Türk özünü qorumur, Tanrı türkü qorusun! Fikrət Sadıq haqqında
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün görkəmli şair Fikrət Sadığın 95 illiyi tamam olur.
Kulis.az Gülxani Pənahın "Dövlətinə, dilinə, millətinə bağlı sənətkar - Fikrət Sadıq - 95" yazısını təqdim edir.
Sovet ədəbiyatının 20-30, 40-50, 60-70-ci illər arasındakı inkişaf mərhələlərini nəzərdən keçirdikdə ədəbiyyata gələn, poeziyamızda öz əksini tapan ideyaların, mövzuların rəngarəngliyi - insan taleyi, bəşəriyyətin sabahı, gələcəyi üçün narahatlıq, dünyanı yaşatmaq istəyi, müharibələrin törətdiyi və gələcəkdə də törədə biləcəyi müdhiş faciələrin qabağını almaq üçün qələmə alınan nəsihətamiz, tərbiyəvi xarakterli mövzular öz zəngin məzmun və ideyalarına görə dünya ədəbiyyatı, mədəniyyəti üçün əsil sənət nümunələri - oxucu kütləsinin marağını, məhəbbətini qazana bilən əsərlər yarandı.
Bu ədəbiyyatı yaradanlar sırasında Azərbaycanın görkəmli şairi, Respublika Dövlət mükafatı laureatı, istedadlı şair, mübariz şəxsiyyət, novator sənətkar, məhsuldar bir yaradıcılıq yolu keçmiş Fikrət Sadığın da imzası vardır. O, müxtəlif janrlarda köklənmiş, öz orijinallığı ilə fərqlənən şeirlər, poemalar, hekayə və ədəbi-tənqidi, publisist məqalələrlə ədəbiyyatımızı zənginləşdirmişdir.
Qələmini söz sənətinin müxtəlif janrlarında sınamış, bir-birindən mənalı, oxunaqlı əsərlər yaradan Fikrət Sadıq heç kimi təkrar etməyən, öz orijinallığı ilə seçilən əsərləri ilə Azərbaycan ədəbiyyatının öncülləri sırasındadır.
Çağdaş XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan sənətkarlarla çiyin-çiyinə çalışan, oxucu kütləsinin dərin məhəbbətini qazanan Fikrət Sadıq həyat hadisələrini yaradıcılıq süzgəcindən keçirərək onlara lirik-romantik vüsət vermək bacarığı olan şair idi. Əsər-lərində lirik qəhrəmanın daxili aləmini şirin bir dillə “şərh” etmək qabiliyyətinə malikdi. Onun qələmə aldığı mövzuların həcmindən asılı olmayaraq demək olar ki, hamısında bədii material, mövzu, süjet xalqımızın həyatından, onun tarixi keçmişindən, mübarizələrlə dolu tarixindən gö-türülmüşdür. İnsan taleyi, zəhmət adamlarının fədakarlığı, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və bu gün də xalq yaradıcılığının zəngin xəzinəsinə çevrilən əsərlərində doğma xalqına, vətəninə sədaqət prinsiplərini qoruyub saxlayandır. Vətənpərvərlik duyğuları, qəhrəman-lıq dolu tarixi keçmişimizi özündə yaşadan hadisələri əks etdirən, ümumbəşəri dəyərləri özündə əxz edən mövzular şair üçün zəngin bədii material olub.
O, yaradıcılığında müasir həyatla səsləşən mövzulara daha çox müraciət edirdi. Mövzu və janr etibarı ilə zəngin və rəngarəng olan yaradıcılığını nəzərdən keçirdikdə iki aspekt diqqətimizi daha çox cəlb edir. Birinci cəhət xalqımızın zəhmətkeş təbəqəsinin, ulularımızın müsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə, ikinci cəhət insani duyğulardan uzaq olan yaltaqlığın, paxıllığın, kasıblığın, ehtiyacın, cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun, pulun və digər mənfi halların özünəməxsus orijinal bir şəkildə tənqididir.
Yaratdığı əsərlərində milli-mənəvi dəyərlərə, klassik mədəniyyətimizə, dünya ədəbiyyatının ən yaxşı ənənələrinə söykənir.
Sadə və həyati mövzuları mənalandırmaq, ona fərdi yaradıcılıq prizmasından yanaşmaqla lirik vüsət aşılamaq, müasirlik Fikrət Sadıq yaradıcılığının mühüm cəhətləridir. Yaradıcılığında xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişi, bəşəri mövzular, xalqımızın son onilliklərdə həm mədəni, həm siyasi, həm ictimai sahədə əldə etdiyi möhtəşəm yeniliklər, mənəvi-psixoloji aləmi, Azərbaycan dilinə, mədəniyyətinə, əxlaq kodeksinə, torpağına, onun təbiətinə, milli-mənəvi də-yərlərinə hörmət əsas mövzudur.
F.Sadığın əsərləri həm zəngin ədəbi baxımdan, həm də ədəbiyyatımıza gətirdiyi yeniliklər baxımından əhəmiyyətlidir. İstər lirik, istərsə də epik yazılarında F.Sadıq Azərbaycan dilinin sadiq keşikçisinə bənzəyir. Xalqımızın qüdrətli sərkərdəsi, ümummilli liderimiz Heydər Əliyev Yazıçıların X qurultayında dilimizin qorunub saxlanmasında, zənginləşdirilməsində şair və yazıçılarımızın əməyini yüksək qiymətləndirirdi: “Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bu günkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın, dilçi alimlərin böyük xidməti var. Dil bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq, millət, millət ola bilməz”.
Sənətkar əməyinə verilən bu qiymətdən Fikrət Sadığın da öz payı var.
F.Sadıq məhz bu sahədə bəlkə də dövrünün bütün ziyalılarını qabaqlamış, dil məsələlərini daima diqqət mərkəzində saxlamış, yazdığı əsərlərində dilimizin saflığı naminə mübarizə aparan qələm sahibi idi. Onun əsərlərinin dili sadə, canlı və təbiidir. O, poetik ovqatı qafiyə və vəznlə ölçmür. Onun yaratdığı əsərlərdə bədii ümumiləşdirmə güclüdür.
Yaratdığı əsərlər zamanın səsinə səs verən əsərlərdir. 37-ci illərin repressiyasının dəhşətli nəticələri, imperialist qüvvələrin Azərbaycanda gedən milli-azadlıq hərəkatını boğmaq cəhdləri, bu yolda şəhidlər verən Azərbaycan xalqının mübarizliyi, əzmkarlığı, ikiyə parçalanmış Azər-baycanın dərdinin üstünə gələn Qarabağ, Qərbi Azərbaycan dərdi, torpaq həsrəti, yurd göynərtisi, didərginlik taleyi yaşayan soydaşlarımızın düşdüyü sarsıdıcı-psixoloji vəziyyət, ictimai bəlalardan olan rüşvətxorluq, haramçılıq böyük cəsarətlə təsvir edilir.
“Vətənin əl boyda daşı”, “20 ildən sonra”, “Ömrün bir günü”, “On üç şam”, “Ana əli”, “Arzu bulağı” və s. poemaları, “Yaşıl xatirələr” silsilə şeirləri və digər əsərləri onun sənətkarlıq imkanlarını güzgü kimi özündə əks etdirir.
İctimai prosesləri hərəkətə gətirən tükənməz enerji mənbəyi kimi təsvir edilən, artıq tarixin inkişaf mexanizminə çevrilən insanın mənəvi aləmi poetikanın fraqmentlərində özünü tapır. Bu dövrdə ədəbiyyata gələn onlarla istedadlı şairlər kimi Fikrət Sadıq da insanın hələ kifayət qədər açılmamış mənəvi aləmi, sirli, soraqlı, düşündürücü assasiasiyaları ilə qələmiylə üz-üzə oturur. Dünyanın bütün canlılarından seçilən, köksü altında bir dünyaya sığmayan sevinc, qəm gəzdirən, işıqlı əməlləri, arzuları ilə insanlıq zirvəsini fəth edən insanın həyatının müxtəlif məqamları və bu məqamlardakı ruhi vəziyyəti təsvir olunur.
***
F. Sadığın həyat, dünya, insan haqqında öz fəlsəfəsi var. Mövzularını həyatda gördüyü, müşahidə etdiyi hadisələrdən, mənzərələrdən götürürdü. Onunla birlikdə avtobusla, tramvayla işə gedib-gələn metro fəhləsi, gözünün qarısında dəyişən təbiət, baharın gəlişinin yaratdığı xoş təəssürat, payız yağışının gətirdiyi qəm-qüssə, qəzəbini soyudan yağan yağış, dostluqdan aldığı ruh yüksəkliyi, ehtiyacın yaratdığı kədər, ümidin sinəsinə gətirdiyi sevinc, doğma balalarının gözünün qabağında pillə-pillə boy atması, atalıq hissindən doğan poetik duyğular, vətən, xalq, torpaq sevgisi, əlindən gedən dostların qəlbində yaratdığı hüzn, böyük sənətkarlarımızın qismətinə düşən dərdli tale, xalq yolunda ziyasını nura çevirən, vətəndaşlıq borcunu şərəflə yerinə yetirən ziyalı şəxsiyyətlərin nəcib, xeyirxah əməlləri, bir-birinə bənzəməyən rəngarəng, dolğun məzmunlu hadisələr qələmə aldığı əsərlərin məzmun və ideyasındadır.
F.Sadıq romantik şair deyil. Onun romantik misraları da reallıq üzərində köklənib. Onun qələmə aldığı mövzular bir-birinə bənzəmir. Ehtiyac, qayğı, ümid, həsrət də onun müxtəlif mövzulu şerlərində müxtəlif aspektdən poetik formasını alır. Bəxtiyar Vahabzadə onun "Cığır" kitabına yazdığı müqqədimədə göstərir ki, "Fikrətin şeirlərində hiss ilə idrakın vəhdəti vardır. Bu şeirlər yalnız hisslərimizə deyil, ağlımıza da təsir edir, bizi düşündürür."
Fikrət Sadıq şeirlərində xalqına sadiq insandır. Alnı açıq, üzü ağ şair "xalqının şair" övladı olmasıyla fəxr edir:
Fələkdən sinə dağlıyam,
Bəndi-bərəsi bağlıyam.
Xalqımın şair oğluyam,
Quru dilmancı deyiləm.
F.Sadıq şeirlərində vətənin, xalqın birliyi məsələsini ön plana çəkir. Şair fikir və duyğularını Bütöv, Azad və Bölünməz Vətən üstündə kökləyir.
***
Xalqımızın tarixi keçmişi, qəhrəmanlıq dolu səhifələri, fədakarlıq, vətən məhəbbəti, yadellilərə qarşı sonsuz nifrət, nifrətin qəlbində yaratdığı mübarizə odu, alovu Fikrət Sadıq şeirlərində əsasdır. Və bu gün şair sag olsaydı, 44 günlük Zəfər Tariximizin canlı şahidi olsaydı, onun qələmi bu gün də bu zəfəri bizə yaşadan Azərbaycan dövlətinin rəhbərinin ugurlu siyasətinin, Azərbaycan gəncliyinin, ümumən xalqımızın şanlı tarixinin tərənnümünə xidmət edərdi.
Çünki onun üçün Vətən ən müqəddəs, torpaq əbədi yanan ocaqdır. Özünü vətənin "bir körpə yarpağı" sanan şair onu özünün ən ülvi təsəllisi, ömrünü nura qərq edən Günəşi, doğması bilir. Bu yurd çörəyini yediyi, havasını udduğu, ulularından ona miras qalan bir xəzinədir. Bu yurdun Kürü, Arazı, Göygölü var. Bu yurdun bir "budağı" Qarabağ, bir "budağı" Naxçıvandır. Onun Bakısı, Şirvanı, Mili, Muğanı var. Onun üçün Xəzər başqa bir aləmdir. Doğulub boya-başa çatdığı havasıyla, suyuyla dirçəldiyi eli, obası, odlu ürəyi, uca dağları, yaraşıqlı, bol sulu çayları "şirin ləhcəsi", sərt qayaları vüqarıdır. Şair vətənini "yamyaşıl nəhəng bir ağaca" bənzədir. Qolu-budağı Qarabağı, Naxçıvanı, Mili, Muğanı, Şirvanı, Bakını-neçə-neçə dilbər guşələrini sadalayır. Günəşdən can alan, sularından içən, "sevincini, kədərini dad"an, yollarından keçən Vətənin ona verdiyi dürlü-dürlü nemətlərin, gözəlliklərin əvəzində təvazökar şair "Arzudan və alın tərindən savayı" bu Vətənə verəcəyi bir şeyi yoxdur desə də, əsl vətəndaş kimi Azərbaycanın bu gününün, gələcəyinin qoruyucusu kimi vətənin çırağını havayı yandırmamağa can atan əsl övladdır. "Ömrümün çırağını vətəni yandıran şair:
Mən də can atıram ki,
Bu çırağı yandırmayım havayı
- deyir.
F.Sadığın yaradıcılığında bir parça vətən onun üçün həyatdır, ömürdür, sonu, ucu-bucağı görünməyən kainatdır. İnsan ömrünün təməl daşıdır, arzusudur, ümididir. Onun üzərində:
Yüz ögey el birləşə,
Doğma yurd olmaz.
Çünki onun ömür çırağını ana yurdu yandırıb. Ona öz doğmalığını hiss etdirib, bu doğma-bir parça vətənin dərəsi, dağı daha əzizdir. Çünki ömrü boyu "bir Ana, bir də vətən" onu əzizləyir: Ona görə də yurd itirən "Yüz il ağlar, min il ağlar"- deyir.
Azərbaycan F.Sadıq üçün dünyadır. Onun şeirləri Səməd Vurğunun, Məmməd Arazın, B. Vahabzadənin, neçə-neçə şairlərimizin vətənə olan sonsuz məhəbbətinin əbədi salnamələri kimi qiymətlidir. Hansı kitabda, harda Azərbaycan mövzusu var, orda Fikrət Sadıq duyulur. F.Sadıq qəlbindəki Azərbaycanın böyüklüynü duyduğundan 1962-ci ildə ədəbiyyatşünas alim Qulamhüseyn Beqdelinin xahişi ilə qüdrətli şairimiz Şəhriyarın farsca yazdığı "Azərbaycan" şeirini ana dilimizə tərcümə etmişdir. 1995-ci ildə "Öyrətmən" nəşriyyatı səhvən 8-ci sinif ədəbiyyat dərsliklərində şerin tərcüməçisi kimi hörmətli şairimiz Balaş Azəroğlunu göstərib. Əlbəttə, bunu bir texniki səhv olduğunu bilirik. 1966-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı Şəhriyarın seçilmiş əsərlərini nəşr etdirərkən tərcümənin Fikrət Sadığa aid olduğunu (Şəhriyar. Seçilmiş əsərləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı. səh. 271-272) yazıb. Hələ 1996-cı ilin 28 noyabrında Fikrət Sadıq mətbuatda gedən bu yalnışlığa görə etirazını bildirib: “Əvvala bu dərsliyin müəllifi bilməlidir ki, bu tərcümə sonralar 1966-dan 1996-yadək azı on dəfə dərc olunub. Hətta İranda nəşr olunan "Varlıq" dərgisinndə də! O tərcümə barədə Qulamhüseyn Beqdeli və Cavad Heyət cənabları da söz deyiblər. Bu tərcüməyə görə mən İrana-Şəhriyar konfransına getmişəm. Təbrizdə böyük Şəhriyarın məqbərəsində həmin tərcüməni oxumuşam. Nəhayət, bu şeir 1988-ci ildə, xalq o vaxt Lenin indi Azadlıq adlanan meydana axışmasında beyt-beyt yazılıb, divarlara vurulurdu. Sonralar "Koroğlu" musiqi dəstəsində çox gözəl bir mahnıya çevrildi. Az qala bütün Azərbaycan ziyalıları bu tərcümənin mənə məxsus olduğunu bildiyi halda, təəccüb eləyirəm ki, bu dərsliyin müəllifləri niyə bilməyiblər. Bu tərcüməni mən "Yazıçı" nəşriyyatında dərc olunmuş "Dünya öz işindədir" (bu kitaba görə Dövlət Mükafatına layiq görülmüşəm) kitabında "Qərib at, qəribə at" poemasında epiraf vermişəm.”
Tərcüməçilik çox çətin peşədir. İllah da ki, şair olasan. Və o şeiri tərcümə edəndə poetikanı gözləyəsən, şeirin ruhunu qoruyub saxlaya biləsən. Şəhriyar kimi böyük bir sənətkarımızın yaradıcılığının qayəsini təşkil edən "Azərbaycan" şeiri Fikrət Sadıq kimi şeirə, sənətə, sözə sərraf gözüylə baxan bir şairin tərəfindən əlbəttə, belə gözəlliklə tərcümə olunmalıydı. Şəhriyarın "Azərbaycan" şeiri F.Sadığın tərcüməsində:
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan…
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!
Bu - Bisütun-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, bir də oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
Bu misralardakı təbiilik, doğmalıq, vətən məhəbbətidir ki, Fikrət Sadığı özünə çəkib və bu gözəlliklə, bu axıcıllıqla, sənətkarlıqla Şəhriyarın duyğularında öz istəyi ilə səsləşən motivləri ustalıqla dilimizə tərcümə edib, o taylı bu taylı Azərbaycan şairlərinin fikirlərindən, arzularından bir-birini xəbərdar edib. Cilid-cilid vətən mövzusunda yazılmış kitablara bərabərdir Şəhriyarın “Azərbaycan” şeiri Fikrət Sadığın tərcüməsində…
***
F.Sadıq yaradıcılığında dövlətçilik, birlik prinsiplərini poetik bir dillə təbliğ edir. Azərbaycan-Türk dünyasının keçmişi və dünəniylə fəxr edən şair bu günü üçün də narahatdır. Sabahına xoş ümidlərlə baxmaq üçün bu gün düşünməli olduğumuzu unutmamağa çağırır. "Tanrı türkü qorusun!" kəlamı şeiri üçün başlıq götürülsə də şairin narahat dünyasından xəbər verir. O yazır: "Eramızdan yüzillərlə əvvəllərdən türk dövlətlərinin bayraqlarında Aypara çəkilib. Bütöv Ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv Ayı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürk bayraqlarına bütöv Ay çəkməyiblər. Bütöv Ay - bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məsələn, Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən yüzilliyə aparır.
Gün o gün olsun ki, türklər minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar! İnşallah!".
Fikrət Sadıq "Hələ qisası qalır Zəngəzurun" - deyərək nalə çəkirdi, qəzəb dolu bir səslə hayqırırdı, bəlkə də heyfindən içi od tutub yanırdı, Fikrət Sadığın sinəsində bir baca açmışdı bu torpaq dərdi, bu vətən dərdi... Yoxsa "Türk özünü qorumur, Tanrı Türkü qorusun"- misrasında bu qədər misraaltı mənalarla dolu səsi duyulmazdı:
Dili, dini bir olan əqidəcə bir gərək.
Bu millət bir olunca bizlərə səbir gərək.
İyirmi yüz il azmış, bəlkə, iyirmi bir gərək?
Gəlsin, Türkün açılan yarasını sarısın,-
Türk özünü qorumur. Tanrı türkü qorusun!
Hər bəndin sonunda "Türk özünü qorumur, Tanrı türkü qorusun" kəlməsinin mətnaltı mənası başdan-başa oyanışa, birliyə çağırışdır. Dili bir, dini bir millətlərinin, həmvətənlərinin məhəlləyə, tayfaya bölünərək bir-birisini suçlandırmasından narahat idi, qurdu içindən də özünü yeyən türk millətin gələcəyindən narahat olurdu, cəsarətlə onları ittiham edirdi, belələrinə nə desə şair haqlıdır, çünki vətəndaş, millətini sevən şairin millətindən, vətəndən qeyri bir varı, ümid çırağı ola bilməz. O çırağı söndürənlərin yeri isə dar ağacıdır:
Bölünüb məhlə-məhlə, tayfa-tayfa, kəndbəkənd.
Bu ona atır kəmənd, o buna atır kəmənd.
Qurdu öz içindədir, ovur içini bənd-bənd.
Bu xislətdə, bu dərddə millət necə yarısın?
Türk özünü qorumur, tanrı türkü qorusun!
Şair göstərir ki, Azərbaycan övladı bu gün əlini qoynuna qoyub durmamalı, silah götürüb cəbhə açmalı, düşmənə sinəsini səngər etməlidir.
Şair xalqımızın Azərbaycan türkü, kərkük türkü adıyla iki yerə paralanmasını ürək ağrısıyla qələmə alır. Şirvanda kərküklərin, kərkükdə Boyatların yaşamasını, bir millətin övladlarının yarısının türkman, yarısının azəri adlandırılmasının, addəyişmələrin, bu müəmmalı sirlərin arxasında böyük bir “əmmanın” gizləndiyini duyur və bildirir ki,
Əmması budur ki, biz elə birik.
Hələ birliyimizi bilə bilmirik.
Bizi parça-parça bölüblər belə,
Kiməsə xoş gəlmir bu boyda birlik.
***
"İstiqlal bayrağı" şeirində şair xalq inamına dəstəklənir, göy üzünü-Tanrının məskəni, Tanrı yeri kimi tanıyırıq. İstiqlal bayrağındakı mavi rəngi şair "Tanrını qərargahı"na bənzədir. İnsanların ümid yeri, pənahı göylər, onun mavi rəngi barağımızdakı üst zolağın mavi rəngi-səma rəngi kimi vəsf edilir. Bu rəngdə həyat, əbədiyyət, ucalıq, bərəkət, yağış, qar, həyat var. Göy rəng-mavi rəng öz ucalığı, ülviyyəti, əbədiyyəti özündə yaşadan bu Tanrıya məxsusdur. Azərbaycan xalqının istiqlal bayrağındakı mavi rəng-səma rəngi Tanrının məskəninə tay tutulmaqla şair onu ululuqlara, ucalıqlara qaldırmış olur.
Orta zolaq - qırmızı rəng şəhid qanına bənzədilir. Bu Şəhidlərin qanıdır. Yü il, iki yüz il və ondan öncə və ondan sonra öz azadlığını, müstəqilliyini istəyən, bu yolda çalışan, çarpışan, vuruşan, bir qaşıq qanından qorxmayan, döyüş meydanlarında azadlıqsevər millətinin tökülən qanıdır. O qana Araz, Təbriz, 20 Yanvar, Qarabağ, Xocalı və neçə-neçə faciəli günlərdə qanıtökülən insanların, şəhid oğulların qanı qarışıb. Bu qan bizim qanımızdır – qərbli, şərqli, cənublu, şimallı, o taylı, bu taylı-bütün türk doğmalarının, azərilərin zəfər qanıdır:
O tayda da, bu tayda da,
Haqq uğrunda müğarizə,
Bu rəng xəbərdarlıqdı bizə,
Yaxşı bax!
Türkün ömür möhürüdür,
Zəfər tarixidir
Onun üstündəki Ay-Ulduz!
Bu möhürlə tanı bizi!
Bəli, türkün ömrünə savaşlar, mübarizələr, döyüş meydanları, o döyüşlərdən zəfərlə çıxma yazılıb. Bu rəng haqq uğrunda mübarizə aparan bir millətin qanının möhürüdür. Bu möhür qan yaddaşıdır və şair bunu unutmamağı, öz gələcək nəsillərinə nəsihət etdiyi kimi, düşməninə də sözünü deyir; türk meydanlarda zəfər, qələbə naminə, qələb çalmaq uğrunda döyüşüb, haqq-ədalət uğrunda vuruşub. Gec-tez haqq yerini tutub, tutur və tutacaq da. Sən də öz işini bil. Girmə onunla döyüş meydanına, göz dikmə onun loxmasına, uda biləcəksən, amma əridə bilməyəcəksən. Öz əlinlə özünə qəbir qazma…
Şair istiqlal bayrağındakı üçüncü-Yerə yaxın zolağı - islam ümmətinin sevdiyi rəng kimi tərənnüm edir. Bu rəng özündə Dinclik, Gənclik, Təmizliklə yanaşı, Anayurd, Ana torpaq, Ana Vətən mənasını da daşıyır. Sülh, əmin-amanlıq içində yaşamaq, çiçəkli, çöllü, barlı-bərəkətli, meşəli, dağlı vətən - onun baharı, yayı, həyat eşqi güclüdür bu rəngdə. Azəri övladının istədiyi, uğrunda döyüşdüyü, keşiyində durduğu, əlindən gedəni üçün şam kimi dərddən əriyib çöpə döndüyü, döyüşə hər an hazır olduğu, qovuşmaq həsrətiylə yandığı Qarabağı, Kəlbəcəri, Zəngilanı, Qərbi Azərbaycanı, Ağdamı, Füzulisi, Cəbrayılıdır. Bu bayraq bir millətin varlığının simvoludur, bir dövlət kimi varlığının atributlarından biridir. Xalqım onu bir dəfə göylərə qaldırmışdı. İmperialist qüvvələr İblis-Şeytan xislətli qonşularımız bu xalqın varına-yoxuna sahib durmaq üçün öz yırtıcı xarakterindən istifadə edib, onu hansısa bir dövlət binasının başından aşağı salsa da, ürəklərdə onu ayaqlara endirə bilmədi. 70 il mübarizə apardı; gizlin-aşkar apardı və böyük dövlət xadimi Məmmədəmin Rəsulzadənin dediyi kimi "Bir kərə yüksələn bayraq bir daha enməz" kəlamının həqiqətinin işığında yeridi, mübarizə apardı və üç rəngli bayrağımızı öz yerinə qaytardı. Ürəklərdəki od öz məşəlini yandırdı. Üçrəngli bayrağımız Müstəqil Azərbaycan Dövlətinin əzəli və əbədiliyinin rəmzidir. İndi onun sərhəddi, bayrağı, dili yaşayır və əbədi yaşayacaq da:
Ey öz doğma ocağına,
Bir də qayıtmış
Üçrəngli bayrağım, ucal!
Ucal başımızın üstdə,
Ucal bütün ölkələrdə,
Özgələrə tanıt bizi,
Əsarətdən azad olmuş
Ölkəmizi.
Bu müstəqillik, bu azadlıq hissidir ki, şairin qəlbində qəzəb doğurur.
***
F.Sadıq xalq ədəbiyyatına, milli kökümüzə, milli mədəniyyətimizə, klassiklərimizə hörmətlə yanaşan bir sənətkar idi. Onun Füzuli, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Mizə Şə-rifzadə, Qabil, Məmməd Araz, Əli Kərim, Rəsul Rza və digər böyük şəxsiyyətlər haqqındakı ya-zıları şairin yüksək intellektual səviyyəsindən, geniş dünyagörüşündən, nəzəri hazırlığından xəbər verirdi.
Əlbəttə, onun yaradıcılığı Azərbaycan ədəbi tənqidinin, sənətşünasların diqqət mərkəzində olmuşdur. Yeni nəşr olunan hər bir kitabı, mətbuatda dərc olunan əsərləri haqqında ədəbi tənqid, sənətsevərlər, şairlər, yazıçılar ictimaiyyət yüksək qiymətini vermişdir. Rəsul Rza, Bəkir Nəbiyev, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Elçin, Ağamusa Axundov, Məmməd Araz, Qabil, Anar və onlarla sənətsevərlər Fikrət Sadıq yaradıcılığı haqqında dəyərli fikirlər söyləmiş, resenziyalar, məqalələr, kitablarına ön sözlər yazmışlar.
Şair bütün ömrünü yaradıcılığına bağlamış otuzdan çox kitab nəşr etdirmişdir. O nəsr sahəsində də qələmini sınamış “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə”, “Sinif-sinif oyunu” və s. hekayələrini yazmışdır.
Fikrət Sadıq qələmini publisistika sahəsində də sınamış uğurlu nəticələr əldə etmişdir. Belə ki, onun yazıdığı bu ədəbi-bədii publisist yazıları ədəbiyyatımızın düzgun inkişafı məsələlərilə, bir çox sənətkarların ədəbi-bədii yaradığıcılığı haqqında dəyərli fikirlərlə zəngindir. "Məmməd Arazdan yeddi söz", "Müşfiqin işığında yol getmək olar", "Adını de, səni tanıyım", "Ümmandan damla", "Rəsul Rza", "Vətənə qayıt", "Balaş Azəroğlu", "Xəlil Rza kimdir?", "Söz haqqında söz", "Təbiəti qoruyun" kimi çoxlu sayda publisist yazıların müəllifidir.
Uşaqlar üçün bir-birindən gözəl məzmunlu əsərləri vardır. "Yumaq top" Bakıda Kukla teatrında, "Bir parça vətən" - Bakıda, Gənc Tamaşaçılar teatrında, "Oğul"- Şamaxıda, "Biri vardı, biri yoxdu"- (Alp Ağuz) Lənkəranda tamaşaya qoyulmuşdur.
"İçəri şəhər", "Naxçıvan-50", "Süleyman Rüstəm" sənədli filmlərinin, "Cırtdanın yeni sərgüzəştləri" cizgi filminin senarilərini yazmışdır.
Şairin əsərləri dünyanın bir çox dillərinə də tərcümə edilmişdir. "Raneniye doma" (1970), "Veçernaya pesnya" (1974), "Semisvetni klubok" (1981), "Nadejda ot zemli do neba" (1995), "Belaya tropa" (1995), Ukrayna, rus, belarus, eston, litva, qazax, özbək, macar və digər dillərdə tərcümə olunmuş şeirlərin müəllifidir.
Ədəbiyyatımızın inkişafında xidmətləri yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi", "Əməkdə igidliyə görə" medalı ilə təltif edilmiş, "Dünya öz işindədir" kitabına görə Dövlət mükafatına layiq görülmüşdür. Rəsul Rza və Məmməd Araz Ədəbi mükafatlarının laureatıdır. Sənət, ədəbiyyat onun həyatı idi. Yazıçını yaşadan onun kitablarıdır.
Otuzdan çox kitabın müəllifi Fikrət Sadığın həyatı, yaradıcılığı hələ oxunmamış kitablar içərisindədir. Yazılacaq. Oxunacaq, əldən-ələ gəzəcək. O hörmətli şairimiz Adil Cəmillə müsahibələrindən birində deyir:" kitab nəşr olunmayanda elə bilirəm yazıçı - oxucu "körpüsü" qırılır". O əsərlər ki, insani duyğular üzərində köklənir həmişə, hər zaman insan qəlbinə yaxın olduğundan öz müasirliyini itirmir.
Fikrət Sadıq yaradıcılığını bütünlüklə tədqiq etmək, müxtəlif janrlarda yazdığı əsərləri ümu-miləşdirib qiymətini vermək, onun zəngin yaradıcılıq yolunu açmaq, araşdırmaq, müasir Azərbaycan ədəbiyyatının, poeziyasının inkişafında onun yerini, rolunu düzgün qiymətləndirmək müasir ədəbiyyatşünaslığın vəzifələrindəndir.


