınızın bayramını təbrik edirəm! – ürəklənib daha ucadan dedim. Bir neçə adam alqışladı, lap coşdum, – mən Bakıdan gəlmişəm! Bunu içirəm sizin və ən əsas da, Şaxta babanın sağlığına!
– Günəşli Bakıdan gələn dostumuzun sağlığına! – Şaxta baba da qalın səslə təşəkkür elədi. Birnəfəsə qədəhləri boşaltdıq.
Sonra nə olduğunu dəqiq xatırlamıram, amma yadımdadır ki, mən yenə martini sifariş etmək üçün ofisiantı çağıranda Sveta “Bəsdi bu qədər içdin! Xahiş edirəm!” deyib hesabı istədi.
Sveta hesabı ödədi, restorandan çıxdıq. Yeni ilin girməyinə hələ var idi. Əlimi Svetanın çiyninə atıb yellənə-yellənə addımlayırdım:
– Hara gedirik? – soruşub yanağından öpdüm.
– Evə! – yanağından öpəndən sonra yumşalsa da, hələ də əsəbi olduğunu göstərmək üçün sərt dedi.
– Evə niyə? Bəs atəşfəşanlıq?
– Yoxdu atəşfəşanlıq!
– Mən evə getmirəm! Atəşfəşanlığa baxacam! – deyib dayandım. Yanımızdan keçənlər bir anlıq bizə boylandı.
– Qışqırma! – Sveta gözlərini ağardıb pıçıltıyla dedi, – camaat bizə baxır!
– Baxsınlar da! Mən Petropalovsk kilsəsinə gedəcəm! – yenə ucadan dedim.
– Kilsə yox, qala! – Sveta bu dəfə güldü.
– Fərqi nədi? Petropalovsk qalasına gedəcəm mən!
– Gör nə haldasan? Ayaqüstə güclə dayanırsan, – elə bil özü də sərxoş olduğumun fərqinə indi vardı, sakitləşdi, qucaqlayıb boynumdan öpdü, – gedək evə, bir saata yeni il girir, atəşfəşanlığa hələ çox var. Evdə özünə gəl, qayıdarıq. Yaxşı?
Taksinin arxa oturacağında yayxanıb başımı Svetanın çiyninə qoymuşdum. Yolu görmürdüm. Svetanın üzümə tökülmüş qızılı, qıvrım saçları burnumu qıdıqlayırdı. Bir əlim dizlərinin, bir əlim də ağappaq, isti, yumşaq əllərinin arasında qızınırdı. Sürücü Anna Germanın “Nadejda, moy kompas zemnoy” (“Ümid yer kürəsindəki kompasımdır”) mahnısını qoşmuşdu. Svetanın ətri ayılmağıma mane olurdu. Anna German isə oxuyurdu...
– Şampan da alaq! On iki tamamda partladarıq! – dikəlmək istədim.
– Alarıq, yaxşı, alarıq... – dizimdən basdı, – yat sən bir az, hələ var çatmağımıza... – Svetanın ilıq səsi qulaqlarımı sığalladı.
– Qar da yağmadı...
– Yağacaq, yağacaq... Yat...
O gecə şampan partlatmadıq. Mətbəxin pəncərəsindəki balaca yolkamızın işıqlarını, Svetanın məni soyundurmağını, yerimə uzatmağını, limonlu su gətirməyini dumanlı xatırlayıram...
Səhər onun səsinə oyandım:
– Qalx! Qalx! Gəl buraaaaa! – eyvanda dayanıb məni çağırırdı.
Yerimdən sıçrayıb eyvana qaçdım.
Piterə qar yağmışdı. Ağ sonsuzluqda ağcaqayın ağaclarının qara zolaqlarından başqa heç nə görünmürdü.
Qarın içində itən baxışlarımı bəyaz ənginlikdən güclə yayındırıb Svetaya zilləndim:
– O şəkildəki kişi kimdi?
Əyləncəli verilişlərin yayımı dayandırıldı IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatdı Ərdoğan “Sarı gəlin” oxudu