Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış Xankəndi Kommunikesində

Qərbi Azərbaycana qayıdış Xankəndi Kommunikesində

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ötən həftə, 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə əməkdaşlığın inkişafı və dərinləşdirilməsini əhatə edən mühüm məsələlər müzakirə olundu, yekunda isə Xankəndi Kommunikesi qəbul edildi. Kommunikedə bir sıra əhəmiyyətli məqamlar yer alıb, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib. Bununla yanaşı, sənəddə Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Qərbi Azərbaycan İcmasının bununla bağlı yaydığı bəyanatda vurğulanıb ki, ECO-nun Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırıb və bu məsələ sammitin yekunlarına dair Xankəndi Kommunikesində əks etdirilib. Vurğulanır ki, sözügedən mötəbər formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Qərbi Azərbaycan İcması qayıdış məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirməsinə və bu məsələyə beynəlxalq aləmin birmənalı dəstəyini təmin etməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edir”.

Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması artıq beynəlxalq müstəvidə dəstək qazanır. Bundan əvvəl İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur. Həmçinin Ermənistan tərəfindən İcmanın hüquqlarının inkar olunması qınanılır.

Xankəndi Kommunikesində o da qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib. Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.

İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib. Kommunikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib. 

Sənəddə “İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib. Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.

Milli Məclisin deputatı Arzuxan Əlizadə “525”ə şərhində əvvəlcə sammitin əhəmiyyətinə toxunub: “ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvəsi iqtisadi, xüsusilə də siyasi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edən tədbir idi. Məlumdur ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. Bu dövr ərzində artıq üçüncü dəfə idi ki, Azərbaycanda ECO-nun Zirvə toplantısı keçirilirdi. Bundan əvvəlki iki toplantı Bakıda baş tutub, Xankəndidəki sayca üçüncü Zirvənin xüsusi anlamı var. Yəni bu, növbəti dəfə təsdiqləyir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı, eyni zamanda, geniş bərpa-quruculuq işlərini həyata keçirir, yeni infrastruktur layihələrini icra edir, faktiki olaraq həmin ərazilərə insanlarımızın geri qayıdışı ilə həm də bir canlanma özünü göstərir. Azərbaycan onsuz da artıq uzun illərdir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün bir məkana çevrilib. İşğala son qoyulduqdan sonra həmin ərazilərimiz də beynəlxalq tədbirlərə ev sahibliyi edir. İlk dəfə idi ki, ECO-nun Zirvə toplantısı ilə yanaşı, bir beynəlxalq həftəlik tədbirlər də keçirildi. Laçında, Şuşada, Ağdamda reallaşan Gənclər Forumu, eləcə də iqtisadi forum və İƏT qadınlarının tədbirləri Zirvəyə əlavə çalarlar qatmış oldu. Tədbirdə üzv dövlətlərin liderlərinin və digər rəsmilərinin iştirakı Azərbaycanın burada əsas aparıcı dövlət olduğunu və ölkəmizə bəslənən münasibəti, hörməti göstərdi. Bu, birmənalı olaraq Azərbaycan Prezidentinin nüfuzunun göstəricisi idi. Bir daha vurğulamaq istəyirəm ki, Xankəndi Zirvəsi həm də Xankəndini dünyaya nümayiş etdirdi. Otuz il ərzində ermənilər həmin əraziləri ancaq xaraba qoymaqla məşğul olmuşdularsa, biz bərpa-quruculuq işləri həyata keçiririk. Bu, dünyaya, dostlarımızla yanaşı, düşmənlərimizə də bir mesajdır ki, Azərbaycan hansı qüdrətə, gücə sahibdir. Azərbaycan coğrafi mövqeyinə görə regionda olduqca əhəmiyyətli bir ölkədir. Təbii ki, siyasi, iqtisadi, dövlətlərarası münasibətlərin bu kontekstdə yüksəlməsi həm də onunla bağlıdır ki, Azərbaycan Şimal-Cənub, eləcə də Şərq-Qərb üzərində əsas məntəqədir. Bu baxımdan da ölkəmizin önəmi diqqət cəlb edir”.

A.Əlizadə söyləyib ki, Zirvə toplantısında bir çox önəmli məsələlər müzakirə olundu: "Qürurverici haldır ki, ECO-nun Zirvəsində həm də Qərbi Azərbaycandan zamanında qovulmuş, deportasiyaya məruz qalmış, didərgin salınmış bacı-qardaşlarımızın, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdış hüququnun bir daha təsdiqlənməsi, təsbit olunması və dünyaya bəyan edilməsi prosesi baş verdi ki, bundan əvvəl də İslam Əməkdaşlıq Təşkilatında analoji qətnamə qəbul edilib. Qərbi Azərbaycan ifadəsi artıq Ermənistan rəhbərliyinin, eləcə də bütün erməni cəmiyyətinin qorxulu yuxusuna çevrilib. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycanın bu məsələdə atdığı qətiyyətli addımlar öz nəticəsini, bəhrəsini verəcək. Bizim həmin ərazilərdən qovulmuş bacı-qardaşlarımızın geri qayıtmaq hüququ var. Bu, beynəlxalq hüquqla da təsbit olunmuş məsələdir, Azərbaycan qeyd edilən istiqamətdə olduqca ciddi addımlar atır, artıq beynəlxalq platformalarda, bir sıra beynəlxalq təşkilatlarda, son qərar da daxil olmaqla, bu məsələ gündəmə gətirilir. Azərbaycanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yerinə yetirilməsi istiqamətində ardıcıl addımlar atması təbii ki, öz bəhrəsini verəcək. Ermənilər və onlara havadarlıq edənlər bundan çox ciddi əndişələnirlər. Konkret olaraq başa düşürlər ki, bu, qarşısıalınmaz prosesdir və bizim soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ birmənalı olaraq təmin ediləcək”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə hesab edir ki, ECO Zirvəsindən sonra yayımlanan bəyannamədə Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin yer alması xüsusi diqqətəlayiqdir: “EKO-nun Zirvə toplantısı regional baxımdan strateji əhəmiyyət kəsb edən bir mərhələ oldu. Bu görüş bir neçə baxımdan xüsusi önəm daşıyırdı. Birincisi, görüşün Azərbaycanın milli dövlətçilik prinsipləri kontekstində əhəmiyyəti vurğulanmalıdır. Bu, EKO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Xankəndidə şəhərində bir araya gəlməsi idi. Keçmişdə terrorçuluq, separatizm və faşizm ideologiyasının yuvası kimi tanınan Xankəndi bu gün Türk şəhəri kimliyi ilə təqdim olunması və Azərbaycanın ən abad şəhərlərindən biri kimi beynəlxalq ictimaiyyətə göstərilməsi simvolik və siyasi baxımdan mühüm hadisədir.

İkincisi, Zirvə görüşündə müzakirə edilən məsələlər – o cümlədən, regional iqtisadiyyatın bərpası, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulması, eləcə də dövlətlərarası inteqrasiyanın gücləndirilməsi – müasir dövrün aktual problemləri sırasında yer alır. Bu məsələlər yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin təmin olunması baxımından ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, görüşdən sonra yayımlanan bəyannamədə Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin yer alması xüsusi diqqətəlayiqdir. Bu, yalnız EKO liderlərinin siyasi mövqeyinin ifadəsi deyil, həm də Azərbaycanın milli maraqlarına regional səviyyədə dəstək anlamına gəlir.

Zirvə görüşü çərçivəsində, həmçinin EKO-nun Qadınlar və Gənclər Birliyi tərəfindən keçirilən tədbirlər də ümumi gündəmə inteqrasiya olunmuş, sosial baxımdan da prosesə əlavə dəyər qatdı. Yekun olaraq demək olar ki, bu tədbir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və hazırkı mürəkkəb regional münasibətlər sistemində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və kommunikasiya əlaqələrinin bərpasına xidmət edən yeni bir platformanın əsasını qoydu. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar bu platformanın strateji və funksional dəyərini bir daha təsdiqləmiş oldu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri