Sosial mediada yaradılan “virtual mən” real şəxsiyyətə necə təsir edir? psixoloqla söhbət
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Müasir dövrdə sosial media insan həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənclər üçün bu platformalar təkcə ünsiyyət vasitəsi deyil, həm də özünüifadə və özünüqiymətləndirmə məkanıdır. Lakin virtual mühitdə yaradılan ideal obrazlar real şəxsiyyətin formalaşmasına bəzən ciddi psixoloji risklər yarada bilir. AZƏRTAC-ın əməkdaşı sosial medianın insan psixologiyasına təsiri, “virtual mən” anlayışı və gənclərin psixi sağlamlığına mümkün təhlükələr barədə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının doktorantı Aytən Mütəllimzadə ilə söhbət edib.
- Sizcə, sosial media platformalarının insan psixologiyasına təsirləri nədən ibarətdir?
-Günümüzdə texnoloji yeniliklərin sosiallaşma prosesində bizə təqdim etdiyi ən böyük fürsətlərdən biri də sosial media platformalarıdır. İnsanlar bu platformaları ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq, dünyagörüşlərini artırmaq, rahatlıq və dəstək almaq üçün istifadə edirlər. Müasir dövrdə sosial media insanların bir neçə sahədə inkişafına və böyüməsinə kömək edən müsbət vasitə hesab oluna bilər. Lakin bu kimi platformalar insanların psixi sağlamlığına əhəmiyyətli dərəcədə mənfi təsir də göstərə bilər. Sosial media istifadəçiləri adətən “ideal”, “güclü”, “xoşbəxt”, “sevimli” və s. xüsusiyyətlərə sahib olduqlarını göstərməyə çalışırlar. Virtual mühitdə güclü və iddialı rəqabət onların “mən” obrazına təsir etmiş olur. Bu məsələdə natamamlıq hissinin tədricən kompleks vəziyyətinə keçməsindən bəhs etmək olar. Psixoanalizin görkəmli nümayəndəsi Alfred Adlerin fikirlərinə əsasən deyə bilərik ki, şəxsiyyətin inkişafında həqiqi və ya xəyali qüsurlar insanda natamamlıq hissinin yaranmasına səbəb olur. İnsanlar natamamlıq hissinin aradan qaldırılması üçün də şüurlu və ya şüursuz şəkildə öz bütün imkanlarını səfərbər etmiş olurlar. Kompensasiya daimi xarakterdə olduqda və xüsusilə də müvəffəqiyyətsizliyə uğradıqda natamamlıq kompleksi formalaşır ki, bu da nevrotik pozuntuların təzahürünə səbəb ola bilir.
-Son dövrlərdə “virtual mən” anlayışlarını eşidirik. Bu anlayış nədir və onun psixoloji tərəflərini necə izah edə bilərsiniz?
-“Real mən” obrazı insanın özünü real həyatda olduğu kimi dərk etməsidir, “ideal mən” isə insanın olmaq istədiyi, can atdığı obrazdır. “Sosial mən” isə bir növ insanın sosial maskasıdır. Son 20 ildə artıq “virtual mən” anlayışı psixologiya elmində araşdırılmağa başlanılıb. “Virtual mən” obrazı virtual məkanda yaradılan, “real mən”ə uyğun olmayan, “ideal mən”ə yaxın obrazdır. Problem ondadır ki, sosial mediada bu obrazlar arasında fərq kəskinləşdikcə insanın özünüqiymətləndirməsi zədələnir. Hazırda yeniyetmələr və gənclər üçün sosial media “Mən kiməm?” sualına cavab axtarılan əsas platformalardan biridir. Şəxsiyyət hələ tam formalaşmadığı üçün burada yaradılan obrazlar mənlik şüuruna ciddi şəkildə təsir göstərir. Belə bir vəziyyətdə “ideal mən” və “real mən” arasında böyük fərq ortaya çıxır ki, bu da psixoloji sağlamlığa mənfi təsir göstərir.
-Bu fərqin artması gənclərdə hansı psixoloji problemlərə yol aça bilər?
