Icma.az
close
up
RU
“Real” geridönüş bir yana, heç təsəlli qələbəsini də qazana bilmədi

“Real” geridönüş bir yana, heç təsəlli qələbəsini də qazana bilmədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

1/4 final, cavab oyunları
Real – Arsenal 1:2 (0:0)

Real (Madrid, İspaniya): Kurtua, Vaskes (Sebalyos, 61), R.Asensio (Modriç, 74), Rüdiger, Alaba (F.Qarsiya, 61), Valverde, Çuameni, Rodriqo (Endrik, 61), Bellingem, Vinisius, Mbappe (Dias, 75).
Arsenal (London, İngiltərə): Rayya, Timber (Uayt, 90+4), Saliba, Kivyor, Lüis-Skelli, Parti, Edeqor, Rays (Zinçenko, 90+5), Saka (Trossar, 77), Martinelli (Tirni, 90+4), Merino.
Qollar: Saka, 65 (0:1). Vinisius, 67 (1:1). Martinelli, 90+3 (1:2).
Saka 13-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Alaba, 4. Asensio, 11. Raya, 36. Rüdiger, 85. Parti, 85 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
16 aprel. Madrid. 77073 tamaşaçı.
İlk oyun – 0:3.
Son illərdə bir sıra möcüzəvi geridönüşlərə imza atan “Real” fanatlarına daha bir unudulmaz oyun bəxş etmək arzusundaydı. Bir həftə ərzində “remontada” (geridönüş) İspaniyada bəlkə də ən populyar sözə çevrilmişdi. Ançelotti nə sistemdə, nə də heyətdə ciddi dəyişikliyə ehtiyac duydu. Yəni faktiki italiyalı mütəxəssis rəqibini heç nə ilə təəccübləndirmədi.

İlk dəqiqələrdən aydın oldu ki, “Arsenal”ı “Bernabeu”da yalnız azarkeş dəstəyi və hay-küylə məğlub etmək mümkün olmayacaq. Çünki London nəhəngi çox yaxşı və soyuqqanlı şəkildə müdafiə olunurdu. İlk yarı qolsuz alınsa da, maraqlı hadisələrlə zəngin oldu. Əvvəlcə künc zərbəsi zamanı VAR işə qarışdı. Asensionun Merinoya qarşı kobduluğu penalti kimi qiymətləndirildi. Amma Saka belə məsuliyyətli anda lovğalanmaq qərarına gələrək “Panenka” zərbəsi endirdi. İstiqaməti düzgün tapan Kurtua zərbəni dəf etdi. İlk yarının ortalarında VAR yenə “Real”ın əleyhinə işlədi. Hakim Raysın Mbappeyə qarşı kobudluğunu əvvəlcə penalti kimi qiymətləndirsə də, monitora dəvət olunandan sonra qərarını dəyişdi. 3 qola ehtiyac duyan komanda ilk yarıda qol bir yana, heç “çərçivə”yə zərbə də vura bilmədi! Rəqib müdafiəsini yarmaqda çətinlik çəkən Madrid nəhəngi ənənəvi oyunundan vaz keçərək asmalara üstünlük verməli olurdu. Amma bu matçda “Real”ın 42 asmasında yalnız 7-si (!) uğurlu alındı.
Fasilədən sonra matçın ssenarisi dəyişmədi. Kortəbii hücumlar quran “Real” şikarını tutan, amma onunla nə etmək lazım olduğunu bilməyən dişsiz aslana bənzəyirdi. Dəqiqələr irəlilədikcə meydan sahiblərinin işi bir qədər də çətinləşirdi. Çünki “Arsenal” “Bernabeu”ya təkcə müdafiə olunmaq üçün gəlmədiyiuni göstərməyə başladı. 65-ci dəqiqədə Saka gözəl qurulan kombinasiyanı mükəmməl aşırma zərbə ilə tamamladı. Düzdü, çox keçmədən “Bernabeu”da ümid gurultusu qopdu. Saliba nədənsə intriqanı bərpa etmək qərarına gələrək Vinisiusun fərqlənməsinə “şərait yaratdı”. Amma “topçular” ciddiyyəti bərpa edən kimi yenə müdafiəni alınmaz qalaya çevirdilər. Sonrakı dəqiqələr “Real”ın cılız hücumları, Mbappenin zədələnərək fit sədaları altında meydanı tərk etməsi və... Martinellinin qolu ilə yadda qaldı. “Arsenal” hər iki qarşılaşmada inamlı təsir bağışlayaraq ÇL-in son qalibinə faktiki futbol dərsi keçdi. “Kral klubu” üçün acı reallıq budu ki, komanda geridönüş bir yana, heç fanatları önündə təsəlli qələbəsini də qazana bilmədi. ”Beləliklə, “Real” 2020-ci ildən bəri ilk dəfə yarımfinaldan kənar qaldı. “Arsenal” isə bu turnirdə 2009-dan bəri ilk dəfə adını ən güclü 4 komanda sırasına yazdırdı.
İnter – Bavariya 2:2 (0:0)
İnter (Milan, İtaliya): Zommer, Darmian, Pavar, Açerbi, Bastoni (Bissek, 88), Dimarko (Auqusto, 73), Barella (Frattezi, 88), Hakan Çalhanoğlu, Mxitaryan, Türam, L.Martines (Taremi, 81).
Bavariya (Münhen, Almaniya): Urbiq, Laymer (Koman, 83), Dayer, Kim Min Ce (Gerreyro, 65), Stanişiç, Kimmix, Qoretska (Pavloviç, 83), Olise, Müller, Sane (Qnabri, 65), Keyn.
Qollar: Keyn, 52 (0:1). L.Martines, 58 (1:1). Pavar, 61 (2:1). Dayer, 76 (2:2).
Vərəqələr: Kim Min Ce, 28. Dayer, 45. Arnautoviç, 69. Dimarko, 90+6 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
16 aprel. Milan. 75625 tamaşaçı.
İlk oyun – 2:1.
“Real”dan fərqli “Bavariya”ya geridönüş üçün 1 top fərqi ilə qalib gəlmək yetərli idi. Amma münhenlilərin matça fəal və aqressiv başladığını söyləmək olmaz. Bəzən belə təəssürat yaranırdı ki, ilk görüş “Bavariya”nı qane edən nəticə ilə yekunlaşıb və cavab oyununda qələbə meydan sahibləri üçün daha vacibdi. Madriddəki görüşdə olduğu kimi, burda da bütün qollar fasilədən sonra vuruldu. 2-ci hissə yenicə başlamışdı ki, Keyn yerlə topu uzaq küncə göndərdi. “Rekordmayster”in tarixi ərzində “İnter”ə qarşı keçirdiyi bütün səfər oyunlarında qalib gəldiyini nəzərə alsaq, düşünmək olardı ki, Keyn qələbənin əsasını qoydu. Amma bu mövsümdəki “İnter” yetərincə güclü və rəqabətədavamlı komandadı. “Neradzurra” həm 3 dəqiqə aralığında iki qol vurmaqla matçın axarını dəyişdi, həm də ilk oyundakı qələbənin təsadüfi olmadığını göstərdi. Əvvəlcə Lautaro Martines künc zərbəsindən sonra qapı önündə yaranış qarışıqlıq zamanı yaxın məsafədən qüvvətli zərbə ilə topu tora göndərdi. Çox keçmədən “İnter” yenə künc zərbəsindən effektli şəkildə faydalandı. Hakan Çalhanoğlunun asması zamanı hamını qabaqlayan Pavar baş zərbəsi ilə sabiq komandasını məyus etdi. Maraqlıdı ki, bu, fransalı müdafiəçinin “İnter”də 65-ci rəsmi oyunda vurduğu ilk qol oldu! Amma “San Siro”ya toplaşanlar matçın son 15-20 dəqiqəsini həyəcan içində keçirməli oldular. Çünki 76-cı dəqiqədə hücuma qoşulan müdafiəçi Dayerin baş zərbəsindən sonra top qəribə trayektoriya cızaraq Zommerin başı üzərindən tora düşdü. Qalan müddətdə oyun, demək olar, təkqapı getdi. “Bavariya” rəqib qapısını mühasirəyə alaraq oyunu ən azı əlavə vaxta daşımaq üçün bütün gücünü ortaya qoydu. Amma bu mövsüm finalın Münhendə keçirilməsi və “Bavariya”nın buna qədər daim “San Siro”da qələbə qazanması kimi mistik məqamlar bu dəfə komandaya kömək olmadı. Zommer qalan müddətdə səhvə yol vermədi. Beləliklə, “Bavariya” Münhendəki finalda yer almayacaq. Özü də komanda son 5 ildə 4-cü dəfə ÇL-də mübarizəni 1/4 finalda dayandırdı. “İnter” isə son 3 ildə 2-ci dəfə yarımfinala yüksəldi.
Bombardirlər: Girassi (Borussiya D) – 13, Rafinya (Barselona) – 12, Levandovski (Barselona), Keyn (Bavariya) – 11.
Faktlar
* “Real”ın ÇL-də mübarizəni dayandırdığı son 4 halın hər birində rəqib İngiltərə təmsilçisi olub! “Arsenal”dan öncə “blankos” iki dəfə “Mançester Siti” (2019/20, 2022/23) və bir dəfə “Çelsi” (2020/21) ilə dueldən məğlub ayrılmışdı.
* Vinisius “Real”ın heyətində 310-cu rəsmi oyunda 105-ci qolunu vurdu. Bununla da o, Ronaldonu (104) geridə qoyaraq klub tarixinin ən məhsuldar braziliyalı futbolçusuna çevrildi.
* “Real” hər iki qarşılaşmada 1/4 finalın bütün iştirakçıları arasında ən az məsafə qət edən komanda oldu (ilk oyunda 101,2 km, ikinci oyunda 108,1 km)!
* “Arsenal” “Real”a qarşı keçirdiyi 4-cü oyunda da uduzmadı (3 qələbə, 1 heç-heçə) və “Bernabeu”da keçirdiyi 2-ci oyundan da qələbə ilə ayrıldı!
* “Real” bu mövsüm artıq 12 matçda məğlub olub. Bu, Ançelottinin dönəmində antirekordun tərkarlanması deməkdi. Komanda bu məşqçi ilə 2022/23-də də 12 dəfə uduzmuşdu. Xatırladaq ki, “kral klubu” bu mövsümün sonuna qədər hələ 8 rəsmi oyun keçirəcək.
* Mbappe ardıcıl 5-ci rəsmi oyunda hesabına nə qol yaza bildi, nə də məhsuldar ötürmə. Sonuncu dəfə onun karyerasında belə uğursuz seriya 2018-ci ildə PSJ-nin heyətində olmuşdu.
* Kurtua “Real” karyerasında 39 penaltidən 8-ni dəf edib.
* “Bavariya” ilk dəfə “İnter”i səfərdə məğlub edə bilmədi. Münhen nəhəngi buna qədər bu rəqibə qarşı səfərdə keçirdiyi 4 oyunun hamısında qalib gəlmişdi.
* Lautaro Martines “İnter”in heyətində 326-cı rəsmi oyunda 150-ci qolunu vurdu. O, klub tarixində əcnəbilər arasında 150 qol həddinə çatan 1-ci, ümumilikdə isə 6-cı futbolçu oldu.
* “Bavariya” Keynin transferindən bəri qazana biləcəyi 6-cı tituldan da məhrum oldu! İndi bu komandanın bu mövsüm qazana biləcəyi yeganə titul bundesliqa çempionluğudu.
* Müller ÇL-də 163-cü oyununu keçirdi. O turnirin tarixində ən çox oyun keçirən futbolçuların siyahısında 3-cü pillədə qərarlaşan Lionel Messiyə çatdı. Müller yalnız Kriştiano Ronaldo (183) və İker Kasilyasdan (177) geri qalır.
* Simone İnzaqi “İnter”lə ən azı iki dəfə ÇK/ÇL-in yarımfinalına yüksələn ikinci məşqçi oldu. Daha öncə bunu Elenio Errera bacarmışdı. Əfsanəvi argentinalı mütəxəssis milanlıları ardıcıl 4 mövsüm (1963-67) bu turnirdə yarımfinala daşımışdı.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Oyunun dinamikasını dəyişmək üçün pozitiv bir hadisəyə ehtiyac duyurduq. Penalti tam yerinə düşə bilərdi. Amma hakim sonradan qərarını dəyişərək penaltini ləğv etdi. Oyunçulara özünəinam verə biləcək məqama ehtiyac duyurduq. Amma nəticədə sona qədər də ilk görüşün dinamikasını dəyişə bilmədik. Hər şey məhz ilk oyunda həll oldu. Açıq danışsaq, “Arsenal” hər iki oyunda üstün təsir bağışladı və layiqli şəkildə yarımfinala yüksəldi. Futbolun iki üzü var. Biri sevincli, digəri kədərli. Sevincli anları biz özümüz də çox yaşamışıq. Amma bu gün futbolun digər üzü ilə qarşılaşdıq və növbəti oyunlarda daha yaxşı çıxış etmək üçün bu məğlubiyyətlə barışmalıyıq. Artıq bütün diqqətimizi La Liqaya və ölkə kubokuna yönəldəcəyik. Turnir cədvəlində “Barselona”dan geridə olsaq da, vəziyyəti hələ düzəldə bilərik. Onlara qarşı oyunumuz var. “Real” uduzmağa alışmasa da, bu, futbolun ayrılmaz hissəsidi. Həvəsdən düşməməli və səhvlərimizdən nəticə çıxarmalıyıq. İstefa? Sabah da, bir ildən və ya 10 ildən sonra da baş verə bilər. İstənilən halda bu kluba minnətdar olacam. Burda böyük uğurlar qazansaq da, bu il işlər istədiyimiz kimi getmədi. Futbolda daimi qalib yoxdu”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Məşqçi karyeramın ən unudulmaz gecələrindən birini yaşayıram. Şanlı tarixə malik olan bir kluba qarşı oynadıq. Özümüzlə fəxr edə bilərik. Çünki bu cür rəqibi belə inamlı şəkildə mübarizədən kənarlaşdırdıq. Hər kəs bilir ki, bu stadionda hər an hər şey baş verə bilər. Amma bu gün oyunun axarı istədiyimiz məcrada keçdi. Mərhələni keçmək üçün nə tələb olunurdusa, onu da etdik. “Arsenal” bu turnirdə elə də zəngin tarixə malik deyil. Tariximizdə cəmi 3-cü dəfə yarımfinala yüksəldik və bununla kifayətlənmək istəmirik. Gücümüzə əmin idik, bilirdik ki, mərhələni keçməyə qadirik. Bu oyunlar bizə çox böyük təcrübə qazandırdı. Saka bu gün əla oynadı. Penaltini vura bilməsə də, emosiyalarına sahib çıxdı və ikinci hissədə qol vurdu. Bu stadionda penalti qaçırandan sonra belə futbol sərgiləmək böyük hünər tələb edir”.


Simone İnzaqi, “İnter”in aş məşqçisi:

“Bizim üçün çox gözəl axşam oldu. Fanatlarımızın dəstəyi ilə güclü rəqibi mübarizədən kənarlaşdırdıq. Əslində “Bavariya” hər iki oyunda çox yaxşı təsir bağışladı. Amma onlar nə olur-olsun, qarşısına mərhələni adlamaq hədəfi qoyan bir kollektivlə qarşılaşdılar. Hər kəs meydanda bir-birinə yardım etdi və komanda üçün canını qoydu. Belə rəqibin öhdəsindən başqa cür gəlmək zatən mümkün olmazdı. Qol buraxdığımız anda heç də zəif oynamırdıq. Mxitaryan zədələnərək kənara gəlmişdi və həmin an meydanda azlıqda qalmışdıq. Amma soyuqqanlılığımızı itirmədik və ardıcıl iki qol vurduq. 2:2-dən sonra işimiz asan olmadı. “Bavariya” dəyişikliklərdən sonra bütün komanda ilə irəli atıldı. Ancaq müdafiədə büdrəmədik. Unutmayaq ki, “Bavariya” “İnter”ə qarşı burda keçirdiyi 4 oyunun hamısında qalib gəlmişdi. Amma əməyimizin bəhrəsini gördük və qürurla yolumuza davam edirik”.


Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Nəticəyə baxmayaraq yaxşı oynadığımızı düşünürəm. Bəzi futbolçuların yoxluğu hiss olunurdu. Heyətdəki problemləri mütləq qeyd etmək lazımdı. Fanatlarımıza təşəkkür edirik. Bizi son ana qədər inanılmaz şəkildə dəstəklədilər. Ən azı rəqibdən bir qol artıq vurmaq üçün kifayət qədər fürsətimiz oldu. Hərçənd “İnter”in də haqqını verməliyik. Onların həm əla komandası, həm də güclü məşqçisi var. Reallıq bizim üçün çox sərtdi. Evimizdəki finalda iştirak edə bilməyəcəyik. Artıq bu faktı dəyişə bilməyəcəyik. Amma hər iki oyunda qələbə üçün əlimizdən gələni etdik. Biz yalnız nəticəyə görə üzülə bilərik. Oyun baxımından komandamdan heç bir narazılığım yoxdu. Bu gün, sadəcə, rəqibdən daha çox qol vurmalıydıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri