Qədim Roma hamamı zəlzələlərin minillik izlərini üzə çıxarıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Muğla vilayətində yerləşən Stratonikeia Antik Şəhərində aparılan elmi araşdırma qədim Roma hamamının tarixindəki mühüm mərhələləri üzə çıxarıb. Alimlər müəyyən ediblər ki, əsrlər əvvəl inşa edilmiş bu monumental tikili müxtəlif dövrlərdə güclü zəlzələlərin təsirinə məruz qalıb, təmir olunub və nəhayət, böyük dağıntı nəticəsində əvvəlki funksiyasını itirib.
Türkiyənin “24 Saat” qəzetinin məlumatına görə, Ankara və Pamukkale universitetlərinin alimlərinin birgə apardığı tədqiqat Muğlanın Yatağan rayonundakı Stratonikeia Antik Şəhərində yerləşən Roma hamamının tikinti, bərpa və dağılma tarixini elmi üsullarla müəyyənləşdirməyə imkan verib. Araşdırmanın nəticələri beynəlxalq “Archaeological and Anthropological Sciences” jurnalında dərc olunub.
Tədqiqatçılar hamamın soyuqluq bölməsi – “Frigidarium”u və onun yaxınlığındakı “Palaestra” ərazisini araşdırıblar. Bu hissələrdən götürülmüş kərpic, məhlul və kvarsla zəngin çöküntü nümunələri optik stimullaşdırılmış lüminessensiya üsulu ilə tarixləndirilib. Əldə olunan nəticələr arxeoloji təbəqələr, tarixi zəlzələ qeydləri və qazıntılar zamanı tapılan sikkələrlə müqayisə edilib.
Araşdırma göstərib ki, hamamın əsas tikinti mərhələsi eramızın I əsrinin sonu – II əsrin əvvəllərinə təsadüf edir. Sonrakı əsrlərdə tikili genişmiqyaslı təmirə məruz qalıb. Bu mərhələ eramızın 365–499-cu illəri arasına aid edilsə də, hesablamalarda ən yüksək ehtimal 375-ci il ətrafında cəmləşib. Alimlər bu nəticəni eramızın 365-ci ilində baş vermiş Böyük Girit zəlzələsindən sonra bölgədə aparılmış bərpa işləri ilə əlaqələndirirlər.
Tədqiqatın digər mühüm nəticəsi hamamın son böyük dağılma mərhələsinə aiddir. Dağıntı qatının altında tapılan, eramızın 613-cü ilində zərb edilmiş sikkələr bu prosesin tarixinin müəyyənləşdirilməsində mühüm dəlil olub. Hesablamalara əsasən, tikilinin son böyük çökməsi eramızın 613–850-ci illəri arasında baş verib. Ehtimalın daha yüksək olduğu tarix isə 633-cü il ətrafıdır. Bununla belə, alimlər konkret ili qəti dağılma tarixi kimi təsdiqləmirlər. Onların qənaətinə görə, hamam erkən VII əsrdə baş vermiş güclü seysmik hadisədən sonra monumental funksiyasını itirmiş ola bilər.
Ankara Universitetinin Yer Elmləri Tətbiq və Araşdırma Mərkəzinin professoru Eren Şahiner tədqiqatın əhəmiyyətini izah edərək bildirib ki, alimlər nümunələrin tərkibindəki minerallarda toplanmış enerjini laboratoriya şəraitində ölçməklə tikilinin keçmişinə dair məlumat əldə ediblər. Onun sözlərinə görə, bu üsul zəlzələlərin qədim şəhərlərin əhalisinə, məskunlaşma quruluşuna və memarlıq irsinə təsirini öyrənmək üçün mühüm imkanlar yaradır.
Stratonikeia şəhərindəki Roma hamamının tarixinin araşdırılması göstərir ki, qədim tikililər yalnız memarlıq və sənət nümunəsi deyil, həm də təbiətin minilliklər ərzində yaratdığı dəyişikliklərin yaddaşıdır. Daşlara, torpaq qatlarına və arxeoloji tapıntılara həkk olunmuş bu izlərin elmi təhlili keçmiş zəlzələlərin miqyasını, insanların dağıntılardan sonra apardıqları bərpa işlərini və şəhərlərin zamanla necə dəyişdiyini anlamağa kömək edir.
Nurəngiz Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















