Sənətin yaddaşında yaşayan tarix
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
1990-cı il Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. 20 Yanvar faciəsi yalnız Bakının küçələrində tökülən günahsız qanla deyil, həm də sovet ideologiyasının iflası, imperiya düşüncəsinin insan həyatına qarşı laqeydliyi ilə yadda qaldı. Həmin günlərdə Azərbaycanın səsi dünya ictimaiyyətinə çox çətinliklə çatırdı. Lakin bu səs bəzən siyasət tribunalarından yox, mədəniyyət kürsülərindən, sənətin incə, amma təsirli dilindən yüksəlirdi. Məhz belə məqamlarda Firəngiz Əlizadə kimi sənətkarların missiyası təkcə musiqi yaratmaq deyil, xalqının taleyini dünyaya anlatmaq idi.
Firəngiz xanımın 1988-ci ildə “ABŞ/SSRİ Gənc Bəstəkarlar Mübadiləsi” adlı konfransda iştirakı ilə başlanan yolu sonrakı maraqlı və tarixi əhəmiyyətli hadisələrə cığır açdı. Xanım bəstəkar o günləri belə xatırlayır: “O dövrdə biz Cahangirlə təzə evlənmişdik. Onda tez-tez Amerikadan dəvətlər alırdım. 1989-cu ildə həyat yoldaşım Cahangir Zeynallı ilə Amerikaya getdik. Mən Los-Ancelesdə Şönberg İnstitutunda həm açıq dərslər keçdim, həm də konsertim oldu. Bunlara görə ilk dəfə olaraq mənə 2000 dollar pul verdilər. Cahangir dedi ki, sənin konsertlərini, açıq dərslərini çəkmək lazımdır. Ona görə də o pula kamera almaq qərarına gəldik. Biz o kameranı böyük ümidlərlə, sonsuz sevinclə almışdıq. Amma təəssüf ki, həmin kamera ilə cəmi bir neçə ay sonra millətimizin böyük bir faciəsini çəkmək qismət oldu.
Belə ki, 1990-cı ilin 20 Yanvar hadisəsi zamanı Cahangir həmin faciəni lentə almaq qərarına gəldi və öz həyatına olan təhlükəni heçə sayaraq Bakı küçələrindəki o dəhşəti kameranın yaddaşına köçürdü. Nəticədə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmi ərsəyə gətirdi.
1990-cı ilin sentyabr ayında biz yenidən Amerikaya dəvət olunanda Cahangir dedi ki, ölsəm də, bu materialları oraya aparacağam. Düzü, mən öncə etiraz etdim, düşündüm ki, heç cür aparmaq mümkün olmayacaq. Sovet əsgərlərinin gözündən yayındırmaq, sərhəddi keçmək çox çətin məsələ idi. Amma onun israrı mənə də güc verdi və biz o kasetləri, fotoları mənim notlarımın arasında gizlədib Amerikaya aparmağı bacardıq”.
1990-cı ilin payızında tanınmış azərbaycanlı bəstəkar və pianoçu Firəngiz Əlizadənin Amerikaya səfəri sıradan bir mədəni hadisə hesab edilə bilməz. Bu səfər 20 Yanvar faciəsindən cəmi aylar sonra baş tutmuşdu və sovet tanklarının sındıra bilmədiyi bir həqiqəti – Azərbaycanın azadlıq istəyini – Qərb auditoriyasına çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyırdı. ABŞ-ın Viskonsin ştatında nəşr olunan “The Daily Cardinal” qəzetində dərc edilən müsahibə və məqalə bu baxımdan tarixi sənəd kimi dəyərləndirilə bilər.
Bu günlərdə görkəmli bəstəkarın öz şəxsi arxivini araşdırarkən üzə çıxardığı və bizimlə bölüşdüyü bu qəzet materialında Firəngiz Əlizadə Amerika oxucusu qarşısında təkcə pianoçu və bəstəkar kimi yox, həm də Sovet İttifaqının daxilində baş verən dərin siyasi və mənəvi böhranın canlı şahidi, hətta zərərçəkən kimi çıxış edirdi. Onun müsahibəsində Sovetlər Birliyi romantik ideologiyalarla bəzədilmiş bir “sosial ədalət məkanı” kimi deyil, iqtisadi çətinliklər, zorakılıq, milli münaqişələr və insan talelərinə biganə münasibət fonunda çökməkdə olan bir sistem kimi təqdim olunur. Əlizadənin dediyi “İnsanlar əvvəlcə insan kimi yaşamalıdır” fikri sovet reallığının ən acı, amma ən dürüst təsvirlərindən biri idi.
Müsahibədə Azərbaycan mövzusu xüsusi yer tutur. O dövrdə Qərb oxucusu üçün Azərbaycan əsasən SSRİ xəritəsində kiçik bir respublika kimi tanınırdı. Firəngiz Əlizadə isə bu təsəvvürü dağıdır, Azərbaycanın zəngin mədəniyyətə, qədim musiqi ənənələrinə və ən əsası, azadlıq istəyən bir xalqa sahib olduğunu vurğulayırdı. Onun “Azərbaycanın birləşmiş və müstəqil dövlət olmasını görmək istərdim” sözləri 20 Yanvar şəhidlərinin ruhuna ünvanlanan səssiz bir and kimi səslənirdi.
Firəngiz Əlizadənin çıxışlarında diqqət çəkən mühüm məqamlardan biri də incəsənətin sovet cəmiyyətindəki rolu ilə bağlı idi. O, Sovet İttifaqında incəsənətin getdikcə ikinci plana keçdiyini, maliyyənin mədəniyyətdən iqtisadiyyata yönəldildiyini açıq şəkildə deyirdi. Lakin eyni zamanda vurğulayırdı ki, məhz bu çətin dövrlərdə insanlar zorakılıqdan və qeyri-müəyyənlikdən qaçaraq incəsənətə sığınırlar. Onun ifadəsi ilə desək, “incəsənət Sovet İttifaqında daxili miqrasiyadadır”. Bu fikir həm sənət, həm də cəmiyyət üçün olduqca dərin metaforadır.
20 Yanvar faciəsindən sonra Azərbaycan təkcə siyasi yox, həm də mənəvi sınaq mərhələsində idi. Firəngiz Əlizadə bu sınağı musiqi dili ilə danışmağa çalışırdı. Muğam elementlərinə əsaslanan, improvizasiya ilə sərt strukturu birləşdirən əsərləri Azərbaycanın daxili fəryadını, susdurulmuş səsini ifadə edirdi. O, Qərb avanqardı ilə Şərq ruhunu birləşdirərək sübut edirdi ki, Azərbaycan təkcə faciələr ölkəsi deyil, böyük mədəni potensiala malik bir xalqdır.
Amerikaya bu səfər təkcə konsert proqramı və müsahibələrlə məhdudlaşmırdı. Firəngiz Əlizadə və həyat yoldaşı, kinorejissor, Əməkdar İncəsənət xadimi Cahangir Zeynallı 1990-cı ilin sentyabrında Viskonsin Universitetində keçirilən “Mərkəzi Asiyada dil, milliyyət və sosial düzən (1100–1990)” adlı IV Beynəlxalq Konfransda iştirak edirdilər. Kağız üzərində elmi, akademik səslənən bu konqres, əslində, onların çiyinlərində bir xalqın qanlı yaddaşını daşıdıqları bir tribunaya çevrilmişdi. Konfransın ilk günündə Madisonda konsertlə çıxış edən Firəngiz xanım proqramda olmadığı halda açılış ifasını dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertura” ilə başlayır. Bu, həmin musiqinin fortepiano variantının ilk ifası idi. O illərdə bu addımı ata bilmək üçün böyük cəsarət və Vətən sevgisi lazım idi. Çünki Firəngiz xanımın da dediyi kimi, həmin dövrdə “Uvertura” sanki Azərbaycanın himni idi.
Onlar Amerikaya təkcə notlar, çıxış mətnləri aparmırdılar. Cahangir Zeynallının 20 Yanvar faciəsi zamanı çəkdiyi film və fotolar sovet gömrük nəzarətindən gizlədilərək, böyük risk və gərginlik bahasına ölkədən çıxarılmışdı. Bu materiallar Bakının qaranlıq küçələrində axıdılan qan, tankların altında əzilən insan ləyaqəti, susdurulmuş bir xalqın vizual şahidliyi idi. Hər çərçivə, hər foto SSRİ-nin rəsmi təbliğatına qarşı ittiham aktı idi.
Okeanın o tayında- Amerikada həmin materiallar nümayiş etdirildi. Lakin gözlənilən sarsıntı, açıq etiraz, yüksək reaksiyalar baş vermədi. Xüsusən SSRİ-nin tərkibində olan respublikaların nümayəndələri ehtiyatlı, çəkingən mövqe tutdular. İmperiyanın əliqılınclı kölgəsi okeanın o tayında belə düşüncələri boğmağı bacarırdı. Buna baxmayaraq, Firəngiz Əlizadə və Cahangir Zeynallı üçün əsas olan nəticə başqa idi: Azərbaycanın başına gətirilmiş ədalətsizlik beynəlxalq bir məkanda səslənmişdi. Onlar bu sükutun içində belə, öz missiyalarını yerinə yetirməyin mənəvi qürurunu yaşayırdılar.
Konqres günlərində onlara açıq şəkildə xəbərdarlıq edildi: “Bakıya qayıtmağınız təhlükəlidir. SSRİ hökuməti sizi rahat buraxmayacaq. Burada qalın”. Bu, həm qorxu dolu bir xəbərdarlıq, həm də fürsət idi. Lakin onlar bu “təhlükəsizliyi” qəbul etmədilər. Çünki onlar üçün Vətən anlayışı coğrafiya yox, məsuliyyət idi. Onlar qorxunun gözlərinin içərisində baxaraq öz Vətənində, öz millətinin yanında olmaq üçün geri döndülər.
Qayıdışdan sonra qorxulanlar baş verdi. Sovet əsgərləri onların evinə basqın etdilər, axtarışlar apardılar, 20 Yanvarla bağlı materialları tapmağa çalışdılar. Lakin gecikmişdilər:
“Biz onda Fikrət Əmirov küçəsində balaca bir evdə yaşayırdıq. Yaxşı ki, Cahangir böyük uzaqgörənliklə həmin lentləri və kameranı mənim valideynlərimin evində gizlətmişdi. Bir gecə gördük ki, qapımız döyüldü. Sanki bütün Sovet əsgərlərini bizim evimizə tökmüşdülər. Bir neçə dəqiqənin içərisində bütün evi darmadağın etdilər. Mənim notlarım, sənədlərimiz, kağız-kuğuz hamısı evin ortasına töküldü, dərin axtarış aparıldı. Amma təbii ki, heç nə tapmadılar. Buna baxmayaraq, uzun müddət biz ikimiz də təqib olunduq”.
Axtarışlar nəticəsiz bitdi. Tarix isə bu cəsarətin tərəfini saxladı. Çox keçmədən Sovet İttifaqı dağıldı və bu təqiblər də, təzyiqlər də öz siyasi dayağını itirdi. Dünən təhlükəli sayılan həqiqətlər bu gün tarixin özü tərəfindən təsdiqləndi. İki böyük incəsənət xadiminin- Firəngiz Əlizadə və Cahangir Zeynallının öz həyatları bahasına Amerikaya gizlincə apardığı o kadrlar, əslində, dağılmaqda olan bir imperiyanın özünə çıxardığı ölüm hökmünün vizual sübutları idi.
Bu faktlar Firəngiz Əlizadənin Amerikada səsləndirdiyi “müstəqil Azərbaycan” arzusunu daha da mənalandırır. Onun azadlıq haqqında dediyi sözlər romantik arzu yox, real risklər bahasına qorunmuş həqiqətlərin üzərində qurulmuşdu. O, musiqi ilə danışırdı, həyat yoldaşı kamera ilə. Amma hər ikisinin dili eyni idi - azadlıq dili.
Bu gün geriyə baxanda Firəngiz Əlizadənin 1990-cı ildə Amerikada səsləndirdiyi fikirlər Azərbaycan müstəqillik tarixinin mədəni manifesti kimi oxunur. O, siyasətçi deyildi, tribunadan çağırışlar etmirdi. Lakin onun musiqisi və sözləri, Cahangir Zeynallının lentə aldığı görüntülər 20 Yanvarın ağrısını, sovet sisteminin ədalətsizliyini və Azərbaycanın azadlıq istəyini dünya ictimaiyyətinə çatdırmağı bacardı. Bəzən bir fortepiano səsi tankların gurultusundan daha uzağa çata bilir. Firəngiz Əlizadənin səsi məhz belə səslərdən idi.
Şahanə Müşfiq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Yanvar 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















