Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 15 noyabr, AZƏRTAC
Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli bəstəkar, Azərbaycanın Əməkdar artisti Arif Mirzəyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin və Almaniyadakı Azərbaycan Mədəniyyət Təşkilatının rəhbəri, bəstəkar Günay Mirzəyeva sənətkarın həyat və yaradıcılıq yolundan, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
Bildirilib ki, uzun illər Almaniyanın Fulda şəhərində yaşayan və burada yaradıcılıq fəaliyyəti ilə məşğul olan Arif Mirzəyev Vətəndən uzaqda olmasına baxmayaraq, daim Azərbaycanla bağlı olub, bəstələdiyi əsərlərdə doğma Vətəninə, onun tarixinə və mədəniyyətinə xüsusi yer ayırıb. O, eyni zamanda, diaspor fəaliyyətində aktiv iştirak edib, xaricdə yaşayan soydaşlarımızla mütəmadi görüşlər keçirib və diaspor quruculuğuna verdiyi töhfələrə görə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə təltif olunub.
Günay Mirzəyeva qeyd edib ki, Arif Mirzəyev 2026-cı il noyabrın 10-da Almaniyada vəfat edib. Mərhumun nəşi Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Almaniyadan Vətənə gətirilib.
Qeyd olunub ki, Arif Mirzəyev müasir Azərbaycan musiqisində dini-memorial, orqan və polifonik musiqinin banilərindən biri kimi tanınır. O, özünəməxsus yaradıcılıq dəst-xətti ilə milli musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Arif Mirzəyev Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, görkəmli bəstəkar Musa Mirzəyevin qardaşıdır.
Vurğulanıb ki, görkəmli sənətkarın vəfatı ailəsi, yaxınları, Azərbaycan musiqi ictimaiyyəti və bütövlükdə mədəniyyətimiz üçün böyük itkidir. Onun həyat və yaradıcılıq yolu, milli musiqi sənətinə verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.
Mərhumun ailə üzvləri onun nəşinin Vətənə aparılmasına göstərilən dəstəyə və xatirəsinə dərin ehtirama görə Azərbaycanın Almaniyadakı səfirliyinə, aidiyyəti qurumlara, mədəniyyət təşkilatlarına, Bəstəkarlar İttifaqına və ictimaiyyət nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bəstəkar Arif Mirzəyev bu gün Bakıda son mənzilə yola salınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Noyabr 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















