Icma.az
close
up
RU
Rəqsi oyundan sənətə çevirən ifaçı

Rəqsi oyundan sənətə çevirən ifaçı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əminə Dilbazi – 105

Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, səhnə quruluşçusu, Xalq artisti Əminə Dilbazi əsrarəngiz milli rəqsləri ilə qanad açaraq, doğulduğu Qazax rayonundan Bakıya, buradan isə dünyanın böyük səhnələrinə pərvaz etmiş görkəmli sənətkar olub.

Uşaq ikən Əminə xanımın gözəl rəqslərini tez-tez televiziya ekranlarından maraqla izləyirdik. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri öz ahəngdarlığı, plastikliyi ilə hər kəsi heyran edir, seyrçilərdə şən ovqat yaradırdı. Qızlarımızın onun ifalarına baxaraq, qol götürüb süzmələrini, hər bir elementi məhz Əminəsayağı göstərməyə çalışdıqlarını yaxşı xatırlayırıq.

Ona tamaşa etdikcə ilk növbədə Əfzələddin Xaqaninin “Rəqs et” rədifli qəzəli yada düşür:

Bir ov yarasından tökülən qan kimi qayna,
Coşqun ürək ol, sineyi-pərvanədə rəqs et!

Bəlkə də, Əminənin rəqqasə kimi üstünlükləri onun uşaq vaxtı idmanın yüngül atletika növü ilə məşğul olmasının nəticəsi idi. Rayonda keçirilən yarışlarda dəfələrlə birincilik qazanıb.

Bir gün oxuduğu məktəbin direktoru onu yanına çağırıb bir ünvana getməyi tapşırır. Əminə elə bilir ki, onu hansısa yarışa göndərirlər. Tez idman paltarını geyinib deyilən ünvana yollanır. Oraya çatanda görür ki, uşaqlar tar, kamança və nağaranın müşayiətilə rəqs edirlər. Növbə ona çatanda soruşurlar: “Hansı havaya oynayacaqsan?” Etiraz edib deyir: “Mən idmançıyam. Bura məni səhvən çağırıblar”. Lakin musiqi səslənir və Əminə məcbur olub “Obsa” adlı havanı sifariş verir. Deyirlər, axı belə rəqs yoxdur. Belə olan halda yeniyetmə qız özü sifariş etdiyi mahnını oxuyub oğlansayağı oynamağa başlayır. Bir də onda fərqinə varır ki, zalda gülüş səsindən qulaq tutulur. Pərt halda paltosunu götürüb, var gücüylə oradan qaçır.

Amma canında rəqsə bağlı nəsə varmış ki, sonra bu sənətdən qaça bilmir. Bu yolda ilk körpü də elə təsadüfən oynadığı “Obsa”ya görə yeni yaradılan rəqs ansamblına qəbul edilməsi olur.

Əminə Dilbazi çox keçmədən həm xalq rəqslərinin mahir ifaçısına çevrilib, həm də rəqslərə quruluş verməsi ilə fərqlənib. Onun quruluşunda Üzeyir Hacıbəylinin musiqisi əsasında “Kolxoz çölləri” adlı ilk rəqsin ayağı sayalı olub. Həmin rəqsdə o vaxt çox məşhur olan pambıqçı Bəsti Bağırova rolunu da özü oynayıb. Üzeyir bəy ona deyib: “Balaca qız, sən istedadlısan, mənim musiqimə gözəl rəqs qurmusan. Rəqs qurmağa davam et”. Böyük bəstəkarın tapşırığı ilə onun rəqsi dövlət konsertinə salınıb. Xeyli həvəslənib və qısa müddətdə Niyazinin musiqisinə “Dağlar gözəli”, Qılman Salmanovun musiqisinə isə “Alagöz” rəqslərini də qurub.

El məclislərinin birində Əminə xanımın ifası şair Əşrəf Veysəllini elə cuşa gətirmişdi ki, bədahətən ona şeir yazmışdı:

Özü kimi göyçəkmi var,
Sözü kimi çiçəkmi var,
Gözəllərdə ürəkmi var,
Gör, nə ürəklə oynayır.
Bir o qızdı, bir də bizik,
Tapşırıbdı dərdə bizi,
Qurudubdu yerdə bizi,
Göydə fələklə oynayır.

Doğrudan da, Əminə Dilbazi oynayanda sanki yer göyə, göy yerə qovuşurdu. Onun yüksək ifaçılıq mədəniyyəti ilə yanaşı, xəlqilik ruhu və folklor təravəti dəst-xəttinin əsasını təşkil edirdi. Əminə xanım 1936–69-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışıb və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalının qızıl medalını alıb.

Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunda yaradılan “Çinar” tələbə rəqs kollektivinə, 1962–1965-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə “Sevinc” rəqs ansamblına rəhbərlik edib. Uzun illər Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Bir çox filmlərdəki rəqslər ona məxsusdur. Filarmoniyanın səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Repertuarına rus, Ukrayna, özbək, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyalarında da rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. “Ulduz”, “Yallı”, “Sevinc” film-konsertində lentə çəkilib.

Məşhur bəstəkar, Xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şair Mirvarid Dilbazinin doğma əmisi qızı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anası olan Əminə Dilbazinin çevrəsi bütünlüklə yaradıcı sənət adamlarından ibarət olub.

Sovet dövründə “Xalqlar dostluğu” və “Şərəf nişanı” ordenlərinə layiq görülən böyük sənətkar müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif olunub. Prezidentin fərdi təqaüdçüsü olan unudulmaz sənətkar 2010-cu ildə dünyasını dəyişib.

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see292

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see268

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see264

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see258

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see252

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see243

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see227

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see223

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see217

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see217

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see203

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see203

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see202

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see195

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see188

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see177

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see166

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri