Sərt qadağa gəlir: Uşağı dinə məcbur edənləri nə gözləyir?
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında uşaqların dinə etiqad etməyə məcbur olunmasının qadağan edilməsi məsələsi müzakirə edilib. Cəmiyyətdə geniş rezonans doğuran bu mövzu xüsusilə təhsil mühitində dini elementlərin yeri və təsir dairəsi ilə bağlı sualları yenidən gündəmə gətirib. Məktəblərdə dini simvolların, habelə, geyim tərzlərinin və davranış modellərinin uşaqların dünyagörüşünə necə təsir göstərdiyi, eləcə də bu təsirin könüllülük prinsipi ilə nə dərəcədə uzlaşdığı müzakirə predmetinə çevrilib.
Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi təəssüflə qeyd edib ki, cəmiyyətimizdə “din” anlayışı səslənən kimi avtomatik olaraq yalnız İslam dini nəzərdə tutulur:
“Halbuki söhbət təkcə İslamdan deyil, eyni zamanda xristianlıq, yəhudilik, buddizm və digər dinlərdən gedir. Yəni bu məsələ bütün dini inanclara şamil olunur.
Ümumilikdə uşaqlara erkən yaş dövründə və ya məktəb yaşlarında hər hansı dini etiqadın zorla aşılanması, bu istiqamətdə təzyiq göstərilməsi, kütləvi mobbinq və ya bullinqə məruz qoyulması yolverilməzdir. Şəxs həyatını dərk edə biləcək yaşa çatdıqdan sonra özü qərar verməlidir ki, hansısa dini etiqadı qəbul edir, yaxud ümumiyyətlə dini inancla yaşayıb-yaşamayacaq”.
Təhsil eksperti həmçinin nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında dini etiqad azadlığı təsbit olunub və bu hüquq uşaqlara və şagirdlərə də tanınmalıdır:
“Onlar bu məsələdə sərbəst seçim hüququna malik olmalıdırlar. Təhsil müəssisələrində də bu prinsip qorunur: azyaşlıların hansı dinə mənsub olmasından asılı olmayaraq, istər İslam, istər xristianlıq, istərsə də başqa bir din - onlara qarşı ayrı-seçkilik, kənarlaşdırma və ya qərəzli münasibət müşahidə edilmir.
Lakin qanunvericilikdə açıq şəkildə qeyd olunmalıdır ki, uşaqlara müəyyən yaş dövrünə qədər dini etiqadla bağlı hər hansı məcburi təqdimat və ya tətbiq yolverilməzdir. Hesab edirəm ki, xüsusilə 16 yaşına qədər uşaqlara dinlə bağlı hər hansı zorakı təsir mexanizmlərinə icazə verilməməlidir. Onların şiddət, təzyiq və ya psixoloji təsir yolu ilə hansısa dini cərəyana yönləndirilməsi qadağan olunmalıdır. Bu müddəalar mütləq qanunvericilikdə öz əksini tapmalıdır”.
E.Əfəndi əlavə edib ki, əvvəlki illərdə təxminən 8-10 il öncə - kütləvi informasiya vasitələrində müəyyən dini icmalar tərəfindən şagirdlərin hansısa dini cərəyana cəlb edilməsi ilə bağlı məlumatlara rast gəlinirdi. Son illərdə isə bu tip hallara demək olar ki, rast gəlinmir.
“Ümumilikdə təhsil müəssisələrində dini elementlər şagirdlərin əsasən geyim tərzində və davranışlarında özünü göstərə bilər. Lakin bu, uşaqların dindən kənar saxlanılması anlamına gəlməməlidir. Bu o demək deyil ki, şagirdlər mənfi və ya neqativ davranışlara meyilli olacaqlar. Təhsil müəssisələrində onların etik davranış qaydaları, psixoloji inkişafı və sosial bacarıqları tədris prosesi çərçivəsində formalaşdırılır.
Nəticə etibarilə, din amili ilə bağlı uşaqlara müəyyən yaş həddinə qədər bu, 16 və ya 18 yaş ola bilər - sərbəst qərar vermək imkanı tanınmalıdır. Məhz həmin yaş dövrünə çatdıqdan sonra onlar hansı dinə etiqad edəcəklərinə və ya ümumiyyətlə dini inancla yaşayıb-yaşamayacaqlarına özləri qərar verməlidirlər”,- deyə ekspert qeyd edib.
Digər təhsil eksperti Ramin Nurəliyev də hesab edir ki, hər hansı bir dinin və ya dini təriqətin vətəndaşlara, xüsusilə də azyaşlılara məcburi şəkildə qəbul etdirilməsi, təzyiq yolu ilə mənsub etdirilməsi dövlət tərəfindən qətiyyən yolverilməzdir və belə hallara görə müvafiq məsuliyyət nəzərdə tutulur:
“Din yalnız o halda mənalı və dəyərli olur ki, insan onu könüllü şəkildə qəbul etsin, sevsin və onun bir parçası olmağı özü istəsin. Məcburiyyət üzərində qurulan din anlayışı düzgün deyil. Din təbliğ olunursa, bu, düzgün, dolğun və anlayışlı formada aparılmalıdır ki, insan həmin dinin dəyərlərini dərk etsin və bu dəyərlərə uyğun yaşamağa çalışsın. Xüsusilə ailələrdə uşaqlara qarşı tətbiq edilən fiziki və ya psixoloji təzyiqlər nəticəsində dini ayinlərin icrası mənim fikrimcə doğru yanaşma deyil.
R.Nurəliyev eyni zamanda qeyd edib ki, icbari orta ümumtəhsil məktəblərində şagirdlərə dini geyimlərin məcburi şəkildə geyindirilməsi və ya dini yaşam tərzinin zorla aşılanması məsələsinə gəlincə, İslam dininin özü belə məcburiyyəti qəbul etmir.
"Bu dəyərləri düzgün anlayaraq və könüllü şəkildə yaşamaq ən doğru yoldur. Lakin hər hansı dini qaydanın, istər geyim, istər davranış forması olsun, məcburi tətbiqi sonradan daha ciddi mənfi fəsadlara yol aça bilər. Məsələn, valideyn təzyiqi ilə məktəb yaşlarında baş örtüyü taxan bir şagird dini dəyərləri şüurlu şəkildə mənimsəməyibsə, yuxarı siniflərdə cəmiyyətlə müqayisə apararaq bu geyimdən imtina edə və bu da psixoloji diskomfort yarada bilər".
Ekspert həmçinin vurğulayıb ki, din ailədə də, cəmiyyətdə də sağlam münasibətlər üzərində qurulmalı, valideyn-uşaq münasibətlərində zorakılığa və təzyiqə yer verilməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 28 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















