Şəkinin uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirilir AZƏRTAC
Şəki, 10 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində dekabrın 10-da Şəki şəhərinin uşaq musiqi və incəsənət məktəblərində tar və kamança ixtisasları üzrə ustad dərslərinə start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib. Bildirilib ki, ustad dərsləri Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Regional İdarənin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi Məktəbində başlayıb.
Qurumdan verilən məlumata görə, Mədəniyyət Nazirliyinin 2024-cü il üçün nəzərdə tutulmuş Fəaliyyət Planına uyğun olaraq, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində keçirilən ustad dərslərinin məqsədi musiqi və incəsənət məktəblərində təlim prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllim və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasının təmin edilməsi, yerlərdə lazımi metodiki dəstəyin göstərilməsidir.