-Müasir dövrümüzdə sosial media influenserləri izləyicilər üçün bir növ “model şəxsiyyət” funksiyasını daşıyır. Onlar adətən ideal kadrlar paylaşır: bahalı məkanlar, mükəmməl görünüş, daimi pozitiv əhval və s. Gənclər isə kadrların səhnəarxasını ayırd edə bilmədikləri üçün bunu real həyat standartı kimi qəbul edirlər. Bu da “mən niyə belə deyiləm?” sualını yaradır. Belə bir vəziyyət aşağı özünüqiymətləndirməyə və hətta depressiyaya gətirib çıxara bilər. Gənclər sosial mediada gördükləri ideal həyatla öz real həyatlarını müqayisə etməyə başlayırlar. Nəticədə real inkişaf əvəzinə virtual təsdiq axtarışı ön plana keçir. Virtual mühitdə qeyri-real davranışlar xarici və daxili zidiyyətlərə səbəb olur. “Real mən” obrazını tamamilə unudub ideal obraza uyğunlaşmağa çalışan gənclər vitual mühitdən real mühitə keçəndə özlərini lazımsız, dəyərsiz kimi hiss etməyə başlayırlar.
Bəzən deyilir ki, insanlar sosial mediada “burada və indi” yaşaya bilmirlər. Bunun psixoloji izahı nədir?
Bu, diqqətin real təcrübədən çox onun təqdimatına yönəlməsi ilə bağlıdır. Sosial media istifadəçiləri anı yaşamaqdan çox, onu necə paylaşacaqlarını düşünürlər. Zövq almaq ikinci plana keçir, əsas məqsəd ideal kadr əldə etmək olur. Bu isə emosional boşalma deyil, əksinə emosional tükənmə yaradır.
-“Virtual mən” obrazı zamanla real həyata da təsir göstərə bilərmi?
-Bəli və bu, ən təhlükəli məqamlardan biridir. İnsan sosial mediada yaratdığı obraza uyğunlaşmaq məcburiyyətində qalır. Özünü olmadığı biri kimi təqdim etmək bir müddət sonra real həyatda da bu rolu oynamağa vadar edir. Bu isə psixoloji diskomfort, özünüinkar və daxili gərginliyə səbəb ola bilir. Sosial mediada filtr və redaktə proqramları ilə yaradılan ideal görünüş xüsusilə gənc qızların fiziki mən obrazına ciddi zərbə vurur. İnsan özünü olduğu kimi qəbul edə bilmir, daim başqaları ilə müqayisə edir. Bəzi hallarda bu, riskli estetik müdaxilələrə qədər gedib çıxır. Gənclər öz təsəvvüründəki idealı virtual olaraq canlandırmış olurlar. Hər kəs onların bu virtual simasına görə tanıdığı üçün zamanla onlar real obrazlarını göstərməyə çəkinirlər.
-Bəs çıxış yolu nədir? Gənclər sosial mediadan tam uzaq durmalıdırmı?
-Xeyr, məqsəd qadağa deyil, şüurlu istifadədir. Gənclərə tənqidi düşünmə, media savadlılığı, real və virtual fərqi ayırdetmə bacarığı aşılanmalıdır. Ən vacibi isə özünü real həyatda inkişaf etdirmək, bacarıqlarını artırmaq və özünü virtual bəyənmələrlə deyil, real nailiyyətlərlə qiymətləndirməkdir.
-Gənclərə və valideynlərə nə tövsiyə edərdiniz?
-Sosial media müasir insanın həyatında mühüm yer tutur, lakin “virtual mən” “real mən”in yerini aldıqda psixoloji risklər artır. Sağlam şəxsiyyət inkişafı üçün virtual obraz yox, real özünü dərk etmək əsas olmalıdır. Hazırda gənclərin özlərini sosial mediada gördükləri obrazlar ilə müqayisə etməsi halları daha çox müşahidə olunur. Sosial media platformalarından istifadə edən hər bir şəxsə virtual mühitin adətən reallığı əks etmədiyini başa düşmək, elmi əsaslı məlumatlarla zəngin, yaradıcı mövzuları əhatə edən, özünü inkişaf üçün məzmun baxımından faydalı səhifələri izləmək tövsiyə olunur.
Valideynlər övladlarına sosial media istifadəsini tamamilə qadağa etməməli, amma nəzarətsiz də buraxmamalıdırlar. Yeniyetmə və gənclər üçün açıq ünsiyyət, emosional dəstək və öz real obrazının qəbul olunduğunu hiss etdirmək çox vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















