Icma.az
close
up
RU
Rejissor: Nə olsun, Axundov yazıb, müqəddəs mətn deyil ki? Müsahibə

Rejissor: Nə olsun, Axundov yazıb, müqəddəs mətn deyil ki? Müsahibə

Kulis.az teatr rejissoru, aktyor Abdulla Elşadlı ilə müsahibəni təqdim edir.

- Abdulla, siz Rusiyada təhsil almısınız. Necə oldu bu qərara gəldiniz?

- Mən əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdum. Təhsil aldığım müddətdə Fərəh xanım bizə rektor gəldi. Bir gün, üçüncü kursda oxuyanda məni çağırdı, dedi ki, Rusiyada təhsil üçün uşaqlar yığırıq, getmək istəyirsən? İmtahana girməyə razı oldum. Mən hələ birinci kursda oxuyanda Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “İblis”ini qoymuşdum, üçüncü kursda da Bəxtiyar Xanızadə dəvət etmişdi məni, Pantomima teatrında absurd teatr studiyası aparırdım. Avqust ayında Boris Şukin adına Teatr Universitetindən nümayəndələr gəldi, mərhum ustadım Mixail Borisov da onların arasında idi. Seçim Bakıda oldu, Teatr Xadimləri İttifaqında. İyirmi beş nəfər seçməliydilər, amma qəbula on doqquz nəfər gəlmişdi. Onlardan on üçü seçildi, on biri Rusiyaya getdi. Mən də gedənlərdən biri oldum.
Moskvada oxuyanda iki dəfə bədii qiraət yarışına qatıldım, birində birinci yeri tutdum, o birisində Qran pri qazandım. Epizod rollar festivalında da birinci yerə çıxmışam. Orda təhsilimi bitirib qayıtdım. Nazirlikdən mənə iki teatrı təklif etdilər, Akademik Milli Dram Teatrı ilə Gənc Tamaşaçılar Teatrını. Amma mən rusca təhsil almışdım, səhnə dilim rusca idi deyə Rus Dram Teatrını seçdim. Yer yox idi, yeddi-səkkiz ay gözlədim, sonra direktor Ədalət Hacıyev zəng elədi ki, yardımçı heyətdə yer boşalıb, gəl. O vaxtdan Rus Dram Teatrının aktyoruyam.

- Qayıdandan sonra şəxsi studiya açmışdınız.

- Mən hələ Rusiyada oxuyanda arzum idi ki, Bakıya qayıdandan sonra studiya açım. Gələn kimi “Gənclik” studiyasını açdım. Pandemiya vaxtı idi, dərsləri gizli keçirdik. Əslində, o vaxt işsiz deyildim, AzTv-də və “1 Səhnə” prodüser mərkəzində işləyirdim. Amma teatr dərsi də demək istəyirdim. Kinorejissor Elvin Rüstəmzadə təklif etdi ki, bir neçə tələbə var, bəlkə, dərs deyəsən onlara? Razılaşdım. Dərslər pulsuz idi.
Əvvəlcə iki nəfər idi, sonra tələbələr çoxaldı və studiyaya çevrildi. “Gənclik” studiyasını çevirdik “Zero” studiyasına. Çünki mən orda tələbələrə sıfırdan dərs keçirdim. Amma sonra tələbələr dağılışdı. Teatrşünas Dağlar Yusiflə fikirləşdik ki, bu işi davam edək. Çünki məni artıq pedaqoq kimi qəbul edirdilər, tanıyırdılar. “Klinik A” studiyasını açdıq. Mən Stanislavski sisteminə psixoanalizi də əlavə etmişəm deyə, studiyanın adını “Klinik A” qoyduq. O studiya bir il davam etdi. Uşaqlarla diplom tamaşaları hazırlayırdıq. O tələbələr də dağıldı, studiya fəaliyyətini dayandırdı.

- Bəs bölgə teatrlara getməyin necə oldu?

- Birinci mənim layihəm var idi – “Teatral Odisseya”. Könül xanım Cəfərova Teatr sektorunun rəhbəri olanda layihəmin demo versiyasını elədik Lənkəranda. Üç günlük. Layihə bəyənildi. Könül xanım təklif etdi ki, adını dəyişib “Öyrədərək öyrənirəm” qoyaq. Layihədə birinci dəfə Bəxtiyar Xanızadə və Pərviz Məmmədrzayevi bölgələrə göndərdilər, sonra məni. Əvvəlcə Lənkəran Dövlət Dram Teatrına, sonra Qusar Ləzgi Dram Teatrına, axırda da Füzuli Dövlət Dram Teatrına getdim.
Yanvar ayının ortalarından da Sumqayıt teatrına gedəcəyəm. Layihənin məqsədi bölgə teatrlarını Bakı teatrlarında gedən proseslərə daha da yaxınlaşdırmaq, inkişaf etdirməkdir. Müddəti bir aylıqdı. Bir ayın ilk həftəsi aktyor sənətindən master klassdır, ondan sonra qalan üç həftəni isə tamaşa qurulur. O üç həftənin birinci həftəsi stolarxası məşqdi, ikinci həftə səhnəyə çıxırıq, üçüncü həftə isə tamaşanı təmizləyirik. Layihə müsbət nəticələrini verir. Qusarda qurduğum tamaşadan başqa o biri tamaşalar paytaxtda da oynanılıb və böyük maraqla qarşılanıb. Elə işlədiyim aktyorlar da qeyd edir ki, layihə müddətində onlarda beyin yenilənməsi gedir. Mən tədris üçün Stanislavski sistemini götürmüşəm. Çünki təhsilim ordan gəlir.

- Siz Qazax Dövlət Dram Teatrında da tamaşa hazırlamısınız. O da “Öyrədərək öyrənirəm” layihəsinə daxil idi?

- Yox, Qazaxda layihə deyildi, teatrın direktor vəzifəsini icra edən Allahverdi Musayevin dəvəti ilə getdim. Yay tətili idi, mənə dedi ki, martda monotamaşalar festivalı olacaq, ora üçün bir tamaşa hazırla. Gedib hazırladım.

- Bölgə teatrlarında hansı problemlərlə qarşılaşdınız?

- Bölgə teatrlarında artıq dördüncü tamaşa qururam. Bu mənada aktivəm. Müasir teatr deyəndə adamın ağlına forma və o formanı tamaşaçılara düzgün çatdıran intellekt gəlir. Çünki müasir teatrda artıq aktyor anlayışı yoxdur, ona görə intellekt deyirəm. Belə deyək, aktyor rejissorun ideyasını, məzmununu çatdıran fləşkartdır. Yəni, rejissor bütün ideyasını yükləyir ona, o da sən dediyini çatdırır. Bölgə teatrlarında ən böyük çatışmazlıq təhsilli kadr çatışmazlığıdır. Orda işləyənlərin əksəri yerli kadrdı, təhsilsizdir.
İndi Mədəniyyət Universiteti şərait yaradıb, bölgə aktyorları gəlib qiyabi təhsil ala bilir. Bu vacibdi, çünki universitet mühitini görməlisən. Studiyadı, filandı, bunlar yaxşı şeydi, amma universitet mühitini bilmək vacibdir. Çünki dərslər səndə nizam-intizam formalaşdırır. Ola bilsin, elə təhsilsiz aktyor var ki, çox güclüdür, amma müasir teatrın şərtlərinə cavab vermir. Gəlib təhsil alanlar isə qayıdıb orda işləmək istəmir. Çünki maaş azdı. Mənim bir tələbəm var idi, Lerikdən idi. Ona dedim ki, niyə gedib Lənkəranda işləmirsən? Dedi ki, niyə gedim, maaş azdı. İndi Bakıda işsizdir, reklamlara çəkilir, animatorluq edir. Bir yana baxanda düz deyir. Çünki maddi azadlıq olmasa, heç bir sənətdən söhbət gedə bilməz.
Bəlkə də, yazıçılıqda mümkündü, amma aktyor, rejissor bahalı yaşamağa, istirahətə meylli olur. Bəlkə də, bunu oxuyanlar deyəcək ki, bu nə danışır? Amma fakt belədir. “Biz sənətə xidmət edirik”, “yaşasın sənət” pərdəsini qaldırandan sonra ortaya başqa mənzərə çıxır. Başqa bir problem isə şəraitsizlikdir. Elə Lənkəranı götürək. Yayda istidən məşq etmək olmur, qışda soyuqdan. Qazax teatrı da həmçinin. Onların heç öz binası yoxdu, mədəniyyət evində fəaliyyət göstərirlər. Allahverdi müəllim öz hesabına istilik sistemi çəkdirib, işıqlar alıb, amma teatr yenə də özfəaliyyət dram dərnəyinə oxşayır.
Dediyim kimi, bölgə teatrlarında iki böyük problem məni narahat edir. Birincisi, təhsilsiz aktyorlar, ikincisi də şəraitsizlik. Şəki teatrı Bakıya qastrola gəlmişdi, mən baxıb heyran oldum. Şəki teatrında olan şərait niyə başqa teatrlar üçün yaradılmır? Teatrların maddi-texniki bazası formalaşdırılmalıdır. Qazax teatrında aktyor kulisin arxasına keçir, amma yenə də ordan görünür. Çünki səhnə ilə kulisi nazik parça ayırır. Hər şey ordan-burdan yığmadı. Bizim bir rejissor var, bir dəfə mənə demişdi, mən ona rejissor deyərəm ki, bir dənə stulla tamaşa qursun, bir dənə skamya ilə tamaşa qursun. Qurarsan e, amma vallah, heç kim gəlib o tamaşaya baxmayacaq. Yox, əgər bir stulla tamaşa qurmağımı istəyirsinizsə, onda gətirin mənə elə aktyor verin ki, səhnəni doldursun. Amma heç onda da inanmıram ki, tamaşaçı gəlib baxsın. Çünki artıq tamaşaçı şouya baxır. Cırtdan şou ildə iki dəfə keçirilir. Ona bir il qabaqdan bilet alırlar. Çünki o şoudur.
Hərdən belə deyəndə, deyirlər ki, tamaşa şou deyil. Yox, indi elə tamaşa şou olmalıdı, “vau” olmalıdı. Artıq aktyora bilet almırlar. Əvvəllər Nəsibə Zeynalovaya, Yaşar Nuriyə bilet alırdılar. İndi isə rejissora bilet alırlar. Akademik Milli Dram Teatrında Mehriban xanıma bilet alırlar.

- Siz həm də teatrı yeniləşdirməyə çalışanlardınız.

- Azərbaycan teatrında bir yaşlı nəsil var ki, əsas da rejissorlar və onları müdafiə edən aktyorlar, köhnə teatrı müdafiə edirlər və yenilik gətirəndə səni tənqid edirlər. Söhbət ondan getmir ki, sənin xoşun gəlir, ya gəlmir, amma yeni tendensiyalar gəlməlidi. Haşiyə çıxım, ODA teatrı vardı, Elmin Bədəlov. Mən heç vaxt o teatrla məşğul olmaram. O üslub məni itələyir. Amma o da olmalıdır. Performans idi ya deyildi, bu da başqa məsələdir. Amma o da olmalıydı.

Teatrda yeni formalar gəlməlidi. Bir dəfə dostlarla danışanda dedim ki, iki teatrda “Müsyö Jordan” gedir, aralarındakı fərq odur ki, bir aktyorlar başqadır, bir də geyimlər nisbətən fərqlənir. Başqa heç nə. Hətta musuqilərə qədər eynidir. Səbəb də bunu göstərirlər ki, Axundova dəymək olmaz, Haqverdiyevə dəymək olmaz. Niyə? Müqəddəs mətn deyil ki. Hətta müqəddəs mətnlərə də toxunurlar, yeri gələndə.
Vaqif Mustafayevin “Fransız”ında deyir e, Dədə Qoprqudu görmüsən? Bu da elə. Axundovun hansı kitabında yazılıb ki, bunu məhz belə qoymalısan? Niyə mətni dəyişmək olmaz? Niyə öz mətnini əlavə etmək olmaz?

- Rejissorlar öz baxışlarını ortaya qoymağa qorxurlar?

- Bəli, qorxular. Bu da ondan qaynaqlanır ki, köhnələrin xoşuna gəlmək istəyirlər. Həmnin köhnələr onları tərifləsin və bunlar hansısa bir mərtəbəyə, məqama çatsınlar. Və həmin qocalar əllərini bunların üstündən götürəndən sonra aydın olur ki, bunlar heç rejissor deyilmiş, imitator imiş.
Məsələn, siz evdə oturub “Aldanmış kəvakib”i oxuyanda hansısa gənc rejissorun qoyduğundan daha yaxşı oxuyacaqsınız. Çünki istədiyiniz kimi təsəvvür edəcəksiniz Yusif Sərracı və ya Hacı Mübarəki. Mən niyə olduğu kimi qoymalıyam? Mən süjeti də dəyişə bilərəm, başqa personajlar artıra bilərəm. Heç müəllif olmasın orda, tamaşa olsun. Tamaşada da qlobal problem qoyulmalıdı. Hərdən tamaşa olur, baxırsan, rejissor işi yaxşıdı, aktyorlar yaxşı oynayır. Amma tamaşanın mənası yoxdu. Niyə qoymusan bu tamaşanı? Dünya dağılır e. Aləm dəyib bir-birinə. Sən də durub sevgi əhvalatı qoyursan ki, iyirmi dörd ildən sonra qovuşdular. O vaxt alınmamışdı, nə bilim nə...

Baxın, elə mənim Lənkəran teatrındakı ilk işimi götürək. Anar Babalı mənə dedi ki, Əbdürrəhimbəy Haqverdiyevin “Kimdir müqəssir?” əsərini qur. Dedim, olar mətndən çıxım? Dedi, olar. Mən pyesdəki əsas xətti götürdüm, sonra başladım üstünə budaqlar əlavə etməyə. Siz də baxmısınız, orda demək olar ki, Haqverdiyevdən əsər-əlamət qalmayıb. Hətta tamaşa Bakıya gəlib Teatr Xadimləri İttifaqında oynanılanda həyəcanlanırdım ki, tamaşanı yıxıb-sürüyəcəklər. Amma heç gözləmədiyim adamlar da tamaşanı bəyəndi. Çünki səhnədə tamaşa gördülər, nə olsun Haqverdiyev yox idi? Ortada problem gördülər və problemin həllini gördülər.
Mən gənc dostlarıma məsləhət görürəm, vallah, qulaq asmayın ki, əsərə toxunmaq olmaz. Rus rejissurasından bunu götürmüşəm ki, rejissor hər bir səhnəni həll eləməlidi. Amma "müəllifə toxunmaq olmaz" məsələsində razı deyiləm. Doğrudan, orda bizə qayda qoymuşdular ki, müəllifdən qırağa çıxma, yoxsa müəllif gəlib sənə şillə vuracaq... Rejissor pyesi əlinə götürəndə müəllif ölür, müəllif artıq yoxdur. Mən özüm həm də müəllifəm. Bir pyesim Füzulidə, biri də Gəncədə qoyulub. Rejissorlar mənə zəng edirdilər ki, olar filan yeri dəyişək? Deyirdim ki, mənə zəng etməyin, mən yoxam. İstədiyiniz kimi qurun. Onda sual yarana bilər ki, müəllifin nəyini quraq? İdeyasını. Müəllifin ideyasının üstündə improvizə elə.

- Bu mənada deyə bilərik ki, bizdə kino teatrdan daha çox inkişaf edib?

- Əlbəttə. Çox güclü gənc rejissorlar var. Çünki onlar azaddır. İşdən qovulmaq qorxuları yoxdur. Teatrda qorxursan ki, birdən nəsə deyərəm, nəsə edərəm, məni işdən qovarlar. Amma o rejissorlar qorxmur, hardan qovacaqlar onu? Ofisdən? Özəl ofisdir də. Yeri gəlmişkən, bir sual verim. Bunu o vaxt bir dostumdan soruşmuşdum, sonra ritorik suala çevrildi və heç kim cavab verə bilmədi. Tutaq ki, Axundovun “Aldanmış kəvakib”ini mən də götürüb səhnələşdirirəm, bir kino rejissoru da. Kino rejissoru əsərin başına istədiyi oyunu açır, dəyişir, personaj artırır. Amma ona heç kim heç nə demir. Ancaq teatr rejissoru bir az qırağa çıxan kimi düşürlər üstünə ki, ay sən neylədin, ay Axundov gəlib sənə şillə vuracaq, ay belə olmaz. Niyə, qardaş? Kino rejissoru ilə mənim nə fərqim var?

- Bəs bizdə teatr tənqidçiliyində vəziyyət necədir?

- Çox pis. Birinci növbədə, məncə, bizim teatr tənqidi yenə də maddiyyata gəlib çıxır. Bir dostumuz var, teatrşünasdı. Ondan soruşdum ki, sən niyə yazmırsan? Dedi ki, mən yazanda stress çəkirəm, hər bir sözü seçirəm. Feysbuk statusu yazmıram axı, məqalə yazıram. Amma sonra nə olur? Verirəm harasa, çap olunur, birincisi, mənə bir qəpik pul gəlmir, yəni yazıma görə qonorar ala bilmirəm. İkincisi də, kimin ki tamaşası haqqında yazmışam, o rejissor məni hədələyir, mənə pis davranır, aktyor da zəng edir, təhdid edir. Mən niyə yazım? Bir tərəfdən haqlıdı. Amma başqa tərəfdən də, o yazmasın, o biri yazmasın, bəs axırı? Nəticədə, biz bir-birimizi ancaq tərifləyirik, tərifləyirik. Teatr tənqidi qorxulu bir şeyə çevrilib. Mən tamaşadan sonra dostuma tamaşayla bağlı təəssüratlarımı bir dəfəlik mesaj kimi göndərirəm ki, birdən dostumun yanında başqa bir adam olsa, o səsə ikinci dəfə qulaq asa bilməsin. Bir zəngdən asılı vəziyyətə düşmüşük...

Fotolar: Emil Rasimli

İki qəlbdə bir ehtiyac... - Günün şeiri Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri “Peşəkar teatr dərsləri” layihəsi Lənkəranda
seeBaxış sayı:59
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri