XƏBƏRDARLIQ! Bu səhvlərə görə ürəkdən ölüm halında Liderik Özünü sağlam sananlar oxusun
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan ürək-damar xəstəliklərinə görə dünyada ön sıralarda yer alır. Xüsusən də 40 yaşdan sonra kişilər arasında qəfil ürəktutmalar və ürək problemlərinə görə ölüm halları daha çox qeydə alınır.
Bəs görəsən biz harada səhv edirik? Niyə məhz belə bir göstəricidə ön sıradayıq?
Məsələ ilə əlaqədar kardioloq Aynur Məmmədova BAKU.WS-in suallarını cavablandırıb.

Onun sözlərinə görə, ölkəmizdə ürək xəstəliklərinin ağırlaşması və ölüm riskinin yüksək olmasının əsas səbəblərindən biri insanların simptomlara etinasız yanaşmasıdır:
"Azərbaycanda bir çox insan ürək xəstəliklərinin ilkin əlamətlərini - döş qəfəsində göynəmə, nəfəs darlığı, gücsüzlük, qəfil başgicəllənmə və ya ürək çırpıntılarını ciddi qəbul etmir. Bunu sadəcə yorğunluq və ya əsəblə əlaqələndirir. Nəticədə xəstəlik gec mərhələdə aşkarlanır və müalicə çətinləşir", - deyə həkim bildirib.
Həkim digər bir səbəb kimi maarif çatışmazlığı və "özünə dözmə" sindromunu vurğulayıb.
Mütəxəssisin fikrincə, problemin digər tərəfi isə cəmiyyətin sağlamlıq savadının aşağı olmasıdır.
"Həkimlər sosial mediada kifayət qədər maarifləndirici məlumat paylaşsalar da, insanların çoxu bu paylaşımlara fikir vermir. Daha çox sensasion və qalmaqallı mövzular diqqət çəkir, sağlamlıq isə ikinci plana keçir", - kardioloq vurğulayıb.
O, xüsusilə kişilər arasında tibbi yardıma gec müraciət hallarının çoxluğunu qeyd edib. Bunun səbəbi kimi isə "özünə dözmə", yəni ağrını və narahatlığı görməzdən gəlmək, həmçinin müalicə xərcləri və işdən vaxt ayıra bilməmək qorxusu göstərilib.
Məmmədova hesab edir ki, vəziyyəti dəyişmək üçün bir neçə istiqamətdə ciddi addımlar atılmalıdır:
"İctimai maarifləndirmə kampaniyaları (erkən simptomu tanımaq və dərhal tibbi yardım axtarmağın vacibliyi), birincili tibbin gücləndirilməsi və əlçatan skrininqlər, iş yerlərində sağlamlıq yoxlamaları və kişilərə yönəlik xüsusi təşviqatlar - bunlar erkən diaqnoz və ölümün azalmasına birbaşa təsir edər", - deyə kardioloq qeyd edib. Banu Hüseynli


