Icma.az
close
up
RU
Şahnaz ŞAHİN:Ömrün pensiya səddi essesi Sakit Malikovun baxış bucağında

Şahnaz ŞAHİN:Ömrün pensiya səddi essesi Sakit Malikovun baxış bucağında

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ESSE

O gecə səhərə qədər yata bilmədim. Gah Allahı qınadım, gah da özümə qəzəbləndim. İllərin bəndini yıxan ömür suları sakitcə pensiya sərhəddinə yön almışdı. Gözlərimdən gildir-gildir tökülən yaşların adını tapa bilmirdim, nə idi bu, sevincmi, kədərmi? Həmin axşam bir tikə xoşbəxtlik payım kəm idi, ona görə çayım da acı dadırdı.Anamın pensiya kitabçasını bu gün də gəlinlik sandığımda əzizləyib saxlayıram. Mavi üzlü, işlənməkdən üz qabığı əzilib didilmiş kitabçanın son bircə vərəqi salamatdı. İldə bir dəfə yenilənən kitabçanın bir vərəqini hər dəfə pensiya veriləndə Məhərrəm kişi kəsib saxlayırdı. Məhərrəm kişi kənd sovetində işləyirdi, idarədə balaca otağı vardı. Həmin otaqda ona aid işlərlə məşğul olur, ayın sonunda da pensiyalar veriləndə dövlətin yaşlı adamlara ayırdığı pulu yiyəsinə çatdırırdı. İşinə görə əmək haqqı alsa da, pensiyalardan qəpik-quruş saxlamaq adətiydi. Buna görə bəzi adamlar üzə deməsələr də, qarasınca danışırdılar, amma...

Anamın pensiyasının qədəri yadımda deyil, amma o vaxta görə xeyli pul idi. Anamın pulunu Məhərrəm kişi gətirib evdə verirdi, anam da bildiyi vur-tut ikicə hərfdən ibarət imzasını atırdı onun sənəddə göstərdiyi yerə, adının qənşərinə. Anam yığımcıl idi, beləsinə el arasında "ev tikən" qadın deyirlər. Aldığı pulun bir hissəsini mütləq "arxaya" atmalıydı...

Nə zamansa özümün də pensiya alacağım ağlımın ucundan belə keçməyib, yəqin elə mənim kimi bir çoxunun. Əvvəl uşaqlıq, sonra da gənclik illəri ömrün sinəsində elə məclis qurur, qəlbi elə şirin istəklərlə döyünür, başı işə-gücə elə qarışır ki, yadına qocalıqmı düşər!?. Ömrün mərhələləri hərəsi bir cür yaşantılar, fərqli duyğular bəxş edir adama. Bu gün dünənkindən daha yetkin düşünür insan. Zamanla doğru hesab etdiyi həqiqətlər də donunu dəyişir, düşüncələri yontanır, fikirləri, baxışları vaxtın süzgəcindən keçərək durulur...

Haçan pensiyaların artması haqqında söz-söhbət gəzir, nəinki yaşlılar, evində təqaüdçü olan adamlar da sevinir. Nənə və babalar da aldığı pensiyadan şirin-şəkər nəvələrinə pay ayırmaqdan zövq alır. Nənəlik Allahın verdiyi titulların içində bəlkə də ən böyüyüdü, hətta ana titulunu da üstələyir bəzən. Bəlkə onları öz uşaqlıq çağlarına götürür, ya övladlarına həsr etməyə yetməyən zamanların acısını çıxarır canından.., nədirsə bunun səbəbini heç kim sonadək anlaya bilmir, məncə. Bəlkə bunu heç "övladda nəvə, dövlətdə dəvə" deyən ulularımız da bilməyib...

İndi xeyli müddətdi ki, yenə pensiyaların artacağı barədə xoş xəbər dolaşır. Hər "xəbərçi" də bir cürə yayır artımın miqdarını. Xəbəri eşidənlər sevinir, hesablaya bilən özü hesablayır, hesab-kitabdan uzaq olanların ailəsi. Mən də öz bildiyim kimi deyilən faizləri vurub çıxıram və sevinirəm. O saat da içimdən başqa bir mən qalxıb kədərli baxışlarla üzümə sərt bir sillə çəkir - "gör nəyə sevinirsən e..."

Onda arzular boluydu, ümidlər tükənməz, bu arzu və istəkləri həyata keçirməyə vaxtımız da. Nə yaşımız vardı ki.., heç otuz deyildi. Ailəm, övladlarım, başımızı salmağa komamız vardı. Biz başqalarının təmtəraqlı evinə, mülkünə baxıb qəm eləmirdik. Komamızın divarları arasında sevgi, hörmət, qayğı, inam, etibar vardı deyə bizə qala kimi görünürdü...

Onda yuxusuzluq haqqında bilgim də qocaların söylədikləri qədərdi. Kimsə "bu gecə ilan vuran yatıb, mən yox" deyəndə o ifadənin çəkisini təsəvvür eləmirdim. Hələ üstəlik, "aranı dağa, dağı arana" daşımışam da deyirdilərsə, demək, vəziyyət daha da ağırmış...

İndi gecə yatdığım saatlar mənə qənimət kimi görünür, o da ki, ayda, ildə bir dəfə! Hərdən orqanizmimin möhkəmliyini yuxusuzluğa dözümümdən anlayıram, Tanrıya və bədənimə sonsuz təşəkkürlər edirəm. Amma hər şeyin həddi var axı, son vaxtlar həddini aşan yuxusuzluq geri dönməyən izlərini də sağlamlığıma möhürləyib keçir. Mənsə durub pensiyaların artacağına sevinirəm...

Yenə ortalıqda söz gəzir... Yenə yuxum qaçıb... Payız da gəlib, havalar şaxdan düşüb, yun yorğan-döşəyin arasında da ayaqlarım buza qoyulmuş kimi üşüyür... Tərs kimi işıqlar da sönüb və elə tərslikdən telefonumun şarjı bitir... Haydı, müdriklər demiş, qaranlığa deyinməkdənsə, gedim, bir şam yandırım... Və sonra vaxtım olsa pensiyaların artacağına da ürək dolusu sevinim...

—/——-/———-/————-/————

/Şahnaz Şahinin “Ömrün pensiya səddi”

essesi dərin duyğular, sosial müşahidələr və fəlsəfi mülahizələrlə dolu bir ədəbiyyat nümunəsidir. Bu esse həm fərdi həyat təcrübəsi, həm də kollektiv yaddaşın izlərini daşıyan poetik bir düşüncə formasıdır.

Essedə əsas mövzu insan həyatının təbii bir mərhələsi – qocalıq dövrü və onun simvolik ifadəsi olan pensiya yaşı üzərində qurulub. Müəllif bu mərhələni fiziki və maddi dəyişikliklərlə yanaşı, emosional və mənəvi tərəfləri ilə də təqdim edir. Əsərin əsas ideyası: insan ömrünün fərqli dövrləri bir-birindən kəskin şəkildə seçilir, amma hər bir dövr öz gözəlliyi və çətinliyi ilə dəyərlidir. Pensiya yalnız maddi məsələ deyil, keçmişə, yaşanmışlara və zamanın dəyərinə verilən qiymətdir.

Esse narrativ (hekayəvi) quruluşa malikdir – müəllifin şəxsi yaşantıları və xatirələri vasitəsilə ardıcıl şəkildə irəliləyir. Yazının quruluşu aşağıdakı kimi qruplaşdırıla bilər:

Keçmişlə bu gün arasında keçid (gözyaşları, narahatlıq, düşüncə).

Keçmiş xatirələr: Ananın pensiya kitabçası, Məhərrəm kişinin fəaliyyəti və o illərin həyat tərzi.

Bugünkü reallıq: Pensiyanın mənəvi yükü, yuxusuzluq, sağlamlıq, nostalji.

Zamanın axarı, həyatın dəyərlərinin dəyişməsi və ümidsiz optimizm (şam metaforası ilə bitiş).

Müəllifin dili sadə, axıcı və poetikdir. O, gündəlik həyatın ən sadə anlarını belə duyğusal çalarlarda təqdim edir. Bu essedə ironiya, təəssüf, sevgi, nostalji və təşəkkür duyğuları iç-içə keçir. Bəzi nümunələr:

…”çayım da acı dadırdı” – duyğusal vəziyyətin simvolik ifadəsi.

…”nədirsə bunun səbəbini heç kim sonadək anlaya bilmir…” – nənə sevgisinin sirli və izahlı olmayan tərəfi.

…”gedim, bir şam yandırım…” – ümidsizlik içində belə bir işıq tapmaq arzusu.

Əsərdə bir çox simvol və metafora yer alır:

Pensiya kitabçası – həyatın bir mərhələsinin möhürü.

Yuxusuzluq – həm fiziki zəiflik, həm də daxili narahatlığın təzahürü.

Şam – qaranlıq içində ümid, kiçik də olsa, işıq və istilik qaynağı.

Esse təkcə fərdi hisslərin ifadəsi deyil, həm də cəmiyyətin yaşlı nəslinə münasibətinə dair incə bir tənqiddir. Müəllif pensiyanın artımına sevinən insanların sevincinin arxasında duran kədəri və tənhalığı qabardır. Bu, eyni zamanda maddiyyatın psixoloji təsirini göstərir.

Şahnaz Şahin, yazının hər sətrində empati, mərhəmət və humanizm dəyərlərini önə çəkir. O, pensiya yaşını bir son yox, başqa bir həyat fəlsəfəsinin başlanğıcı kimi təqdim edir. Bu yaş dövrünü təkcə zəifliklə deyil, müdriklik, mərhəmət və daxili zənginliklə əlaqələndirir.

“Ömrün pensiya səddi” – sadəcə bir yaş dövrünü deyil, keçmişin izlərini, bu günün ağırlıqlarını və sabaha dair qırıq ümidləri bir araya gətirən düşüncəli bir essedir. Müəllif oxucunu qocalığın qorxulu olmadığını, əksinə dəyərlərlə dolu olduğunu dərk etməyə çağırır. Bu, yaşlanmanın iztirab yox, bir ömrün təntənəli xatirələr albomu olduğunu göstərən dərin və səmimi bir yazıdır.

Sakit Malikov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri