Sabir Rüstəmxanlı: Rejimin sonudur, hətta Pezeşkiana ümidlər də doğrulmadı ” MÜSAHİBƏ
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda baş verən son hadisələr, rejimin etirazçılarla qəddar davranması, ABŞ-nin mümkün hərbi müdaxiləsi, devrilmiş şahin oğlu Rza Pəhləvinin hakimiyyətə iddiası fonunda Güney Azərbaycan məsələsi daha da aktuallaşıb.
“Cebheinfo.az”-ın suallarını sabiq millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlı cavablandırıb.
-Sabir bəy, İranda vəziyyət getdikcə daha da gərginləşir. Xüsusilə Güney Azərbaycan kontekstində məsələyə fərqli yanaşmalar var. Siz necə düşünürsünüz, bu, artıq İrandakı mövcud rejimin sonudur?
-Bu rejimin sonu yaxınlaşıb. Təbii ki, bu şəkildə davam edə bilməzdi. Hətta Prezident Məsud Pezeşkiana bağlanan ümidlər də doğrulmadı, demokratik islahatlar istiqamətində verilən vədlər həyata keçirilmədi. Onu da təəssüflə izləyirdik.
Bununla belə, İran xalqı məsələlərə səbrlə yanaşırdı. Keçən əsrdə dəfələrlə ayağa qalxan xalq hər dəfə aldadılıb, ağır bəlalar və itkilərlə üzləşib. Xarici ölkələrin müdaxiləsi ilə Güney Azərbaycanın haqq səsi boğulub, minlərlə insan qurban verilib.
Ona görə də bu dəfə eyni səhvləri təkrarlamaq istəmir və xarici qüvvələrin proseslərə müdaxiləsini qəbul etmir.
-Rza Pəhləvinin hakimiyyətə iddiası ortaya qoyulub.
- Bəli, guya Pəhləvinin oğlu hakimiyətə gələcək. Guya atası nə iş görmüşdü ki, oğlu nə iş görəcək? İkisi də türk düşmənidir. Elə bunu nəzərə alıb məsələyə ehtiyatla yanaşılır. Biz hesab edirik ki, İranda dəyişiklik labüddür.
Lakin bu dəyişiklik nə fars molla rejiminin, nə də Pəhləvi modelinin davamı olmalıdır. Xalqın iradəsinə uyğun nəticə əldə edilməlidir.
-Güneydə hadisələr milli hüquqların bərpası və ya müstəqillik tələbi istiqamətində inkişaf edərsə, bu prosesi arxasınca aparacaq, xalqı birləşdirə biləcək bir lider varmı? Hazırkı vəziyyət onu göstərir ki, hələlik belə bir şəxs üzdə görünmür.
-İranda hələlik açıq şəkildə lider ortaya çıxa bilməz. Əgər lider ortaya çıxsaydı, onu çoxdan məhv etmişdilər. Zaman gələr, lider ortaya çıxar. Əslində lider şəxsdən daha çox xalqın özüdür. Onun yetişdirdiyi müəyyən demokratik qüvvələr, təşkilatlardır. Lider problem deyil, lider məsələsi həll olunar.
-Ümumilikdə, siz hadisələrin sonunu necə görürsünüz? Çünki zaman-zaman İranda bu cür kütləvi ayaqlanmalar olub, amma nəticə dəyişməyib.
-Təəssüf ki, xarici müdaxilələr İranda dini lideri qəbul etməyən qüvvələri də birləşdirir. Xalq görür ki, xaricdən barmaq uzadırlar. Xaricdən müdaxilə cəhdlərini gördükdə, istər-istəməz Əfqanıstan, Suriya, İraq və Liviyanın taleyini düşünür və sakitləşir.
Bu dəfə hakimiyyət çox ciddi şəkildə, demək olar ki, ölkədə açıq müharibə şəraiti yaradıb. Hələ ki, üsyançı qüvvələrin yaxın vaxtlarda qələbə qazanacağı real görünmür. Qarşıdurma kifayət qədər güclüdür. Bir tərəfdə silahlı ordu və dövlət strukturları, digər tərəfdə isə xalqın etirazçı qüvvələri. Nəticəni gözləyək. Bəribaşdan söz demək çətindir.
-Ümumiyyətlə, İran elə bir ölkədir ki, onunla bağlı proqnoz vermək hər zaman çətin olub. Bu baxımdan, İran nadir ölkələrdən sayılır. Sizcə, Güney Azərbaycanın indiki vəziyyətinə və ümumilikdə İranda baş verən proseslərə münasibətdə Quzey Azərbaycanın mövqeyi necə olmalıdır?
-Quzey Azərbaycanın narahatlığı yalnız Güney Azərbaycanla məhdudlaşmır. Dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar İranda baş verən insan ölümləri, zorakılıqlar və kütləvi həbslərdən ciddi şəkildə narahatdırlar. Biz ancaq təbii ki, beynəlxalq hüquq çərçivəsində və müəyyən dövlətlərlə razılaşdırılmış formalarla müdaxilə edə bilərik.
Azərbaycan başqa formada müdaxilə edə bilməz. Biz istərdik ki, İranda normal hakimiyyət olsun. İran, Türkiyə, Qafqaz ölkələri və region respublikaları bu bölgədə Avropa Birliyinə bənzər bir qurum yaratsınlar. Müharibə qoxusu, düşmənçilik münasibətləri aradan qalxsın. Burada yaşayan xalqlar ən azı İslamın qardaşlıq prinsiplərinə uyğun şəkildə yaşaya bilsinlər. Məhz bu səbəbdən Azərbaycan prosesləri səbr və təmkinlə izləyir.
Elnarə Kərimova
“Cebheinfo.az”
Açar sözlər: İran rejim Sabir Rüstəmxanlı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:55
Bu xəbər 14 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















