Qiymətdə 72 qəpik artıq hesablayan mağaza 4 min manat cərimələndi
Icma.az, Modern.az saytına istinadən bildirir.
“Tek süd Holland” pendirinin üzərində 1 kq-nın qiyməti 13.99 manat göstərilməsinə baxmayaraq, kassada 17 manata satılıb. Bu səbəblə mağazaya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə tətbiq edilən protokol təsdiq edilib.
Modern.az-ın məlumatına görə, mağazaya məxsus qəbzdən görünür ki, “Tek süd Holland” adlı məhsulun kq-ı 17 manatdan vurulub və 0,242 kq-ı 4.11 manata satılıb. Fotoşəkildən görünür ki, “Tek süd Holland” pendirinin 1 kq-ı 13,99 AZN olmaqla, 0,242 kg-nın qiyməti 3,39 AZN hesablanıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə mağaza İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilib.


