MƏSLƏHƏTƏ 7,5 MİLYON XƏRCLƏNİB, ORTADA İŞ YOXDUR Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır?
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə çevrilən “Azərsu” ASC tərəfindən 2023-cü ildən başlayaraq həyata keçirilən “Dəniz suyunun duzsuzlaşdırılması” layihəsi üzrə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Lakin layihənin icrasına dair nəticələr hələ də məlum deyil. Müxtəlif məsləhətçi şirkətlərlə müqavilələr bağlanmasına baxmayaraq, layihənin konkret nəticəsi əldə olunmayıb. Dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsait artıq təxminən 7,5 milyon manat təşkil edir.
İqtisadçı Toğrul Maşallı bildirib ki, 2023-cü ilin avqust ayında “Azərsu” ASC və “Mekorot Water Company LTD” (İsrail) arasında “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınmasına 2 milyon 839 min manat dəyərində müqavilə imzalanıb.
Ekspert bildirib ki, eyni zamanda “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquqi məsləhət xidmətlərinin satın alınması üçün “BM Morrison Partners” ilə müqavilə imzalanıb və müqavilənin dəyəri 529,4 min manat təşkil edib. Toğrul Maşallı vurğulayıb ki, beləliklə, “Azərsu” yalnız 2023-cü ildə 3,37 milyon manat xərcləyib.

O deyib ki, layihənin nəticəsinə dair heç bir məlumat yoxdur və bildiyinə görə, yalnız 2024-cü ildə “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırılması ilə bağlı layihə təklif edib.
Ekspert əlavə edib ki, vaxt keçdikcə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin (İŞBST) hesabatına əsasən, 2025-ci ildə dövlət büdcəsinin investisiya xərclərindən “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” adı ilə yanvar ayında 1 milyon 20 min manat vəsait ayrılıb.
“Lakin İŞBST müqaviləni yalnız 2025-ci ilin dekabrında imzalayıb. Yenə də müqavilə “Mekorot” şirkəti ilə imzalanıb və bu dəfə layihə bir qədər konkretdir: “Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi”. Məbləğ isə 1 milyon 70 min manat olub, əlavə 50 min manatın mənbəyinə dair məlumat yoxdur”, – deyə Toğrul Maşallı bildirib.

Ekspert vurğulayıb ki, layihə çərçivəsində hüquqi məsləhətlərin həyata keçirilməsi üçün “Dentons Europe” (Central Asia) Limited” şirkətinin Azərbaycan filialı ilə müqavilə imzalanıb və müqavilənin dəyəri 295,5 min manat təşkil edib.
O əlavə edib ki, 2023-cü ildə vəsait ayrılmışdı, amma nəticəsi yoxdur, buna baxmayaraq yenidən eyni istiqamət üzrə vəsait ayrılıb.
“Həmçinin, İqtisadiyyat Nazirliyi də bəlli olmayan səbəblərdən eyni istiqamət üzrə vəsait ayırıb. Belə ki, iki il ardıcıl – 2024 və 2025-ci illərdə eyni “Dentons Europe” şirkəti İqtisadiyyat Nazirliyi üçün “Azərbaycan Respublikasının Abşeron rayonunda Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu Layihəsinə dair hüquqi məsləhət xidmətləri”ni həyata keçirib və bu məqsədlə iki il ərzində 820,7 min manat ödənilib”, – deyə ekspert bildirib.
Toğrul Maşallı qeyd edib ki, əlavə olaraq, İqtisadiyyat Nazirliyi ilə “McKinsey” arasında olan müqavilədə bəndlərdən biri də “Dəniz suyunun duzsuzlaşdırılması” üzrə məsləhət xidmətlərinə aiddir.
Ekspert vurğulayıb ki, beləliklə, zavod hələ tikilməyib (“Mekorot” şirkəti ilə müqavilə 2029-cu ilin sonunadəkdir), amma artıq dövlət büdcəsindən “məsləhət” adı ilə 7,5 milyon manat xərclənib.
Rasim Əliyev
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 15 Yanvar 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















