Rafiq Quliyev: “Filmlərimizin 90 faizi qeyri səmimidir” Müsahibə
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Kulis.az Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Nərmin Nəbiyevanın kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Rafiq Quliyev ilə müsahibəsini təqdim edir.
Onun yaradıcılıq yolu o qədər çoxşaxəlidir ki, Rafiq müəllimi çəkiliş meydançasının hər nöqtəsində görə bilərsiniz. O həm kinooperator, həm kinorejissor, həm ssenari müəllifi, həm də montaj rejissorudur. Yaradıcılığının mərkəzinə insanı, onun daxili dünyasını, xarakterini, hisslərini, insani münasibətlərin ziddiyyətli tərəflərini qoyan Rafiq müəllim ömrünün 50 ilindən çoxunu kino sənətinə həsr edib.
Bu sənətin inkişafı, onun ögeyləşməməsi üçün bütün cəbhələrdə – həm kino meydançasında, həm də auditoriyada sona qədər mübarizə aparıb. Hərçənd sənətkar çox yox, iki il bundan əvvəl “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilmiş Kino Forumunda “filmsizlik dövrü”nü yaşadığımızı desə də, sənədli telefilmlərin “qızıl dövrü”nə imza atanlardan biri məhz Rafiq Quliyev olub.
Sevdiyi, nəfəsindən nəfəs verdiyi kino sənətinin fövqündə dayanan rejissor “peşəkar film”lərin tələblərini yaradıcılığına möhürləyib. Onun imza atdığı 200-dən çox kino nümunəsi arasında sənədli filmlər üstünlük təşkil edib.
“Sənədli film”, “sənədli telefilm” adı altında təqdim olunan, kino estetikasından uzaq düşən “sənədli” verilişlərin sayının artdığı bir zamanda Rafiq Quliyevin sonsuz axtarışları, kino işinə dərindən bələd olması psixo-estetik xüsusiyyətlər daşıyan əsl sənədli telefilmlərin ortaya qoyulmasına təkan verib. “Ağ rəngin simfoniyası”, “Aləmdə qalan səs”, “Ali sevgi”, “Azadlığa gedən yollar”, “Bizi oyatmayın”, “Bütün qadağaların fövqündə”, “Səttar Bəhlulzadə”, “Uzaq sahillərin əfsanəsi”, “Yaşıl rəngin qamması” kimi onlarla sənədli ekran əsərinin adını sadalamaq kifayətdir ki, Rafiq müəllimin filmoqrafiyasının mövzu rəngarəngliyini, qəhrəman axtarışının zənginliyini görə bilək.
30 illik pedaqoji təcrübəsi olan Rafiq Quliyev kino sahəsində çalışan, çalışmağı arzulayan gənclərdən heç vaxt bədgüman olmayıb. Hər zaman kinonun gələcəyinə ümidlə baxıb, lap operatoru olduğu filmin adındakı kimi, ürəkdən inanıb ki, hər şey yaxşılığa doğru dəyişəcək.
Bu inam 2001-ci ildə onu “Lider” televiziyasına gətirib. Nəticədə, elə həmin ildə rejissor “Azərbaycan” redaksiyasının əsasını qoyub. Redaksiyanın fəaliyyətdə olduğu ilk 3 il ərzində (2001-2004-cü illər) onun rəhbərliyi altında müxtəlif məzmunda və formada 237 sənədli televiziya filmi ekranlaşdırılıb.
Dosye: Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni laureatı, kinooperator, kinorejissor, ssenarist, professor Rafiq Quliyev 1957-ci ildə Bakıda dünyaya gəlib. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Kinooperatorluq” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc Mixailin görüntüsü” (rejissor Mixail Kosırevlə birgə) adlı diplom filmi xüsusi diqqət çəkib; Monreal Film Festivalında “Ən yaxşı film” və “Ən yaxşı fantaziya” mükafatlarına layiq görülüb. Festival rəhbərliyi tərəfindən “Tələbə Filmlərinin Ümumdünya Proqramı”na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş olunub. 200-dən çox filmə imzasını atan Rafiq Quliyev, əsasən, sənədli kino çəkib, eyni zamanda 10-dan çox müxtəlif janrlı bədii filmə müstəqil operator kimi quruluş verib.
– 2001-ci ildə “Lider TV”də, əsasən, sənədli televiziya filmlərinin istehsalı ilə məşğul olan “Azərbaycan” redaksiyasını yaratdınız. Rəhbərlik etdiyiniz 3 il müddətində redaksiya bu istiqamətdə öz işini necə qurmuşdu?
– Redaksiya öz fəaliyyətini 4 prinsip əsasında qurmuşdu: maarifçilik, dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik. Sadaladığım bu dörd prinsip əsasında mövzular paketi hazırlanmışdı. Azərbaycan ədəbiyyatının klassikləri ilə bağlı veriliş estetikasında çəkilən sənədli filmlər silsiləsi, Azərbaycanın diasporası haqqında hazırlanan ekran nümunələri, ilk dəfə Azərbaycanda Əli bəy Hüseynzadə, Almaz İldırım, Əhməd bəy Ağaoğlu haqqında reallaşdırılan filmlər, tarixi abidələrimizin tanıdılması istiqamətində hazırlanan nümunələr, vətənpərvərlik istiqamətində istər keçmiş, istərsə də mövcud hərb tariximizdən bəhs edən filmlər redaksiyanın gördüyü işlər sırasında idi.
Eyni zamanda milli-etnik azlıqlar, etnoqrafik ənənəmiz, ayrı-ayrı regionlarımız haqqında ekranlaşdırılan film estetikalı sənədli telefilmlər də maraq doğururdu.
– Redaksiyanın fəaliyyəti müddətində ekranlaşdırdığınız filmlər arasında hansını xüsusilə vurğulamaq istərdiniz?
– Mənim və Orman Çingizoğlunun rejissorluğu ilə ekranlaşdırılan “Uzaq sahillərin əfsanəsi” film estetikasında çəkilən sənədli ekran əsərlərindən idi. Məhz sənədlər əsasında ilk dəfə bu filmdə müharibə illərində qəhrəman Mehdi Hüseynzadənin düz iki il vətən xaini kimi axtarışda olmasını aydınlaşdırdıq. Elə filmin anonsu da bu informasiya üzərində qurulmuşdu: “Vətən xaini Mehdi Hüseynzadə axtarışdadır...”. Filmin səmimiliyi, estetikası onda idi ki, həqiqətən, Mehdi Hüseynzadənin vətən xaini kimi axtarışda olması üzə çıxarılır.
Faktoloji materiallar vasitəsilə isə tamaşaçıya göstərdik ki, nəyə görə faşistlərə xidmət edən insan birdən-birə legionçuluqdan uzaqlaşıb partizan hərəkatına qoşulur. Filmdə aydınlaşır ki, partizan hərəkatına qoşulan Mehdi Hüseynzadə, Luici və sair kimi obrazlar, sən demə, Azərbaycanın qəhrəman oğulları imiş. Bu filmin gücü onda idi ki, məhz sadaladığım qəhrəmanları sənədlər üzərində qoymadı və onları canlı-canlı ekrana gətirdi.
Bu misalı ona görə çəkdim ki, sənədli telefilmin məqsədini, mahiyyətini sənədlilik xüsusiyyəti daşıyan digər verilişlərdən fərqləndirə biləsiniz. Öz komandamla film hazırlayan zaman bu fərqi hər zaman nəzərdə saxlamışıq.
– Bəhs etdiyiniz fərqlilik sənədli telefilmlərin audiovizual təbiətinə hansı formada təsir göstərir?
– İstənilən audiovizual sənəd semantik informasiya daşıyıcısı olmaqla yanaşı, ondan doğan psixo-estetik təsirə də malikdir. Mənə görə, semantikadan da vacib psixo-estetik təsirdir. Bu təsir informasiyanı insanın beynində saxlayır; o, iki-üç gün ərzində filmin təsiri altından çıxa bilmir, təhlillər aparır, müəyyən nəticələrə gəlir. Bu cür təsiri veriliş estetikasında hazırlanan hər hansı sənədli ekran nümunəsində görmək mümkün deyil.
Görkəmli maarifçimiz Mirzə Ələkbər Sabir barəsində insanlar kitablardan asanlıqla informasiya əldə edə bilərlər. Filmin öhdəliyi insanlara əldə edə biləcəkləri deyil, bilmədikləri gerçəkliyi, qəhrəmanın qaranlıq qalan yönlərini, həyat hadisələrini məhz təsvirin köməyi ilə açmaqdır.
Məsələn, Mirzə Ələkbər Sabirin portretini “Səbirli adamın fəryadı” sənədli telefilmində yaradan zaman (film 2002-ci ildə ekranlaşdırılıb) səbəb-nəticə əlaqəsini qurmaq, tamaşaçı ilə səmimi olmaq istədik. Sual qoyuldu ki, nəyə görə bir qətrə belə şərab içməyən Sabir qaraciyər serrozundan vəfat edib. Bunun səbəbini araşdırdıq və nəticəni tamaşaçılara vizual olaraq göstərdik. Biz səmimi olduq və qəhrəmanımız haqqında bilinməyən informasiyanın ekran həllini tapa bildik.
Sənədli ekran filmlərində səbəb-nəticə əlaqəsinin verilməməsi bu gün televiziya məkanında istehsal olunan filmlərin 90 faizini qeyri-səmimi edir. İstənilən sənədli telefilmdə fikir vermək lazımdır ki, filmin yozumu səmimi olsun, insanlara yeni informasiya versin, onları təəccübləndirə bilsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















