Qərbi azərbaycanlıların deportasiyası haqqında tədqiqat aparılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 oktyabr, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri dosent Cəbi Bəhramov, aparıcı elmi işçisi dosent Ziyad Əmrahov və dosent Bəxtiyar Həsənovun həmmüəllifi olduqları “Azərbaycanlı əhalinin Ermənistan SSR-dən 1948-1955, 1988-1991-ci illərdə məcburi köçürülməsinin arxiv sənədləri əsasında təhlili: məcburi deportasiyanın nəticələri” adlı məqalə “Lex-Localis” adlı beynəlxalq səviyyəli elmi jurnalda dərc olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Məqalədə keçmiş SSRİ rəhbərliyinin qərar, təlimat və göstərişləri əsasında azərbaycanlı əhalinin Qərbi Azərbaycandan deportasiyası tarixi tədqiq edilib. Tədqiqat işində İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyə Cümhuriyyətinə qarşı əsassız ərazi iddiaları, 1948-1955, o cümlədən 1988-1991-ci illərdə yerli azərbaycanlı əhalinin İrəvandan və Ermənistan SSR-in digər bölgələrindən deportasiyası, eləcə də ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər arxiv sənədləri, tarixi ədəbiyyat əsasında təhlil olunur.
Qeyd edək ki, “Lex-Localis” jurnalı “Scopus”, “Web of Science”, “Erih Plus” kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.


