Slovakiya ölkəmizi uzunvədəli strateji tərəfdaş görmək istəyir ANALİZ
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu səfər Azərbaycan üçün Avropada nüfuzunu gücləndirmək və yeni coğrafi-ticarət əlaqələri yaratmaq baxımından əhəmiyyətlidir
Mərkəzi Avropanın mühüm dövlətlərindən biri olan Slovakiya ilə əməkdaşlıq önəmlidir. NATO və Avropa İttifaqının üzvü kimi Slovakiya müasir sənaye potensialı, dinamik iqtisadiyyatı, regional və qlobal təhlükəsizlik məsələlərində aktiv mövqeyi ilə seçilir. Azərbaycanla bu ölkə arasında formalaşmış qarşılıqlı etimad, dərin diplomatik dialoq və praktiki əməkdaşlıq Cənubi Qafqaz-Mərkəzi Avropa xəttində strateji tərəfdaşlıq konturlarını daha da aydınlaşdırır.
Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri ikitərəfli münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika şəbəkələri və postmünaqişə mərhələsinin sosial-iqtisadi layihələri baxımından xüsusi geosiyasi əhəmiyyət daşıyır. Slovakiya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra 1993-cü ildə diplomatik əlaqələr rəsmiləşdirilib və münasibətlər ardıcıl, sistemli, bərabərhüquqlu əməkdaşlıq əsasında inkişaf edib. Son illərdə bu dinamika daha da güclənib. 2019-cu ildən Slovakiyanın Bakıda, 2023-cü ildən isə Azərbaycanın Bratislavada səfirliyinin fəaliyyət göstərməsi qarşılıqlı siyasi əlaqələri daha da canlandırıb. 2024-cü ildə Baş nazir Robert Fitsonun Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldırıb. Bu sənəd faktiki olaraq müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan siyasi yol xəritəsinə çevrilib. Slovakiya ilə müzakirə olunan əsas məsələlərdən biri enerji təhlükəsizliyidir. Avropa İttifaqının Rusiya qazının Slovakiya istiqamətində idxalını məhdudlaşdırdığı şəraitdə alternativ mənbələrə artan ehtiyac Azərbaycanın regional və pan-Avropa enerji arxitekturasındakı rolunu daha da ön plana çıxarır. Slovakiya Prezidentinin Azərbaycan qazını ölkəsi üçün strateji enerji həllinin mühüm elementi kimi dəyərləndirməsi Bakının Avropadakı etibarlı tərəfdaş statusunu daha da gücləndirir. 2024-cü ildən Slovakiyaya qaz ixracına başlayan Azərbaycan bu xəttin genişləndirilməsi ilə Avropanın enerji şaxələndirilməsi siyasətinə töhfə verir. Slovakiyanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ilə enerji inteqrasiyasını daha da dərinləşdirir. İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas sütunlardan biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir: 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Slovakiyanın Avropa İttifaqındakı rolu və sənaye potensialı da Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. “Volkswagen”, “Kia” və “Stellantis” kimi transmilli şirkətlərin sərmayələri Slovakiyanı Avropa və dünya avtomobil istehsalında lider ölkələrdən birinə çevirib. Adambaşına düşən avtomobil istehsalı Slovakiyanın sənaye qovşağı kimi vacib rolunu göstərir və ölkənin Avropa İttifaqında iqtisadi siyasətinin dayanıqlığını sübut edir. Bu isə Azərbaycana iqtisadi əməkdaşlıq baxımından geniş və perspektivli imkanlar təqdim edir. Avropa şirkətlərinin investisiyaları yalnız regionda yeni iş yerlərinin yaradılmasına şərait yaratmır, həm də yerli sahibkarlığın inkişafına dəstək verir, texnoloji transfer imkanlarını artırır, müasir idarəetmə və istehsal standartlarının tətbiqinə yol açır. Eyni zamanda, bu investisiyalar regionun dayanıqlı iqtisadi infrastrukturunun formalaşmasına töhfə verərək, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasına xidmət edir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini gücləndirir. Dost ölkələr arasındakı hərbi və müdafiə əməkdaşlığı da diqqətəlayiqdir. Prezident İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.
Millət vəkili Azər Badamov deyib ki, Slovakiya ilə qurulan münasibətlər xarici siyasətimizdə spesifikdir. Deputatın sözlərinə görə, Slovakiya ilə qurulan münasibətlər həm Azərbaycanın bu ölkə ilə, həm də Avropa İttifaqı ilə münasibətlərinin müəyyənləşdirilməsi baxımından önəmə malikdir: "Slovakiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi sahədə uğurla inkişaf edirsə, bu amil həm Slovakiyanın yerləşdiyi region, həm də bizim region üçün sabitlik vəd edir, nümunəvi bir model formalaşdırır. Səfər Slovakiya-Azərbaycanda yeni səhifənin açılması qədər, Avropa İttifaqı-Azərbaycan münasibətlərini də daha müsbət meyillərə kökləmək baxımından əlavə dəstəkdir. Həm təkbətək, həm də geniş formatda aparılan müzakirələr göstərdi ki, siyasi gündəlik genişdir. İki ölkə arasında münasibətlər qurularkən liderlər arasında olan münasibətlər də son dərəcə mühümdür. Azərbaycan Cənubi Qafqazda etimad göstərilən aktordur. Slovakiya da bunu qəbul etməklə bərabər, həm də ölkəmizi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Slovakiya Azərbaycanla əlaqələri, əməkdaşlığı dərinləşdirməkdə, intensivləşdirməkdə maraqlıdır. Azərbaycanın Slovakiyada aparıcı rolu enerji təchizatının şaxələndirilməsi ilə müəyyənləşdirilib. Bu yolda Slovakiya ölkəmizi uzunvədəli strateji tərəfdaş görmək istəyir. Qarşılığında isə Slovakiya öz müdafiə sənayesini mühüm sahə kimi təklif edir".
Politoloq Tural İsmayılov da "Şərq"ə deyib ki, Prezident İlham Əliyevin Slovakiyada Prezident Peter Pelleqrini ilə təkbətək görüşü və geniş tərkibdə danışıqları iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinin göstəricisidir: "2025-ci ilin rəsmi gömrük statistikasına əsasən, Azərbaycan və Slovakiya arasında ticarət həcmi ilin ilk üç rübündə 7,5 milyon dollar səviyyəsində olub. Prezidentlərin mətbuat üçün verdiyi bəyanatlar qarşılıqlı anlayış və tərəfdaşlığı vurğulayaraq regionda sabitlik və inkişaf üçün ortaq mövqeyin təsdiqidir. Bratislavada "Azadlıq Qapısı" abidəsinin ziyarəti iki ölkənin müstəqillik və azadlıq dəyərlərinə verdiyi önəmin simvoludur. Devin qəsrindəki görüş isə mədəni əlaqələrin genişlənməsinin və tarixi bağların möhkəmlənməsinin əyani sübutudur. Ümumilikdə, bu səfər Azərbaycan üçün Avropada nüfuzunu gücləndirmək və yeni coğrafi-ticarət əlaqələri yaratmaq baxımından əhəmiyyətlidir. 2025-ci ilin məlumatlarına görə, enerji sektorunda Slovakiya ilə əməkdaşlıq layihələri öncüllük edir və bu, enerji təhlükəsizliyinin artırılmasına xidmət edir. Hər iki lider siyasi dialoq və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ciddi addımlar atır. Bu görüş Azərbaycan diplomatiyasının çevikliyini və strateji prioritetlərini əks etdirir. Regional və qlobal problemlərə yanaşma birlikdə fəal iştirakı üçün zəmin yaradır. Gələcəkdə nəqliyyat və logistik sahədə də birgə layihələr planlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 10 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















