Taksi, çatdırılma, abunəlik ailə büdcəsində gözdən qaçan xərclər
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Deputat Vahid Əhmədov Azərbaycanda ərzaq qiymətlərinin yüksək olması səbəbindən maaşın yarısının ərzağa xərcləndiyini, gündəlik xırda ödənişlərin isə ailə büdcəsinə əlavə yük yaratdığını bildirib.
Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov da taksi, çatdırılma, bank komissiyaları və abunəliklər kimi xərclərin ay ərzində yığılaraq zəruri ehtiyaclara ayrılan vəsaiti azaltdığını deyib.
“Ailə büdcəsinin idarə olunması hazırda aşağı və orta gəlirli ailələr üçün ən aktual iqtisadi məsələlərdən biridir. İnflyasiya, ərzaq qiymətlərinin yüksəlməsi, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik tələbatlar ailələrin sərbəst istifadə edə bildiyi gəliri məhdudlaşdırır. Bir çox ailə ay ərzində əldə etdiyi gəlirin hansı istiqamətlərə xərcləndiyini dəqiq müəyyən edə bilmir. Bunun əsas səbəblərindən biri büdcədə nəzərə alınmayan kiçik və müntəzəm xərclərdir.
Görünməyən xərclər dedikdə, plansız alış-veriş, gündəlik kiçik market xərcləri, taksi xidmətləri, çatdırılma haqları, bank komissiyaları, müxtəlif abunəliklər və digər xırda ödənişlər nəzərdə tutulur. Bu xərclərin təhlükəli tərəfi onların ayrı-ayrılıqda əhəmiyyətsiz görünməsidir. Lakin ay ərzində toplandıqda ailə büdcəsinə ciddi təsir göstərir və bəzən kommunal ödənişlərə və ya digər zəruri ehtiyaclara ayrılmalı olan vəsaiti azaldır”.
Ərzaq və kommunal ödənişlər artdıqca digər ehtiyaclara daha az pul qalır
Asif İbrahimov bildirib ki, qiymət artımı xüsusilə gəliri sabit olan ailələrin digər ehtiyaclarını qarşılamaq imkanlarını daraldır.
“Aşağı və orta gəlirli ailələrdə əsas maliyyə yükü ərzaq, mənzil, kommunal xidmətlər, nəqliyyat, təhsil və sağlamlıq xərclərinin üzərinə düşür. Ərzaq və kommunal ödənişlərin ailə gəlirindəki payı yüksəldikcə digər ehtiyaclar üçün maliyyə imkanları daralır. Bu, xüsusilə gəliri sabit olan, lakin qiymət artımları ilə üzləşən ailələr üçün ciddi problemdir.
Gəlirlərin azalması və ya xərclərin artması şəraitində ailələr ilk növbədə öz büdcələrini təhlil etməlidirlər. Bunun üçün bütün gəlir və xərclər qeydiyyata alınmalı, zəruri və təxirə salına bilən xərclər ayrılmalıdır. Ərzaq alış-verişinin əvvəlcədən planlaşdırılması, məhsulların qiymətlərinin müqayisə edilməsi, istifadə olunmayan abunəliklərin dayandırılması, kommunal sərfiyyata nəzarət və plansız alış-verişdən çəkinmək ailə büdcəsinin optimallaşdırılmasına kömək edə bilər”.
Qəfil xərclər ailəni borclanmağa məcbur edə bilər
Sədr müşaviri aşağı gəlirli ailələrin qənaət imkanlarının məhdud olduğunu və gözlənilməz xərclər üçün ayrıca maliyyə ehtiyatının vacibliyini vurğulayıb.
“Əgər ailənin gəlirinin böyük hissəsi ərzağa, kommunal xidmətlərə və yaşayış xərclərinə gedirsə, onun əlavə qənaət imkanları məhdudlaşır. Belə vəziyyətdə əməkhaqlarının alıcılıq qabiliyyətinin qorunması, inflyasiyanın azaldılması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Digər mühüm məsələ ailənin gözlənilməz xərclərə hazır olmasıdır. Tibbi müdaxilə, dərman, mənzil və avtomobil təmiri, iş yerinin itirilməsi və digər fövqəladə hallar ailəni qısa müddətdə borclanmağa məcbur edə bilər. Buna görə hər bir ailənin ayrıca təcili maliyyə ehtiyatı olmalıdır.
Mən ailələrə ilkin olaraq kiçik məbləğlərlə də olsa müntəzəm yığıma başlamağı tövsiyə edirəm. Bu ehtiyat zamanla ailənin bir neçə aylıq zəruri xərclərini qarşılaya biləcək səviyyəyə çatdırılmalıdır. Əsas məqsəd gözlənilməz hadisə baş verdikdə kreditə və ya tanışlardan borc almağa məcbur qalmamaqdır.
İnflyasiya şəraitində ehtiyat fondunun qorunması da vacibdir. Pulun uzun müddət hərəkətsiz saxlanılması onun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Buna görə ehtiyatın təcili istifadə ediləcək hissəsi əlçatan saxlanmalı, digər hissəsi isə etibarlı və likvid maliyyə alətlərində yerləşdirilməlidir. Bank əmanətləri seçilərkən faiz gəliri, inflyasiya, vəsaitin vaxtından əvvəl çıxarılması şərtləri və əmanətlərin sığortalanması nəzərə alınmalıdır.
Ümumilikdə, ailə büdcəsinin dayanıqlığı maliyyə intizamından, gəlirlərin düzgün bölüşdürülməsindən, borc yükünün idarə olunmasından və ehtiyat fondunun yaradılmasından asılıdır. Lakin ailələrin maliyyə təhlükəsizliyinin təmin olunması üçün yalnız fərdi qənaət tədbirləri kifayət etmir. Əhalinin real gəlirlərinin artırılması, qiymət sabitliyinin qorunması və zəruri xidmətlərin əlçatan olması da iqtisadi siyasətin əsas prioritetlərindən biri olmalıdır”.
“Görünməyən xərclər də kifayət qədər yüksəlib”
Deputat Vahid Əhmədovun fikrincə, Azərbaycanda qiymətlərin yüksək olması səbəbindən maaşın 50 faizi təkcə ərzaq məhsullarına gedir.
“Bundan başqa, kifayət qədər görünməyən xərclər mövcuddur. Bunlara alış-veriş, o cümlədən son vaxtlar cərimələr də aiddir ki, bütün bunlar kifayət qədər xərc tələb edir. Səndən asılı olmayaraq bu xərclərə getməyə məcbursan. Bir sözlə, birdən-birə peyda olan digər xırda və görünməyən xərcləri də ödəmək məcburiyyətində qalırsan. Ona görə də zəruri xərclərdən əlavə, son vaxtlar görünməyən xərclər də kifayət qədər yüksəlib”.
Vahid Əhmədov bildirib ki, ailələr üçün fondun yaradılması zəruri xərcləri qarşılamaq baxımından faydalı variant olardı. Onun sözlərinə görə, hər bir ailə büdcəsini gəlirinə uyğun qurmalı və xərclərini həmin vəsaitə əsasən planlaşdırmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















