Sultan Hacıyev: Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasını da yüksək səviyyədə keçirəcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xankəndi, 15 oktyabr, Tahir Agaməmmədov, AZƏRTAC
III Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizin BMT-nin Ətraf Mühit Proqramı ilə uğurla inkişafda olan əməkdaşlığının gözəl nümunəsidir. Bu, Azərbaycanda, xüsusilə də azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesində əldə edilmiş şəhərsalma sahəsində qabaqcıl təcrübəni təbliğ etmək, onu tanıtmaq, fərqli ölkələrdən gəlmiş qonaqlara təqdim etmək fürsəti verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə müsahibəsində ölkəmizin BMT-nin Məskunlaşma Proqramında və Ətraf Mühit Proqramında daimi nümayəndəsi Sultan Hacıyev deyib.
“Bugünkü forum 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına həm hazırlığı göstərir, həm də ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirə biləcəyinə sübutdur. Ümumdünya Şəhərsalma Forumu şəhərsalma, arxitektura və planlaşdırma sahəsində ən mötəbər tədbirdir. Bu tədbirə 100-dən çox ölkədən yüksək səviyyədə nümayəndələr gəlir. Düşünürük ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə keçirəcək”, - deyə o bildirib.


