Icma.az
close
up
RU
Üzrü günahından betər!.. So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Üzrü günahından betər!.. So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kərim Kərimli, jurnalist:

- Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəmə prosesinə sədrlik edən və tərkibin üzvlərindən ibarət məhkəmə heyətinin nəzərinə!

1998-ci ilin avqust ayında Xankəndi şəhərində hazırda Bakı şəhərində məhkəməsi gedən və Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərdən biri ilə - Arkadi Qukasyanla onun zəbt etdiyi otaqda üzbəüz söhbət zamanı ona belə bir müraciət etdim:

- Mənim şəxsi əlaqələrim vasitəsilə əldə etdiyim məlumata görə, hazırda burada, Xankəndi şəhərindəki binalardan birinin zirzəmisində bir yaralı azərbaycanlı əsgər - hərbi əsir saxlanılır. Deyilənə görə, vəziyyəti yaxşı deyil. Siz bir qədər əvvəlki çıxışınız zamanı qeyd etdiniz ki, şəxsən siz sülh və əmin-amanlıq, humanizm və xeyirxahlıq tərəfdarısınız. Əgər bu, həqiqətən də belədirsə və siz doğrudan da humanizm tərəfdarısınızsa, onda tabeçiliyinizdə olan şəxslərə göstəriş verin, həmin yaralı əsiri azad etsinlər və biz onu özümüzlə Bakıya aparaq. Yaralı halda əsir düşmüş və hazırda sizin üçün heç bir təhlükə törətməyən və aldığım məlumata əsasən bugünkü vəziyyəti gələcəkdə də hərbi işə yararsız olacağını göstərən bir şəxsin azad edilərək doğmalarının yanına göndərilməsi doğrudan da humanizmin nümayişi ola bilər və bir az əvvəl sizin bir neçə dəfə vurğuladığınız xoş məram və şəfqət hissinin səmimi olduğunu təsdiq edər. Bunları nəzərə alıb həmin yaralı azərbaycanlı əsgərin azad edilməsi üçün göstəriş verin. Bu, sülhyaratma prosesinə də çox müsbət təsir edən böyük bir addım ola və çox böyük və müsbət əks-səda doğura bilər.

Arkadi Qukasyan mənə belə cavab verdi:

- Bəli, belə bir əsirin olması barədə məndə də məlumat var və sizi inandırıram ki, məndə olan məlumat heç də sizdə olandan artıq deyil. Bununla belə, mən də böyük məmnuniyyətlə yaralı insanın azad olunaraq öz vətəninə getməsinə razı olar, yaxud ən azı etiraz etməzdim. Lakin çox böyük təəssüf ki, bu məsələ mənim səlahiyyətlərimə aid məsələ deyil. Bizdə hərbi əsirlərin taleyi Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinə aiddir. Əsirlərin taleyini onlar həll edir. Mənim isə bir prezident kimi onlara kiminsə azadlığa buraxılması, yaxud öz vətəninə göndərilməsi barədə birbaşa göstəriş və ya əmr vermək səlahiyyətim yoxdur. Ona görə də mənim sizin arzunuzu yerinə yetirməyim hazırkı vaxtda qeyri-mümkün görünür.

- O halda biz düşünə bilərikmi ki, sizin görüşün əvvəlində söylədiyiniz nitqdə qeyd etdiyiniz humanizm, insanlıq, sülh və əmin-amanlıq, şəfqət və mərhəmət hissləri barədə dedikləriniz sadəcə söz xatirinə deyilmiş sözlərdir və heç də sizin səmimi məramınızdan xəbər vermir?

- Siz məni təxribata çəkmək, özümdən çıxarmaq istəyirsiniz və bununla da qeyri-adekvat addım atmağa təhrik edirsiniz. Yaxşı, mən sizə kömək edə bilərəm. Daha doğrusu, həmin şəxsin buraxılmasının hansı yolla mümkün odlduğunu izah edə bilərəm. Yaxşısı budur ki, siz DQR MTX-nin rəisinin adına bir ərizə, yaxud məktub yazın və həmin şəxsin azad edilməsini xahiş edin. Ümid edirəm ki, o, sizin məktubunuza biganə qalmaz.

- Baxın, əsl təxribat budur. Siz bizi qeyri-qanuni yaradılmış bir qondarma qurumun rəhbərinə məktub yazmağa yönəldirsiniz. Özünüz də bilirsiniz ki, bu, mümkün deyil və heç vaxt da mümkün olmayacaq. Biz həyatımıza təhlükə ola biləcəyi təqdirdə belə bu cür məktub yazmarıq və yaza da bilmərik.

- Onda mənim adıma belə bir müraciət yazın. Mən isə çalışaram ki, DQR prezidenti kimi əlimdə olan imkanlardan istifadə edərək təhlükəsizlik xidmətinə istədiyiniz şəxsin buraxılması üçün hər hansı təsir göstərim.

- Azərbaycan dilində buna deyirlər: "Üzrü günahından betər!" Biz bu şəhərdə hansısa zirzəmidə hazırda qan içində az qala can verən bir insanın azad edilməsini, bununla da bayaqdan bəri burada danışdığınız sözlərin səmimiliyini sübut etməyinizi istəyirik, siz isə hazırda olduğunuz mövqenin sizə verdiyi fürsətdən istifadə edərək söhbəti ironiyaya çevirirsiniz.

- Təəssüf ki, mən qeyd etdiyimdən başqa heç bir kömək edə bilmərəm. Bu, mənim səlahiyyətlərim və imkanlarım xaricindədir.

- Elə isə heç olmasa imkan verin biz həmin yaralı əsgərlə görüşək.

- Nə üçün? Nə məqsədlə?

- Vəziyyətinə baxaq. Kimliyini öyrənək, mümkün olsa, ondan bir məktub alıb valideynlərinə çatdıraq. İnsanı sevindirək, ona ümid verək ki, burada ölməyəcəyinə, öldürülməyəcəyinə inansın.

- Təəssüf ki, mən burada da gücsüzəm. Yalnız onun öz yaxınları müraciət edərsə, düşünürəm ki, xüsusi xidmət orqanları onlara şərait yarada bilərlər.

- Axı biz onu görməsək, onunla görüşməsək, kim və haralı olduğunu, ailəsinin, yaxınlarının kimliyini, ünvanını özündən öyrənməsək, onlar necə müraciət edə bilərlər? Onlar nə bilir ki, oğulları burada saxlanılır?!

Digər tərəfdən, bəlkə elə doğrudan da bizdən kiməsə yaxınlığı var. Bunları da bilmək üçün onun özü ilə görüşmək lazımdır.

Qukasyan yenə də çiyinlərini çəkərək başını buladı və:

- Təəssüf ki, bir daha qeyd edirəm, bu məsələdə mən sizə heç bir kömək edə bilməyəcəyəm, - dedi. - Bu, mənim kompetensiyama aid deyil.

Hörmətli hakimlər! Sizdən xahiş edirəm ki, məhkəmə dindirməsi zamanı müttəhim Arkadi Qukasyandan həmin yaralı əsgərin taleyi barədə də soruşasınız. Qoy izah etsin ki, sonralar həmin əsgərin başına nə gəldi?

P.S. Mənim Qukasyanla danışığımın tonu əsgərin azad edilməsi məramı ilə həmahəng idi;

P.P.S. Yarana biləcəyini ehtimal etdiyim suala cavab olaraq deyim ki, mən bu barədə ilk dəfə deyil danışıram. İlk dəfə səfərdən qayıdan kimi keçirdiyimiz mətbuat konfransında bunu elan etmiş, sonralar isə bir neçə dəfə yazmış və danışmışam, bildirmişəm.

Zaur Qəriboğlu, jurnalist:

- Məndən soruşsanız, Azərbaycan musiqi sənətində əfsanə kimdir?! Bir ad var: ZEYNƏB XANLAROVA!

Ağa Cəfərli, yazar:

- Orucluğa görə dindar şirkət rəhbəri işçilərin günorta yeməyini kəsib. Günorta yeməyini şirkət verirmiş, indi deyirlər ki, orucluqda günorta yeməyi vermək düzgün olmaz. Məsələ ondadır ki, şirkətdə dindar olmayan, oruc tutmayan adamlar var. Hətta səhhətinə görə mütləq günorta qidalanmaq ehtiyacı olan insanlar var. Təbii, adamlar gedib beş-üç manat verib haradasa qidalanacaqlar. Amma sizcə, bu qaydanın tətbiqi ümumilikdə nə qədər ədalətlidir?

Elxan Şahinoğlu, politoloq:

- Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində "bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm" səsləndirməklə hiyləgər gediş edib. Putin Trampın təklifinə dərhal razılaşıb. Kreml sahibi düşünüb ki, Trampın ona işə düşübsə, deməli, Vaşinqton həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacaq, həm də yaxın gələcəkdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılacaq. Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər. Ancaq Tramp administrasiyasının ana məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla Kreml-Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir, ali dini lider Əli Xameneyi Prezident Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib. Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər, yəni Putinin sözünü yerə salacaqlar. Vaşinqtona da bu lazımdır.

İbrahim Nəbioğlu, jurnalist:

- Ağ evdəki Tramp-Zelenski görüşündə aranı qatan, atəşə yağ tökən ABŞ-ın vitse-prezidenti Cey Di Vens (ing. J.D.Vance) oldu. 2024-ün yayında aşağıdakı yazını yazarkən Trampın seçkiləri udacağı hələ sual altında idi. Payızda keçirilən prezident seçkiləri sadəcə Amerikanı deyil, bütün dünyanı dəhşətə gətirəcəkdi...

Vens haqqında elə ağır yazılar, elə sərt tənqidlər və elə ürpərdici təxminlər çıxmışdı ki, dünyanın aparıcı siyasət uzmanları bunların bir qədər şişirdilmiş olduğunu dilə gətirmişdilər. Təəssüf ki, Cey Di Vens haqqında söylənənlər doğru çıxdı.

HİLLİBİLLİ

Yaydır.

Oğlum və kiçik qızım bizə qonaq gəliblər.

Havalar sərinləyən kimi yenə gedəcəklər.

Dünən səhər yeməyində müzakirə mövzusu Baydenin namizədliyini geri çəkib-çəkməyəcəyi müəmması idi.

Qızıma Cey Di Vensi tanıyırsanmı deyə sordum.

Düşündüm ki, bilməzlər onu, axı Tramp onun vitse-prezident vəzifəsinə namizədliyini cəmi 2 gündür irəli sürüb.

Abisinin üzünə baxıb gülümsədi və Yale universitetindən hindli arvadına, iş həyatından və İlon Maskla əlaqələrinə qədər bir sürü şeydən danışdı. Bacısının dediklərini başını sallayaraq təsdiq edən oğlum isə "sən ən yaxşı "Hillbilly Elegy" (Hillibilli Elegiyası) filmini seyr et, sonra danışarıq" dedi.

Matım qurudu, nə vaxt oxuyurlar bunları, nə zaman seyr edirlər, necə çatdırırlar deyə düşündüm. Bu aralar çox işim var, dünən zor-bəla vaxt tapıb "Netflix"də amerikan siyasətinin parlayan siması haqqındakı bu filmin yarısına baxdım, bu axşam isə bitirdim...

Amerika Birləşmiş Ştatlarında bu ölkənin dağlıq rayonlarının kənd yerlərində, ilk növbədə Appalaçi dağlarında yaşayan, öz mədəni mühitinə, həyatlarının spesifik xüsusiyyətlərini qoruyan insanlara Hillibilli (ing. Hillbilly) deyirlər.

"Hillibilli" spesifik bir kəlmə olsa da, onun əsl mənasını "kəndçi", "kəndistan" kimi anlamaq lazımdır. 2020-ci ildə çəkilmiş bu film Donald Trampın seçiləcəyi təqdirdə onun vitse-prezidenti olacaq Cey Di Vensin 3 nəsil ailə fərdlərinin həyatı haqqında bir dramdır. 40 yaşlı Cey Dinin başdöndürücü bir siyasi və biznes karyerası, Appalaçi dağlarından enmiş "kəndçi" amerikalıların bilmədiyimiz çətin həyatları, həyəcan və ehtirasları haqqında bir filmdir...

Spoylerlik yapmaq istəmirəm, həm spoylerlik üçün bir "əkşn" da yoxdur.

Odur ki, vaxt tapıb baxın, çünki ehtimal ki, yaxında Cey Di adını çox eşidəcəksiniz.

Dünyanın qədərində aktiv rol alacağı şübhəsizdir...

Qismət Rüstəmov, şair:

- "Anora" filminin bu qədər mükafat alması heyrətamizdir. Misilsiz ortabablıq nümunəsidir, məncə. Məlum "Küllücə" (Sindrella, Zoluşka) nağılının ərgənlər üçün dekonstruksiyasıdır. Çox ucuz, üzdə olan siyasi eyhamlar var: özbək əsilli amerikalı striptizçi Anora ilə rus oliqarxın (Nikolay) oğlu İvan arasında turbo rejimdə "məhəbbət" baş tutur, ata xırda SSRİ modelində bir heyət göndərir ki, gedin, onları ayırın. Bir ağıllı adam ola, "Kabiriyanın gecələri" ilə bu filmi müqayisə edən bir esse yaza...

Ömər Xəyyam, yazıçı:

- "Anora" filminin qələbəsi tamamilə rəzillikdir.

Təəssüf, kinematoqrafiya da hər şey kimi cılızlaşıb.

Konyunktura, siyasi maraq, diktə...

məsələn, Şon Beykerin rusofobluğu...

Obrazın adı "İvandır".

Kimdir bu İvan? Mənasızın biri.

Bilirik ki, ruslarda "İvan" əsas adlardan biridir; demək olar, rus simvoludur.

Fahişə qız isə özbəkdir.

Erməni obrazları da rus oliqarxın qulluğunda.

Üstəlik, rusofobiya, yaxud digər məsələlərin heç biri dərindən işlənməyib, eləcə... ötəri və bəsitdən bəsit.

Bəzən lap "yeşilçam" filmlərini andırır.

Primitiv gediş, primitiv həll.

Tamamilə ləlöyünçülükdən ibarət filmin bunca uğur qazanmağı, əlbəttə, kinematoqrafiya adına biabırçılıqdır.

Fərid Hüseyn, şair:

- Estetik əməliyyatlar gözəlliyi xüsusi üstünlük olmaqdan çıxarıb ümumi üstünlüyə döndərdiyi kimi, süni intellekt də savadı, analiz və şərhetmə qabiliyyətini hamının malı edəcək...

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşları üçün sevindirici xəbər – maaş artımı və 8 Mart mükafatı gözlənilir

07 Mart 2025 19:39see5143

Avropa Ukrayna üçün Starlink sistemlərinə alternativ AXTARIR

07 Mart 2025 22:32see287

Uçan maşınların kütləvi istehsalı başlayır Tarix açıqlandı

09 Mart 2025 02:22see272

Pakistan Taliban`ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir

09 Mart 2025 02:24see137

Beşiktaş dan əcnəbi hakimlərlə bağlı açıqlama... Bu bizim təbii haqqımızdır

07 Mart 2025 19:03see134

Nərgiz Əliyarovanın iştirakı ilə konsert proqramı keçirilib

07 Mart 2025 22:01see133

Bu ilin fevralında Azərbaycanda 12 uşaq övladlığa verilib

08 Mart 2025 12:42see127

Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşub

08 Mart 2025 11:41see125

Tanınmış pianoçu nazir təyin edildi

07 Mart 2025 22:37see124

Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxılmasını tələb edir

07 Mart 2025 18:58see123

Mükəmməlliyə cəhd problemlər yarada bilər Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI

08 Mart 2025 05:33see123

Rusiyadan dəhşətli RAKET HÜCUMU Çox sayda ölən var VİDEO

08 Mart 2025 10:07see123

Bakı Quba yolunda təmir gedir sürücülərə XƏBƏRDARLIQ

08 Mart 2025 11:10see121

Musa Qurbanlının “qırmızı” səhvi…

09 Mart 2025 09:32see116

Azərbaycanın XİN rəhbəri pakistanlı həmkarı ilə görüşüb

08 Mart 2025 02:24see115

Kopenhagen Mareskanı təəccübləndirib: Bunu gözləmirdik

07 Mart 2025 19:13see114

Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

09 Mart 2025 08:32see114

ABŞ də Avropanı təsəlli edəcək mümkün liderin adı açıqlandı

09 Mart 2025 02:49see113

Avokadonun faydalarını iki qat artırmaq istəyirsinizsə, bu qidalarla birlikdə yeyin

09 Mart 2025 04:31see112

Trabzonspor da istefa səsləri

09 Mart 2025 11:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri