Icma.az
close
up
RU
Stokholmda enerji savaşı: İrəvan arbitraj qarşısında

Stokholmda enerji savaşı: İrəvan arbitraj qarşısında

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhkəmənin qərarı Paşinyan hökumətinin planlarına necə təsir edib?

Ermənistanda hazırda gündəmdə olan məsələlərdən biri də “Ermənistan Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) milliləşdirilməsi ilə bağlıdır. Bu məsələ hökumətdə, parlamentdə və media müstəvisində ciddi müzakirələrə səbəb olub. Çünki 2015-ci ilin sentyabr ayından “Ermənistan Elektrik Şəbəkəsi” QSC-nin səhmlərinin 100 faizi “Taşir” şirkətlər qrupunun nəzarətindədir. Şirkətlər qrupunun rəhbəri isə Samvel Karapetyandır. Məlumdur ki, Karapetyan bu ilin iyunundan İrəvanda həbsdədir. O, hakimiyyəti ələ keçirməyə açıq çağırış etməkdə itiham olunur.

Hələ Karapetyanın həbsindən bir neçə saat sonra baş nazir Nikol Paşinyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi planlarını açıqlamışdı. O qeyd etmişdi ki, Karapetyan elektrik enerjisinin verilməsi məsələsində böhran yaratmaqla əhalini hakimiyyətdən narazı salmaq istəyir. Buna görə də QSC-nin milliləşdiriləcəyini, bununla enerji sektorunun xarici təsirdən azad olunacağını bildirmişdi. Bundan sonra qəbul edilmiş yeni hüquqi vəziyyətə əsasən, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası ciddi pozuntular aşkarlandığı halda şirkət rəhbərliyini müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırmaq, enerji və ya idarəetmə sahəsində azı 5 il təcrübəyə malik müstəqil idarəçi təyin etmək səlahiyyətinə malikdir. Komissiya yeni idarəçi kimi Paşinyanın silahdaşı Romanos Petrosyanı təyin edib.

Lakin iqtisadçı ekspertlər bu addımın həm iqtisadi baxımdan riskli, həm də investisiya mühitinə zərər vura biləcəyini qənaətindədirlər. Onların fikrincə, bu cür qərarların siyasi motivlərlə verilməsi uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatına problemlər yarada bilər. Bu yanaşmanın müəllifləri hesab edirlər ki, enerji sektorunun milliləşdirilməsi investorlar arasında hüquqi sabitliyə və mülkiyyət toxunulmazlığına dair şübhələr yaradacaq. Ekspertlər öz fikirlərini bununla əsaslandırırdılar ki, Karapetyanın nəzarətində olan strukturun fəaliyyəti beynəlxalq auditdən keçmiş və müəyyən şəffaflıq meyarlarına uyğun hesab olunur. Milliləşdirmə prosesi, həmçinin Ermənistanın Rusiyadan asılılığını azaltmaq yerinə, yeni maliyyə və texniki problemlər doğura bilər. Odur ki, bəzi dairələr hakimiyyətin bu addımının Karapatyanın cəzalandırılması və daxili siyasi gündəmin idarə olunması məqsədi daşıdığını düşünürlər.

Ancaq Karapetyanın hüquqlarını müdafiə şurası da boş oturmayıb. Onlar “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi ilə bağlı Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunda (bu qurum Stokholm Beynəlxalq Arbitraj Məhkəməsi kimi də tanınır–S.H.) Ermənistan hökumətinə qarşı arbitraj mübahisəsi qaldırıblar. Şikayət “Liormand Holdings Limited” şirkətinin, “Taşir şirkətlər qrupunun sahibi S.Karapetyanın, onun həyat yoldaşı Eterinin, oğlu Sarkisin və qardaşı Karenin adından göndərilib.

Fövqəladə hallar üzrə arbitr Patrik Lindfors Ermənistan dövlətindən tələb edib ki, hökumət parlamentin bu yaxınlarda qəbul etdiyi “Energetika haqqında” və “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” qanunlara düzəlişləri tətbiq etməkdən, həmçinin, şirkətin aktivlərinin ələ keçirilməsinə yönəlmiş hər hansı addımlardan çəkinməlidir. Beləliklə, Karapetyanın müdafiə şurası qərarın onların lehinə çıxarıldığını və bununla qane olduqlarını bildiriblər.

Ancaq Paşinyan hökuməti qərarı fərqli şəkildə interpretasiya edib. Ermənistan Nazirlər Kabinetinin bununla bağlı yaydığı məlumatda deyilir: “Stokholm Ticarət Palatası Arbitraj İnstitutunun EA 2025/121 saylı qərarı ilə bağlı bildiririk ki, təcili qaydada baxılan məsələlərin dairəsi müvəqqəti idarəçinin təyin olunması və onun həyata keçirdiyi tədbirlərin məqsəd və mahiyyətindən fərqlidir”.

Xüsusilə, hökumətin qeyd edib ki, müvəqqəti idarəçinin hərəkətlərinin məqsədi qəsdən enerji böhranı yaratmaq risklərinin qarşısının alınmasından, ictimai asayişin təmin edilməsindən, dövlət təhlükəsizliyini təhdid edən risklərin, şirkətdə sui-istifadə hallarının baş verməsinin aradan qaldırılmasından və gələcəkdə qarşısının alınmasından ibarətdir. “Xarici arbitrajlar tərəfindən tətbiq olunan təminat tədbirlərinə hörmətlə yanaşsaq da, hamı eyni zamanda Ermənistan qanunvericiliyi və arbitraj qərarlarının tanınması, icrası və prosedurlarını müəyyən edən beynəlxalq müqavilələrə də riayət etməlidir” – deyə Ermənistan hökumətinin açıqlamasında qeyd olunub. Onu da bildirək ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan parlamentin QSC-nin dövlət nəzarətinə qaytarılmasını nəzərdə tutan qanunlara etdiyi düzəlişləri imzalayıb.

Ölkənin sabiq ombudsmanı, revanşist kəsimin nümayəndəsi Arman Tatoyan iqtidarın mövqeyini tənqid edərək bildirib ki, Arbitraj İnstitutunun qərarı ilə bağlı Ermənistan hökumətinin iyulun 23-də səsləndirdiyi mövqe nümayiş etdirir ki, rəsmi İrəvanın xarici investorların müdafiəsi ilə bağlı imzaladığı beynəlxalq müqavilələr hökumət başçısını şəxsən və ya siyasi baxımdan qane etməsə, icra olunmayacaq: “Belə məntiq özbaşınalığa yol açır. Aydın olur ki, beynəlxalq məhkəmənin (məsələn, Avropa İnsan Haqları Məhkəməsinin) baş naziri qane etməyən və ya hökumət üçün təhlükəli sayılan istənilən qərarına məhəl qoyulmayacaq. Bu yanaşma xüsusilə sərmayələrin cəlb edilməsi kontekstində Ermənistanın beynəlxalq reputasiyasına ciddi zərbə vurur”.

***

Bu istiqamətdə “Joxovurd” qəzetinin yazdıqları maraq doğurur. Nəşr bildirib ki, Arbitraj Məhkəməsinin qərarı Paşinyanın bütün planlarını alt-üst edib. Qeyd olunub ki, hakimiyyət orqanları “Ermənistan Elektrik Şəbəkəsi”ni ələ keçirdiklərini və hər şeyin qaydasında olduğunu göstərməyə cəhd etsələr də, əslində, daxildə vəziyyət kifayət qədər gərgindir: “Mənbələrimiz bildirir ki, Nikol Paşinyan Romanos Petrosyanı məsələləri həll etmək üçün 4 ay müddətinə müvəqqəti idarəçi kimi şirkətə göndərsə də, arbitrajın qərarı onun bütün planlarını alt-üst edib. Məhkəmə təcili yekun qərar çıxara və Petrosyanın bütün addımları uğursuzluqla nəticələnə bilər. Yekun qərar Petrosyanın şirkəti əliboş tərk etməyə məcbur edə bilər. Hakimiyyət hazırda problemlərin həllini sürətləndirmək üçün çıxış yolu axtarır, lakin hələlik uğur əldə edə bilmir”.

Bütövlükdə, əldə olunan məlumatlar və baş verən hadisələrin ümumi axarı göstərir ki, Ermənistanın enerji sektorunda baş verənlər sadəcə iqtisadi deyil, həm də hüquqi və geosiyasi xarakter daşıyır. “Ermənistan Elektrik Şəbəkəsi” QSC-nin milliləşdirilməsi ilə bağlı təşəbbüs, ilk baxışdan enerji təhlükəsizliyinin təmin olunmasına yönəlik addım kimi dəyərləndirilsə də, bu proses ətrafında formalaşan müzakirələr və beynəlxalq arbitraj müstəvisində başlayan hüquqi mübahisələr məsələnin daha dərinə gedən çalarlarını ortaya qoyur.

QSC-nin səhmlərinin 100 faizinin “Taşir şirkətlər qrupunun, daha dəqiqi S.Karapetyan ailəsinin mülkiyyətində olması və milyarderin hazırda İrəvanda həbsdə saxlanılması bu qərarı təkcə iqtisadi yox, həm də siyasi ölçülərlə dəyərləndirməyə əsas verir. Məlumdur ki, Karapetyana qarşı yönələn ittihamlar sırf siyasi və təhlükəsizlik kontekstində təqdim olunur. Yəni o, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edilir. Bu da hökumətin enerji sektorunda həyata keçirdiyi tədbirləri milli təhlükəsizliklə əsaslandırmasına zəmin yaradır. Ermənistan hökumətinin bəyanatlarında da vurğulanır ki, müvəqqəti idarəçinin təyin olunmasında əsas məqsəd ictimai asayişin və dövlət təhlükəsizliyinin qorunmasıdır. Lakin paralel olaraq Karapetyan tərəfi məsələyə hüquqi müstəvidə yanaşaraq, Arbitraj İnstitutunda şikayət qaldırıb və ilkin mərhələdə müəyyən müvəqqəti təminat qərarlarının əldə edilməsinə nail olub. Bu baxımdan yaranan situasiya Ermənistan hökuməti üçün çoxtərəfli problemlər toplusudur. Bir tərəfdən enerji sektorunun dayanıqlılığı, digər tərəfdən isə investisiya mühitinin sabitliyi məsələsi ön plana çıxır. Beynəlxalq arbitrajın prosesi izləməsi və qərarlarının rəsmi İrəvan tərəfindən fərqli şəkildə şərh olunması onu göstərir ki, hökumət həm daxili, həm də beynəlxalq ictimaiyyət qarşısında bu addımı izah etmək üçün çox diqqətli davranır. Həm də hökumətin açıqlamasında arbitrajın qərarlarının tanınması və icrası ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunacağı vurğulanır. Bu, Ermənistanın beynəlxalq öhdəliklər çərçivəsində hərəkət etməyə çalışdığını göstərir.

Digər tərəfdən isə “Joxovurd” qəzetinin yazdıqları daxili idarəetmədə gərginliyin olduğunu üzə çıxarır. Mənbələrin iddiasına görə, müvəqqəti idarəçi təyin olunan R.Petrosyanın fəaliyyəti məhdud çərçivədə qalır və arbitrajın yekun qərarı bu idarəetmənin dayandırılmasına səbəb ola bilər. Bu halda hökumət yeni çıxış yolları axtarmaq məcburiyyətində qalacaq. Bütövlükdə, “Ermənistan Elektrik Şəbəkəsi” ətrafında gedən proseslər təkcə bir şirkət ətrafında formalaşan iqtisadi mübahisə deyil, həm də ölkənin enerji siyasətində yeni istiqamətlər, hüquqi möhkəmlik və investisiya sabitliyi arasında tarazlıq axtarışıdır. Bu prosesin necə yekunlaşacağı hələlik bəlli deyil, lakin istənilən qərar həm daxili siyasi sistemə, həm də Ermənistanın beynəlxalq imicinə təsirsiz ötüşməyəcək.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri