Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” inqilaba töhfəsi artır
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycanın “yaşıl enerji” strategiyası real icra mərhələsinə keçid edib. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, ölkəmiz artıq Avrasiya məkanında “yaşıl enerji” istehsalı və ötürülməsi baxımından mühüm enerji mərkəzinə çevrilməkdədir.
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan bir neçə ildən sonra, - necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, - eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Bu bəyanat ölkənin enerji siyasətində baş verən strateji dönüşü əks etdirir. Azərbaycanın uzun illər neft və qaz ixracatçısı kimi tanınmasına baxmayaraq, indi yaşıl enerji ixracına dair ciddi addımlar atılır.
Ümumiyyətlə, Azərbaycanın yaşıl enerji siyasəti konkret və ölçülə bilən hədəflər üzərində qurulub. Texniki potensial baxımından yaşıl enerji mənbələri quruda 135 giqavat, Xəzər dənizində isə 157 giqavat səviyyəsində qiymətləndirilir. Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynaya biləcəyi rolu daha da artırır.
Qeyd edək ki, artıq dənizdə və quruda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib. Mövcud planlara əsasən, 2030-cu ilə qədər 6 min meqavat, 2032-ci ilə qədər isə 8 min meqavat bərpaolunan enerji mənbələrinin ölkənin enerji sisteminə daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan son dövrdə enerji infrastrukturunu modernləşdirərək generasiya gücünü tələbatdan artıq səviyyəyə yüksəldib. 2023-cü ildə ölkədə ilk iri günəş elektrik stansiyası – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilərək istifadəyə verildi.
Bu layihə Xəzəryanı regionun ən böyük günəş elektrik stansiyasıdır və ölkədə bərpa olunan enerji dövrünün başlanğıcını qoydu. Ardınca, Masdar şirkəti SOCAR ilə birlikdə daha 1000 MVt (1 GVt) gücündə əlavə günəş və külək stansiyalarının tikintisinə başladı ki, bununla Azərbaycan 2030-cu ilədək enerji miksində bərpaolunan enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir.
Digər tərəfdən, yanvarın 8-də Bakıda “Gülüstan” sarayında 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi bu siyasətin bariz nümunəsidir. Ümumiyyətlə, layihə çərçivəsində ümumilikdə hər biri 6,5 MVt gücündə olan 37 külək turbini quraşdırılıb. Stansiyanın illik enerji istehsalı təxminən 1 milyard kilovat-saat təşkil edir. Bu göstəricilər bir neçə mühüm nəticə yaradır.
Təqribən, 220 milyon kubmetr təbii qaza qənaət, 400 min tondan çox karbon qazı emissiyasının qarşısı alınır. Azərbaycanın enerji balansında "yaşıl enerji"nin payı əhəmiyyətli dərəcədə artır. Layihəyə ümumilikdə 340 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb edilib.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji məkanına çevrilməsi ilə bağlı müəyyənləşdirdiyi strateji xətt bu gün konkret layihələrlə reallaşır. Həmin konsepsiyanın bariz nümunələrindən biri Ağdərə rayonunda, bölgənin əsas su damarlarından sayılan Tərtərçay üzərində inşa olunan “Qozlukörpü” Su Elektrik Stansiyasıdır. Gücü 14,7 meqavat olan bu stansiya azad edilmiş ərazilərdə bərpaolunan enerji potensialının səmərəli istifadəsinə xidmət edir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 su elektrik stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat “yaşıl enerji” istehsal edilib.
Texniki təhlükəsizlik və ekoloji tarazlıq əsas prinsip kimi götürülərək, suyun stansiyaya ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya boru xətti çəkilib. Bu, həm coğrafi baxımdan, həm də mühəndislik baxımından ciddi çağırışlar fonunda reallaşdırılan mühüm infrastrukturdur. “Qozlukörpü” Su Elektrik Stansiyasında ölkədə ilk dəfə olaraq müasir enerji istehsalı üçün nəzərdə tutulan qabaqcıl texnologiyalar tətbiq olunub. Quraşdırılan avadanlıqlar hidrometeoroloji şəraitdən asılı olaraq çevik rejimdə işləyir: azsulu dövrlərdə minimum 25 faiz, bolsulu mərhələlərdə isə tam güclə – 100 faiz məhsuldarlıqla fasiləsiz enerji istehsalını təmin edir.
Xatırladaq ki, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib və onların ümumi gücü 300 MVt-dan artıqdır. Gələcəkdə bu bölgədə daha 500–600 MVt gücündə su elektrik stansiyalarının tikintisi planlaşdırılır. Bu layihələr həm enerji təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi dirçəlişinə töhfə verir.
Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert
Ölkənin növbəti mərhələ üzrə planları ondan ibarətdir ki, artıq həm qonşu dövlətlərə, həm də Avropaya elektrik enerjisi ixrac edilsin. Hətta 2022-ci ilin dekabrında, səhv etmirəmsə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında memorandum imzalanıb. Həmin sənəd Qara dənizin dibi ilə 4 giqavat gücündə elektrik və kommunikasiya xətlərinin çəkilməsini və Azərbaycanda istehsal olunan bərpa olunan enerjinin bu xətlər vasitəsilə Avropa bazarına çıxarılmasını nəzərdə tutur.
Bu istiqamətdə artıq bir neçə stansiya istismara verilib. Məsələn, son günlərdə “ACWA Power” şirkətinin 340 MVt gücündə külək elektrik stansiyası istifadəyə verilib. Ondan əvvəl isə “Masdar” şirkətinin təxminən 240 MVt gücündə günəş elektrik stansiyası istismara başlanıb. Bundan əlavə, “Masdar” ilə 2 giqavat gücündə yeni günəş elektrik stansiyalarının qurulması ilə bağlı müqavilə də imzalanıb.
İlkin mərhələdə hökumət alternativ enerji mənbələri əsasında ümumilikdə 10 giqavat gücündə istehsal stansiyalarının yaradılmasını nəzərdə tutur. Ölkənin ümumi potensialı isə təxminən 200 giqavat həcmində qiymətləndirilir. Yəni Azərbaycan alternativ enerji istehsalı baxımından böyük imkanlara malikdir, lakin mərhələli yanaşma seçilib və ilk etapda 10 giqavatlıq hədəfə doğru irəlilənir. Planlara əsasən, 2030-cu ilə qədər daxili istehlakın ən azı 30 faizinin bərpaolunan enerji mənbələri hesabına təmin olunması nəzərdə tutulur.
Hazırda bu göstərici 12–13 faiz səviyyəsindədir. Proqramın başlanğıc mərhələsində isə bu rəqəm cəmi 5–6 faiz idi və əsasən su elektrik stansiyalarının payına düşürdü. Son illər külək və günəş elektrik stansiyalarının istismara verilməsi, eyni zamanda su elektrik stansiyalarının sayının artması bu sahədə ciddi irəliləyişə imkan yaradıb. Qeyd edim ki, Azərbaycan artıq elektrik enerjisi ixrac edir, lakin bu ixrac əsasən istilik elektrik stansiyalarında istehsal olunan enerji hesabına həyata keçirilir. Ötən il Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 147,3 milyon kVt/saat təşkil edib.
Gələcək planlara görə isə Naxçıvan üzərindən, Zəngəzur dəhlizi və Türkiyə marşrutu ilə, daha sonra Qara dənizin dibi ilə birbaşa Avropaya elektrik enerjisinin ixracı nəzərdə tutulur.
Nurlan ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















