Icma.az
close
up
RU
Sözün ömrü oxucunun yaddaşı qədərdir

Sözün ömrü oxucunun yaddaşı qədərdir

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mətanət VAHİD

Sənət həyatın müxtəlif vasitələrlə təzahürü - sözlər, notlar, səslər, rənglər, bəzən də sadəcə, sükutla danışan uzun bir hekayədir. Fikirlər çox zaman rutinimizin boşluqlarında itib-batır, unudulur. Yazı isə düşüncələri həkk etməklə, hər anın ömrünü əbədiyyət qədər uzada bilir. Yazı yalnız bir müəllifin deyil, həm də konkret bir dövrün, bir mədəniyyətin enerji daşıyıcısıdır. Qarşımdakı kitab oxucusunu müxtəlif janrlar və fərqli üslubların yaratdığı bir aləmə dəvət edir. Buradakı hekayələr, esselər və köşə yazılarının hər biri yalnız ona aid olan bir zaman diliminin, məkanın və düşüncənin dilidir.

Təranə Arifqızı imzasını şeirləri ilə tanımışam, indi qarşımdakı bu kitabdan hekayə və esselərini oxuduqca fərqində oluram ki, əslində, onunçun janrın fərqi yoxdur, bütün mətnləri həssas bir ruhun bəzən pıçıltısı, bəzən də harayıdır. "Keçidlər" kitabı oxucunu əhvalatlar, hekayələrlə tanışlıqdan daha fərqli, daha dərin təcrübəyə, düşünməyə, suallara cavab aramağa, özü ilə üz-üzə qalmağa hazır olmağa dəvət edən bir çağırışdır.

Bu kitabın sonuncu - "Haqqımda yazılanlar" fəslindəki resenziyalar və esselərin demək olar, hamısı Təranə Arifqızının şeirləri haqqındadır. "Keçidlər" kitabında toplanan müxtəlif janrlı mətnlərlə tanış olanda elə bu nümunələrdən də şair sözü süzüldüyünü hiss etdim. Hər bir mətndə şairanə həssaslıq, qadın qəlbinin təlaş və təşviş dolu döyüntüsü duyulur. Təranə xanım Azərbaycan Yazıçılar Birliyi sıralarına qəbul olunmasından bəhs edən yazısını "Şair kimi jurnalist" adlandırıb. Elə bilirəm, esse və köşə yazılarında düşüncələrinin daha çox şairanə, poetik ifadəsini nəzərə alsaq, bu başlıq çox yerinə düşür.

Bəlkə elə bu həssaslıq və kövrəkliyə görədir ki, kitab "Ürək" hekayəsi ilə başlayır və oxucunu ilk sətirlərdən narahat duyğulara kökləyir, gərginlikdə saxlayır. Hekayə insanın itkilərlə barış prosesinin mürəkkəbliyini göstərir, sevdiklərimizlə bağlarımızın nə qədər dəyərli olduğunu xatırladır. Təranə Arifqızı mövzularını elə günümüzün reallıqlarından götürür. Hekayələri çağdaş insanın ağrı-acısını, sevinc və ümidini, güzəranını əks etdirir. Koronavirus pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji və sosial gərginliyi, ailə daxilindəki narahatlığı və insanların bir-birinə qarşı məsuliyyət hissini qabardan "Döyülən qapı" hekayəsi həyatda qalmaq və sevdiklərimizi qorumaq uğrunda verilən qurbanlara dəydiyini göstərir.

Təranə xanımın hekayələri simvolik mənalandırmalarla zəngindir. "Qıfıl" hekayəsində nar ağacı həm böyüməyin, həm də yurdun/evin simvolu olaraq təkrarlanan motiv kimi çıxış edir. Ceyhun keçmişinə üz tutmaqla həm də bütün çətinlikləri arxada qoyub gələcəyə inamla yol alır, hər bir addımında atasının xatirəsini yaşadır. Hekayənin sonunda qisasın rəmzi olaraq qıfılın məhz güllə ilə açılması psixoloji və dramatik kuliminasiyanı təşkil edir: "Amma bu qıfıl açarla açılmazdı. İllərin acısı, nifrəti, həsrəti yığılmışdı onun içinə. Çiynindəki avtomatın qundağını sıxdı. "Bu qıfıl açılmalıdı! Mütləq açılmalıdı! Açar açmazsa, güllə açar!" Avtomatdan atəş çıxmasıyla paslı qıfılın açılması bir oldu..."

Müharibə Təranə xanımın istər hekayələrində, istər köşə yazıları və esselərində xüsusi həssaslıqla yanaşdığı mövzulardan biri, bəlkə də birincisidir; bu və ya digər dərəcədə Qarabağ dərdimizi, odundan, alovundan yanıb kül olaraq keçdiyimiz, küllərindən doğulduğumuz müharibənin ağrı-acılarını əks etdirir. Bu mətnlərdə müharibənin qandonduran vahiməli reallıqları, yaratdığı travmalar və insanın ruhuna damğaladığı dərin izləri əks olunur. "Müharibə" mənsur şeirində onun dağıdıcı və amansız siması dəqiq əks olunub. "Üzü günəşə açılan pəncərədən həyatı seyr etmək" ilə "dağılmış evlərin, yanmış arzuların, küçələrdəki bombalanmış izlərin" təsviri arasındakı ziddiyyət müharibənin həyatın təbii axarına qorxunc müdaxiləsini əks etdirir.

"Sirli təbəssüm" hekayəsi Nəbinin başına gələnlərin əsasında yerli mədəniyyət, etnik münaqişələr və kimlik məsələlərinin ətrafında cərəyan etməklə onun "dağlar mənimdi" deyə, israrla özünə aid olanı qoruma əzmini ifadə edir. Nəbi üçün gücün, qəhrəmanlığın, milli identikliyin rəmzi olan dağlar coğrafi olmaqdan daha çox, mənəvi yurd yeridir, dağlar elə vətən deməkdir. Hekayədə müəllif erməni kimliyinə, məkrinə münasibətini gizlətmir; Nəbinin Simona münasibəti timsalında açıq-aydın nifrətini, ikrahını ifadə edir. Erməni qalayçının qazanclı olmasa da, bu işdən bərk-bərk yapışması, qazanların üstünə öz mədəniyyətlərinin saxta tarixini qazıması, Nəbinin özündən iyirmi yaş böyük olan bu adamla qorxmadan, çəkinmədən savaşması, öz yerinin, yurdunun, tarixinin və mədəniyyətinin təəssübünü çəkməsi, düşmənin hiylə ilə endirdiyi zərbədən ağlını itirməsi iki milləti üz-üzə qoyan səbəbin kökünü göstərir. Nəbinin qələbəsi uzun illər sonra dünyasını dəyişəndə simasında donan qəribə, sirli təbəssümdə gizlidir. Ağlını, yaddaşını itirsə də, şüuraltısından boy verən "dağlar mənimdir" inadı, bəlkə də qələbə sorağına boyanan təbəssümün səbəbidir.

Kitabdakı müharibə, vətən mövzulu mətnlərin hər birindən əzmkarlıq da yağır, çarəsizlik də. Demək olar, heç bir mətndə birtərəfli yanaşma, quru, sxematik "alovlu vətənpərvərlik" pafosu yer almır. Çünki müharibə yalnız silahların danışdığı qanlı döyüşlər deyil, həm də insanın daxili mübarizəsinin, ziddiyyətli qərarlar qarşısındakı acizliyinin, itkilərin gətirdiyi uçurum boşluğu və ümidlərin solduğu əbədi payızdır. Müharibədə bombalar təkcə şəhərlərin səmasına yağıb məkanları darmadağın etmir, həm də insanın könlündəki nəğmələri susdurur, ruhun işığını söndürür, dəyərləri sarsıdır. Savaşlar dünyanı yalnız coğrafi olaraq parçalamır, qəlbən, ruhən insanları qoparır. Bütün bu ağrıları özündə cəmləyən kitabın "Köşə yazıları" fəslinin xeyli hissəsi Qarabağ müharibəsi və şəhidlər mövzusuna həsr olunub. Bu mətnlərdə Təranə Arifqızı qələbə həsrətilə silaha sarılmağa hər an müntəzir vətəndaş da ola bilir, döyüşə gedənlərin arxasınca bir parç su atıb yaylığının ucunu nəmli gözlərinə sıxan kövrək qəlbli qadın da...

Qeyd edim ki, janrından asılı olmayaraq hər bir yazının əks etdirdiyi dövrə uyğun mövzusu "Keçidlər" kitabını müəyyən bir tematik ardıcıllığa kökləyir: burada daha çox vətənpərvərlik, Qarabağ müharibəsi mövzusu, məqamı gəldikcə pandemiya, tarixə, yurda və adət-ənənələrə bağlılıq mövzularında mətnlər üstünlük təşkil edir. Odur ki, belə bir toplunun ərsəyə gəlməsi yalnız müəllifin yaradıcı inkişafının dinamikasını izləmək baxımından deyil, həmçinin müəyyən bir zaman kəsimində dövrün xarakteristikasını, ictimai-mədəni dünyagörüşünü, siyasi-əxlaqi atmosferini, bir sözlə, cəmiyyətin hərtərəfli vəziyyətini analiz etmək üçün də oxucuya fürsət yaradır. Bu kitabdan ən çox sevgini duymaq olmur - vətənə, insana, sözə... Təranə xanım yalnız bir fəsli "Vətən" adlandırsa da, bu kitabda mən elə başdan-başa vətəni oxudum. Şəhidlərin müqəddəs zirvəyə ucalan yolundan, şəhid analarının əzablara rəğmən, qürur abidəsi nümunəsi olmasından da bəhs edilir burada, ən uca məqama layiq olanların yaddaşlarda sözlə heykəli ucaldılır.

Kitabda bir neçə fərqli janrda mətnlərin toplanması müəllif kimi, Təranə Arifqızının çoxşaxəli yaradıcı potensialını ortaya çıxarır. Hekayələr əsasən yazıçının emosional və estetik dünyagörüşünü ifadə edirsə, esse və köşə yazıları intellekt və analizlərin nəticəsini əks etdirir. Müxtəlif janrlı mətnləri bir kitaba toplamasını mən Təranə xanımın, hər şeydən öncə, özünə hesabat vermə arzusu kimi qəbul etdim. Sanki bu illər ərzində yazdıqlarını bir araya toplayıb onlara uzaqdan baxır; nəyin alınıb, nəyin alınmadığını müəyyənləşdirməyə çalışır.

Yazılarında keçmişə, yaddaşından boylanan uşaqlıq xatirələrinə qayıtmağı, tamamilə unudulan və yavaş-yavaş həyatımızdan çıxarılıb bir küncə atılan adət-ənənələrimizi xatırlatmağı da sevir Təranə xanım. Bunlar daha çox Naxçıvan ərazisində tanınan, geniş areala bəlkə də bəlli olmayan detallardır. Buradakı bəzi hekayələri oxuyanda elə bildim, uzaq uşaqlıq illərinə, nənəmin təndir başında xəmir yoğurduğu, fəsəli bişirib isti-isti kəsib nəvələrə payladığı zamana qonaq getdim. Kəndin gündəlik həyatını təsvir edən detallar, bu atmosferi daha da doğmalaşdıran dialektik ifadələr, sanki çoxdankı tanışınla üzbəsurət söhbətləşirsən kimi canlı, hərəki danışıq dili mətndən-mətnə adladıqca müəllifin üslubuna çevrilir.

Təranə Arifqızının xüsusən esselərində keçidlər çoxluq təşkil edir; bəzən qəfil, bəzən hissolunacaq elastikliklə ara-sıra söz əsas mətləbdən yayınır, ünvana yetişənə kimi başqa səmtlərə cığır açır, mənalar saçır. Bir də görürsən diqqəti məğzdən yayındırırmış kimi görünən müxtəlif fikirlər hərəsi öz ipliyinin ucundan tutub əsas mahiyyətin başına dolanır. "Söz sözü gətirdi, mən də qələmin könlünə dəymədim. Sonunda yazan odur, mən deyiləm. Ürəyim diktə elədi amma…" - müəllif özü belə deyir. Ürəyinin diktəsinə qulaq verən, sözün qəlbinə toxunmayan yazardır Təranə Arifqızı - həm mövzu seçimi, həm yazı üslubu etibarilə.

Sözün başlanğıcı varsa da, sonu yoxdur; hər bir oxuda fərqli mənalara və mənalandırmalara açıqdır. Söz ömrü oxucunun oxu təcrübəsindən qaynaqlanır. Mətn oxucuda nə qədər çox sual yarada bilirsə, müxtəlif, rəngarəng, bəzən bir-birindən xeyli uzaq cavablar alınır, beləcə, sözün ömrü uzanır. O bəzən sadəcə ilğım kimi bircə anda yanıb-sönən bir düşüncənin, bəzən isə daha geniş bir dünyagörüşün açarıdır. Təranə Arifqızının "Keçidlər" adını verdiyi topludakı yazılar da fərqli mövzulara dair fikirlər, müxtəlif vaxtlarda baş verənlərə refleksiyalar kimi reallaşaraq zamanın izlərini daşıyır və yalnız müəllifin fərdi təcrübələrindən deyil, eyni zamanda ətraf aləmlə qurulan münasibətlərdən doğulub. Məncə, bu kitabdakı janrından asılı olmayaraq bütün mətnlər insan olmağın, bütün situasiyalarda insan qalmanın sonlanmayan təcrübəsini paylaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see228

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see153

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see151

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see120

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri