Ukraynanın zərbələri Rusiyanın neft emalı gücünü azaltdı Gündəlik 500 min barrel
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji infrastrukturuna — xüsusilə də neft emalı zavodları, boru kəmərləri və dəniz terminallarına endirdiyi dron zərbələri Rusiya üçün ciddi nəticələr doğurub.
“AzPolitika” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) son hesabatına görə, bu hücumlar nəticəsində Rusiyanın neft emalı gücü gündəlik 500 min barrel azalaraq uzunmüddətli perspektivdə də təsirini göstərməkdədir. BEA qeyd edir ki, Rusiya 2026-cı ilin ortalarınadək gündəlik 5 milyon barrel neft emalı səviyyəsində qalacaq və yalnız bundan sonra bu göstəricinin 5,4 milyon barrelədək bərpası mümkün ola bilər.
Əvvəllər vəziyyətin bu ilin sonuna qədər sabitləşəcəyi proqnozlaşdırılsa da, Agentlik indi daha ehtiyatlı ssenariyə üstünlük verir.
"Bloomberg" yazır ki, Kiyev son aylarda enerji infrastrukturlarına hücumları intensivləşdirib. Məqsəd — Rusiyanın neft gəlirlərini azaltmaq və ordusunun yanacaqla təminat imkanlarını məhdudlaşdırmaqdır.
Məlumata görə, avqust ayından bəri Ukrayna ordusu Rusiyanın əsas neft emalı zavodlarına azı 28 dəfə zərbə endirib. Bu hücumların coğrafiyası getdikcə genişlənir. Nəticədə, bəzi regionlarda, o cümlədən işğal olunmuş Krımda benzin qıtlığı yaranıb. Bunun fonunda Kreml ilin sonuna qədər yanacaq ixracına məhdudiyyətlər tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın əvvəlində bu zərbələrlə bağlı bildirib ki, ruslar müharibənin davam etdirilməsinin əsl qiymətini hiss etməlidirlər:
“Rusiya vətəndaşları Ukraynada baş verən enerji böhranlarının və çətinliklərin dəyərini anlamır. Ukrayna mülki insanları hədəf almır, lakin ruslar bu müharibənin nəticələrini hiss etməlidirlər”, – deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, Rusiya ordusu da mütəmadi olaraq Ukraynanın enerji obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır.
Rasim Əliyev
AzPolitika.info


