Icma.az
close
up
RU
Səttarxanın ilk sayını görüb ağladığı qəzet ARAŞDIRMA

Səttarxanın ilk sayını görüb ağladığı qəzet ARAŞDIRMA

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Azərbaycan qəzeti” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

1945-ci ilin dekabrında Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökuməti yaradıldıqda, “Azərbaycan” qəzeti adıçəkilən hökumətin rəsmi orqanı kimi təqdim edildi və rəsmi hökumət xəbərləri həmin qəzetdə dərc olunmağa başladı. Qəzet tarixən elə bir şöhrət qazanıb ki, bu gün Güney Azərbaycanda adı eşidiləndə dərhal Azərbaycan Milli Hökumətinin dövrü və sözügedən qəzet ağıla gəlir. Lakin bu, Azərbaycanda eyni adda nəşr olunmuş ilk qəzet deyil. İstər Quzey Azərbaycanda, istərsə də Güney Azərbaycanda, bu qəzetdən əvvəl də, sonra da çoxsaylı qəzetlər və nəşrlər “Azərbaycan” adı altında nəşr olunub. Bu qısa məqalədə isə Güney Azərbaycanda “Azərbaycan” adı ilə nəşr olunan qəzetlərə nəzər salacağıq.

Azərbaycan adında qəzetlər

İranda Məşrutə inqilabı dövrü (1905-1911) qəzetçiliyin və insanların qəzetə olan marağının çiçəklənməsi və böyüməsi dövrü hesab olunur. İctimaiyyəti məlumatlandırmaq, maarifləndirmək və siyasi ideya və idealları təşviq etmək ehtiyacı bu dövrdə çoxsaylı qəzetin nəşrinə səbəb oldu. Güney Azərbaycan türkləri bu sahədə ən fəallardan idi. Tehranda Azərbaycan ziyalıları və jurnalistləri tərəfindən nəşr olunan qəzetlərlə yanaşı, Güney Azərbaycanın bir çox şəhərlərində, məsələn, Təbriz, Ərdəbil, Xoy, Marağa və s. qəzetlər nəşr olunurdu. Məhz bu dövrdə, yəni Məşrutə müharibələri dövründə Təbrizdə “Azərbaycan” adlı qəzet nəşr olunmağa başladı. Deyilənə görə, “Azərbaycan” qəzetinin ilk sayı Səttarxana veriləndə gözləri yaşarıb. “Bu gün Azərbaycanın bayramıdır”, - Səttarxan deyib. Lakin bu da “Azərbaycan” adı ilə nəşr olunan ilk qəzet deyildi.

Əslində, “Azərbaycan” adı ilə nəşr olunan ilk qəzet Səttarxanın görüb sevinc göz yaşları tökdüyü və həmin günü “Azərbaycan bayramı” adlandırdığı qəzetdən təxminən 50 il əvvəl nəşr olunmuşdu. “Azərbaycan” adı ilə nəşr olunan ilk qəzet 1858-ci ildə çap olunub. Təbrizdə daş mətbəəsi ilə nəşr olunan ilk qəzetin mütərəqqi ideyaları var idi. Əslində aylıq jurnal olan və aylıq nəşr olunan bu qəzetin müxtəlif saylarında fərqli adlar istifadə olunurdu, lakin bütün bu adlarda "Azərbaycan" sözünə rast gəlirik: "Azərbaycan", "Azərbaycan məmləkətinin milli qəzeti", "Azərbaycan məhrusə məmləkətinin hadisələri", "Dar-ul-Səltənə-yi-Azərbaycan xəbərləri". 21 illik fəaliyyəti dövründə bu qəzet iki dəfə qadağan edilib və nəhayət, o dövrdə Qacar ​​sülaləsinin vəliəhdi kimi Təbrizdə yaşayan Müzəffərəddin Mirzənin əmri ilə bu dəfə "Təbriz" adı ilə fəaliyyətə başlayıb.

(“Azərbaycan” qəzeti 1907-ci il)

Daha əvvəl dediyimiz kimi, əslində, Səttarxan hərəkatı dönəmində Təbrizdə nəşr olunan "Azərbaycan" qəzeti həmin adı daşıyan ikinci qəzet sayılır. Bu qəzetin ilk sayı 19 fevral 1907-ci ildə Təbrizdə nəşr olunub. Bununla birlikdə, qəzetin ilk sayının ilk səhifəsində “1906-cı il” dərc olub. Lakin elə həmin sayın ikinci səhifəsində “19 fevral 1907 tarixi” dərc edilib. 8 səhifədə nəşr olunan bu qəzet səhifələrinin 4-nü şəkillərin dərc olunmasına həsr edib. Bu qəzetin illüstrasiyalarının və şəkillərinin Quzey Azərbaycanda nəşr edilən “Molla Nəsrəddin” jurnalı ilə oxşarlığı tədqiqatçılar üçün maraqlı olub. Qəzetdəki yazılar fars və ya Azərbaycan türkcəsində idi. Görünür, "Azərbaycan" qəzetinin 20-dən çox sayı çıxmayıb və onun təsisçiləri daha sonra başqa bir qəzet nəşr etməyə çalışıblar. Lakin "Azərbaycan" qəzetinin əlimizdə olan sayları qəzeti çıxaranların, xüsusilə də şəkillərini çəkən adamın cəsarətini nümayiş etdirir.

(“Azərbaycan” qəzeti 1907-ci il)

Azərbaycan azadlıq və ədalət ümidi ilə məşrutə Hərəkatına qoşulmuşdu, lakin Konstitusiyanın qəbul edilməsindən sonra Güney Azərbaycan əvvəlki azadlığını da itirdi. Ustad Məhəmmədhüseyn Şəhriyar bu durumu çox yaxşı açıqlayıb:

Müstəbid sultanı saldıq ki, ola xalqımız azad

Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi.

Rza xanın güclənməsi və sonunda monarxiyanın Qacardan Pəhləviyə keçməsi ilə “Azərbaycan”ın jurnalistikadakı payı 12 farsdilli və bir ermənidilli qəzetə düşdü. Bütün bu dönəmdə “Azərbaycan” adında heç bir qəzet işıq üzü görə bilmədi. Nəşr olunan qəzetlər də xalqın istəklərini deyil, basqıcı rejimin təbliğatını əks etdirirdi.

1941-ci ildə İranın Müttəfiq qüvvələri (Böyük Britaniya və Sovet İttifaqı) tərəfindən işğalı ilə Rza şahın avtoritar və despotik hakimiyyətinə son qoyuldu. Ən ağır təzyiq altında olan və bütün bu illər ərzində nəfəsi kəsilən Güney Azərbaycan yenidən nəfəs almağa və fəaliyyətə başlamaq üçün fürsət tapdı. Rza şahın İrandan sürgün edilməsindən qısa müddət sonra fəaliyyətə başlayan ilk qəzet "Azərbaycan" adı ilə çıxdı. Bu qəzet əslində Güney Azərbaycan türkləri tərəfindən "Azərbaycan" adı altında nəşr olunan üçüncü qəzet idi.

Qəzet fəaliyyətə Əli Şəbistərinin rəhbərliyi və İsmayıl Şəmsin redaktorluğu altında başlamış və əslində Rza şah ölkədən sürgün edildikdən sonra Təbrizdə yaradılan "Azərbaycan Cəmiyyəti"nin orqanı olub. Bu qəzetin yazıları fars dilində və Azərbaycan türkcəsində dərc olunurdu. Qəzet məqalələri cəsarətli və tənqidi idi. Bu qəzet də Rza şahın diktaturası dövründə mərkəzi hökumətin Azərbaycana baxışını tənqid edib və Azərbaycan xalqının hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb. Bu qəzet türk dilində məqalələr və şeirlər dərc etməklə yanaşı, Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə bağlı, eləcə də vilayət və əyalət əncümənlərinin müdafiəsi ilə bağlı məqalələr də dərc edirdi.

(“Azərbaycan” qəzetində Azərbaycan türkcəsində şeir və yazı nümunəsi. Qəzetin 35-ci sayının yalnızca bir səhifəsi fars dilində yazılıb, geri qalan bütün səhifələr Azərbaycan türkcəsində yazılıb)

İran mərkəzi hökuməti Rza şahın sürgün edilməsindən sonra ən zəif vəziyyətdə olmasına baxmayaraq, qəzetin yayımının qarşısını almaq üçün əlindən gələni etdi. Qəzetin bir çox sayında İranın mərkəzi hökumətinin Tehran və başqa yerlərdə yayım və satışına mane olmasını bildirən yazılara rast gəlmək olur. Nəticədə “Azərbaycan Cəmiyyəti” təxminən altı aylıq fəaliyyətdən sonra İran mərkəzi hökumətinin əmri ilə ləğv edildi və qəzetin nəşri də dayandırıldı. Lakin bu, yolun sonu deyildi. Üç il sonra eyni qəzet bir daha işıq üzü görməyə başlayacaqdı.

"Azərbaycan Cəmiyyəti"nin ləğvindən və qəzetin bağlanmasından təxminən 3 il sonra Azərbaycan Demokrat Firqəsi 3 sentyabr 1945-ci ildə bəyanat yayaraq mövcudluğunu elan etdi. İki gün sora "Azərbaycan" qəzeti yenidən işıq üzü görməyə başladı. 1946-cı ilin dekabr ayına qədər davamlı olaraq Təbrizdə nəşr edilən qəzet Firqənin və Azərbaycan Milli Hökumətinin rəsmi orqanı olaraq fəaliyyət göstərdi. Qəzet Azərbaycan türkcəsində çıxırdı və çox nadir hallar istisna olmaqla, bütün xəbərlər, təhlillər və hətta reklamlar da öz dilimizdə yazılırdı. Demək, Güney Azərbaycan ilk dəfə olaraq bütövlükdə doğma dildə çıxan qəzetə sahibi olmuşdu. Yazıların dili o qədər axıcı, o qədər doğru-düzgündür ki, bu gün belə onları oxumaq xoşdur.

(Azərbaycan qadınları “Azərbaycan” qəzetini oxuyurlar)

Bu arada, redaksiya şair və yazıçıları da unutmamışdı. Qəzetin bütün saylarında şairlərin şeirlərinə və yazıçıların hekayələrinə bir bölmə həsr olunmuşdu. Gənclik illərində əsərlərini bu qəzetdə dərc etdirən şair və yazıçıların bəziləri sonralar Azərbaycanın tanınmış şair və yazıçılarına çevriliblər. Bulud Qaraçorlu (Səhənd), Mədinə Gülgün, Həkimə Buluri, Məhəmməd Biriya, professor Məhəmməd Tağı Zehtabı, Ustad Məhəmməd Əli Fərzanə, Həbib Sahir və Güney Azərbaycan hekayə yazarlığına damğasını vurmuş olan Gəncəli Səbahi kimi bir çox Azərbaycan şairləri və yazıçılarının ilk qələm nümunələri burada işıq üzü görmüşdü.

(Pişəvəri “Azərbaycan” qəzetini oxuyur)

"Azərbaycan" adı ilə nəşr olunan qəzetlər arasında ən şirin xatirələr və eyni zamanda, ən acı tale bu qəzetlə bağlı olub. Azərbaycan Milli Hökumətinin qurulması, Güney Azərbaycanda Azərbaycan Türk dilinin rəsmi status qazanması, qadınların ilk dəfə olaraq seçkilərə qatılma hüququ, Azərbaycan mədəniyyəti ilə əlaqəli təntənəli tədbirlər və qürurverici qərarlar, Təbriz Universitetinin açılışı, kəndlilərin əkinçilik torpaqlarına malik olması və bir sözlə, Güney Azərbaycan xalqının öz taleyi üzərində suverenliyi ilə bağlı şirin xatirələr bu qəzetdə yer almışdı. Lakin 1946-cı il dekabrın 17-də Təbriz Pəhləvi rejiminin ordusu tərəfindən tamamilə işğal edildikdə, ordunun törətdiyi bütün qeyri-insani cinayətlərlə yanaşı, mədəni cinayət də baş verdi. Bu şəhərin meydanlarında Azərbaycan türkcəsində yazılmış bütün kitablar, o cümlədən onların arasında "Azərbaycan" qəzeti də nifrət və kin alovunda yandırıldı. Bu yazını böyük Azərbaycan şairi Səməd Vurğunun həmin hadisəyə etiraz olaraq söylədiyi şeirin bir parçasıyla sonlandırırıq:

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar,

Min kamalın şöhrətidir, iki ürəyin arzusu...

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,

Min kamalın şöhrətidir, iki ürəyin arzusu...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see381

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see349

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see290

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see283

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see275

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see255

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see253

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see237

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see219

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see201

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see201

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see195

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see192

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see187

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see183

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see175

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see168

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see167

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see167

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri