Qalarina Yefremova: Azərbaycanlı sənətçilər “Tuğanlıq” festivalında həmişə maraqlı tamaşalarla çıxış ediblər
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
AZƏRTAC Türk dünyası ölkələrinin nümayəndələri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti qonağımız “İstoki” qəzetinin bədii redaktoru, Rusiya Yazıçılar İttifaqının üzvü, Başqırdıstan Respublikasından olan jurnalist Qalarina Yefremovadır. O, müasir türk teatrlarının fəaliyyəti mövzusuna toxunub.
“Müxtəlif erkən sivilizasiyalar üçün səciyyəvi olan cəhət tarixi həqiqətin müqəddəs miflə əvəzlənməsidir. Kulturologiyada bu, qəbilə-tayfa quruluşunun başa çatdığı və dövlətin yarandığı həddir. Mifin sınaqdan keçirilməsi üçün ən uyğun yer haradır? Təsirin olduğu, bu təsirə dərhal reaksiyanın verildiyi və eyni zamanda reaksiyaya uyğunlaşmaq imkanının mövcud olduğu məkan. Teatrın üstünlüyü ondadır ki, burada dəyişkənlik ani xarakter daşıyır... Teatr zalı dərhal reaksiya verir, aktyor da eyni şəkildə cavab reaksiyası göstərir. Mifin yaşadıcı olması üçün o, xalqın mövcud ehtiyacları əsasında formalaşmalıdır. Teatrın “canlı suyu” sağaltmalıdır. Məhz buna görə teatr vacib və zəruridir”, – deyə müsahibimiz qeyd edib.
Jurnalist, həmçinin Azərbaycan teatr kollektivinin tamaşaları barədə də təəssüratlarını bölüşüb.
Azərbaycanlı sənətçilər “Tuğanlıq” teatr festivalında həmişə gözəl səhnə əsərləri gətiriblər. 2019-cu ildə Azərbaycan dOM teatrının “Limbo” adlı eksperimental tamaşasına baxmışdım. Kiçik zalda biz döşəmədə oturmuşduq, tamaşanın həm iştirakçısı, həm də dekorasiyasına çevrilmişdik, aktyorlar isə aramızda hərəkət edirdilər.
“Türkdilli teatrların böyük “Tuğanlıq” festivalı hər il keçirilmir. Mən bu festival haqqında “Keçmişə sığınacaq, yoxsa reallıqla təmas” adlı məqalə yazmışdım.
Həmin vaxt məndə belə bir təəssürat yarandı ki, tamaşaların əksəriyyəti keçmişə – uzaq və ya yaxın tarixə yönəlib. Əsas kimi Şekspir və Qoqol kimi klassik dramaturqların əsərləri, milli əfsanələr və miflər, yaxud keçmiş Sovet İttifaqında repressiyaya məruz qalanların və dissidentlərin taleyi götürülürdü. Bütün bunlar sonsuz xatirələr axını idi. İnsanların qəzet əvəzinə smartfonlardan xəbər oxuduğu indiki dünyanın özü Türk dünyası teatrında yoxdur. İstehlak cəmiyyətinin müasir dünyası – qardaşların yalnız müxtəlif çipslərin qiyməti barədə danışa bildiyi, irland dramaturqu Makdonaxın pyeslərindəki kimi bir mühit türkdilli teatrda mövcud deyil. Müasirliyə dramaturq baxışı yoxdur.
Ola bilsin ki, həmin dövrdə və həmin tamaşalarda mən türk teatrlarına xas müəyyən xüsusiyyətləri müşahidə etmişdim və çox güman ki, hazırda vəziyyət bir qədər dəyişib. Lakin bu dəyişiklik o qədər də ciddi deyil. Cəmi bir neçə ay əvvəl “Kursak-fest” kukla teatrları festivalında oldum və ora gələn türkdilli regionların teatrları (çuvaş, qırğız, özbək) dünya və milli klassikanı – Uilyam Şekspiri, Çingiz Aytmatovu, eləcə də milli xalq bayramının səhnələşdirilməsini təqdim etdilər. 2025-ci ildə Ufada keçirilən Gənc Tamaşaçılar Teatrlarının festivalına qazaxlar da öz klassiki M.Auezovun əsərinin səhnə versiyasını gətirmişdilər.
Mənim “Keçmişə sığınacaq, yoxsa reallıqla təmas” adlı məqaləmdə məhz Azərbaycan teatrının tamaşasından bəhs olunurdu və mən orada da qeyd etmişdim ki, digərlərindən fərqli olaraq, həmin tamaşada müasir insanların problemləri və çağdaş dünya mövcud idi.
Azərbaycanın dOM teatrının imersiv “Limbo” tamaşasında mən bu inciklikləri, məşğuliyyətin və xidmət hissinin yoxluğunu, yəni müasirliyin müəyyən kəsiyini gördüm. Rejissor Tərlan Rəsulovla qısa söhbət etmək imkanım oldu. O bildirdi ki, tamaşa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsinin xahişi ilə hazırlanıb. Tamaşa hər şeyini – maddi sərvətini, daxili tarazlığını, möhkəm əlaqələrini və gələcək anlayışını itirmiş insanların müvəqqəti düşərgədəki həyatı və taleyindən bəhs edir. Dramaturq İsmayıl İman tamaşanın əsasını təşkil edən beş epizod yazıb, qalan hissə isə proses zamanı improvizasiya ilə formalaşır. Aktyorların vəzifəsi yaşamaq və dairə şəklində birbaşa döşəmədə oturan tamaşaçıları bu həyata cəlb etməkdir. Bizi bu dramın içinə çəkmək, hamımızı bu dünyanın və ya tamaşanın bir hissəsinə çevirməkdir.
İnsanı dolğun həyata qaytarmaq psixoanalitikin vəzifəsidir. Bəzən incəsənət, məhz bəzən yaradıldığı xalq üçün psixoterapevt rolunu oynaya bilər. Teatr burada və indi, bu şəraitdə, bu ölkədə yaşanmış müharibələri və onların izlərini daşıyan məkanda yaşayan insan, tamaşaçı üçün yaradılır. Hər bir canlı, o cümlədən türk sivilizasiyasının tarixi hələ yazılır… Hər bir tamaşa isə itirilməmiş ruhun axtarışına həsr olunan, yenicə başlanan kitabın uğurlu bir sətridir”, – deyə Q.Yefremova vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















