Xankəndi: Qürur, məsuliyyət və gələcəyə baxış Sosial şəbəkədə yazılanlar
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dilqəm Əhməd, jurnalist:
- Mənim tanıdığım şuşalılar arasında dəyərli Kərim Kərimlinin xüsusi yeri var.
2014-cü ildə "TeasPress"in redaksiyasında tanıdım Kərim bəyi. Dostlaşdıq, üç kitabımın ərsəyə gəlməsində əvəzsiz rolu oldu. Şuşa o zaman işğalda idi, amma Kərim bəy sanki Şuşanın insanlaşmış bir halı idi.
Kərim bəyin Şuşa ilə bağlı bir neçə şeir kitabı var. Şuşanın azad olunması xəbərini eşidəndə onun necə hisslər keçirdiyini təsadüfi çəkilən videoda gördük, təsirləndik.
Kərim bəy Şuşaya köçən ilk sakinlərdəndir. Fəaliyyətinə artıq burada davam edir. Əsas işi də elə Şuşanı tanıtmaqdır. Ondan başqa Şuşanı ev-ev, küçə-küçə kim tanıyır ki...
Dünən tədbirin yekunundan sonra Kərim bəyin Şuşada qurduğu kitabxanada oldum, onunla gecənin qaranlığında küçədə söhbət edə-edə yürüdük. Mənə yeni Şuşanı tanıtdı, keçmiş Şuşanın izlərini göstərdi.
Şuşalı günləriniz əbədi olsun, Kərim bəy.
Asəf Quliyev, jurnalist:
- Bu gün Xankəndidə Qarabağ Universitetini ziyarət edəndə çox dəyərli ziyalı Süleyman Zeynalovu xatırladım.
1988-ci ildə münaqişə başlayandan sonra Stepanakert Pedaqoji İnstitutunda oxuyan azərbaycanlı qızlar çantalarında termometr saxlayırdı.
Bir gün instituta hücum olur. Prorektor Süleyman Zeynalov qızları bir otağa yığır. Onun necə həyəcanlı olduğunu görən qızlar ürək-dirək vermək üçün deyir: "Müəllim, narahat olmayın, hamımızda termometr var".
Termometri qızlar özlərinə qəsd etmək üçün saxlayırdı.
Bu ağır stresdən, sarsıntıdan sonra dəyərli ziyalının səhhətində ciddi problemlər yaranır.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Bu gün Xankəndindəyik. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş QHT-lərin 3-cü Əməkdaşlıq Forumu baş tutacaq.
Gəlişimizdə ilk öncə Xocalının Ballıca kəndində ağacəkmə aksiyasında iştirak etdik.
Daha sonra Qarabağ Universitetinə baş çəkdik - artıq bu torpaqlarda elmin, təhsilin, gələcəyin bərpasına şahid olmaq böyük ümiddir.
Sabah Universitetdə startapçılarla görüşüm də nəzərdə tutulub.
Sabah Xankəndi Konqres Mərkəzində keçiriləcək Əməkdaşlıq Forumunda "Vətəndaş Cəmiyyəti qarşısında duran əsas hədəflər və müasir çağırışlar" müzakirə olunacaq.
Mənim moderatorluq edəcəyim panelin mövzusu - "Rəqəmsal vətəndaş cəmiyyəti" olacaq.
Düşünürəm ki, indiki mərhələdə vətəndaş cəmiyyəti artıq ictimai proseslərin davamlı iştirakçısına, qərarların formalaşmasında bilik və təhlil mərkəzinə çevrilməlidir.
Rəqəmsal texnologiyalar, süni intellekt və məlumat əsaslı idarəetmə bu yeni mərhələnin ayrılmaz tərkib hissəsidir.
Xankəndində belə bir Forumun keçirilməsi də bir ayrı məna kəsb edir.
Şükür bu günə!
Eşq olsun bu torpaqları bizim üçün əlçatan edənlərə.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və bütün döyüşçülərimizə cansağlığı versin!
Məti Osmanoğlu, yazıçı:
- Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Sərab" (sonradan Lənkəran edilib) komediyası 1853-cü ildə Tiflisdə "Kavkaz" qəzetində rusca nəşr olunub. Qəzetdə verilmiş "Redaktor qeydi" son dərəcə maraqlıdır. "Kavkaz" qəzeti redaksiyasında Mirzə Fətəli Axundovun başqa bir əsəri -"Sərgüzəşti-mərdi-xəsis" vardır, bu əsər də yaxın zamanda oxucularımızın ixtiyarına veriləcəkdir. Öz əməkdaşımızın danılmaz istedadı haqqında artıq söz deməyi lazım bilmirik. Bununla belə, bəyan etməyi özümüzə bir zövq kimi borc bilirik ki, Mirzə Fətəli Axundzadənin qəzetimizdə çap olunan əsərləri bir neçə fransız jurnalının rəğbətini qazanmışdır və Almaniyada nəşr olunan "Magasin für die Litteratur des Auslandes" ("Xarici ədəbiyyat jurnalı) jurnalında bu yaxınlarda müəllif haqqında belə fikir bildirilmişdir:
"Mirzə Fətəli Axundov soykökü və tərbiyəsi etibarilə tatar (azərbaycanlı) olsa da, Qərb təhsili ilə qismən tanışdır, bunu onun Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv təyin olunmağı, eləcə də əsərləri təsdiqləyir. Mirzə Fətəlinin komediyaları ilə müəllifin ruscaya etdiyi tərcümələrindən tanışıq. Bu əsərlər orijinal xüsusiyyətlərlə, şən yumorla və müşahidə qabiliyyəti ilə zəngindir. Onlar Şərq əxlaqının və adət-ənənələrinin əvvəllər bizə Moryerin və Frazerin romanlarından məlum olan canlı mənzərələrini yaradır. Əlbəttə, bu komik oçerklərə, şərq fantaziyasının sadəlövh əsərlərinə Avropa meyarlarını tətbiq etmək olmaz, ancaq dərk etmək lazımdır ki, müəllifin digər müsbət keyfiyyətləri ilə yanaşı, teatral effektlərdə də çatışmazlığı yoxdur, xüsusən nəzərə alsaq ki, onun pyeslərinin birinin finalında Fevral İnqilabı lağa qoyulub, bu yanılmanın əks-sədası, əlavə edək ki, kifayət qədər doğru əks-sədası hətta Qafqazın arxasına çatdırılıb".
İlkin Rüstəmzadə, ictimai fəal:
- Noyabrın 14-15də İsrailin "Gesher" teatrının Bakıda "Anna Karenina" tamaşası olacaq, Akademik Musiqili Teatrda.
"Gesher" teatrı SSRİ-dən qaçan yəhudi əsilli dissidentlər tərəfindən qurulub Təl-Əvivdə. Sənətdə dünya səviyyəli zirvələrdəndirlər.
Əgər o tarixlərə başqa işiniz yoxdursa, vurun xanımınızı, sevgilinizi qoltuğunuza, bu konsertə mütləq gedin. Uduzmazsınız.
Ümumiyyətlə, 31 oktyabrda başlayacaq Bakı Beynəlxalq İncəsənət Festivalı çox babat olacaq.
17 gün ərzində çox qəşəng konsertlər var. Qiymətləri də münasibdir.
Götürün övladlarınızı, aparın. Qoyun, zövq öyrənsinlər. Əsl sənət görsünlər, zövqlü böyüsünlər.
lll
Parlamentdəki taksi müzakirəsinə baxdım. Ayıbdı e, vallah. Dünyada söz sahibi ölkə olmağa iddia edirik, hələ də bir taksi məsələsini həll edə bilmirik.
Bakı aeroportu qlobal hub-a çevrilir. Həddindən artıq sərnişin qəbul edir. Və bu say azalana oxşamır, artacaq.
Aydın məsələdir ki, qırmızı taksilər yetərli deyil. Qiymət də bahadır orta statistik azərbaycanlı üçün.
Üstəlik, hava limanına sərnişin aparan taksi sürücüləri üçün geri boş dönmək itkidir.
Olmaz ki, məsələn "Bolt", "Uber" kimi şirkətlər Aeroportda VIP qırmızı taksi seçənəyini əlavə eləsin, kasıb ekonom bolta minsin, varlı qırmızıya?
Üstəlik, bu sahədən çörək yeyən minlərlə vətəndaş var. O adamları da düşünmək lazımdır.
Onlar da bizimkilərdi, bu millətin balalarıdı da. Onlar da öz evlərinə normal çörək aparmalıdırlar.
Apara bilməyəndə gəlir evinə, içi dolur qəzəblə. Bu isə yığılır, yığılır, və illər sonra öz ölkəsinə nifrət edən yüzminlər yaradır.
Sabah günün birində də, şarlatanın biri çıxıb o qəzəbdən sui istifadə edir.
Xaqani Səfəroğlu, jurnalist:
- Son iki ay ərzində yerdən 3 bahalı "iPhone" tapmışam. Özümə də təəccüblüdür.
Birini dayanacaqda, digərini marketin qarşısındakı ərazidə, o birisini parkda... Bahalı və son model telefonlar olub.
Hər üç telefon sahibinin zəng vurub həyəcanla "telefonum sizdədir?" sualı qulağımdadır. Mənim "bəli, filan yerdəyəm, gəlin götürün" cavabım onlar üçün elə bil bir az gözlənilməz olurdu.
Sanki itirilmiş telefonlarına zəng çatmasına möcüzə kimi baxırdılar.
Telefon yiyələrindən biri "telefonun qayıdacağına heç ümidim yox idi" dedi, digərləri "yaxşı ki, dünyada yaxşı adamlar var" - əlimi sıxıb dua etdi.
Diqqətimi çəkən nə oldu?
İnsanlar yaxşı və halal adamlar arzusundadırlar. "Ağ atlı oğlan"kimi... Yaxşı adamlara tamarzıdırlar elə bil. Cəmiyyətdə o qədər kələk, yalan, etibarsızlıq görürlər ki, bu tip adi hadisələr onlara nağıl kimi görünür.
Mərhum Musa Yaqubun şeiri yadıma düşdü:
Mərdlərin çiynində durur bu həyat.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.
Doğrudan da dünya yaxşı adamlarla gözəldir!
Şahbaz Xuduoğlu, naşir:
- Frankfurt şəhərində, səssiz və sakit bir məhəllədə yaşayan bir alman var - Hans. Onun adı bəlkə də Azərbaycanda geniş tanınmır. Amma Azərbaycanın mühacir ədəbiyyatı üçün gördüyü işlər, ən böyük institutlardan və fondlardan daha dəyərlidir.
Hans kiçik bir nəşriyyatın sahibidir, amma böyük bir missiyanın daşıyıcısıdır. O, ömrünün tam 25 ilini "Əli və Nino" əsərinin sirrini çözməyə, Qurban Səid (Əsəd bəy) müəmmasını araşdırmağa, onun şəcərəsini qurmağa və əsərlərini toplamaya həsr edib.
Bu gün Hansın evinin iki otağı tamamilə Əsəd bəyin kitabları ilə zəbt olunub. Təkcə "Əli və Nino"nun 45 ölkədə nəşr olunmuş 150-dən çox versiyası onun kolleksiyasındadır. Üstəlik, Əsəd bəyin digər əsərlərinin də müxtəlif dillərdə və illərdə çıxmış nadir nüsxələrini əldə edib.
Bütün bunlar sadəcə bir kolleksiya deyil - bu ev bir muzeydir. Azərbaycan mühacir ədəbiyyatının Frankfurtdakı qeyri-rəsmi, lakin canlı muzeyi.
Mən öz adımdan və bütün kitabsevərlər adından Hansa dərin təşəkkürümü bildirirəm. O, bir insanın öz gücü ilə tarixə, ədəbiyyata və mədəniyyətə necə xidmət göstərə biləcəyinin canlı nümunəsidir.
Aydın Bağırov, jurnalist:
- Yaxşı deyiblər ki, bir dəli quyuya daş atıb, qırx ağıllı yığışıb çıxara bilmir.
Guya "Atletik"in baş məşqçi Ernesto Valverde bildirib ki, "Qarabağ"a 9 qol vuracaqlar. Maraqlıdır ki, heç ispanların özlərinin bundan xəbəri yoxdur. Günlərdir bunu sosial mediada, saytlarda yazan da, müzakirə edən də elə bizimkilərdir. Mənbə olaraq İspaniya mətbuatı göstərilir.
Görəsən, İspaniyanın hansı mətbuatı bu sözləri tirajlayıb? Valverde hansı media qurumuna o sözləri deyib? Əlbəttə, heç birinə. Kiçik bir araşdırma aparmaq nə çətin işdi ki?
Valverde peşəkar bir insandır, bir vaxtlar "Barselona" kimi komandanı da çalışdırıb, onu 2 dəfə çempion da edib. Və belə bir yüksək peşəkar statusu olan adam rəqibi barəsində "ona 9 qol vurmalıyıq" kimi aşağılayıcı söz deməyib, deməz də. Xüsusən də əgər söhbət "Qarabağ" kimi Çempionlar Liqasında ardıcıl 2 qələbə qazanan, artıq bütün Avropanın hesablaşıb çəkindiyi komandadan gedirsə.
Yeri gəlmişkən, hazırda "Qarabağ" ÇL-də 6-cı, Valverdenin komandası isə 34-cü yerdədir.


