Qaxda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə tədbirləri davam etdirilir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qax, 25 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonu ərazisində kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, mövcud qışlama fazasında olan fərdlərinin aşkarlanması və mexaniki üsulla məhv edilməsi məqsədilə kompleks tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon icra hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqtala Regional bölməsinin, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qrumlarının təşkilatçılığı ilə 2025-ci ilin noyabr və dekabr aylarında həyata keçirilən monitorinqlər çərçivəsində rayonun Qorağan, Şotavar, Çüdüllü, Tasmalı, Lələpaşa, Zəyəm, Lələli, Qındırğa, Fıstıqlı, Tanqıt kəndlərində 1112 evə və inzibati binaya baxış keçirilib. Əsasən, qışlama üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə tikililərdə və sair isti yerlərdə qrup halında 160 mindən çox yetkin zərərverici aşkarlanıb və məhv edilib.
Qeyd edək ki, bu təhlükəli zərərverici həm yetkin, həm də sürfə mərhələsində bitkinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Nəticədə meyvələrdə müxtəlif zərərlər əmələ gəlir. Qərzəkli bitkilərdə, əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Mütəxəssislərin bildirdiyinə görə, qəhvəyi mərmər bağacığına qarşı ən səmərəli mübarizə üsulu qışlama dövründə həyata keçirilən mexaniki tədbirlər hesab olunur. Bu dövrdə zərərvericilər əsasən evlərin çardaqlarında, yardımçı tikililərdə, anbarlarda, təsərrüfat binalarında və digər qapalı məkanlarda gizlənirlər. Mexaniki mübarizə dedikdə, bu ərazilərdə bağacıqların əl ilə toplanması, tozsoran vasitəsilə yığılması, isti sabunlu və ya duzlu suda məhv edilməsi, həmçinin çardaqlarda təmizləmə və dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur. Bu üsul ekoloji cəhətdən təhlükəsiz, iqtisadi baxımdan sərfəli və populyasiyanın kütləvi artımının qarşısını alan ən səmərəli vasitədir.
Zərərvericinin populyasiyasının azalması üçün yalnız dövlət qurumlarının deyil, vətəndaşların da fəal iştirakı vacibdir. Bağacığın qışladığı 6 aylıq dövrdə ev sahibləri dövlət qurumları ilə birlikdə mexaniki mübarizə tədbirlərini davam etdirməlidirlər. Hər bir vətəndaş öz həyətyanı sahəsində, evində, çardağında və yardımçı tikililərdə bağacıqları aşkarlayıb məhv etməlidir. Belə olduqda, zərərvericilərin iqtisadi ziyanlı həddi keçməsinin qarşısı alınacaq.
Qışlama dövründə aparılan mexaniki mübarizə tədbirləri kimyəvi üsullardan daha təhlükəsiz və ekoloji cəhətdən üstün hesab edilir. Çünki bağacığın qışladığı dövrdə kimyəvi preparatların istifadəsi mümkün deyildir. Buna görə də hər bir ev sahibi öz payına düşən məsuliyyəti yerinə yetirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 25 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















