“Qarabağ”a qol vuran Ronaldo: “İliçin gəlişi ilə komandanın özünəinamı xeyli artıb” MÜSAHİBƏ
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Sumqayıt”ın yarımmüdafiəçisi Ronaldo Vaskezin Futbolxeber.az saytına müsahibəsi
- “Kəpəz”in ardınca “Qarabağ”a da qalib gəldiniz. Qələbəni necə şərh edərdiniz?
- Qələbə üçün Tanrıya təşəkkür edirik. "Qarabağ"a qarşı çətin oyun alındı. Meydanda komanda olaraq əzmkarlıq göstərdik. Güc nümayiş etdirib, bir olub qələbə qazandıq. Belə davam edib digər oyunlarda da qalib ola bilərik.
- Qol vurduğunuz epizodu necə şərh edərdiniz? Bir qədər gözlənilməz qol alındı...
- İlk olaraq deyim ki, fərqlənmək məni sevindirir. Vurduğum qolla komandamın qələbəsində pay sahibi olduğum üçün xoşbəxtəm. Çətin matç olacağından xəbərdar idim. Ona görə həm qələbə qazanmaq, həm də qol vurmağım ayrıca üzümü güldürür.
- 2 oyuna 6 xal qazandınız. Debütun "Sumqayıt"ın üçün uğurlu alındığını söyləmək olar?
- Qazandığımız nəticələrdə məşqçilər heyətinin əməyi böyükdür. Bunun sayəsində həm komandanın, həm də məşqçilərimizin üzü gülür. Komanda və məşqçilərdən razıyam. Qazandığımız qələbələr mövsümöncəsi gördüyümüz işdən xəbər verir. Hazırda buna görə də ilk 2 turdan sonra ardıcıl iki qələbə ilə, 6 xalla çempionatda liderik.
- Uğurlu çıxışı növbəti turda "Şamaxı" ilə matçda da davam etdirmək mümkün olacaq?
- Əlbəttə, istərdik ki, növbəti turda doğma azarkeşlər qarşısında da qələbə qazanaq. Buna ümidliyik. Həftəiçi məşqlərdə daha çox çalışıb növbəti turda da qalib olmaq istəyirik.
- Ümumiyyətlə, cari mövsümdəki hədəfiniz?
- Əsas hədəf avrokuboklara vəsiqə verən yerləri təmin etməkdir. Bununla belə, uğurla, bu tempdə irəliləsək, istəyimizə də çata bilərik. Niyə də olmasın?
- Saşa İliçin gəlişindən sonra "Sumqayıt"da nə dəyişib?
- Səmimi desəm, komandanın özünəinamı xeyli artıb. Biz çox çalışırıq, əsasən də müdafiə zolağında məşqçi xüsusi işlər görür. Həqiqətən, komanda məşqçinin nə etmək istədiyini başa düşür və nəticədə ardıcıl iki qələbə qazandıq. Ümid edirəm ki, növbəti turda bu seriyanı davam etdirəcəyik.
İdman.biz


