Icma.az
close
up
RU
Trumanın divarı, Hamletin sualı və Qodonu gözləyən siyasət

Trumanın divarı, Hamletin sualı və Qodonu gözləyən siyasət

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bəzən dəyişiklik divarın uçması ilə yox, insanın o divarı görməsi ilə başlayır” (“Truman şousu” filmindən)

“Truman şousu” filmində Truman illərlə özü üçün qurulmuş süni dünyanın içində yaşayır. Ətrafındakı hər şey ona tanışdır - insanlar, küçələr, gündəlik həyat. Ta ki, bir gün həmin dünyanın sərhədlərini görənədək. Əsas dəyişiklik divarın uçması ilə yox, Trumanın divarın mövcud olduğunu anlaması ilə başlayır. Siyasətdə də nəsil dəyişikliyi belə başlayır. Amma divarı görmək hələ ondan keçmək demək deyil.

Artıq 1988-ci il deyil. Azərbaycan cəmiyyəti dəyişib. Texnologiya, informasiya dövriyyəsinin sürəti və siyasətə münasibət dəyişib. Gənc xəbəri yalnız qəzetdən oxumur, siyasətçini yalnız tribunadan tanımır. Onun illər əvvəl dediyi sözləri saniyələr ərzində tapır, bugünkü mövqeyi ilə müqayisə, müzakirə edir və sual verir. Siyasətçinin informasiya üzərində əvvəlki üstünlüyü xeyli zəifləyib. Bəs siyasi səhnə bu dəyişikliklə ayaqlaşa bilibmi?

Məhz burada nəsil məsələsi ortaya çıxır. Bu, yalnız siyasi təşkilatların rəhbərliyində kimin neçə yaşında olması deyil. Söhbət düşüncə tərzindən, idarəçilik mədəniyyətindən, qərarvermə mexanizmlərindən və yeni nəslə verilən real imkanlardan gedir.

25 yaşında köhnə şüarları təkrarlayan adam yeni nəsil siyasətçi deyil. 50 yaşında texnologiyanı, dəyişən iqtisadiyyatı və cəmiyyətin yeni ehtiyaclarını anlayan insan da avtomatik olaraq “köhnə” deyil. Məsələ yaşda deyil. Məsələ düşüncə tərzindədir.

Yeni siyasətçi yeni suallara cavab verməlidir. Bugünkü gəncin qarşısında çox konkret problemlər dayanır: iş, karyera, mənzil, təhsil, xaricdə qalmaq, yoxsa ölkəyə qayıtmaq, əmək bazarının dəyişməsi, süni intellektin gələcəkdə onun peşəsinə təsiri.

O, siyasi təşkilata çox sadə sual verə bilər - “Partiyaya üzvlük mənə nə verəcək?”

Əgər bu suala konkret cavab yoxdursa, ən gözəl siyasi şüarın da təsiri azalır. Çünki yeni nəsil yalnız vəd eşitmək istəmir. Nəticə görmək istəyir.

“Ölkəni dəyişəcəyik” deyiləndə soruşur: “Necə?” “Gənclərə imkan yaradacağıq” deyiləndə: “Hansı imkan?” “İqtisadiyyatı inkişaf etdirəcəyik” deyiləndə: “Bunun mənim işimə, maaşıma, gələcəyimə konkret təsiri nə olacaq?” “Texnologiya gələcəyimizdir” deyiləndə isə soruşur: “Süni intellekt əmək bazarını dəyişəcəksə, buna necə hazırlaşacağıq?”

Siyasət bu suallara cavab vermədikcə, gəncin siyasətdən uzaqlaşmasını yalnız onun laqeydliyi ilə izah etmək çətindir.

Bəlkə problem gənclərdə deyil? Bəlkə siyasətin özü yeni suallara cavab verməyə hazır deyil? Bu problem siyasi təşkilatların gənclərlə münasibətində daha aydın görünür. Gənci tədbirə çağırmaq asandır. Onunla şəkil çəkdirmək, sosial şəbəkədə paylaşım etdirmək də. Çətin olan ona qərar vermək hüququ verməkdir.

Əgər gənc siyasi təşkilatda yalnız tədbirlərdə görünür, kontent hazırlayır və rəhbərliyin mesajlarını yayırsa, burada siyasi məktəbdən çox siyasi dekorasiya var. Gənclər qanadı vitrin deyil, siyasi laboratoriya olmalıdır.

Gənc bir problemi araşdırmalıdır. Təklif hazırlamalıdır. Onu müdafiə etməlidir. Fərqli fikirləri dinləməlidir. Səhv edirsə, məsuliyyət daşımalıdır.

Çünki siyasi nəsil hazır vəziyyətdə meydana çıxmır. Yetişdirilir. Əgər siyasi yüksəliş bilik, nəticə, ictimai etimad və təşkilati bacarıqdan çox şəxsi münasibətlərdən asılıdırsa, yeni nəsil yetişmir. Köhnə sistemin yeni siması yetişir.

Şekspirin “Hamlet”ində gənc şahzadə ona təqdim edilən dünyanı olduğu kimi qəbul etmir. Şübhə edir. Sual verir. Hazır cavabla kifayətlənmir. Hamletin gücü yaşında deyil. Onun gücü ona təqdim edilən həqiqəti sorğulamasındadır.

Peter Ueyrin “Ölü şairlər cəmiyyəti” filmində də gənclər hazır qəlibləri sorğulamağa, öz səslərini tapmağa və dünyaya fərqli baxmağa təşviq olunurlar. Siyasətdə də nəsil dəyişikliyi sadəcə yeni simaların meydana çıxması deyil. Yeni sualların meydana çıxmasıdır.

1988–90-cı illərin siyasi mühitində meydan, tribunalar, qəzet və televiziya siyasi mobilizasiyanın əsas kanalları arasında idi. Bu gün isə bir fikir saniyələr ərzində yayılır. Bir çıxış paylaşılır, ardınca siyasətçinin illər əvvəl dediyi başqa fikir ortaya çıxır. Mövqelər müqayisə edilir. Arqumentlər toqquşur. Sual yaranır. Cavab tələb olunur. Siyasətçi artıq yalnız danışmır. Cəmiyyət onu dinləyir, yoxlayır və müqayisə edir. Bu reallıq siyasi təşkilatlardan da yeni ünsiyyət və idarəçilik mədəniyyəti tələb edir. Ona görə sualı dəyişmək lazımdır: “Gənclər niyə siyasətə gəlmir?” Bəlkə doğru sual budur: “Partiyalar gənclərin gəlməsi üçün nə edib?”

Çünki siyasət artıq istedadlı gəncin yeganə karyera qapısı deyil. Onun qarşısında biznes var, texnologiya var, media var, akademiya var.

Deməli, siyasət gəncə sadəcə “Burada qal” deməklə kifayətlənə bilməz. Ona niyə burada qalmalı olduğunu göstərməlidir.

XXI əsrin siyasətçisi yalnız yaxşı danışan adam deyil. O, dinləməlidir. Təhlil etməlidir. Texnologiyanı anlamalıdır. Dəyişən əmək bazarını bilməlidir. Fərqli fikirlərlə işləməyi bacarmalıdır. Cəmiyyətin real problemlərinə konkret cavablar verməlidir. Və ən əsası, verdiyi qərarın məsuliyyətini daşımalıdır. Bütün bunlar isə yalnız gəncə söz haqqı verməklə mümkün deyil.

Samuel Bekketin “Qodonu gözləyərkən” əsərində Vladimir və Estragon kiminsə gələcəyini gözləyirlər. Gözləyirlər. Amma tamaşaçı getdikcə anlayır ki, əsas məsələ Qodonun gəlib-gəlməməsi deyil. Əsas məsələ onların niyə hələ də gözləməsidir. Qodo onsuz da gəlmir - bəlkə də, heç mövcud deyil.

Siyasi səhnədə gənclərə də illərdir eyni söz deyilir: “Növbəniz gələcək”. Beş ildən sonra. On ildən sonra. 50 ildən sonra. Şərait yarananda. Rəhbərlik dəyişəndə. Siyasi sistem yenilənəndə... Amma siyasi nəsil dəyişikliyi gözləməklə baş vermir.

Truman divarı gördü. Hamlet sual verdi. “Ölü şairlər cəmiyyəti”nin qəhrəmanları hələ də öz səslərini axtardılar. Bekketin qəhrəmanları isə hələ də gözləyirlər.

Qodonun gəlib-gəlməyəcəyini isə heç kim bilmir...

Azər Rəşidoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri