Yaranmasının 107 ci ildönümünü qeyd edən Azərbaycan ədliyyəsi fəaliyyətini müasir çağırışlara uyğunlaşdırıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 noyabr, Günel Türksoy, Nailə Həsənova, AZƏRTAC
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 107 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. AZƏRTAC bu əlamətdar günlə bağlı Azərbaycan ədliyyə orqanlarının son bir ildə keçdiyi inkişaf yoluna nəzər salır.
Ədliyyə sahəsində son illər ərzində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ədliyyə orqanlarının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, rəqəmsal həllərin tətbiqi, elektron xidmətlərə əlçatanlığın genişləndirilməsi bu dövrün əsas prioritetləri olub.
Ədliyyə sahəsinin rəqəmsallaşdırılması
Ədliyyə Nazirliyi ötən dövr ərzində rəqəmsal transformasiya istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirib. Ümumilikdə 40-dan çox rəqəmsal alət və həll, o cümlədən informasiya sistemləri, proqram təminatları və portallar formalaşdırılıb. Bu işlərin böyük əksəriyyəti özəl tərəfdaşlarla əməkdaşlıq çərçivəsində icra olunub və dövlət büdcəsində yük minimuma endirilib.
“Elektron icra” informasiya sistemi tam yenilənib, həmçinin “Mobil icra” tətbiqi istifadəyə verilib. Bütün icra hərəkətləri rəqəmsal müstəviyə keçirilib, bir sıra proseslər avtomatlaşdırılıb, borclu və tələbkarların icra prosesinin bütün mərhələlərini izləməsi mümkün olub. Hazırda hüquqi şəxslər üçün xüsusi mobil versiya hazırlanır və əlavə nəzarət-hesabat mexanizmləri inteqrasiya olunur.
Hərraclarda şəffaflığın artırılması məqsədilə istifadəyə verilmiş “Elektron hərrac” portalı qısa müddətdə səmərəli fəaliyyət göstərib. Portal vasitəsilə 600-ə yaxın hərrac keçirilib, satılan əmlakların ümumi dəyəri 100 milyon manatdan çox olub.
“Mobil notariat” tətbiqinin funksionallığı artırılıb və onun veb versiyası hazırlanıb. Rəqəmsal notariat xidmətlərinin həcmi ölkə üzrə ümumi notariat əməliyyatlarının 30 faizindən 50 faizinə yüksəlib. İstifadəçi sayı isə 800 mindən 1,2 milyona çatıb. Hazırda hüquqi şəxslər üçün ayrıca versiya hazırlanır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə hazırlanmış süni intellekt əsaslı “e-qanun.ai” portalı hüquqi sənədlər üzrə operativ və dəqiq axtarış imkanları yaradır. Artıq 30 mindən çox istifadəçi qeydiyyatdan keçib, sistem 500 mindən çox sorğunu emal edib. Platformanın mobil tətbiq versiyasının hazırlanması istiqamətində işlərə başlanılıb.
Daşınmaz əmlakın alqı-satqısı prosesində şəffaflığı təmin etmək üçün süni intellekt əsaslı əmlak kalkulyatoru istifadəyə verilib. Bu platforma notariat ofislərində qiymətləndirmə prosesinin şəffaf və operativ aparılmasına şərait yaradıb.
Məhkəmə ekspertizası sahəsində dövlət qurumlarını əhatə edən geniş funksionallıqlı informasiya sistemi – “Elektron məhkəmə ekspertizası” hazırlanıb. Bu günlərdə Prezident İlham Əliyev tərəfindən sistemin fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən Fərman imzalanıb.
“Bələdiyyələrlə iş” informasiya sistemi və onun tərkibində “Bələdiyyə gəlir və xərclərinin vahid portalı” yaradılıb. Bu həll bələdiyyə fəaliyyətində şəffaflıq və maliyyə intizamını əhəmiyyətli dərəcədə gücləndirir.
Hazırda cəza-icra və probasiya sistemində rəqəmsallaşma tədbirləri (penitensiar müəssisələrdə üztanıma texnologiyalarının tətbiqi, məhkumlarla görüşlərin onlayn qeydiyyatı, Probasiya xidməti üzrə yeni elektron nəzarət mexanizmlərinin, həmçinin məhkumlar üçün vahid məlumat bazasının yaradılması, teletibb xidmətinin təşkili) genişləndirilir.
Nazirliyin fəaliyyət istiqamətləri üzrə digər yeni rəqəmsal alətlər və süni intellekt həllərinin də (insan resurslarının idarə edilməsi proqramı, müraciətlərin cavablandırılması üçün süni intellekt assistenti, ekstradisiya proseslərinin idarəsi üçün proqram təminatı) yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.
İcra fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər
Ölkədə mülki dövriyyənin genişlənməsi və məhkəmə mübahisələrinin artması fonunda rəqəmsal həllərin tətbiqi, qanunvericilik və institusional tədbirlərin gücləndirilməsi, icra məmurlarına münasibətdə tələbkarlığın artırılması nəticələrin yaxşılaşdırılmasına imkan verib. Hazırda ümumi icra göstəriciləri son beş ilin ən yüksək səviyyəsinə yüksəlib.
Bununla yanaşı, icra sistemində səmərəliliyin artırılması, alternativliyin təmin olunması, iş yükünün optimallaşdırılması və xidmətlərin əlçatanlığının yaxşılaşdırılması istiqamətində geniş təhlillər aparılıb. Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Xüsusi icra məmurları haqqında” Qanun layihəsi qəbul edilib. 2026-cı ilin yanvar ayından bu institutun tətbiqinə başlanacaq.
Eyni zamanda, Nazirliyin təşəbbüsü ilə icra haqqında qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər sırasında icra hərəkətləri zamanı bütün hesablaşmaların yalnız nağdsız qaydada aparılması, hərracların təşkili qaydalarının təkmilləşdirilməsi və s. yer alır.
İcra sahəsində kadr potensialının artırılması istiqamətində də mühüm addımlar atılıb. İcra məmuru olmaq üçün hüquq təhsili tələbi aradan qaldırılıb ki, bu da ali təhsilli digər ixtisas sahiblərinin icra məmuru ştatlarına müraciət etməsinə və Nazirliyin təşkil etdiyi təlimlərdən keçərək fəaliyyətə başlamasına şərait yaradır.
Hazırda icra institutunun hüquqi bazasının beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsi istiqamətində layihələr hazırlanır.
Cəza-icra qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi
Cəza-icra sahəsində islahatlar çərçivəsində dövlətimizin başçısının 2024-cü il 11 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Sənəd cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara uyğunlaşdırılması, əmək bazarında mövcud və perspektiv tələblərə cavab verməsi, məhkumların məşğulluq potensialının gücləndirilməsi və cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində kompleks tədbirləri əhatə edir. Fəaliyyət Planı, həmçinin sahibkarların tələbatına uyğun peşə hazırlığının təşkili və azad olunmuş şəxslərin əmək bazarına adaptasiyasının genişləndirilməsini nəzərdə tutur. Artıq Fəaliyyət Planının icrasına başlanılıb və prosesə özəl tərəfdaşların cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Məhkumların tibbi təminatının yaxşılaşdırılması məqsədilə Nazirliyin daxili imkanları hesabına göstərilməsi mümkün olmayan bəzi tibbi xidmətlərinin icbari tibbi sığorta çərçivəsində kənarda tibb müəssisələri vasitəsilə təmin edilməsinə imkan verən normativ-hüquqi aktların layihələri hazırlanaraq təqdim olunub. Qanunvericiliyə müvafiq dəyişikliklər artıq qəbul edilib.
Eyni zamanda, cəzaçəkmə müəssisələrinin infrastrukturunun gücləndirilməsi ilə bağlı layihələr üzərində işlər davam etdirilir. Bu tədbirlər penitensiar sistemdə proseslərin müasirləşdirilməsini hədəfləyir. Alternativ cəzaların tətbiqinin genişləndirilməsi, məhkumların reabilitasiyasının gücləndirilməsi və icra sistemində müasir yanaşmaların tətbiqi məqsədilə “Probasiyanın İnkişaf Konsepsiyası” da hazırlanıb.
Ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi
Prezident İlham Əliyevin “Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında” 2024-cü il 7 avqust tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində məhkəmə ekspertizası sahəsinin mövcud vəziyyəti hərtərəfli təhlil edilib. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün məhkəmə ekspertiza qurumları prosesə cəlb olunub, sahədəki mövcud problemlər və institusional boşluqlar araşdırılıb, beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf prioritetləri müəyyən edilib.
Aparılmış geniş təhlillər əsasında “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin 2025–2030-cu illər üçün İnkişaf Konsepsiyası”nın layihəsi, həmçinin normativ-hüquqi akt layihələri hazırlanaraq müvafiq qaydada təqdim olunub.
Qeyd olunan sənədlər məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını, ekspertiza infrastrukturunun yenilənməsini, yeni ekspertiza sahələrinin inkişaf etdirilməsini, vahid koordinasiya mexanizminin gücləndirilməsini və ümumilikdə ekspert rəyinin obyektivliyi, dəqiqliyi və etibarlılığının artırılmasını hədəfləyir.
Vətəndaş məmnunluğunun təmin edilməsi
Ədliyyə Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müraciətlərin operativ və çevik cavablandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu çərçivədə Nazirliyin “881” Çağrı Mərkəzi ən müasir texnoloji həllər, rəqəmsal idarəetmə alətləri və innovativ yanaşmalar tətbiq olunmaqla yenilənmiş formatda fəaliyyət göstərir. Mərkəzin təkmilləşdirilmiş imkanları vətəndaşların məlumatlara daha rahat çıxışını təmin edib və artıq 70 mindən çox müraciətin operativ şəkildə cavablandırılması mümkün olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Noyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















