Təhsildə neytrallıq və bərabərlik
Icma.az bildirir, 525.az portalına istinadən.
Anar Osmanlı
Müasir demokratik cəmiyyətlərdə təhsil sistemi hər bir fərdin potensialını reallaşdırması üçün bərabər və təhlükəsiz mühit təmin etməlidir.
Azərbaycan kimi çoxmədəniyyətli və fərqli dünyagörüşlərinin dinc yanaşı mövcud oldugu bir ölkədə dövlət məktəblərinin statusu xüsusi həssaslıq tələb edir. Son dövrlərdə məktəblərdə vahid geyim forması və dini simvolların, o cümlədən hicabın ətrafında yaranan müzakirələrə emosional yanaşmalardan uzaq, sosioloji, hüquqi və pedaqoji prinsiplər işığında nəzər salmaq, cəmiyyətdə sağlam konsensusun yaranması üçün vacibdir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 18-ci maddələrinə əsasən, dövlət və təhsil sistemi dindən ayrıdır. Unutmaq lazım deyil ki, dünyəvilik hər hansı bir dinin inkarı deyil, dövlətin bütün inanclara eyni məsafədə dayanması və ictimai sahədə neytrallığı qoruması deməkdir.
Məktəblərdə vahid geyim formasının tətbiqi də məhz bu hüquqi neytrallığın vizual təzahürüdür. Dövlət təhsil müəssisəsi hər bir şagirdi onun dini, etnik və ya sosial mənsubiyyətindən asılı olmayaraq, sadəcə şagird olaraq qəbul edir. Bu baxımdan, məktəb mühitində fərdi dini simvolların məhdudlaşdırılması inanc azadlığına müdaxilə deyil, dövlət təhsilinin hər kəs üçün bərabər və neytral qalmasını təmin edən hüquqi mexanizmdir.
Məktəb fərqli sosial-iqtisadi və ideoloji ailə mühitindən gələn uşaqların ilk dəfə cəmiyyətə inteqrasiya olunduğu məkandır. Vahid geyim forması şagirdlər arasındakı vizual fərqlilikləri minimuma endirərək, psixoloji bərabərlik hissi yaradır.
Erkən yaş qruplarında uşaqlar dünyanı hələ böyüklər kimi rasionallıqla analiz edə bilmirlər. Məktəb mühitində dini geyim elementlərinin olması, uşaqlar arasında qeyri-şüuri şəkildə "biz və onlar" qütbləşməsinə, bəzi uşaqların özlərini kənarlaşdırılmış hiss etməsinə gətirib çıxara bilər. Dünyəvi məktəb isə vizual neytrallığı qorumaqla, uşaqların bir-birini dini mənsubiyyətinə görə deyil, şəxsi keyfiyyətlərinə və uğurlarına görə qiymətləndirməsinə şərait yaradır.
Müasir pedaqogika və uşaq psixologiyası ilə bağlı mövcud ədəbiyyatdan da məlumdur ki, yetkinlik yaşına çatmayan fərdlərin müəyyən dini ritualları və geyim formalarını tam dərk edərək, müstəqil şəkildə seçməsi olduqca çətindir. Çox vaxt azyaşlı uşaqların geyindiyi dini geyimlər onların şəxsi seçimi deyil, böyüklərin dünyagörüşünün uşaq üzərində layihələndirilməsi olur.
Dünyəvi təhsil sisteminin əsas missiyası uşağa erkən yaşda müəyyən bir çərçivə formalaşdırmaqdan ibarət deyil, ona universal elmi biliklər vermək və tənqidi təfəkkürü inkişaf etdirməkdir. Bu neytral mühit uşağın dünyagörüşünü genişləndirir və gələcəkdə yetkin bir fərd kimi öz vicdan azadlığını, dini inancını və ya həyat tərzini tam şüurlu, sərbəst şəkildə seçməsinə zəmin hazırlayır.
Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi dahi maarifçi ədibləri olan bir ölkədə dünyəvi təhsil prinsiplərini qorumaq həm də tarixi bir məsuliyyətdir. Azərbaycan xalqı hələ XIX ərin sonu, XX əsrin əvvəllərində bu böyük mütəfəkkirlərin qələmi ilə mövhumatın, xurafatın və elmsizliyin cəmiyyətə vurduğu zərərləri dərk etmiş, tərəqqinin yolunu məhz dünyəvi elmlərdə görmüşdür.
"Molla Nəsrəddin" məktəbinin bəşəri ideyaları, Hacı Zeynalabdin Tağıyevin açdığı ilk dünyəvi qızlar məktəbi və nəhayət, 1918-ci ildə Şərqdə ilk dəfə qadına seçmək və seçilmək hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin qurulması təhsilimizin dünyəvi xarakterini milli kimliyimizin bir parçasına çevirib. Bu gün məktəblərdə elmi dünyagörüşünün fərdi dini rituallardan üstün tutulması, əslində, həmin dahi maarifçilərimizin bizə qoyub getdiyi mütərəqqi mirasın davamıdır.
Təhsil müəssisələrində vahid geyim qaydalarına riayət olunması və dini simvolların məhdudlaşdırılması cəmiyyətdə dindarlığın zəiflədilməsinə yox, dövlətin bütün vətəndaşlarına bərabər şərait yaratmaq öhdəliyinə xidmət edir.
Şəxsi və ailə mühitində hər kəs öz inancını yaşamaqda tam azaddır. Lakin ortaq gələcəyimizin qurulduğu dövlət məktəblərində dünyəvilik və neytrallıq prinsiplərinin qorunması, cəmiyyətin həmrəyliyi və elmi tərəqqisi üçün ən etibarlı təminatdır.
Bilmək lazımdır ki, məktəblərdə dünyəvilik prinsipi və vahid geyim qaydaları təkcə Azərbaycana xas olan bir yanaşma deyil. Bu, qlobal mütərəqqi hüquq sistemlərinin sınaqdan keçirdiyi bir təcrübədir.
Ən müxtəlif səviyyələrdə dəfələrlə bəyan edilib ki, dövlət təhsil müəssisələrində dünyəviliyin və neytrallığın qorunması məqsədilə dini geyimlərə məhdudiyyət qoyulması insan hüquqlarının və inanc azadlığının pozulması demək deyil. Əksinə, bu, digər şagirdlərin hüquqlarını və cəmiyyətdəki demokratik balansı qorumaq üçün zəruridir.
Məktəblərdə vahid geyim qaydalarını tənqid edənlər çox vaxt bunu "vicdan və inanc azadlığının pozulması", həmçinin "təhsil hüququnun məhdudlaşdırılması" kimi qələmə verməyə çalışırlar. Lakin bu tənqidlər ciddi analitik əsasa malik deyil. Beynəlxalq hüquqa görə, inanc azadlığının ictimai sahədə nümayişi (geyim, ayinlər) başqalarının hüquqlarını və dövlətin neytrallığını qorumaq məqsədilə qanunla müəyyən məhdudlaşdırmalar tətbiq edilə bilər. Məktəb fərdi din nümayişi yeri deyil. Dövlət heç bir uşağın qarşısında qapını bağlamır, əksinə, hamı üçün bərabər şərtlərlə, vahid forma ilə pulsuz təhsil təklif edir. Əgər bir ailə sırf geyim amilinə görə uşağını məktəbdən yayındırırsa, uşağın təhsil hüququnu dövlət deyil, onun dünyəvi qanunları qəbul etmək istəməyən valideynləri pozmuş olur.
Əgər biz bu gün müasir məktəbi dini ehkamların çərçivəsinə salsaq, yüz il əvvəl "Molla Nəsrəddin"in tənqid etdiyi xurafata geri qayıtmış olarıq. Mədrəsə və mollaxana keçmişin dini ehtiyacı idi, müasir məktəb isə gələcəyin elmi zərurətidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 15 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















