QƏDİM İRƏVANIN “QIZIL ŞƏFƏQ”İ
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Zəngi” qəzeti adında və fəaliyyətində böyük milli-mənəvi mənaları ifadə etdiyi üçün, bu adı heç cür həzm edə bilməyən Ermənistanın şovinist dairələri müxtəlif bəhanələr gətirərək onun adını dəyişdirib “Qızıl şəfəq” qoydular. Qəzetin adı dəyişdirilsə də, bu mətbu orqanın yaradıcı kollektivi sələfinin ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişdir.
“Zəngi” qəzeti 1 yanvar 1929-cu ildən “Qızıl şəfəq” adı ilə nəşr olunmağa başladı. “Qızıl şəfəq” qəzeti Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Mərkəzi İcraiyyə Komitəsinin rəsmi mətbuat orqanı idi. Qəzet 4 səhifə həcmində, kiçik formatda, əsas hissəsi latın əlifbası ilə, sonuncu səhifəsi isə ərəb əlifbası ilə həftədə 2 dəfə nəşr edilirdi. Qəzetin redaktoru vəzifəsi isə müvəqqəti olaraq bu mətbu orqanın məsul katibi Əkbər Rizayevə həvalə edilmişdi. 7 aprel 1929-cu il tarixindən - 25-ci nömrəsindən qəzetin məsul redaktoru vəzifəsinə Mustafa Hüseynov təyin edilmişdir. Qəzet 19 yanvar 1929-cu il tarixindən - 5-ci nömrəsindən etibarən bütünlüklə latın əlifbası ilə nəşr olunmuşdu.
Rəsmi dövlət orqanı olan “Qızıl şəfəq” qəzeti daim Qərbi Azərbaycanda baş verən ictimai-ədəbi hadisələrin mərkəzində olmuş, respublikanın gündəlik həyatında baş verən məsələləri öz səhifələrində işıqlandırmışdı. Qəzet İrəvanda Azərbaycan ictimai, ədəbi-mədəni mühitində cərəyan edən bütün hadisələrə qarşı çox həssas idi. Elə bir ədəbi hadisə olmazdı ki, dərhal qəzetin səhifələrində işıqlandırılmasın.
“Qızıl şəfəq” qəzeti də öz sələfi “Zəngi” kimi mübariz idi və o vaxtlar mətbuata verilmiş nisbi azadlıqdan yetərincə bəhrələnə bilirdi. Amma bununla yanaşı, “Qızıl şəfəq” qəzeti də öz sələfi kimi çoxlu problemlərlə üzləşməli olurdu. Belə ki, redaksiyanın daimi binası olmadığı üçün ünvanlar tez-tez dəyişir, kağız problemi ortaya çıxır, həm də onun abunəçi məsələsi çox vaxt problemə çevrilirdi. Amma redaktordan tutmuş mürəttibə qədər hamı fədakarlıqla çalışır, əlindən gələni edirdi ki, qəzet müntəzəm nəşr olunsun. Bunun üçün Qərbi Azərbaycanda yaşayan azərbaycanlı ziyalılar Cəmil Əliyev, Həbib Məhəmmədzadə, Bilas Şadlinski, Əbülfət Rəhimov, Mirzə Əsgər Rizazadə, Əhməd Musayev, Cəfər Əhmədov və başqaları qəzetə abunə yazılmaqla bərabər, “Çağırış” devizi ilə bütün azərbaycanlı məktəblərinin müəllim və tələbələrini, ziyalıları, dövlət və rəhbər işçiləri də “Qızıl şəfəq” qəzetinə abunə olmaq üçün yarışa çağırırdı. Bu reklam xarakterli çağırış və müraciətlərdə qəzetə 10 nüsxə yazdırana bir neçə kitab hədiyyə edilirdi.
1929-cu illərdə qəzetin fəaliyyətinə nəzər saldıqda bir sıra bölgələrdə abunə və yayılmasının lazımi səviyyədə təşkil edilmədiyi, bəzi yerlərdə isə bu işin yaxşı təşkil edildiyi məlum olur. Qəzet Amasiyada 82, Qurduquluda 26, Allahverdidə 37, Qarakilsədə 39, Meğridə isə 63 tirajla yayılırdı. Qəzetin bölgələrdə belə az sayda yayılmasının və abunəçi azlığının səbəbini bir neçə cəhətdən izah etmək olar ki, bunun da ən başlıca səbəblərindən biri Ermənistanın şovinist dairələrinin erməni dilində çıxan qəzetlərdən fərqli olaraq, Azərbaycan dilli mətbuat orqanına olan ayrı-seçkilik münasibəti idi. İkincisi, bölgələrdə poçt-teleqraf şöbələrinə daha çox ermənilərin təyin edilməsi və onların laqeyd, şovinist münasibəti nəticəsində qəzetin həftələrlə azərbaycanlı oxucularına çatdırılmaması idi. Hətta bəzi yerlərdə qəzetin oxucularına vaxtlı-vaxtında çatdırılmaması o qədər yarıtmaz bir hal almışdı ki, abunəçilər qəzetin 10-20 nömrəsini birdən alırdılar. Qəzetin respublikanın ən ucqar bölgələrində yayılması və abunəçilərinə vaxtlı-vaxtında çatdırılması məsələsindən danışmaq isə daha çətindir. Bu kimi halların mövcudluğu bir tərəfdən çox vaxt abunəçilərin haqlı narazılığına səbəb olurdusa, digər tərəfdən isə qəzetin abunə yazılışı kampaniyasına da öz mənfi təsirini göstərirdi. Burada da erməni şovinist dairələrinin əsas məkrli məqsədi azərbaycanlı oxucunu ana dilində çıxan yerli mərkəzi mətbuat orqanı ilə canlı təmasdan məhrum etmək idi. Amma bütün bu maneələrə, törədilən əngəllərə baxmayaraq, azərbaycanlı oxucular kütləvi şəkildə qəzetə abunə yazılmalarını davam etdirirdilər. Bu da qəzetin dərin, məzmunlu və oxunaqlı çıxması üçün onun fədakar kollektivini daha da ruhlandırırdı.Qəzetin nəşri və onun ahəngdar fəaliyyətini şərtləndirən əlverişli şərait Ermənistanın müvafiq dövlət qurumları tərəfindən erməni dilində çıxan “Xorhurtayın Hayastan”, “Maçkal”, “Sovetakan Hayastan”, “Sosialistakan qjugadyuntesutun”, “Karmir Zinvor”, “Kommunist”, “Avanqard”, “Pioner Qanç” və s. mətbuat orqanlarına əlverişli şərait yaradıldığı halda, Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Qızıl şəfəq” qəzeti isə bu qayğılardan məhrum idi. Qəzet mütəmadi olaraq erməni şovinist dairələri tərəfindən yaradılan problemlərlə, maneələrlə üzləşir və basqılara məruz qalırdı. Ermənistan Xalq Teleqraf Komissarlığının qəzalar üzrə təlimatçıları Azad Sarkisyan, Yeğyazar Krikoryan, Zaqafqaziya rabitə idarəsinin təlimatçısı Avetik Sosoyan müxtəlif bəhanələrlə “Qızıl şəfəq” qəzetinin fəaliyyətini əngəlləyirdilər. Hətta ermənidilli qəzetlər yüksək tirajla, böyük formatda gündəlik nəşr edildiyi halda, “Qızıl şəfəq” qəzeti ilk vaxtlarda həftədə 2 dəfə kiçik formatda nəşr edilirdi.
Lakin buna baxmayaraq, qəzetin redaksiya heyəti, bölgə müxbirləri “Qızıl şəfəq” qəzetinin yayılması və abunə sayının artmasına ciddi səy göstərirdilər. Vedibasar üzrə qəzetin müvəkkili Musa Qafarov Xalisa kəndindən bir gündə 165 manat, dairənin daha 9 azərbaycanlı kəndindən isə 469 manatlıq abunə yazdırmışdır. Qəzetin bölgə müxbirləri Məmməd Xəlilov (Sisian), Bayram Bayramov, Paşa Bayramov (Zəngəzur), Tağı Camalov (Basarkeçər), Feyzulla Əzimov (Vedibasar), Fərman Kazımov (Dəvəli), Abbas Bağırov (Şirazlı), Bilas Şadlinski, Məmməd Kazımov (Böyük Vedi), Ələkbər Əliyev (Çimən), Əli Ağayev, Süleyman Bayramov (Amasiya), Əyyub İbrahimov (Başgərni), Musa İsmayılov (Əştərək), Cahangir Rüstəmov, Nurəli Qurbanov, Həbib İsmayılov (Qafan), Abbas Tahir, Məmməd Əliyev (Qəmərli), Hüseyn Bayramov (Loru-Pəmbək), Cəlil Quliyev (Xaçaparak), Əli Rəhimov (Üçmüəzzin), Alma Muğanlinski (Dilican) və başqalarının səyi sayəsində bu mətbu orqanın tirajı günbəgün artmış, geniş oxucu auditoriyası qazanmışdır. 1929-1930-cu illərdə qəzetlə əməkdaşlıq edən fəhlə-kəndli müxbirlərindən Adil Cəlilov, Səyyad Əliyev, Fərman İsmayılov, Mirzə Bəşirov, Şamo Hətəmov, Məhəmməd Əzimov, İsmayıl Babayev, Nəriman Əliyev və başqalarını göstərmək olar. Bütün bu imzalar və qəzetin səhifələrində müxtəlif mövzularda dərc olunmuş məqalələr bir daha sübut edir ki, qəzet öz ətrafında yetərli yaradıcı heyət toplaya bilmişdir. Qəzet 1930-cu ilin sentyabr ayından “Qəzeti aktiv yayanlar” sütunu açmışdı. 50 abunə yazdıranın şəkli qəzetdə dərc edilirdi. “Qızıl şəfəq” qəzetinin yayılmasına və abunə yazılışı kampaniyasına bölgələrdə müxtəlif vəzifələrdə çalışan Basarkeçər nahiyyəsi firqə komitəsinin katibi Yusif Abbasov, Basarkeçər İcraiyyə Komitəsinin sədri Abbas Əhmədov, Loru-Pəmbək qəza firqə komitəsinin təlimatçısı Şaban Şabanov və qəzanın gənclər üzrə təlimatçısı Məhəmməd Əzimzadə, Vedi nahiyyəsi üzrə pionerlər təlimatçısı Əkbər Kərimov, Ermənistan Gənclər İttifaqının üzvü Məhəmməd Əsədov, Şərur rayon İcraiyyə Komitəsinin sədri İbrahim Qazıbəyov, qəzetin həmin bölgə üzrə müxbiri Qulam Səfərov və başqaları yaxından köməklik etmişdilər. Qəmərli rayonu Torpaqqala kənd şurasının sədri Kərim Mamedov, Aşağı Buzavand kənd firqə özək katibi Teymur Orucov “Qızıl şəfəq” qəzetinin tirajının artması uğrunda ciddi fəallıq göstərmişdilər. “Qızıl şəfəq” qəzetinin tirajının sürətlə artması həm də qəzetin yayılma arealının geniş olması ilə əlaqədar idi. Qəzet ilk nömrələrindən etibarən təkcə Qərbi Azərbaycanda deyil, keçmiş İttifaqın hüdudlarında da tanınmışdır. Gürcüstandan, Azərbaycanın müxtəlif bölgələrindən məqalələrin, oxucu məktublarının bu mətbu orqanın səhifələrində dərc olunması bunu bir daha təsdiq edir.
Araşdırmalar göstərir ki, “Qızıl şəfəq” qəzeti öz sələfinin tempini aşağı salmayıb. Əgər vaxtı ilə “Zəngi” qəzetinin arzusu 5000 tirajla çap olunmaq idisə, onun xələfi olan “Qızıl şəfəq” qəzeti nəşrinin 2 ilində artıq 10000 tiraj haqqında elan vermişdir. “Bütün kolxoz, kolxozçu, zəhmətkeş, kəndli, firqəçi, komsomol, qadın, pioner, hamı, hamı, hamı “Qızıl şəfəq”in sayı 10 min olmalıdır”. Qəzetin tirajının artmasına İrəvan Azərbaycanlı Pedaqoji və İrəvan Kənd Təsərrüfatı Texnikumunun müəllim və tələbə kollektivi xüsusi səy göstərirdilər. Qəzetin ən aktiv müxbirləri və təbliğatçıları da məhz bu təhsil müəssisələrinin müəllim və tələbə heyəti idi. Ümumiyyətlə, Qərbi Azərbaycanda anadilli mətbuatın yayılmasında və tirajının artırılmasında bu təhsil müəssisələrinin müəllim və tələbələrinin misilsiz xidmətləri olub. Faktlar təsdiq edir ki, qəzetin tirajının artmasında, daha çox yayılan və oxunaqlı bir mətbuat orqanına çevrilməsində İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun tələbələri Əbülfət Rəhimov, Nəzər Paşayev, Məmməd Paşayev, Nurəli Qurbanov, Səriyyə Kazımova, Nəsir Əliyev, Məmmədəli Şabanov və başqalarının müstəsna rolu olmuşdur. Qəzet təkcə Qərbi Azərbaycanda deyil, onun hüdudlarından kənarda da özünə oxucu kütləsi toplaya bilmişdi. Xüsusilə Azərbaycanda, onun bir sıra şəhər və kəndlərində oxucuları, müxbirləri olan “Qızıl şəfəq” qəzetinin artan nüfuzu bu mətbu orqanın yayılma arealını da genişləndirmişdi. Naxçıvanda-Şərurda Qulam Səfərov, Qədim Qədimov, Əbülfəz Abasquliyev, Yusif Qəribov, Əziz Qazıbəyov, Zülfüqar Həsənov, Məmməd Qazıbəyov, Nehrəmdə Kərəm Nuriyev, Sədərəkdə Qurban Qurbanov, Ordubadda Əli Abbasov, Məmməd İsmayılov, Qazaxda Qərib Həsənzadə, Gəncədə Qara Həmidov qəzetin ən fəal müxbirləri və təbliğatçıları idilər.
1930-cu il dekabr ayının 7-si “Qızıl şəfəq” qəzeti üçün yaddaqalan günlərdən birinə çevrilir. Həmin gün qəzetin nəşrinin 5-ci ildönümü böyük təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə İrəvan şəhər mərkəzi kəndli evində qəzetin müxbirləri və fəaliyyətində ona dəstək olanların iştirakı ilə 5 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Həmin tədbirdə Qərbi Azərbaycanda keçirilən teatrlar olimpiadasında iştirak etmək üçün İrəvana dəvət almış Azərbaycanın görkəmli səhnə ustaları Hüseynqulu Sarabski və Rza Təhmasib də iştirak etmişdir. Hüseynqulu Sarabski tədbir iştirakçıları qarşısında çıxış edərək öz təbrikini çatdırmış, qəzetin yaradıcı kollektivinə işlərində uğurlar arzulamışdır. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissəsi İrəvanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı sənətçilərin konsert proqramı ilə başa çatmışdır.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
davamı növbəti saylarımızda...


